Berlində Azərbaycan əlifbası kitabı, ana dili məktəbi

post-img

Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı olub. Layihənin ideya müəllifi “Nargis” jurnalının baş redaktoru və bir çox unikal yaradıcılıq layihələrinin müəllifi olan Ülviyyə Mahmuddur.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmud bildiriblər ki, nəşrin məqsədi Azərbaycan mədəniyyətini dünyada göz önünə gətirməkdir. Kitab alman, ingilis, ispan və italyan dillərində hazırlanıb.

Sonra qonaqlar “History in Letters” filmini izləyiblər. Bu sənədli animasiya dramı tamaşaçıları əlifba prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir. Bu, sadəcə bir sənədli animasiya filmi deyil, həm də tamaşaçını həqiqətin kəşfinə və sənətə olan sevginin gücünə sövq edən fəlsəfi axtarışdır.

Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi Ağamehdi Abidov, animatoru isə Kənan Şeyxzamanlıdır. Animasiya filminin sponsoru BP şirkətidir.

Qonaqlar Azərbaycanın Xalq artisti, xanəndə Alim Qasımovun və Azərbaycanın Əməkdar artisti, pianoçu İsfar Sarabskinin ifasında musiqili proqramın müşayiəti ilə Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar. İştirakçılar gənc və istedadlı musiqiçi Elreinin ifasından zövq alıblar.

Sonda qonaqlara kitab, xanəndə Alim Qasımovun və pianoçu İsfar Sarabskinin bəstəsindən ibarət musiqi albomu, “Nargis” jurnalının iyun buraxılışı, poster, açıqcalar hədiyyə olunub.

***

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və ölkəmizin Almaniyadakı səfirliyinin birgə təşkilatı dəstəyi ilə “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin həftəsonu ana dili məktəbinin  açılış mərasimi də keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev Ana dili məktəbinin açılması münasibətilə müəllim və şagird heyətinə təbriklərini çatdırıb. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib ki, ölkəmizin xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin məqsədi Azərbaycan dili, tarixi, ədəbiyyatı, musiqisi və digər sahələr ilə bağlı təbliğat, təşviqat və təlim proqramlarının həyata keçirilməsidir. Səfir Nəsimi Ağayev Almaniyadakı Azərbaycan diasporunun xüsusi fəallığı ilə seçildiyini və mühüm işlər gördüyünü söyləyib.

XQ

 

Mədəniyyət