Xəzər sahilində mənəvi xəzinə

post-img

Sumqayıt – 75

Qarşıdan Sumqayıtın 75 illiyi gəlir. Bu ərəfə şəhərin mədəni həyatında diqqətəlayiq hadisələr və daha bir neçə yubileylə zəngindir. Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 50 illiyi də bu sıradandır.

İlk dəfə məktəbli ikən abunəçi kimi gəlib kitab aldığım, tələbə vaxtı oxu zalında saatlarla oturub imtahanlara hazırlaşdığım bu bilik məbədində çoxsaylı görüşlərin, ədəbi-bədii tədbirlərin də iştirakçısı olmuş,  kitabxananın fonduna şeir toplularımı hədiyyə etməkdən də zövq almışam. Buraya hər gəlişim diqqətcil və mehriban kitabxana işçilərinin gülərüz çöhrələri ilə yadımda qalıb. Kitabxananın ovaxtkı direktoru Svetlana xanımı, biblioqraflar Yeganə xanımı, Lyudmila xanımı və başqalarını minnətdarlıqla xatırlayıram.

İnternetin olmadığı, tədris vəsaitlərinin çatışmadığı həmin uzaq illərdə kitabxana ən kütləvi mütaliə ünvanı idi. Yeniyetmə çağlarımızda kitab səhifələrinin xışıltısı, bəzən də gənc kitabxanaçı və ya oxucu xanıma gözaltı  baxmaq bir qədər də romantik təsir bağışlayırdı. Yadıma o da gəlir ki, 40 ildən bəri əziz qonşum olan tanınmış şair, Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəlli həmin hissləri gözəl poetik dillə qələmə də alıb:  

Daha kitablar da yetişmir dada,

Məndə də o dözüm, o tab qalmayıb.

Sənin işlədiyin kitabxanada

Məni tanımayan kitab qalmayıb.

Bu gün elm-bilik məbədgahına Təranə Mirzəyeva rəhbərlik edir. Onun dedikləri:

– Sumqayıtda ilk kütləvi kitabxananın təşkili şəhərimizin yaranması ilə eyni vaxta – 1949-cu ilə təsadüf edir. Ondan bir neçə il sonra uşaq  kitabxanası fəaliyyətə başladı. Lakin bu, kifayət deyildi. Mövcud kitabxanalar şəhər sakinlərinin maariflənməyə, kitaba olan ehtiyacını ödəyə bilmədiyi üçün yeni kitabxana açılması məsələsi gündəmə gəldi. 24 mart 1958-ci ildə mədəniyyət şöbəsinin “Səhərdə yeni kitabxana açılması haqqında” olan təklifi ZDS İcraiyyə Komitəsində dinlənildi və razılaşdırıldı. Beləliklə, həmin il şəhərimizin 10 illiyi ərəfəsində Lenin, indiki Azərbaycan prospektində, 4/5 nömrəli binada yeni mərkəzi kitabxana açıldı. 1966-cı ildə kitabxanaya ölməz şairimiz Səməd Vurğunun adı verildi və 2 il sonra isə Nərimanov prospektinə, yəni hazırda fəaliyyət göstərdiyi binaya köçürüldü.

Xatırlatmaq yerinə düşər ki, 60–70-ci illərdə Sovetlər İttifaqında kütləvi kitabxanaların mərkəzləşdirilməsi məsələsi gündəmə gələndə şəhərimizdə də bu işin həyata keçirilməsinə başlanıldı və 1974-cü il iyulun 1-dən S.Vurğun adına mərkəzi kitabxananın bazası əsasında şəhərdə fərdi fəaliyyət göstərən dövlət kütləvi kitabxanalarının birləşdirilməsi qərara alındı. İlk dövrdə buraya mərkəzi kitabxana ilə yanaşı, A.Qaydar adına uşaq kitabxanası, Corat qəsəbə kitabxanası, C.Məmmədquluzadə adına kitabxana və 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 nömrəli filiallar daxil idi. Mərkəzləşmədən sonra kitabxanaların uğurlu iş fəaliyyəti daha geniş vüsət aldı.Tədbirlərin keçirilməsi yeni forma və məzmun kəsb etdi. 

Sumqayıta şəhər statusu verilməsinin  75 illik yubileyi ilə bağlı icra hakimiyyətinin tərtib etdiyi tədbirlər planı çərçivəsində MKS-ə daxil olan kitabxanalarda da bir-birindən maraqlı tədbirlər  keçirilir. Artıq  “Sumqayıt – möcüzələr şəhərim”, “Sumqayıt gənclik şəhəri”, “Ağ günlər eşqiylə yaranan şəhər”, “Mənim doğma şəhərim”, “Böyük talelərin şəhəri” bu sıradandır. Məqsədi və məramı həmişəcavan Sumqayıtın tarixi və  bu günü, gələcək inkişafı, burada aparılan abadlıq və quruculuq işləri barədə oxucuları məlumatlandırmaq, bu şəhəri qurub-yaradan  əməkçi insanları  gənc nəslə tanıtmaq olan belə tədbirlərimiz il boyu davam etdiriləcək. 

Qeyd edək ki, Sumqayıt MKS hər zaman fərqli və məhsuldar fəaliyyəti ilə seçilib. Prezidentin 2008-ci il 6 oktyabr tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramının tədbirlər proqramında nəzərdə tutulan “İlin ən yaxşı kiitabxanası” nominasiyasında Sumqayıt MKS respublikada qalib elan edilmişdir.

İllərdir ki, kitabxananın kollektivi müasir texnoloji vasitələrdən istifadə edərək, oxucu sorğularını tez və dolğun ödəməyə çalışır. MKS-nin filiallarında da kompüterləşdirilmiş infrastruktur qurulub və zamanın çağırışlarına bacarıqla əməl edilir. 2013-cü ildə bu mərkəz öz resurslarını istifadə üçün Milli Kitabxana İnformasiya Mərkəzinin (AzLİBNET) məlumat bazasına yerləşdirmək hüququ alıb, 2015-ci ildən Vahid Mərkəzləşdirilmiş Kitabxana portalına qoşulub (sumgait.cls.az).

Nəhayət əlavə edək ki, Sumqayıt MKS daha geniş oxucu kütləsini kitabxanalara cəlb etmək üçün öz işini Sumqayıt Dövlət Universiteti, regional mədəniyyət idarəsi, Gənclər və İdman Baş İdarəsi, AYB-nin Sumqayıt bölməsi, təhsil şöbəsi, Əli Kərim adına Poeziya Evi, Sumqayıt Dövlət Dram Teatrı və QHT-lərlə əlaqəli həyata keçirir.

Ə.DOSTƏLİ 
XQ

 



Mədəniyyət