Dağıstanda ikiqat terror aksiyası

post-img

İyunun 23-də axşam Dağıstanda ikiqat terror aktı törədilib: yaraqlılar eyni vaxtda Mahaçqala və Dərbəndə hücum ediblər. Terrorçular iki pravoslav kilsəsini, sinaqoqu və yol polisi postunu hədəfə alıblar. Hücum zamanı arasında yüksək rütbəli məmurun qohumlarının da olduğu yaraqlılar şiddətli müqavimət göstərib və bir neçə saat ərzində polislə atışıblar. Terror aktlarının qurbanları yaşlı keşiş, məbədin mühafizəçisi və hüquq-mühafizə orqanının 19 əməkdaşı, o cümlədən Dağıstan İşıqları şəhərinin polis rəisi olub. 

Silahlı şəxslərin hücumu ilə bağlı ilk xəbərlər bazar günü saat 18:00 radələrində yayılmağa başlayıb. Həmin vaxt Dərbənddə silahlılar avtomat silahlarla Lenin küçəsində yerləşən Müqəddəs Məryəm pravoslav kilsəsinə hücum ediblər. Hücum zamanı kilsədə Müqəddəs Üçlüyün şərəfinə mərasim gedirmiş. Şahidlərin sözlərinə görə, yaraqlılar içəri girərək, yalnız qaz tapançası ilə silahlanmış mühafizəçi Mixaili güllələyiblər, daha sonra isə 66 yaşlı rahib Nikolay Kotelnikova bıçaqla hücum edərək, onu qətlə yetiriblər.

Dərbənddə yaraqlıların digər hədəfi yerli sinaqoq olub: o, yandırılıb və alov tez bir zamanda bütün binanı bürüyüb. Təxminən eyni vaxtda Mahaçqalada Yermoşkina küçəsində yol polisi postuna hücum edilib – bir polis həlak olub, daha altısı yaralanıb. Bundan sonra Dərbənd və Mahaçqala polisi yaraqlıların axtarışına və məhv edilməsinə başlayıb. Mahaçqalada pravoslav kilsəsinin bilavasitə yaxınlığında polislə atışma olub, kilsəyə ayinə gələnlər də yaxınlıqda barrikada qurublar. Buna görə də bir sıra Telegram kanallarında həmin şəxslərin yaraqlıların girovuna çevrildiyi barədə mesajlar yayıldı. Sonradan bu məlumat Dağıstan polisi tərəfindən təkzib edildi. Səhər saat 2-dən sonra Dağıstanın rəhbəri Sergey Melikov terror aktı nəticəsində 15-dən çox polis əməkdaşının, eləcə də bir neçə mülki şəxsin həlak olduğunu açıqladı. İyunun 24-də məlum oldu ki, həlak olanlarının sayı 19 nəfərə çatıb.

Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, bölgədə operativ qərargah yaradılıb, həmçinin yerli sakinləri sakit olmağa və panikaya düşməməyə çağırıb. Bununla yanaşı, Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi bəyan edib ki, Mahaçqalada hüquq-mühafizə orqanlarının əməkdaşları 3-ü qohum olmaqla 4 silahlını məhv ediblər. Dağıstanın rəhbəri Sergey Melikov da Dağıstanda keçirilən antiterror əməliyyatı zamanı 6 yaraqlının məhv edildiyini açıqlayıb. “RİA Novosti” yazır ki, Dağıstanda məhv edilən yaraqlılardan biri “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” partiyasının regional bölməsinin rəhbəri olub. Əli Zəkariqayevin Serqokalinski rayonunda partiya şöbəsinin sədri olduğu, iki il əvvəl bu vəzifəni tərk etdiyi bildirilir. Hüquq-mühafizə orqanlarının “RİA Novosti”-yə verdiyi məlumata görə, hücum edənlərdən birinin adı Əli Zəkariqayevdir.

Mahaçqalada məhv edilən yaraqlılar arasında Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun oğulları Osman və Adil Ömərovlar, həmçinin onun qardaşı oğlu da var. Bu xəbərlər çıxandan dərhal sonra Ömərov istefa verib. Bundan sonra polis M.Ömərovu saxlamaq üçün Serqokalı kəndinə gedib. Kəndin mərkəzindəki meydanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub, polislərdən biri yaralanıb. Lakin bu hadisəyə baxmayaraq, Ömərov hələ də saxlanılıb – Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları onu dindirməyə başlayıb və məmurun evində axtarış aparılıb. 

Dağıstan şəhərlərinə edilən hücumlara görə məsuliyyəti heç kim üzərinə götürməyib. Lakin hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hücum edənlərin beynəlxalq terror təşkilatı ilə əlaqəsi ola bilər. Mənbənin sözlərinə görə, Rusiya FTX-nin Konstitusiya quruluşunun qorunması və terrorizmlə mübarizə xidmətinin əməkdaşları yaxın vaxtlarda Dağıstana uçacaqlar. Təhlükəsizlik rəsmiləri hücumların əvvəlcədən planlaşdırıldığını, xüsusən də pravoslav kilsələrinə hücumların əsas pravoslav bayramı olan Müqəddəs Üçlük Gününə təsadüf etdiyini ehtimal edir. 

RBK-nin hüquq-mühafizə orqanlarındakı mənbəsi isə bildirib ki, hücum edənlərdən bir neçəsi Daxili İşlər Nazirliyinin məlumat bazalarında vəhhabi dairələri ilə əlaqəsi olan şəxslər kimi qeyd edilib.

Məlumdur ki, Dərbənd və Mahaçqalaya hücum edən terrorçular başqa silahlarla yanaşı, xarici silahlardan, o cümlədən AR-15 tüfəngindən istifadə ediblər. Bu tüfəng bir çox modifikasiyaya malikdir və kütləvi qətllər törətmək üçün seçilən silah olması ilə məşhurdur. Qeyd edək ki, Dağıstanda baş verən bu hücumlar son 12 ildə respublikada baş verən ilk ciddi terror aktıdır. Bundan əvvəlki oxşar hadisə 2012-ci ilin mayında Mahaçqalada baş vermişdi. Daha sonra polis postunda baş verən iki partlayış nəticəsində 13 nəfər ölmüş, 120-dən çox insan yaralanmışdı.

Rusiya Prezidenti Vladimir Putin Dağıstanda cinayətkarların silahlı hücumu nəticəsində yaralananlara və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib: “Prezident hər kəsə dərin hüznlə başsağlığı verir: raket hücumu nəticəsində Krımda öz yaxınlarını itirənlərə, Dağıstanda həlak olanların qohumlarına və yaxınlarına”. 

Bundan başqa, D.Peskov bildirib ki, Kreml Dağıstandakı terror aktı fonunda 2000-ci illərin vəziyyətinə qayıtmaqdan qorxmur. “Yox. İndi Rusiya fərqlidir, cəmiyyət tamamilə möhkəmlənib və dünən (srağagün-red.) Dağıstanda gördüyümüz kimi cinayətkar terror təzahürləri nə Rusiyanın özündə, nə də Dağıstanda cəmiyyət tərəfindən dəstəklənir”,– deyə Peskov bildirib. 

Rusiya KİV-i yazır ki, iyunun 24-də səhər saatlarında Mahaçqala və Dağıstanda silahlıların hücumlarından sonra tətbiq edilən əks-terror əməliyyatı rejimi ləğv edilib. Dağıstanda üç günlük matəm elan edilib. Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

S.ELAY 
XQ

 

Dünya