Naxçıvan regional “ASAN xidmət” mərkəzində 2025-ci ilin birinci yarısına əldə olunmuş idman nailiyyətləri münasibətilə mükafatlandırma mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə müxtəlif idman növlərində müvəffəqiyyət qazanan idmançılarla yanaşı, onların uğurlarında xüsusi rolu olan məşqçilər, o cümlədən hakimlər də təltif olunub.
Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov muxtar respublikada idman siyasətinin icrası istiqamətində görülən işlər və əldə olunan nailiyyətlərdən bəhs edib. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafı yönündə sistemli və ardıcıl işlərin görüldüyünü vurğulayan nazir müavini əlavə edib ki, idmançıların artan uğurları, gənclərin fiziki fəallığının artırılması, əhali arasında sağlam həyat tərzinin təşviqi məqsədilə həyata keçirilən layihələr, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində açıq hava idman qurğularının istifadəyə verilməsi bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir.
İdmançıların 2025-ci ilin birinci yarısında göstərdikləri nəticələri yüksək qiymətləndirən Məcid Seyidov qeyd edib ki, ölkə və dünya səviyyəli yarışlardan müvafiq dövr üzrə 100-ü qızıl, 56-sı gümüş və 76-sı bürünc olmaqla, ümumilikdə 232 medal qazanılıb. Qızıl medallardan 64-ü ölkə çempionatları və birinciliklərində, 34-ü beynəlxalq turnirlərdə, 1-i dünya çempionatında, 1-i isə dünya kubokunda əldə olunub.
Sonda idmançılara diplomlar və mükafatlar təqdim olunub.