Bu günlərdə Qazaxıstanın Manqistau Vilayəti ictimaiyyətinin bir qrup fəalı Bakıda olub. Nümayəndə heyətinin üzvü, Manqistau Xalq Assambleyasının sədri, Mediasiya Şurasının rəhbəri, Ağbirçəklər Şurasının katibi Amangül Jaylxanova “Xalq qəzeti”nin qonağı olaraq ölkəmizə səfəri, keçirdiyi görüşlərlə bağlı müsahibə verib:
– Amangül xanım, əvvəlcə səfərinizin məqsəd və məramı ilə bağlı məlumat verərdiniz.
– İlk olaraq Aktaudan Bakıya salam gətirmişik. Türkdilli dövlətləri və xalqları ta qədimdən ümumi tarix, ortaq mədəniyyət birləşdirir. Ümumtürk mədəniyyətinin müasir dövrdə də qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi üçün birgə təbliğat və təşviqat vacibdir. Azərbaycana səfərimizdə məqsədimiz ölkələrimiz və xalqlarımız arasındakı mövcud mehriban münasibətləri daha da genişləndirməkdir.
Bildiyimiz kimi, 15 may Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Bununla bağlı Aktau şəhərində Manqistau televiziyasında “Ata və oğul” müsabiqəsini keçirdik. Layihənin təşkilində məqsəd ailə dəyərlərinin qorunması, qazax xalqının mədəniyyəti və ənənələrinin nəsildən-nəslə ötürülməsi idi. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu layihəyə dəstək verdi. Dəstəyə və diqqətə görə Baş Konsulluğun başçısı cənab Elçin Məmmədova minnətdarıq. Manqistaudan 30 ailənin iştirak etdiyi onlayn müsabiqədə Aycan Latipov və oğlu qalib oldular. Qərara alındı ki, layihə iştirakçıları və münsiflər heyətinin Bakıya turu təşkil edilsin.
– Səfər çərçivəsində Bakının tarixi və görməli yerlərini də ziyarət etmisiniz. Şəhərimizlə bağlı təəssüratlarınız necədir?
– Bakının Avropa şəhərinə xas olan heyrətamiz arxitekturası bizi heyran etdi. Şəhərinizin turistik və görməli yerləri – muzey və qoruqlar, parklar, xiyabanlar, teatr, kinoteatrlar, konsert zalları, habelə ibadət yerləri, idman arenaları çox gözəldir. O cümlədən Heydər Əliyev Mərkəzində olduq. Burada yaradılan Heydər Əliyev Muzeyində Ulu öndərə aid maraqlı faktlar, foto və digər nadir eksponatlarla tanışlıq bizdə xoş hisslər oyatdı. Heydər Əliyevin türk dünyasının birliyi naminə gördüyü böyük işlər heç vaxt unudulmayacaq. Təsadüfi deyil ki, bu gün onun adı türk toplumlarında da hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur.
Qobustanı ziyarət sanki bizi keçmişə apardı. Qədim dövrlərdən orta əsrlərə qədər insanların məskunlaşdıqları mağaralar, eramızdan əvvəllərə aid qayaüstü təsvirlər, musiqili daşlarla tanışlıq bizdə unudulmaz təəssüratlar yaratdı.
– Bakıda keçirdiyiniz görüşlərlə bağlı məlumat verərdiniz. Əsasən, hansı mövzular müzakirə edildi?
– Vilayətin Ağsaqqallar və Xalq Nəzarəti Şurasının sədri Onaybek Abdilovla bir sıra görüşlərdə iştirak etdik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindəki görüşdə müxtəlif layihələrdən danışdıq. Təcrübə mübadiləsi apardıq. Daha sonra Mediasiya Şurasında olduq. Ölkələrimizdə aparılan mediasiya islahatlarının icrasında mediasiya təşkilatlarının rolu müzakirə olundu. Cəmiyyətdə sosial barışa töhfə verilməsi istiqamətində mübahisələrin alternativ həll yolu kimi mediasiyanın əhəmiyyəti vurğulandı. Ölkənizdə bütün regionlarda mediasiya təşkilatlarının fəaliyyət göstərməsi yaxşı haldır. Qazaxıstanda da bu istiqamətdə əhəmiyyətli işlər görülür. Mən özüm etnomediasiya sahəsində fəaliyyət göstərirəm. Millətlərarası münaqişələri adi vasitəçi həll edə bilməz. Çünki müxtəlif etnik qrupların nümayəndələri arasında fikir ayrılığı cəmiyyətdə təhlükəsizliyə və asayişə birbaşa təhlükə yaradan münaqişəyə gətirib çıxara bilər. Bu istiqamətdə də Azərbaycanda çox gözəl işlər görülüb. Təcrübə mübadiləsi etdik. Onu da qeyd edim ki, Astanada iyulda mediasiya ilə bağlı beynəlxalq layihə olaraq tədbir keçiriləcək. Tədbirə Türk ölkələrindən, eləcə də, Azərbaycandan mediatorlar dəvət olunub.
Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi ilə görüş də çox maraqlı keçdi. Şuranın sədri, Milli Məclisin deputatı Eldar Quliyev regiondakı mövcud vəziyyət barədə ətraflı məlumat verdi, Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu, sülh sazişinin imzalanması istiqamətində səylərini davam etdirdiyini bildirdi. Qeyd edildi ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə böyük miqyasda bərpa və quruculuq işləri aparır, insanlar mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Qarabağda, Şərqi Zəngəzurda həyat 30 ildən sonra yenidən öz axarına qayıdır.
Sevindirici haldır ki, Azərbaycan Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərin qorunması işinə daim öz töhfəsini verməyə çalışır. Xalqlarımızın adət-ənənəsində ağsaqqal xeyir-duası həmişə böyük məna daşıyır. Bu gün ölkələrimizdə ailə, məişət zəminində, hətta cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində ağsaqqal sözünə hər zaman böyük ehtiyac olması milli-mənəvi dəyərlərimizin var olmasından xəbər verir.
Daha bir vacib görüş isə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ilə keçirildi. Çox isti şəraitdə keçən görüşdə bir sıra məsələlər müzakirə edildi.
– Gələn il Aktau türk dünyasının paytaxtı olacaq.
– Ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” oldu. Aktau isə 2025-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olacaq. Bu barədə qərar TÜRKSOY-a üzv dövlətlərin Azərbaycanın Şuşa şəhərində keçirilən 40-cı toplantısında qəbul edilib. Belə tədbirlərin təşkili, türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsində önəmli addımdır. Gələn il həm də Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 30 illiyi qeyd ediləcək. Qazaxıstanda 130-a yaxın xalq və millətin nümayəndələri sabitlik və əmin-amanlıq şəraitində yaşayır. Ötən illər ərzində millətlərarası münasibətlərin sabit saxlanılması, xalqlar arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində Qazaxıstan Xalq Assambleyası böyük işlər görüb və bu proses böyük uğurla davam edir.
Səfər zamanı harada olduqsa, ümumi tarixi köklərimizə sıx bağlı olan adət-ənənələrlə qarşılaşdıq, milli-mənəvi dəyərlərimizə bağlılığımızı duyduq. Bizi var edən bu qiymətli dəyərləri hər zaman qorumalıyıq.
Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında geniş əlaqələrin daha da inkişaf etməsinə böyük töhfə verir. Hazırda Azərbaycan və qazax xalqları arasında dostluq ildən-ilə möhkəmlənir. Hər iki ölkənin Prezidenti – Kasım - Jomart Tokayev və İlham Əliyev ölkələrimizin milli maraqlarına, xalqlarımızın birliyinə və xoşbəxtliyinə istiqamətlənən əməkdaşlığın genişləndirilməsinə böyük önəm verirlər.
Yüksələn xətlə inkişaf edən Azərbaycan–Qazaxıstan münasibətləri nəinki ölkələrimizin, bütün türk dünyasının maraqlarına uyğundur. Biz vətəndaş olaraq xalqlarımız arasında dostluq bağlarının möhkəmləndirilməsinə çalışmalı və onu daha da inkişaf etdirməliyik.
Müsahibəni apardı:
Leyla QURBANOVA
XQ