Şirməmməd HÜSEYNOV,
tədqiqatçı-alim, professor
Martın 30-da XX yüzilliyin ana dilində nəşrə başlayan ilk mətbuat orqanı “Şərqi-rus”un ilk nömrəsinin işıq üzü görməsinin 100 ili tamam olur. Bu günün, bu hadisənin əzəmətini, tarixi əhəmiyyətini, o günün həyəcan və sevincini təsəvvür etmək, canlandırmaq, qələmə almaq çətindir. 1891-ci ilin oktyabrından nəşri dayandırılmış “Kəşkül” (1883-1891) qəzetindən sonra 1903-cü il martın 30-dək olan müddətdə Azərbaycan ziyalıları, oxucuları ana dilində müntəzəm mətbu sözdən məhrum idilər.
Bu yolda canü-dildən səy göstərənlər, rəsmi dairələrə müraciət edənlər az deyildi. Lakin istənilən nəticə alınmırdı. Halbuki, 1900-cü ildə Qafqazda rus dilində 33, gürcü dilində 9, erməni dilində 5 adda mətbuat orqanı çıxırdı. 1903-cü ildə yəni “Şərqi-rus” nəşrə başlayanda isə vəziyyət belə idi: Qafqazda rus dilində 40, gürcü dilində 7, erməni dilində 6 adda qəzet və jurnal nəşr olunurdu. Əhmədbəy Ağayev “Şərqi-rus” da dərc olunmuş “30 milyon bir cəmaat” sərlövhəli məqaləsində yazırdı: “Rusiyada müsəlmanların ədədi 30 milyona qədər hesab olunur. Rus provoslavnı millətindən sonra Rusiyada ən böyük qövm, ən cəsim millət müsəlman millətidir. Lakin böyüklüyü ilə, bu çoxluğu ilə belə bu 30 milyon cəmaat guya heç yoxdur. Guya bir mühüm şey kimi adı var, özü yoxdur... əgər biz varıq isə niyə özümüzü izhar etmiyoruq?
...Hanı bizim danışan dilimiz? Cümlə Rusiyada sakin tayfa və millətlərə bir nəzər atalım. Cümləsi yüz-yüz qazetə, jurnallar, risalələr, kitabçalar vasitəsilə mübahisəyə məşğul olub öz dərdlərinin və ehtiyacatlarının fikrindədirlər. Hər kəsin dövlətdən istəməli şeyləri var istəyir, hər kəsin öz aralarında nizə (mübahisəli) məsələ var və ya bir qüsuru var onları həll etməyə və ya təshih etməyə sərfi-vaxt edirlər. Tənha bir müsəlmanlar xamuş və sakit əyləşiblər".
12 illik fasilədən sonra keçilməz görünən maneə və sədləri yarıb yeni yüzilliyin ilk anadilli mətbuat orqanını nəşr edən Məhəmmədağa Şaxtaxtlı oldu. “Şərqi-rus” nəşrə başlayanda onun redaktoru və naşirinin 57 yaşı vardı. Şaxtaxtlı zəngin bir həyat yolu, böyük təcrübə məktəbi keçmişdir. Əvvəla mükəmməl təhsil görmüşdü. Naxçıvan Şəhər Məktəbini və Tiflis Klassik Kişi Gimnaziyasını qurtarmış (1 863), Peterburqda müstəqil yolla alman dilini öyrənmiş, Almaniyanın məşhur Leypsik Universitetinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmiş (1 869), Parisdə Şərq Dilləri Məktəbində mühazirələr dinləmiş, fransız və ingilis dillərini öyrənmişdi. Türk, ərəb, rus və fars dillərində də mükəmməl bilən və bu dillərdə olan ədəbiyyatdan və dövri mətbuatdan faydalanan Şaxtaxtlı dövrünün tanınmış ziyalılarından idi. Onun məqalələri, elmi əsərləri, qaldırdığı məsələ və problemlər o dövrki mətbuatda ciddi maraq doğururdu.
Tanınan və sayılan M.A.Şaxtaxtlı istedadlı publisist və jurnalist kimi də fəaliyyət göstərirdi. O, bir müddət mühafizəkar və nüfuzlu “Moskovskie vedomosti” (1756-1917) qəzetinin əməkdaşı və İstanbulda xüsusi müxbiri olmuşdu. XIX əsrin 90-cı illərinin əvvəlində Bakıda “Kaspi” qəzetinin müvəqqəti redaktoru da işləmişdi. 1898-ci ildə Şaxtaxtlı yenidən Avropaya üz tutur. Parisdə Fransa kollecində və Ali Təcrübi Təhsil məktəbində şərq dillərindən dərs deyirdi.
XX yüzilliyin başlanğıcında dünyanı bürüyən iqtisadi-siyasi, mənəvi-əxlaqi böhran, cərəyən edən hadisələr, oyanış və s. nəticəsində Şaxtaxtlı Rusiyaya gedir, oradan dönür və görür ki, əvvəlki illərdə olduğu kimi ana dilində mətbuat orqanı yenə çıxmır. 1902-ci il aprelin 2-də Rusiyanın mətbuat işləri üzrə Baş İdarəsinə “Şərqi-rus” adlı qazet nəşr etmək üçün müraciət edir, belə bir mətbuat orqanının vacibliyini və özünün bu işdə səriştəli olduğunu əsaslandırır. Şaxtaxtlı qəzeti ana dili ilə yanaşı, rus və lars dillərində də əlavələr şəklində nəşr etdirməyə icazə verilməsini xahiş edirdi. Əvvlcə yenə də 1896-cı ildə olduğu kimi rədd cavabı aldı.
Çox böyük səy nəticəsində “Şərqi-rus”un nəşrinə icazə ala bildi. Qafqaz Senzor Komitəsi Peterburqa icazə ilə əlaqədar göndərdiyi məktubda yazırdı: “M.A.Şaxtaxtinski tərəfindən tatar dilində qəzet nəşrinə icazə verilməsi haqqında məsələ qaldırılarkən, komitə ona görə buna müsbət rəy verdi ki, tatar dilində mətbuat orqanı olmadığından Türkiyədən osmanlı dilində qəzetləri yazdırıb almaq zərurəti qarşısında qalmış Zaqafqaziya müsəlmanları arasında bu ehtiyac zərərli panislamizm mafkurəsinin ölkədə yayılmasına səbəb olurdu”.
“Şərqi-rus” Tiflisdə nəşr olunurdu. Maddi cəhətdən çətinlik çəkən, bu barədəki səyləri, o cümlədən Bakı səfərində bir nəticə əldə etməyən Şaxtaxtlı Naxçıvandakı ata mülkündən ona düşən hissəni 18 min manata satıb Tiflisdə mükəmməl bir şəxsi mətbəə təşkil edib qəzetin nəşrini həmin mətbəəyə köçürmüşdü. Sonralar “Qeyrət” mətbəəsi adı ilə məşhur olan bu mətbəədə məşhur “Molla Nəsrəddin” jurnalı çıxmağa başlamışdı.
Qəzetin 1-ci nömrəsində yazılırdı ki, “Şərqi-rus” “camiyyat işlərinə və ədəbiyyata məxsus çərşənbə, cümə və bazar günləri çıxan türk qəzeti”dir. Tarix kimi Məhərrəm ayının 13-ü 1321-ci il 30 mart 1903-cü il göstərilmişdir. Qəzetin 1905-ci il yanvarın 15-dək 392 nömrəsi çıxmışdır. 1904-cü il 262-ci nömrəyədək redaktor M. A.Şaxtaxtinski, sonrakı nömrələrin “müvəqqəti redaktoru Cəlil Məmmədquluzadə” olmuşdur. Qeyd edək ki, “Şərqi-rus” sonralar “siyasi, elmi, ədəbi, ticari və sənai hər gün çıxan türk qəzeti” kimi fəaliyyət göstərmişdir. 1905-ci ilin 15 yanvar tarixli axırıncı nömrəsi də beləcə çıxmışdır.
M.A.ŞaxtaxtIı kimi dünyagörmüş, Qərbi və Şərqi, Qafqazı və vətəni Azərbaycanı hər tərəfli tədqiq etmiş, xalqının, Rusiya və müsəlman dünyasının qarşılaşdığı problemlərə aşina olan bir ziyalının nəşr etdiyi mətbuat orqanı rəğbətlə qarşılanmaya bilməzdi. Və belə də oldu. Anadilli qəzet ətrafına xeyli qələm əhli toplandı. M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi, A.Səhhət, H.Cavid, M.La’li, Ə.Qamküsar və başqa görkəmli şairlər “Şərqi-rus” qəzetini şeirlə təbrik etdilər. O zamankı dövri mətbuatda qəzetin nəşrilə əlaqədar xeyli yazı verildi.
“Şərqi-rus”un qaldırdığı məsələlər, toxunduğu problemlər hədsiz dərəcədə çox, rəngarəng... və həyati əhəmiyyətli idi. Qəzetin istedadlı jurnalist və publisistləri uzun əsrlər davam edən süstlük və ətalətin aradan qaldırılması yolunu maarif, elm və savadda, bilikdə görürdülər. Bu sahədə M.F.Axundov və “Əkinçi” ən'ənəIərini davam etdirir, yeni tarixi şəraitə uyğun əməli yol və vasitə arayırdılar. Qəzet 1903-cü il 29-cu nömrəsində yazırdı: “Dilsizlikdən və fikirsizlikdən özünün sağlığına belə şəkki galan rus təbəəsi - türk və tatarlar “Şərqi-rus”u görəndə vücudlarında milli qanın oyanmağını hiss edib “həmd olsun, biz də sağıq” deyirlər”.
“Şərqi-rus”da Azərbaycan jurnalist və publisistlərinin yeni bir qüdrətli nəsil təcrübə məktəbi keçdi. Böyük və qüdrətli yazıçı, “Molla Nəsrəddin” satirik məktəbinin yaradıcısı Mirzə Cəlil, onun məslək və əqidə həmkərı Ö.F.Nemanzadə məhz bu qəzetdə əməkdaşlıqla mətbuat aləminə gəlmişdilər. Qəzetdə ilk yazıları dərc olunan cavanlar da az deyildi. Onların sırasında 19 yaşlı M.Ə.Rəsulzadəni də göstərə bilərik.
“Şərqi-rus” qəzetinin məsləyinə gəldikdə onu deyə bilərəm ki, məlum bir şeydir ki, o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və əsrin hökümətinin istibdadı ilə mübarizə aparsın, yaxud ehtiyatla da olmuş olsa, hökümət ilə oppozisiyada ola bilsin. Və təbiidir ki, bir belə azadi-tələb caridəyə (qəzetə) heç bir vəchlə icazə də almaq mümkün ola bilməzdi. Onun üçün gah Məhəmməd Ağanın, gah onun biztək qələm köməkçilərinin məsləyi və ideyası məhz müsəlman camaatını maarif və mədəniyyətə təklif və tərğib eləməkdən (həvəsləndirməkdən) başqa bir şey ola bilməzdi” “Şərqi-rus”un fəəl əməkdaşı, üç aydan artıq redaktoru olmuş, öz obyektivliyi, düzgünlüyü və dürüstlüyü ilə seçilən Mirzə Cəlilin qəzet haqqında bu fikirlərinə, verdiyi qiymətə əlavə etməyə haqqımız yoxdur.
M.A.ŞaxtaxtIı müasir qəzet çıxarırdı. Orada Azərbaycan, rus və dünya ədəbiyyatı klassiklərinin yaradıcılığına imkan daxilində xeyli yer verilmişdir. Digər tərəfdən, Rusiyanın türk-tatarlar, müsəlmanlar yaşayan şəhər və vilayətlərinin ziyalı və qələm əhlilə də redaksiya yazışır, onların yazılarına qəzet səhifələrində yer verirdi. Qəzetin bir sıra xarici ölkələrlə də əlaqəsi vardı. Qəzetin ümumi tirajının cəmi 1500 nüsxə olduğunu nəzərə alsaq, bu əlaqələrin bəzi tədqiqat əsərlərində hədsiz dərəcədə şişirdilməsilə də razılaşmaq olmaz.
“Şərqi-rus”dan danışarkən Tiflisdə çıxan qəzetlə Bakıda fəaliyyət göstərən qələm əhli, xüsusilə “Kaspi” qəzetinin aparıcı publisist və jurnalistlərilə çox ciddi səciyyə alan polemikanı da qeyd etməyə bilmərik. Bu barədə mövcud ədəbiyyatda birtərəfli, əsassız iddialar irəli sürülür. Bu vaxta qədər dəqiq və hərtərəfli araşdırma aparılmayıb. “Şərqi-rus” qəzetinin, onun redaktorunun “Kaspi” və “Tərcüman” qəzetlərində dərc olunmuş yazılara geniş yer verildiyi halda adı çəkilən qəzetlərdə dərc olunmuş yazılardan, onların irəli sürdükləri məqamlardan əsaslı danışılmır. A.M.Topçubaşov, Ə.Ağayev, İ.QaspiraIı, H.Zərdabi və b. həqdə irəli sürülən ittihamların hamısı əsaslı və düzgün idi?! “Burjua qəzetləri” “barışmaz əqidə düşmanlari” kimi ifadələrlə həqiqət ortaya çıxmaz. Hər iki tərəfin sonrakı əməkdaşlığı da bunları rədd edir.
1904-cü ilin yayında “Şərqi-rus”un, M.Şaxtaxtlının maliyyə vəziyyəti xeyli pisləşdi. 1904-cü il iyunun 8-dən qəzet gündəlik çıxmağa başladı ki, vəziyyəti düzəlsin. Lakin düzəlmədi. Qəzeti bağlanmaq tahlükəsi gözləyirdi. Belə bir vəziyyətdə ana dilində yeganə qəzeti xilas etmək üçün Əhmədbəy Ağayev Tiflisə gəldi. M.Şaxtaxtlı ilə şərikli qəzetin nəşrini davam etdirmək, hətta mümkün olsa nəşrini Bakıya köçürmək imkanı var idi. M.Şaxtaxtlı qəzetin Bakı- ya köçürülməsinə icazə almaq üçün Peterburqa getdi. "Şərqi-rus”da Ə.Ağayevin məqələləri dərc olunmağa başladı. Bu məqalələr haqqında sovet dövrü tədqiqatlarında yazılan birtərəfli mülahizələrlə razılaşmaq olmaz. "Şərqi-rus" öz əvvəlki istiqamətindən çıxaraq Ə.Ağayevin diktə etdiyi məfkurəvi yol ilə getməyə başladı” - kimi sözlər əsassız iddialardır. Əhmədbəy "Şərqi-rus"a şərik olandan sonra qəzet maddi cəhətdən dirçəldi. Lakin Qafqaz Senzor Komitəsi qəzetin nəşrinin Bakıya köçürülməsinə izin vermədi.
“Şərqi-rus”un axırıncı 1905-ci ilin 15 yanvar tarixli 14-cü nömrəsində 1-ci səhifədə verilmiş “İdarədən elan” da deyilirdi: "Bakıda ədib və sahibi-qələmimiz məşhur Əhmadbəy Ağayev canabları ”Şərqi-rus”a şərik olub mühərrirliyini üstünə götürməyi ilə belə bundan sonra bu qəzetə nə yolda çalışıb iş görəcəyini qəzetimizin 256-ci nömrəsində bəyan etdi. Təzə yoldaşımızın məqalə və bəndlərini və Bakıdan göndərdiyi həmin şəhərin gündəlik əhvalatını bundan sonra qarelarimiz (oxucularımız) İnşaallah oxuyacaqlar. Bakıdan idarəmizə tab üçün göndəriləcək bəndləri (sətirləri) xahiş edənlər Əhmədbəy cənablarına verə bilərlər. Cənab Əhmədbəy Ağayev həzrətləri Bakıda Cllahadda kontor güşad edib müştərilik (podpiskə) və həm elan qabul etməyə mübaşirdir. Nəinki, tənha Bakıda bəlkə hər tərəfdən müşəri ileyhə idarəmiz kimi müraciət etmək olar”.
Bu elan dərc edilən nömrənin, yəni “Şərqi-rus”un axırıncı nömrəsinin "müvəqqəti redaktoru: CəIiI Məmmədquluzadə" idi. Bu nömrədə Əbdülrəşid İbrahimovun “Uçitelski şkol” yaxud müsəlmanlara məxsus darülmüəllimin” “Felyeton” rubrikası altında təbib Hüseyn Ağayevin tərcümə etdiyi "Tənbəki (tütün) çəkmək" sərlövhəli iri bir yazı, “Təbrizdən yazırlar”, “Rusiyada “Ayı” kəndində əsir yapanlar”, “Ədəbiyyat” başlığı altında Abdullabəy Əfəndizadənin tərcümə etdiyi “Mübahisə” adlı şeir və s. verilmişdir.
Əhmədbəy Ağayevin “Şərqi-rus”un təkcə 1905-ci itin yanvarında çıxan 14 nömrəsində 6 yazısı dərc olunmuşdur: “30 milyon bir camaat” (N.3), “Qəribə bir halət” (N.5), “Badkuba camaatinin şayini-tovsif bir binagüzarlığı” (N.7), “İran” (N.8), “Camiyyəti-xeyva” (Ns10) və b. “Şərqi-rus”la Azərbaycan jurnalistikasının Tiflis dövrünün mühüm bir mərhələsi bitmiş oldu.
“Günay” qəzeti, 29 mart 2003-cü il