Azərbaycanın teatr səhnəsinə istər rejissor, istərsə də aktyor kimi çox böyük sənətkarlar öz imzalarını həkk ediblər. Bununla yanaşı, ustadlar həm də milli teatrımıza özlərinin əvəzsiz töhfələrini veriblər. İndi bəziləri böyük sənətkarların keçmişdə qalması fikrini söyləməyi xoşlayırlar. Amma ətrafımıza diqqətlə boylansaq, yanımızda bizimlə eyni zamanı bölüşən ustad sənətkarların olduğunu görərik. Biz, sadəcə olaraq, bunun fərqinə varmırıq...
Azərbaycanın tanınmış teatr rejissoru, Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı Cənnət xanım Səlimova məhz belə ustad sənətkarlardandır.
– Cənnət xanım, uzun və mənalı bir ömrün ahıllıq mərhələsi necə keçir? Pensiyaçı olmaq sizdə hansı hissləri yaradıb?
– Pensiyam elə iş başında keçir. Yaxşı ki, belədir, yoxsa həyat mənimçün dözülməz olardı. Universitetdə tələbələrimlə tamaşalar hazırlayırıq. Yəni bütün gün sevdiyim işlə məşğulam. Şükürlər olsun ki, məişət qayğılarım yoxdur, onlardan azadam. Etiraf edim ki, kommunal xərcləri ödəmək, səhhətimlə bağlı maddi sıxıntı çəkdiyim vaxtlar da olub. İndi o problemlər yoxdur və rahatlıqla sevimli işimlə yaşayıram. Sizi əmin edirəm ki, pensiya, mükafat kimi şeylər yalnız maddi problemləri aradan qaldırmaq üçündür, onlar işdən aldığın zövqü əvəz eləmir. Altmış ildən çoxdur ki, həm universitetdə dərs deyirəm, həm də teatrda işləyirəm. Bunlarsız həyatımı təsəvvür belə edə bilmirəm. Ona görə də Milli Gənc Tamaşaçılar Teatrında da hərdən uşaq tamaşaları hazırlayıram. Bu yaxınlarda S.S.Axundovun “Qaraca qız” əsərini yeni quruluşda səhnələşdirdik. Gündüz premyerası oldu, axşam isə çoxdan hazırladığım “Lənkəran xanının vəziri” tamaşası oynanıldı. Milli status verilən teatrın ilk işi klassikanı təbliğ etməkdir. Milli Gənc Tamaşaçılar Teatrı ölkədə yeganə teatrdır ki, M.F.Axundzadənin bütün əsərlərini səhnələşdirilib. Gənc nəsil bu zəngin ədəbi irsi bilməlidir. Hüseyn Cavidin “Şeyx Sənan” əsəri 30 ildir səhnədən düşmür. Bu teatrda Cəfər Cabbarlının “Aydın” dramını səhnələşdirmişəm. Əsas məsələ milli irsin qorunması və gənc nəslə ötürülməsidir. Molyer, Şekspir yaradıcılığı da həm millidir, həm də dünyavi.
– Klassik əsərlərə səhnə həlli verəndə onu bu günlə əlaqələndirmək lazımdır, yoxsa klassika olduğu kimi saxlanmalıdır?
– Mütləq yenilik lazımdır. Hətta Mirzə Fətəli bu gün yeni, müasir yanaşma tələb edir. Çünki o, çar məmuru idi, bəzi hallarda istədiyi kimi yox, tələb olunduğu kimi yazmağa məcbur idi. Bəzi əsərlərində Qafqazda Çar Rusiyasının təbliğatını yeritməli idi. Deməli idi ki, bu xalq ancaq quldurluqla, çapıb-talamaqla məşğul olub, ruslar bunlara mədəniyyət gətirdi. Bax, bu, adama çox ağır gəlir. Nizamini, Nəsimini, Vaqifi yetirən xalq bu münasibətə layiq deyil. Ona görə də mən Axundzadənin əsərlərinin quruluşuna yeni, müasir və fərqli bucaqlardan yanaşıram. Bu yaxınlarda tələbələrimlə “Hacı Qara”nı hazırladım və Heydərin monoloqunu mətndən tamamilə çıxartdım. Çünki orada deyir: “Ömür boyu oğurluq-quldurluqla yaşamışıq, indi necə olacaq...?”.
Guya, Çar Rusiyası bizə mədəniyyət, mənəviyyat gətirib. Əslində, qətiyyən belə deyil. Teatr kitabxana deyil, canlı orqanizmdir. O, tamaşaçıya, mühitə, ətrafda və dünyada baş verənlərə reaksiya göstərməlidir. Teatr ədəbiyyata müasir dövrün nəzəri ilə yanaşmalıdır.
– İlk ixtisasınızın filoloq olması burada özünü büruzə verir. Gəlin, yaradıcılıq yolunuzun başlanğıcına qayıdaq. Necə oldu ki, filoloq məşhur rejissora çevrildi?
– Mən hələ də filoloqam. Mütaliəni çox sevirəm. Müasir poeziyanı izləyirəm, oxuyuram. Valideyinlərimə minnətdaram, mənə dedilər ki, normal diplom al, rejissorluğu oxuyub aldığın diplom bizə lazım deyil. Orta əsrlər ədəbiyyatını, antik ədəbiyyatı, Azərbaycan, rus, ingilis ədəbiyyatını bilmək işimə çox yarayır. Yeri gəlmişkən, Azərbaycan ədəbiyyatından çox gözəl müəllimim vardı. İndi gənc rejissorun həqiqətən savadlı, intellektli olması nadir haldır. Biz tamaşaçıya mənəviyyat ötürürük. Buna görə də, ən azı, yarım addım ondan öndə olmalıyıq. İndi zaman başqadır, şounu bildilərsə, deməli, uğurludurlar. Neynəmək olar, yəqin onlar da lazımdır, amma biz də lazımıq.
– Ömrünü Azərbaycan teatrına həsr etmiş sənətkar kimi hansı dövrü bizim teatr mədəniyyətinin renessansı hesab edirsiniz?
– Şahidi olduğumu deyəcəm. Milli Dram Teatrında eyni vaxtda səhnəyə Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Leyla Bədirbəyli, Məhluqə Sadıqova, İsmayıl Osmanlı, Səməndər Rzayev, Amalya Pənahova, Həsənağa Turabov, Şəfiqə Məmmədova, Hamlet Qurbanov, Hamlet Xanızadə, Fuad Poladov çıxırdılar. Sonra hamısı yaxın zamanlarda getdi. Ya səhnədən, ya da həyatdan. Yeni nəsil onları əvəz edə bilmədi. İndi həmin səhnədə o sənətkarlara bərabər aktyor görmürəm. Amma inanıram ki, həmin dalğa təkrarlanacaq.
– Səməd Vurğun adına Rus Dram Teatrı, Musiqili Teatr sənət yolunuzda uğur pillələri olub. Bəs, Kamera Teatrını yaratmaq istəyi nədən yarandı?
– Opera Teatrında da işləmişəm. Kamera Teatrı yaradıcılığımın ən xoşbəxt dönəmidir. Sevimli tələbələrimlə yaratmışdıq o teatrı. Bütün arzularımızı Kamera Teatrında həyata keçirdik. Zəngin repertuarımız vardı. Həmin əsərlər hələ də Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılır. O teatrda çox istedadlı aktyorlar çalışırlar. Tez-tez qastrollara gedərdik, bizi tanıyırdılar. Bizə bina vermədilər, olduğumuz yerdən çıxardılar, dağılmalı olduq. Başqa çıxış yolu olmadı, amma bu gün etiraf etmək lazımdır ki, bu, heç də düzgün çıxış yolu deyildi. Əsas odur ki, tamaşaçını itirmədik, o, bizi bu gün də Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində izləyir.
– Sonuncu sualımız teatrdan kənar olacaq. Dünya şöhrətli soydaşımız Lütfi Zadənin xalası qızı olmaq sizə nə verib, həyatınıza əlavə nə dəyər gətirib?
– O, qeyri-adi insan idi. Yaxın ətrafı alimlər, onun kəşflərini alqışlayan adamlardan ibarət olardı. Doğrudur, o, tərif eşitməyi xoşlamazdı. Vaxtı o qədər məhdud idi ki, mən də istəməzdim onu teatrda itirsin.
Ramilə Qurbanlı
XQ