XIX əsrin birinci yarısında Fransanın urartuşünaslıq sahəsində ilk araşdırmalara başlaması Şərqi Anadoluda erməni toplumu üçün “qədim tarix” konsepsiyasının hazırlanmasına xidmət etmişdir. Lakin sonrakı dövrlərdə yeni Urartu kitabələrinin aşkar olunması və bu sahədə tədqiqatların genişlənməsi nəticəsində sübut olundu ki, urartulular və özlərini hay və ya erməni adlandıran toplum iki ayrı dildə danışan, fərqli tarixə və mədəniyyətə malik olan etnoslar olub.
Hazırda Ermənistan Respublikası adlandırılan ərazi Azərbaycanın tarixi qərb torpaqlarının bir hissəsini əhatə edir. Burada Urartu irsinin saxtalaşdırılması cəhdləri əsasən İrəvan şəhərinin yaxınlığında yerləşən İrbuni şəhər-qalasının, Urartu mixiyazılı mənbələrində rast gəlinən qədim yer-yurd adlarının, həmçinin Göyçə gölü hövzəsindəki tarixi-mədəni abidələrin gerçək tarixinin təhrif edilməsi ilə bağlıdır. E.ə. IX əsrin ortalarında Şərqi Anadoluda Van gölü hövzəsində meydana gəlmiş Urartu dövləti 300 ilə yaxın müddətdə mövcud olmuşdur. Urartu hökmdarı I Argişti Orta Araz hövzəsində yaşayan yerli tayfalar üzərinə işğalçı hücumlar nəticəsində e.ə. 782-ci ildə İrbuni şəhər-qalasını inşa etdirdi. Bu abidənin qalıqları hazırda Ermənistanın paytaxtı Yerevan şəhərinin cənub-şərqində təpə üzərində yerləşir. XIX əsrin sonlarında rus tədqiqatçısı M.V. Nikolski bu qədim qalanın yerləşdiyi təpənin azərbaycanlılar tərəfindən Qanlı qala və ya Qanlı təpə adlandırıldığını qeyd edir. XIX əsrdə Rusiya imperiyası tərəfindən İrəvan və onun ətrafındakı bölgələrə köçürülən ermənilər bu abidəni Arin-berd adlandırmışlar.
Urartu mixiyazılı kitabələrində İrbuni şəhər-qalasının Aza xalqının ölkəsində inşa olunmasından bəhs olunur. Bu qədim ölkə Orta Araz hövzəsi ilə Göyçə gölü arasındakı torpaqları əhatə edirdi. Erməni tədqiqatçısı N.V. Arutyunyan Urartu mixiyazılı kitabəsində bu adı Uaza-Vaza kimi tərcümə etmişdir. Ümumiyyətlə, N.V. Arutyunyan və onun kimi bir çox erməni tədqiqatçıları müasir Ermənistan ərazisindəki qədim kitabələrdə əks olunmuş toponimləri saxtalaşdırmaqla burada təşəkkül tapmış qədim mədəniyyətlərin bölgənin yerli əhalisi olan azərbaycanlılarla bağlılığını ört-basdır etməyə çalışmışlar.
Fransanın “Urartu projesi”:
XIX əsrin əvvəllərində Qədim Şərq xalqlarının tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların inkişafında yeni mərhələ başlandı. İlk olaraq Qədim Şərq tarixinin öyrənilməsi bəşər tarixinin inkişafında Şərq sivilizasiyalarının öncül rolunu sübut etdi, yeni nəzəriyyələr ortaya çıxdı, köhnə hipotezaların bir çoxu ifşa olundu, əvvəlki baxışlardan imtina edildi. Urartuşünalıq sahəsində ilk addımlar da bu dövrdə atıldı. 1827-ci ildə Fransa Xarici İşlər Nazirliyinin xüsusi tapşırığı ilə Fransa “Asiya cəmiyyəti” tərəfindən Şərqi Anadoluda Van gölü hövzəsində qədim tarixi abidələri “araşdırmaq” məqsədi ilə ezam olunmuş Fridrix Eduard Şults bir çox Urartu abidələrini, o cümlədən qədim Van qalasındakı Urartu məzarlarını qeydiyyata almış, əsasən də Urartu mixiyazılı kitabələrinin bir hissəsinin (42 mixiyazılı kitabə) üzünü köçürərək Parisə göndərmişdir. Lakin o bu yazıların dilini bilmədiyindən tərcümə etməmişdir. İlk dəfə Van gölü hövzəsində Urartu mədəniyyətinə aid tapıntıların Aşşur mixiyazılı qaynaqlarında bəhs edilən urartululara aid olduğunu 1847-1870-ci illərdə Luvr muzeyinin Antik dövr şöbəsinin rəhbəri olmuş fransız arxeoloqu, kolleksioneri və numizmatı Adrian Prevost de Longperier söyləmişdir. Beləliklə, XIX əsrin 20-ci illərində Osmanlı dövlətinin şərq torpaqlarında, əsasən də Şərqi Anadoluda ilk Urartu abidələrinin “öyrənilməsi” sahəsində ilk addımı Fransa atdı. Fransanın əsl məqsədi isə Osmanlı torpaqlarında yaşayan etnik azlıqlara, əsasən də ermənilərə yeni “qədim tarix” hazırlamaq idi. Təsadüfi deyil ki, Fransa hökuməti F.E. Şultsu Osmanlı ərazisinə ezamiyyətə göndərərkən iki mühüm tapşırıq vermişdir: İranda qədim zərdüştilik dininə aid mənbələri axtarıb tapmaq və erməni tarixçisi Moisey Horenlinin Van gölünün şərqində bəhs etdiyi Semiramis şəhərinin xarabalıqlarını elm dünyasına “tanıtmaq”. Avropanın bir çox işğalçı dövləti kimi Fransa da Yaxın Şərqin qədim tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində ilk mərhələni müstəmləkəçilik siyasətinə uyğun şəkildə başa vurdu. Fransanın “Urartu projesi” erməni xalqı içərisində şovinist meyillərin, həmçinin antitürk ünsürlərinin və terrorizmin inkişaf etməsinə rəvac verdi.
İrbuni yoxsa Erebuni?!
E.ə. IX əsrin ortalarında Şərqi Anadoluda Van gölü hövzəsində yaşayan tayfaların siyasi birliyi kimi meydana gəlmiş Urartu dövlətinin ilk işğalçı müharibələri həmin əsrin ikinci yarısından başlamışdır. E.ə. VIII əsrin əvvəllərində hakimiyyətə gələn Urartu hökmdarı I Argiştinin (e.ə. 786-764) başlıca hədəfi şimal və şərq istiqamətində dövlətin sərhədlərini genişləndirmək idi. Onun hakimiyyəti dövründə Orta Araz hövzəsi ilə Göyçə gölü arasındakı torpaqlarda yaşayan yerli tayfalar üzərinə həm xərac olmaq, həm də canlı qüvvə olaraq çoxsaylı əsirlər ələ keçirmək məqsədi ilə hərbi yürüşlər təşkil edildi. E.ə. 782-ci ildə I Argiştinin Orta Araz hövzəsində yerləşən Aza xalqının ölkəsində inşa etdirdiyi İrbuni şəhəri şəhər-qalasının qalıqları hazırda müasir Ermənistanın paytaxtı Yerevan şəhərinin cənub-şərqində təpə üzərində yerləşir. Bu ərazi qədim zamanlardan etibarən Qanlı təpə və ya Qanlı qala adı ilə tanınmışdır. XIX əsrin birinci yarısında Rusiya imperiyası tərəfindən İrəvana köçürülən ermənilər bu təpəni Arin-berd (Azərbaycan dilində tərcüməsi Qanlı qala – R. Əlizadə) adlandırmışlar. XIX əsrin sonlarında rus tədqiqatçısı M.V. Nikolski yazırdı ki, bu qədim qalanın yerləşdiyi təpə yerli əhali (yəni azərbaycanlılar) tərəfindən Qanlı qala və ya Qanlı təpə adlandırılır, ermənilər isə Qanlı təpə adını öz dillərinə tərcümə edərək Arin-berd deyirdilər. Gürcü urartuşünas alimi G.A. Melikişvili də bu ərazinin əvvəlki adının Qanlı təpə olduğunu qeyd edir. Burada aşkar edilmiş Urartu mixiyazılı kitabəsini ilk dəfə rus tədqiqatçısı M.V. Nikolski tərcümə edərək “İrəvan yaxınlığında Qanlı-təpədə aşkar olunmuş mixiyazılı kitabə” başlığı ilə 1896-cı ildə “Şərq Komissiyasının əsərləri”ndə nəşr etdirmişdir [Şəkil 1]. İrəvan quberniyasına köçürülən ermənilər burada “qədim tarix”ə sahib olduqlarını iddia etmək və İrəvanı qədim erməni şəhəri kimi tanıtmaq üçün yaşayış evlərinin divarlarına, tarixi-mədəni abidələrin olduğu ərazilərə saxta mixiyazılı kitabələr tərtib edərək yerləşdirməyə başladılar. M.V. Nikolski bu cür saxta Urartu kitabələrindən birini aşkar edərək onların qədim tarix yalanlarını ifşa etmişdir (“Фальшивая клинообразная надпись из Эриванской губернии”, Археологические Известия и Заметки, № 4, Москва, 1896). Bu saxta kitabələrdən biri hazırda Gürcüstan Tarix muzeyində saxlanılır. Həmin kitabə yaşayış evlərindən birinin ana divarına bərkidilmiş vəziyyətdə aşkar olunmuşdur.
Urartu mixiyazılı kitabələrində İrbuni şəhər-qalasının Aza xalqının ölkəsində inşa olunmasından bəhs olunur. Bu qədim ölkə Orta Araz hövzəsi ilə Göyçə gölü arasındakı torpaqları əhatə edirdi. Araz çayının sol qolu Aza çayı adlanır. Müasir dövrdə Ermənistanda bu çayın adı “Azat” kimi saxtalaşdırılıb. M.V. Nikolski 1896-cı ildə “Qafqaz Arxeologiyası üzrə materiallar toplusu”nun 5-ci buraxılışında nəşr edilmiş “Zaqafqaziyanın mixiyazılı kitabələri” adlı iri həcmli məqaləsində qeyd edirdi ki, İrəvan quberniyasının mərkəzi hissəsində Zəngi çayının axdığı vadi Urartu mixi yazılı mənbələrində Aza ölkəsi adlanırdı. Hazırda Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Aza kəndinin adı məhz bu toponimlə bağlıdır. Erməni tədqiqatçısı N.V. Arutyunyan Urartu mixiyazılı kitabəsində bu adı Uaza-Vaza kimi tərcümə etmişdir. Ümumiyyətlə, N.V. Arutyunyan və onun kimi bir çox erməni tədqiqatçıları müasir Ermənistan ərazisindəki qədim kitabələrdə əks olunmuş toponimləri saxtalaşdırmaqla burada təşəkkül tapmış qədim mədəniyyətlərin bölgənin yerli əhalisi olan azərbaycanlılarla bağlılığını ört-basdır etməyə çalışmışlar.
İrbuni şəhər-qalasının inşa edilməsi haqqında məlumat verən ilk mənbələrdən biri Urartu hökmdarı I Argiştinin hakimiyyəti dövründə tərtib edilmiş “Horhor kitabəsi”dir. Van gölü sahilində yerləşən “Horhor kitabəsi”nin ikinci sütunu üzərində İrbuni şəhər-qalasının inşa edilməsi haqqında deyilir: “...Tanrı Haldi öz silahı ilə səfərə çıxdı. Etiuni ölkəsini ələ keçirdi və Kixuni şəhərinin ölkəsini tutdu. (Onları) Argiştinin önündə yerə çaldı. Tanrı Haldi güclüdür, tanrı Haldinin silahı da güclüdür. Tanrı Haldinin əzəməti ilə Minua oğlu Argişti səfərə çıxdı. Tanrı Haldi önündən getdi. Argişti deyir ki: Gölün sahillərində olan Kixuni şəhərinin ölkəsini ələ keçirdim və Aliştu ölkəsinə qədər irəlilədim. Kişi və qadınları (əsir) götürdüm. Tanrı Haldinin buyruğu ilə Minua oğlu Argişti deyir ki: Biainili ölkəsini gücləndirmək və düşmən ölkəsini məğlub etmək üçün İrbuni şəhərini tikdim. Yer bozqır idi, orada heç bir şey tikilməmişdi. Orada böyük işlər gördüm. Oraya Hati ölkəsindən və Supa ölkəsindən 6.600 döyüşçü yerləşdirdim...”.
Urartululara aid ən böyük mixiyazılı mənbə olan “Horhor kitabəsi” Van gölünün şərqində Urartu dövlətinin uzun müddət paytaxtı olmuş Tuşpa (qədim Van) qalasında yerləşir. Mirjo Salvininin “Urartu epiqrafikasının ən böyük nümunəsi” adlandırdığı bu kitabə, Tuşpa qalasının cənub-qərbində I Argiştinin məzar yeri olaraq bilinən qaya içərisində oyulmuş otaqlara daş pillələrlə enərkən sol tərəfdə qaya səthində həkk edilmişdir. N.V. Arutyunyan İrbuni adını yanlış olaraq Eerbuni kimi oxumaqla müasir Ermənistanın paytaxtı Yerevan şəhərinin adını bu adla əlaqələndirmiş və müasir erməni xalqını Urartu mirasının tək varisləri kimi təqdim etməyə cəhd etmişdir. Lakin G.A. Melikişvili N.V. Arutyunyandan fərqli olaraq bu qədim şəhərin adını Erebuni kimi yox, İrpuni kimi tərcümə etmişlər. 1950-ci ildə K.L. Ohanesyan və A.U. Poqosyan tərəfindən Qanlı təpədə aparılmış arxeoloji qazıntılar zamanı yeni bir Urartu mixiyazılı kitabəsi aşkar edilmişdir. Erməni tədqiqatçısı M.A. İsraelyan bu kitabədə bəhs olunan qala-şəhərin adını İrbuni kimi oxumuşdur. Müasir Yerevan şəhərinin adı 1828-ci ilədək buranın yerli əhalisi olan Azərbaycan türklərinin dilində İrəvan kimi çəkilmiş, yalnız 1918-ci ildən etibarən Ermənistanın paytaxtı olmuşdur. Ermənistan SSR Ali Soveti Reyasət Heyətinin 1936-cı il 12 iyul qərarı İrəvan şəhərinin adı yeni və qondarma ad olan Yerevan adı ilə əvəz edilmişdir.
İrbuni – qədim İrəvan:
İrbuni toponiminin mənşəyi haqqında indiyədək müxtəlif fərziyələr irəli sürülsə də, əslində bu qalanın içərisində aşkar olunmuş maddi-mədəniyyət nümunələri bu adın haradan qaynaqlandığını izah etməyə imkan verir. Burada məbəd divarı üzərində Urartunun baş tanrısı Haldinin şir üzərində rəsmi həkk edilmişdir. Haldinin arvadı isə ilahə Arubani hesab olunurdu. İrbuni toponimi Arubani teonimi ilə izah oluna bilər. Arxeoloji qazıntılar nəticəsində üzərində ilahə Arubaninin təsviri olan gümüş medalyon Qırmızı təpədən (Teyşebaini şəhər-qalası), yenə həmin ilahənin təsviri olan qızıl medalyon isə Van gölü hövzəsində yerləşən Torpaqqaladan (Rusahinili – “hökmdar Rusanın şəhəri”) tapılmışdır [Şəkil 2]. Ermənistan dövlət tarix muzeyində isə Arubaninin oturmuş formada tunc heykəli saxlanılır. İrbuni şəhər-qalasının Urartunun Van gölü hövzəsində, həmçinin cənub və qərbdə olan inşaat obyektlərindən üstünlüyü onda idi ki, bu qalanın tikildiyi bölgədə Assuriya imperiyası kimi güclü rəqib yox idi. Buna görə də, Urartu hökmdarlarının şimal-şərq bölgələrində inşa etdirdikləri qalaları, su kanalları, sədləri və digər memarlıq obyektləri uzun illər mövcudluğunu qoruyub saxlamışdır. Orta Araz hövzəsi ilə Göyçə gölü arasındakı torpaqlarda Urartu əsarətinə son qoyan qüvvə isə e.ə. VII əsrin əvvəllərində şimaldan gələn kimmerlər və iskitlər oldu. İrəvan şəhərinin cənub-qərb hissəsində yerləşən Teyşebaini şəhər-qalasında aparılmış arxeoloji qazıntılar nəticəsində iskitlərə aid ox ucluqlarının, at əsləhələrinin və müxtəlif silahların tapılması bölgədə Urartu hakimiyyətinin süqut etdiyini təsdiq edir.
1963-cü ildə İrəvan şəhərinin cənub-şərqində Gərni yaşayış məntəqəsi yaxınlığında I Argiştinin hakimiyyəti dövrünə aid Urartu mixiyazılı kitabəsi aşkar olunmuşdur. Bu kitabədə həmin ərazinin Giarniani ölkəsi, hökmdarının isə Siluni olması haqqında məlumat verilir. Kitabədə I Argişti Giarniani ölkəsini ələ keçirməsindən bəhs edir. Giarniani toponimi də müasir Ermənistan ərazisində bir çox qədim toponimlər kimi buranın yerli əhalisi olan azərbaycanlılar tərəfindən ilkin adı ilə qorunub saxlanmış və Gərni adı ilə tanınmışdır.
Urartulular və ermənilər – fərqli dil, tarix və mədəniyyət:
Bəs urartulular kim idi, hansı mədəniyyətin varisləri və daşıyıcıları idilər? Van gölü hövzəsində Urartu abidələrini uzun illər tədqiq edən tanınmış türk arxeoloqu Afif Erzenin “Doğu Anadolu və urartular” əsərində urartuluların mənşəyi və erməni xalqından fərqli etnik mənsubiyyətə malik olmalarından bəhs edilir. O, arxeoloji materiallarla yanaşı, Aşşur mixiyazılı mənbələrinə və linqvistik dəlillərə istinad edərək yazır: “Urartu dilinin nə Sami, nə də Hind-Avropa dili olmayıb, asiatik bir dil olan Hurri dili ilə morfoloji, fonoloji, sintaksis və lüğət tərkibinə görə qohumluq əlaqəsinin varlığı bir çox tədqiqatçılar tərəfindən sübut olunub”. A. Erzen Hurri və Urartu tayfalarının Kür-Araz mədəniyyətinin varisləri olduğunu qeyd edir. Beləliklə, aydın olur ki, erkən Urartu mədəniyyəti Azərbaycan ərazisində formalaşmış Kür-Araz mədəniyyətinin davamı idi. Urartulu dedikdə Van gölü ətrafındakı dağlıq bölgədə məskunlaşan Hurri toplumunun nümayəndəsi başa düşülürdü. Gernot Vilhelm və Mirjo Salvini Urartu və Hurri dillərinin eyni dilin iki dialekti olduğunu yazırlar. Bu qədim tayfalar e.ə. II minillikdə Şərqi Anadolu yaylaqlarında yayılmış yarıköçəbə mədəniyyətin daşıyıcıları idilər. Ankara Universitetinin professoru Leyla Murat Karakurt Hurri dilinin qramatikası haqqında kitabında filoloji dəlillərə əsaslanaraq Hurri dili ilə qohum olan tək dilin Urartu dili olmasını bir daha təsdiq etmişdir.
Alman diplomatı, şərqşünası və linqvisti Andreas David Mordtmann 1872 və 1877-ci illərdə çap olunmuş iki iri həcmli məqaləsində Urartu dilinin erməni dili ilə qohumluq əlaqəsini iddia etməyin yanlış olduğunu sübut etmişdir. Urartu mixiyazılı kitabələrində Qərbi Azərbaycan toponimlərinin mənşəyi haqqında A.D. Mordtmannın mövqeyində həqiqəti əks etdirən mühüm cəhət, bu toponimlərin Azərbaycan türkcəsində mövcud olan variantları ilə müqayisə olunmasıdır: “...Gümri ist der türkische Name... Was nun den Namen Iskigulu betrifft, so finden wir der Stadt Alexandropol gegenüber, auf dem rechten Ufer des Arpatschai auf türkischem Gebiet ein kleines Kastell Namens Adschuk Kale, welches immerhin eine türkische Modifikation des Namens Iskiguli sein kann; Adschuk Kale bedeutet “offene Festung”...” (“...Gümri türk adıdır... İsqiqulu adına gəlincə, Gümrü şəhəri ilə üzbəüz, Türkiyə ərazisində, Arpaçay çayının sağ sahilində, Açuk Kale adlı kiçik bir qalaya rast gəlirik ki, bu qala İskiquli adının türkcə dəyişikliyə uğramış adı ola bilər; Açuk Kale “açıq qala” deməkdir...) (Mordtmann A.D. Ueber die Keilinschriften von Armenien // “Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft”, Band: XXXI. Leipzig, 1877). Hurri dili, eləcə də Urartu dili iltisaqi (aqlütinativ) dil qrupuna aid olub, bu dillərdə sözün kökü sabit qalır, leksik mənaya malik olur, erməni dili isə Hind-Avropa dilləri ailəsinə aid olan flektiv dildir, bu dildə söz kökü sabit deyil və ciddi dəyişikliyə məruz qalır. Ermənilərin urartulularla eyni dövrdə Şərqi Anadoluda yaşamadığını e.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində verdiyi məlumat bir daha təsdiq edir. Herodot yazır ki, ermənilər Kiçik Asiyanın qərbində yerləşən Friqiyadan gələn köçkünlər idilər: “Ἀρμένιοι δὲ κατά περ Φρύγες ἐσεσάχατο, ἐόντες Φρυγῶν ἄποικοι.” (Herodotus. Histories., VII, 73.1).
Nəticə:
Beləliklə, müasir Ermənistan Respublikasının ərazisində aşkar edilmiş Urartu abidələri qədim dünya tarixində və mədəniyyətində mühüm rol oynamış urartuluların mirasdır. Bu qədim mədəniyyəti “qədim erməni mədəniyyəti” kimi qəbul etmək və təbliğ etmək, müasir erməni şovinist ideologiyasının mühüm tərkib hissəsidir. Urartu tarixi-mədəni abidələri bütün bəşəriyyətin maddi-mədəni mirası kimi təbliğ olunmalı və bu sahədə şovinizmə, faşizmə yön verən yanlış çağırışlar qətiyyətlə rədd edilməlidir. Müasir Ermənistan ərazisində 2800 il öncə inşa olunmuş Urartu abidələrinin hazırda həmin ərazidə yaşayan erməni xalqının tarixi ilə heç bir əlaqəsi yoxdur. Bunun bir çox səbəbləri var. Bu səbəblərdən biri sayı 600-dən çox olan Urartu mixiyazılı mənbələrinin heç bir yerində erməni və ya hay adlı xalqdan bəhs olunmaması, digəri isə müasir erməni xalqının yalnız iki yüz il bundan öncə Qərbi Azərbaycan (müasir Ermənistan Respublikası) ərazisinə Rusiya imperiyasının işğalçı maraqlarına uyğun olaraq kütləvi şəkildə köçürülməsidir.
Ramin Əlizadə,
AMEA A.A. Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun böyük elmi işçisi