Erkən evliliyə və qan qohumları nikahına yol verilməyəcək

post-img

Azərbaycanda yetkinlik yaşına çatmayanların erkən evliliyi və qan qohumla­rının nikahları ilə bağlı mövcud olan problemlərin qarşısının alınması məqsə­dilə “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisin sonuncu iclasında təsdiqləndi. Dünya əhalisinin bir qismi kimi Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində do­ğulan uşaqlarda genetik xəstəliklərin olması riski son dərəcə yüksəkdir. Məhz bu baxımdan erkən evlilik və yaxın qohum nikahları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi zərurəti yaranmışdı. Qanun layihəsinin əhəmiyyəti barədə məlumat verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova dedi:

– Azərbaycanda yetkinlik yaşına çatmayanların erkən evliliyi və qan qohumlarının nikahları həmişə ciddi problemlər yaradıb. Həm erkən evlilik, həm də yaxın qohum nikahları özünün neqativ fəsadları ilə cəmiyyətin sağlam gələcəyinə zərbə vurur, insanları nara­hat edir və daim müxtəlif səviyyələrdə müzakirələrə səbəb olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Ci­nayət Məcəlləsində və İnzibati Xə­talar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində də əsas məqsəd yetkinlik yaşına çatmayan­ların erkən evliliyi və qan qohumu ilə nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınma­sıdır. Əvəllər bir sıra halları nəzərə al­maqla nikah yaşının 1 yaş azaldılma­sına icazə verilirdi. Dəyişikliklərdə bu məsələyə də yenidən baxıldı. 

Komitə sədri nikah yaşının bir yaş azaldılmasının zərərli cəhətlərindən söhbət açaraq dedi ki, üzürlü səbəblər olduqda nikah yaşının bir yaş azaldıl­masını ehtiva edən normanın mövcud­luğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. La­yihədə adları çəkilən məcəllələrə dəyi­şiklik etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, erkən evliliyin təşkilinə, həmin yaşda olan şəxs barə­sində evliliyə dair sövdələşməyə daxil olmağa, bu məqsədlə mərasimlərin ke­çirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliy­yət öz əksini tapıb.

– Demək, bundan sonra nikah ya­şının bir yaş azaldılmasına yol veril­məyəcək? 

– Bəli, bu məsələ qanunla tənzim­lənəcək. Dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adı­nın dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Ni­kaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin da­irəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çat­mayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi da­şıyan şəxslər üçün məsuliyyət müəy­yən edir.

İnzibati Xətalar Məcəlləsinə daxil edilmiş 189-1-ci maddədə qeyd edilir ki, on altı yaşına çatmayan şəxs barə­sində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlə­ri, həmçinin evliliyə dair digər sövdələş­məyə görə cərimə və ya işin hallarına əsasən, inzibati həbs tətbiq olunur. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evlilik­lə bağlı mərasimlərin keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barə­sində dini kəbinkəsməyə görə, inzibati tənbeh nəzərdə tutan 189-2 və 189-3-cü maddələrin məcəlləyə əlavə edilmə­si erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaqdır.

– Dəyişikliklərdə qan qohumları­nın nikaha daxil olması da öz əksini tapıbmı? 

– Bəli, hazırda bu məsələ cəmiyyə­ti ciddi narahat edir. Qan qohumlarının evliliyi müəyyən irsi xəstəliklərə səbəb olur. Ona görə də qanun layihəsində aralarında nikahın bağlanması yol veril­məyən subyektlər dairəsinin genişlən­dirilməsi ilə bağlı təkliflər yer alıb. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hal­lar) yaxın qohumlarla yanaşı, qardaşla­rın və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qar­daş (bacı) oğlu arasında nikahın bağ­lanmasına yol verilməyən yeni norma­nın təsbiti vacib hesab edilmişdir.

Əliqismət BƏDƏLOV
XQ

Müsahibə