Dənizdən pərvazlanan nəğmələr

post-img

Artıq 10 ildir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycanda “Dənizçi Günü” peşə bayramı elan edilmişdir.

Şərəfli və çətin dənizçi peşəsinə ömrünü, gününü həsr edən insanlara qayğı, onların sosial rifahının yaxşılaşdırılması dövlətimizin diqqət yetirdiyi prioritet sahələrdəndir. Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatımızın mühüm strateji sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasəti Prezident İlham Əliyev layiqincə davam etdirir. Ölkəmizdə dəniz nəqliyyatı sahəsində dövlət idarəetməsinin və tənzimlənməsinin həyata keçirilməsi, eləcə də dəniz nəqliyyatı donanmasının və infrastrukturunun yenilənməsi, peşəkar dənizçilərin hazırlanması istiqamətində atılan addımları Beynəlxalq Dəniz Təşkilatının və dünyanın qabaqcıl dəniz dövlətlərinin ekspertləri müsbət qiymətləndirirlər. Bununla da Azərbaycanın bu sahədə uzun illər ərzində formalaşmış imicinin daha da artması təmin edilib.

Dənizçi Günü ərəfəsində gəmi kapitanı olan şair-jurnalist Faiq Balabəyli ilə görüşdük. Bu yaxınlarda 60 yaşı tamam olan həmkarımızı təbrik edərək, keçdiyi həyat yoluna nəzər saldıq. Söhbətimiz, sanki, dəniz haqqında bir nağıla bənzədi... 

Faiq 1964-cü ildə Cəlilabadın Sabirabad kəndində dünyaya gəlib. Bakı Dənizçilik Məktəbində oxuyub. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. Düz 40 il əvvəl Xəzər Dəniz Neft Donanmasında motorçu kimi işə düzəlib. Elektrik mexaniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. Eyni zamanda, qələm adamı olduğu üçün 2 illik jurnalist sənətkarlığı kursunu bitirib, sonra isə Bakı Slavyan Universitetində təhsil alıb. Arada “Ədəbiyyat qəzeti”ndə işləyib, “Yeni Xəbər” və “Millətin səsi” qəzetlərinin baş redaktoru olub. Hazırda Müstəqil.az saytının yaradıcısı və redaktorudur. 10-dan artıq kitabın müəllifi, AYB-nin üzvü, Prezident təqaüdçüsü, bir çox ədəbi ödüllərin sahibidir. İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanlığını isə əsas işi sayır. O, həm də Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təsisçisi və idarə heyətinin  sədridir.

O, elə poeziyaya da nəhəng bir dəniz kimi baxır və bu dənizin dalğaları, qasırğaları arasında da özünü arın-arxayın hiss edir. Dediyinə görə, hələ orta məktəbdə “Mənim arzum” mövzusunda inşa yazanda da dənizçi olmaq istədiyini qeyd edib. Sanki, bu peşə onun boyuna biçilib. Faiq keçmiş SSRİ-nin çox limanlarına gedib. Haradasa ona bir ovuc dəniz suyu versələr, baxan kimi bunun Xəzər dənizinə aid olub-olmadığını anındaca söyləyə bilən kapitan olması ilə öyünür. 

Sözsüz ki, xəyalpərvər olduğuna görə, digər dənizçi həmkarlarından fərqlənir. Bu barədə özü belə deyir:

– Dənizçi həmkarlarımın dənizin dalğasına, qağayısına, yosununa baxışları ilə mənim baxışlarımda fərq var. Şeirlərimdə dənizə məxsus bütün hər şey yer alır. Mən dənizi gerçək həyatla uyğunlaşdıra, ayrı-ayrı məqamlarda təşbeh, bənzətmə ilə verə bilirəm. Mənim üçün yosun bir qız saçları kimi dənizin üzərinə səpələnə bilər. Gəmilərimizin üzərində dövrə vuran qağayı aramızda olmayan dənizçilərin ruhu ola bilər və sair. Dəniz mənim üçün hər gün vərəqlənən, oxunan bir kitabdır. Təsadüfü deyil ki, Azərbaycan ədəbiyyatında mənim qədər dənizi yaşayıb yazan 2-ci bir yazıçı, şair yoxdur. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu, mənim yox, tənqidçilərimizin fikridir.

Onun özünə doğma bildiyi gəmilər də var. Bunlar onun həmkarları, həm dostları, azadlıq hərakatında, döyüşlərdə sıra yoldaşları olan dənizçilərin şərəfinə adlandırılan gəmilərdir. Bu haqda “Kəsilməyən həyəcan fiti” kitabında yazıb.   Vurğulayıb ki, o gəmilər xəyallarında hələ çox üzəcək. Bir şeirində dediyi kimi:

 

Uzaqlarda üzən gəmi

Bizim sahilə gəlmədi.

Açdı yelkənini suda,

Üzdü, sahilə gəlmədi.

 

Bir zamanlar yaxınmışıq

Ləpə-ləpə axınmışıq,

Gördü ki, biz darıxmışıq,

Sezdi, sahilə gəlmədi

 

Üzdü, gözdən oğrun düşdü,

Lövbər saldı, durğun düşdü.

Çox üzməkdən yorğun düşdü

Bezdi, sahilə gəlmədi.

 

Yeri gəlmişkən, Faiq Balabəyli “Bakı buxtası – 20 Yanvar” və “Dənizçilərimiz Vətən müharibəsində” adlı ağrılı, həm də maraqlı kitabların da müəllifidir.

Amma bu da var ki, Faiq   hansısa gəmiyə vurularaq dənizə çıxmayıb, dənizi sevərək gəmiyə minib və  bütün varlığı ilə dənizi vəsf edib. Mülayim, fırtınalı, küləkli, ayın haləsini sinəsində ağ yol, cığır kimi saxlayan dənizi hər zaman duyğularının, düşüncələrinin yanında görüb:

 

Bir aylı gecədə yatar dalğalar, 

Yox olar dənizdə, batar dalğalar. 

Mirvari dalğalar, qatar dalğalar 

Bir zaman üzünü tutar sahilə, 

Mənim ürəyimi alar özümdən 

Aparar-aparar atar sahilə. 

O qumlu sahildə yatar ürəyim, 

O narın qumlara batar ürəyim, 

Qurtar bu sevdanı, qurtar, ürəyim. 

İsti yay günündə qızlar soyunub, 

Özünü bələyər o narın quma 

Tapdanıb axırda dönərsən muma. 

Belə alışmaq nə, yanmaq nə üçün, 

Bir soyuq baxışdan donmaq nə üçün, 

Qurtar bu sevdanı, qurtar, ürəyim.

 

Çətin, eyni zamanda, macəra dolu bir ömür yaşayır Faiq Balabəyli. Özü də bir dənizçi kimi dünyanın hansı limanında olsa da, Bakı üçün, onun sahilləri üçün darıxan insandır.  

Əli NƏCƏFXANLI 
XQ

 

Mədəniyyət