Görkəmli pedaqoq, alim, ictimai xadim

post-img

Zahid Qaralov – 90

 

Ulu öndər Heydər Əliyevin layiqli silahdaşı, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” hesab olunan məşhur “91-lər” hərəkatının fəal iştirakçısı, YAP-ın yaradıcılarından biri, İdarə Heyəti və Siyasi Şurasının üzvü, Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətləri olan, görkəmli ictimai-siyasi xadim, pedaqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralov 90 il bundan əvvəl iyulun 10-da dünyaya gəlmişdir. 

Ulu Borçalının Başkeçid (indiki Dmani­si) rayonunun Qızılkilsə kənd orta məktəbin­də oxuduğumuz illərdə müəllimlər şagirdləri həvəsləndirmək üçün əlaçı məzunların adla­rını çəkir, bizə nümunə göstərirdilər. Mək­təbimizin belə məzunlarından biri də Zahid Qaralov idi. 

Hələ onun Ormeşən kənd məktəbində oxuyarkən eksperiment yolu ilə beşinci si­nifdən yeddinci sinfə keçirilməsi, Qızılkilsə kənd orta məktəbində hamının sevimlisinə çevrilməsi, xüsusən fizika və riyaziyyat fən­lərindən xüsusi istedada sahib olması, ali məktəbə qəbulu zamanı aldığı yüksək qiy­mətlər, universiteti müvəffəqiyyətlə bitirmə­si, sonra qısa zaman kəsiyində öz bacarığı, istedadı, zəhmətsevərliyi və mətinliyi ilə həm pedaqoji, həm də ölkənin ictimai həyatında və el arasında qazandığı böyük hörmət və izzət haqqında müəllimlərimizin söylədikləri ibrətamiz kəlamlar bizim üçün ən şirin nağı­la, arzuya çevrilərdi. Hər bir yaxşı oxuyan şagirdin qəlbində ona bənzəməklə bağlı istək baş qaldırardı və bəzən də bu istəyi biz öz aramızda qısqanclıqla paylaşardıq. 

Orta məktəbin sonuncu sinfində həyat­da hansısa səmtə addımlamaq istədikdə heç özüm də bilmədən Zahid müəllimin böyük şəxsiyyəti və keçdiyi şərəfli həyat yolu mənə öz təsirini-sehr gücünü göstərdi. Maraqlarım məni Azərbaycan Dövlət Universitetinin fi­zika fakültəsinə gətirib çıxartdı. Taleyimi fi­zika müəllimliyinə bağladım. Bundan sonra Zahid müəllimin fəaliyyəti ilə daha da yaxın­dan maraqlanmağa, onu yenidən tanımağa başladım.

Mən müəllimliyə başlayanda, Zahid Qaralov respublikamızda və ondan kənar­larda öz elmi-pedaqoji nailiyyətləri və ic­timai fəaliyyəti ilə kifayət qədər məşhur və diqqət mərkəzində idi. O, Azərbaycan SSR Maarif nazirinin müavini vəzifəsində işlə­yirdi. 1992-ci ildə bir müddət Təhsil Nazir­liyinin Ali və Orta İxtisas Təhsili İdarəsində işləyərkən onu daha yaxından tanımağa baş­ladım. Hamı onun haqqında xoş sözlər danı­şırdı: Zahid müəllim böyük insan, pedaqoq, alim və əsl vətəndaş idi. O, hər bir insana diqqət və qayğı ilə yanaşmaqda, dinləməkdə böyük səbir və təmkin sahibi idi. Onunla bir dəfə də olsun görüşmüş insanlar bu görüşün onların taleyində yeni bir təkana, unudulmaz bir xatirəyə, böyük xeyirxahlığa çevrildiyi­ni minnətdarlıqla xatırlayırlar. Bir dəfə mən ondan bunun səbəbini soruşdum. Cavabında: “Mənə yaxşılıqların hamısı təmənnasız olun­duğundan, mən də nə edirəmsə, təmənnasız edirəm”, – sözlərini eşitdim. 

Azərbaycanda fizika və fizikanın tədrisi metodikası elmlərinin yaranması və inki­şafında müstəsna xidmətlər göstərmiş, bu sahələrə bir yeniliklər gətirmiş, respublika­mızda yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığı, elm və təhsil quruculuğu ilə bağlı təşkilatçılıq işinə böyük əmək sərf etmiş, ana dilində ilk dərslik, monoqrafiya ənənəsini qoyan SSRİ PEA-nın üzvü olmuş ilk azər­baycanlı alim Abasqulu Abaszadədən ata sevgisi və oğul doğmalığı ilə söhbət açırdı. Zahid muəllim, həmçinin zaman-zaman onun muəllimlik peşəsinin sirlərinə yiyələnməsin­də Abasqulu Abaszadə ilə yanaşı, respubli­kamızın tanınmış alimləri professor Mehdi Mehdizadənin, Məmmədbəy Əfəndiyevin, Əhməd Seyidovun, Zəki Kazımzadənin, Abdulla Muxtarovun, İbrahim İbrahimovun, Mərdan Muradxanovun, Əhməd Kədəri Zə­kizadənin, Yusif Əmənzadənin, Rəşid Məm­mədovun və başqalarının da xatirələrini ehti­ramla yad edirdi.

Zahid müəllimin xeyir-duasını aldıqdan sonra 2003-cü ilin mart ayında Azərbaycan Təhsil Problemləri İnstitutunda doktoran­turaya qəbul oldum. 2007-ci ildə həvəslə başladığım elmi-tədqiqat işini tamamladım. Mövzu ilə bağlı elm adamları ilə görüşdüm, təhsil müəssisələrində oldum, müxtəlif prob­lemlərin həlli yollarını axtardım. Hər yerdə Zahid müəllimin böyük zəhmətinin bəhrəsi olan, müasirliyi özündə qoruyub saxlama­ğı bacaran, həmişəyaşar elmi əsərləri, bir də Zahid Qaralov məktəbinin çoxsaylı, layiqli davamçıları qarşıma çıxdılar. Qarşıma çıxan bu böyük ustadla bağlı uzun illər qəlbimdə gəzdirdiyim düşüncələrim belə oldu: Zahid müəllim ilk görüşdə səliqə-səhmanlı, nəzakət­li-mehriban, üzü gülər, çöhrəsində Peyğəmbər nuru olan bir insan idi... Ona daha da yaxınlaş­dıqca onun dünyagörüşlü, alicənab, qürurlu, söhbəti-ürfan sahibi, yeri-göyü sevən, Böyük Yaradana inanan bir adam olduğunu gördüm. İşindən, elmdən danışanda peşəsinin sahibi, nizam-intizamlı, hər yerdən və hər şeydən halı, özü yaratmağı bacaran və yaradanlara, Haqqa üz tutanlara və düz danışanlara arxa və rəhbər-böyük olmağı bacaran, Allah yolunu gözləyən bir insan idi... Ruhuna gəldikdə isə doğulduğu torpaq – Borçalı kimi müqəddəs və ətirli, çiçək kimi zərif, kövrək, hala yanan, deyib-gülməyi bacaran, adilərdən adi, sadələr­dən sadə, Allaha sığınan bir adam idi... 

Bəzən həyatda müəllimlik peşəsini tam dolğunluğu ilə şərh etmək üçün bütün istə­diklərmizi özündə birləşdirə bilən müxtəlif etalonlar axtarırıq. Zahid muəllim müəllim­liyin etalonu idi,

Azərbaycanın Xalq şairi Zəlimxan Yaqu­bun bir şeirində olduğu kimi: 

Dünya mənim idi, mən olmamışdan,

Bilirəm dünyaya mən niyə gəldim.

Yazıldı alnıma müəllim qisməti,

Zamana dərsimi deməyə gəldim.

Bir sözlə, Zahid müəllim dünyaya niyə gəldiyini bilən adam idi. Yaradıcı adamlara məxsusluqla zamana sözünü deməyi bacaran, dərsini deyən Zahid muəllimin böyük və ağır zəhmətinin bəhrəsi olan çoxsaylı elmi-pe­daqoji, siyasi və bədii əsərləri onun arxada qalan illərinin xoş xatirələri olmaqla yanaşı, həm də gələcəyə inamla baxan, dövlətimizə və millətimizə gərəkli olan həmişəyaşar ide­yaların daşıyıcısıdır.

Zahid Qaralovun yazdığı “Məktəblinin fizika lüğəti” (Azər Abaszadə ilə birlikdə), “Məktəbdə peşə oriyentasiyası üzrə iş”, “Fi­zikanın tədrisində təlim və tərbiyənin vəhdə­ti”, “IV-VIII siniflərdə əmək təlimi”(N.Quli­yev və N.Şışkinlə birlikdə), “Fizka tədrisinin səmərəliliyinin artırılması yolları”, “Fizika qanunlarının tədrisi”, “Məktəbdə əxlaq tər­biyəsi”, “Məktəblilərin tərbiyə nəzəriyəsi və təcrübəsi”, “Təhsil sisteminə müasir baxış”, onun rəhbərliyi ilə ibtidai siniflər üçün yara­dılmış riyaziyyat üzrə tədris kompleksi və di­gər fundamental əsərləri ona şərəf gətirməklə yanaşı, bu gün də mütəxəssis və tələbələrin stolüstü kitabı olaraq qalmaqdadır. Zahid müəllim 150-dən çox monoqrafiya, dərs­lik, tədris proqramı, müəllim, valideyn, şa­gird-tələbə üçün metodiki vəsaitin, 150-dən çox jurnal məqaləsinin, tezislərin, topluların, 500-dən çox qəzet məqaləsinin müəllifi, 80-dən çox namizədlik dissertasiyasının rəhbəri, 15-dən çox isə doktorluq dissertasiyalarına elmi məsləhətçi olmuşdur.

Respublikamızın müstəqillik mübarizə­sində Zahid Qaralov əsl ziyalı kimi xalqın önündə oldu. Bu şərəfli mübarizədə o, ilk gündən öz layiqli yerini xalqımızın sevim­lisi Ulu öndərin yanında tapdı. Onun Hey­dər Əliyevə olan böyük inam və sevgisi ilə bağlı ötən əsrin 90-cı illərinin əvvəllərində “Heydər dağına kölgə salmaq olmaz” adlı məqaləsi “İki sahil” və “Səs” qəzetlərində dərc olundu. 7 dekabr 1992-ci ildə Azərbay­can Milli Elmlər Akademiyasında akademik Ziya Bünyadovun sədrliyi ilə keçirilən ziyalı­lar konfransında “Naxçıvan Respublikasının dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevin Müda­fiəsi Komitəsi” yaradıldı və Zahid Qaralov qurumun sədri seçildi. 1992-ci ilin noyabrda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Naxçıvan şəhərinə uçan 5 nəfərlik təşəbbüs qrupunda Zahid Qaralov da var idi.” 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Par­tiyasının təsis konfransında Zahid müəllim Partiyanın İdarə heyəti və Siyasi Şurasının üzvü seçildi. O, Yeni Azərbaycan Partiyası­nın yarandığı gündən ömrünün sonunadək Yeni Azərbaycan Partiyası Səbail rayon təş­kilatının sədri oldu.

Məhz 15 iyun 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətimizi və xalqımızı bütün bəlalardan xilas etdi, yeni bir dövrün, inkişaf və tərəqqinin əsasını qoydu. Zahid müəllim 1995-ci ilin oktyabrında ilk demokratik seçkidə Azərbaycan Respubli­kası Milli Məclisinə deputat və Yerli özünüi­darə daimi komissiyasının sədri seçilməsinə, həmçinin 2000-ci ildə Milli Məclisə keçirilən ikinci seçkidə təkrar deputat seçilməsinə və Regional məsələlər daimi komissiyasına rəh­bərlik etməsinə baxmayaraq, bütün dövrlər­də pedaqoji sahəyə xüsusi diqqət yetirmiş, bu sahədə mövcud olan qlobal problemlərə “Tərbiyə”(üç cild), Məhəmməd Nəsirəddin Tusi: elm, saf əxlaq dünyasına açılan qapı (2 cild), “İdeologiya və mənəviyyat”, “Əbədiy­yata gedən yollar (Heydər Əliyev barədə)”, “Heydər Əliyevin elmi irsi” (2 cild), “Heydər Əliyev-Milli ləyaqət ölçüsü” kimi yeni-yeni fundamental əsərləri ilə aydınlıq gətirdi və öz layiqli sözünü dedi. 

Zahid müəllimin keçdiyi şərəfli ömür yolu bu gün bütün Azərbaycan cəmiyyətı tərəfindən böyük ehtiram və hörmətlə xatır­lanır, layiqincə qiymətləndirilir, əsl vətəndaş nümunəsi kimi göstərilir. Göstərdiyi gərgin və fədakar əməyinə görə Zahid müəllim so­vetlər dönəmində Əməkdar müəllim fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bay­rağı” ordeni ilə, müstəqil Azərbaycan dövləti tərəfindən isə “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur. 

Vidadi ORUCOV,
pedaqogika üzrə elmlər doktoru

Sosial həyat