Bakı COP29-u yeni libasda qarşılayacaq

post-img

Bakıda yerləşən bir sıra tarixi-memarlıq abidəsi sayılan binaların təmiri  intensiv sürətdə davam edir. Təmir-bərpa işlərinin aparıldığı binalar paytaxt sakinlərinin sıx hərəkət etdiyi ərazilərdə yerləşdiyi üçün insanların diqqətindən kənar qalmayıb. 

Biz də belə işlərin getdiyi bəzi ərazilərə baş çəkdikdə gördük ki, binaların fasadlarına əl gəzdirilir, abidələrin qırılıb qopmuş yerləri tarixi əhəmiyyəti qorunub saxlanmaqla yenilənir. Vaxtı ilə emulsiya vurulmuş binaların fasadlarında və daşla üzlənmiş hissələrində rənglənmə prosesi yenidən və daha etibarlı şəkildə həyata keçirilir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirdi ki, tarixi-memarlıq abidələri olan binalarda görülən işlər Bakı şəhəri üzrə təmir-bərpa və abadlıq işləri çərçivəsində həyata keçirilir: 

– BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxtımızda müxtəlif abadlıq-quruculuq işləri aparılır. Bizim gördüyümüz işlər sözügedən abadlıq tədbirlərinin tərkib hissəsidir. Məqsəd bu mötəbər tədbirin başlanma vaxtınadək, paytaxtımıza çoxsaylı qonaqlar gələnədək qarşıya qoyulan tələbləri zamanında və keyfiyyətlə yekunlaşdırmaqdır.

Mətbuat katibi əlavə etdi və biz də əraziləri gəzdikcə şahid olduq ki, vaxtilə üzərində emulsiya işlənən binaların fasadları təzələnir və zəruri bərpa tədbirləri görülür. Binaların digər hissələrinin boyanması, eləcə də mexaniki üsullarla təmizlənməsi də diqqətdə saxlanılır ki, Bakının hüsnü daha da gözəl olsun. Təmizlənməsi vacib hesab olunan hallarda fasadların təzyiqli su ilə yuyulması, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınmasına diqqət yetirilir.   

Onu da öyrəndik ki, bərpa-abadlıq işlərinin 202 tarix-memarlıq abidəsində, o cümlədən tarixi abidələrin reyestrinə daxil edilməsi üçün qeydə alınmış 16 (yeni aşkar olunmuş) memarlıq əhəmiyyətli binada aparılması nəzərdə tutulur.  Dövlət xidməti həyata keçirilən işlərin digər aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə aparılmasına nəzarət edir. Hazırda həyata keçirilən işlərin təcili olduğu nəzərə alınaraq, yaranan problemləri yerindəcə operativ həll etmək məqsədilə bir neçə təşkilatın əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirilir, görülən işlər nəzarətdə saxlanılır, abidə qismində qeydə alınan yeni binaların fasadının təhlükəsiz təmizlənməsi təmin edilir. Beləliklə, təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur.

Təmir-bərpa və rənglənmə işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən aparılır. Bütün  tədbirlər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti,  Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə koordinasiyalı şəkildə həyata keçirilir. 

“Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Denis Korolyev dedi ki, Bakının mərkəzi ilə bərabər, şəhərətrafı ərazilərdə və kəndlərdə də bir çox tarixi abidələr bərpa olunur. Bu zaman bütün prosedur qaydalara riayət edən MMC işçiləri bu sahədə böyük təcrübəyə malikdirlər. 

– Təmir-bərpa işlərinə cavabdeh qurum kimi,  qarşımızda duran bütün vəzifələri planauyğun şəkildə icra edir, bu yöndə işimizə nöqsan gətirə biləcək bütün nüansları nəzərə alıb, daha məsuliyyətli davranırıq. Bütün dəyişikliklər məhz müsbət yöndədir və Bakının gözəlliyinin daha da artırılmasına xidmət edir.

 Beləcə, uzun illər ərzində dizayn baxımından müxtəlif kobud müdaxilələrə məruz qalmış fasadların ilkin görkəminə qaytarılması, eyni zamanda, qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətləri və məişət qurğularının səliqəyə salınması prosesi səylə davam etdirilir. İllər öncə görkəmi dəyişdirilən və ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi həm də zövq işi kimi təqdirəlayiqdir. Əvvəlcədən daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanır.

Ceyhun Alışlı

 

Mədəniyyət