Nabranda Sabantuy bayramı

post-img

Xaçmaz rayonunun Nabran qəsəbəsində tatarların milli bayramı – Sabantuy təntənəli şəkildə qeyd olunub. Bu barədə mətbuatda yayılan xəbərdə qeyd olunur ki, iyunun 23-ü Nabranda təşkil olunan bayram tədbirində tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib.

Bayram şənliyində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov, Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini Dəmir Natfullin və başqaları çıxış edərək Sabantuy bayramının ölkəmizdə ənənəvi şəkildə qeyd olunmasını xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisi olduğunu vurğulayıblar.

Xatırladaq ki, Kənd təsərrüfatı ənənələri və aqrar mədəniyyət ilə bağlı olan Sabantuy tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır.

Bayram şənliyində tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ifa ediblər. Pəhləvanlar tatarların milli güləş növü olan kureşdə güclərini sınayıblar.

XQ

 

Sosial həyat