İsti hava, maqnit burulğanı xəstə və biganələri hədəfə alır

post-img

Təbiətin bu “hücumu”ndan necə qorunaq?

Yer kürəsini son illərdə tez-tez maqnit qasırğası bürüyür. Dünyada olduğu kimi, ölkəmizdə də bəzi insanlar bunun təsirini az, digərləri isə xəstəlik dərəcəsində hiss edirlər. Maqnit burulğanları olan günlərdə kimlərinsə halsızlığa, narahatlığa tab gətirməyib yatağa düşdükləri də müşahidə edilir. 

Mütəxəssislərin fikrincə, iyunun ilk maqnit qasırğası ayın 1-də başlayıb və 3 gün davam edib. Maqnit qasırğasının gücü 3–4 bal arasında dəyişib. Hava şəraitindən asılı olan insanların səhhətlərində ürəkbulanma, qan təzyiqinin yüksəlməsi, baş ağrıları kimi narahatlıqlar müşahidə edilib. 2-ci maqnit qasırğası iyunun 9-dan 12-dək davam edib. 4 bal gücündə olan həmin qasırğa təkcə meteo­həssas qruplara deyil, tamamilə sağlam insanlara da təsir edib.

 Ayın 3-cü maqnit qasırğası isə 2 gün–28-dən 29-dək davam edəcək, gücü 3 bal olacaq. Maqnit qasırğalarının mənfi təsirini minimuma endirmək üçün insanlara mümkün qədər tez-tez təmiz havada vaxt keçirmələri, kifayət qədər maye qəbul etmələri və sağlam həyat tərzinə əməl etmələri, alkoqol, nikotin və zərərli qidalardan uzaq olmaları tövsiyə edilir.

Türkiyənin məşhur Cərrahpaşa Universiteti tibb fakültəsinin dekanı, professor Mustafa Sait Gönən maqnit qasırğaları ilə bağlı açıqlamasında ilk olaraq, isti havalarda zərurət olmadan saat 11:00–15:00 arasında çölə çıxmamağı tövsiyə edib. O, 2-ci ən mühüm məsələnin isə su içmək olduğunu bildirib. Susamayanda belə, isti havalarda gündə, ən azı, 2,5 litr su içilməlidir. Xüsusilə uşaqların, yaşlıların, ürək, şəkər və yüksək təzyiq kimi xroniki xəstəlikləri olanların diqqətli olmasını tövsiyə edən təbib isti havanın təsirindən xilas olmaq üçün tərkibində minerallar olan mayelərdən bol istifadə etməyin vacibliyini bildirib.

Mustafa bəy yay aylarında tərləmə səbəbi ilə bədəndə duz və mineral itkisinin baş verdiyini, buna görə də duzla bağlı hər hansı bir narahatlığı olmayanların itirdikləri duzu əvəzləmək üçün ayran kimi içkilər qəbul etmələrini tövsiyə edib: “Alkoqollu və qazlı içkilər sərinləmək məqsədilə istifadə edilməməlidir, çünki bunlar əvvəlcə soyutma effekti verir, sonra isə orqanizmin su itkisini artırır. Belə havalarda yüngül, sulu yeməklər qəbul edilməlidir. Xüsusilə yağlı, ağır yeməklərdən çəkinmək lazımdır. Desert əvəzinə meyvə məsləhət görülür”. 

Professor sərinləmək üçün tez-tez duş qəbul etməyi də tövsiyə edib: “Həddindən artıq istiyə məruz qalan insanın beynində termotənzimləmə mərkəzi dediyimiz temperaturun tənzimlənməsi mərkəzi pozulur. Çox isti və rütubətli havalarda 37 dərəcə ətrafında olan bədəndə istiliyin 40–41 dərəcəyə qədər yüksəlməsi mümkündür. Hərarətin bu səviyyəyə qalxması kifayət qədər riskli olub beyin hüceyrələrinə zərər verə bilər. Həddindən artıq istiyə məruz qalan insanın beynində termorequlyasiya pozulduqda, günvurma deyilən ciddi sağlamlıq problemi yaranır. Yüksək hərarət, tərləmə qabiliyyətinin olmaması, baş ağrısı, başgicəllənmə, qusma, ürəkbulanma və dəri quruluğu günvurma simptomlarıdır”.

M.Gönən bu hallarla üzləşdikdə dərhal xəstəxanaya müraciət etməyin vacib olduğunu deyib və isti havalarda istifadə edilən kondisionerlərin yaratdığı təhlükəyə də diqqət çəkib. Gecə yatarkən kondisionerdən istifadə etmək əvəzinə, küləyin içəri keçməsi üçün qapı-pəncərələri açmağın daha yaxşı nəticə verdiyini vurğulayıb.

Azərbaycan mütəxəssisləri də isti havalarla bağlı əhaliyə lazımi xəbərdarlıqlar edirlər. 

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ürəyin işemik xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimova maqnit dalğalarının insan orqanizminə təsiri ilə bağlı XQ-yə açıqlamasında dedi:

– İnsult, hipertoniya və infarkt kimi ürək-damar fəsadlarının, təxminən, 70 faizi məhz belə havalarda – maqnit burulğanları olan zaman baş verir. Tədqiqatçı alimlərin fikrincə, orqanizm instinktiv olaraq, maqnit sahəsinin dalğalanmalarını həyat üçün təhlükə kimi qəbul edir. Çünki bu, təzyiqin artmasına və digər simptomlara səbəb olur. Bunlar arasında ən çox rast gəlinənlər baş ağrısı, başgicəllənmə, kardiopalmus, təngənəfəslik, yorğunluq və ya əksinə, hiperaktivlik, asteniya (əzələ zəifliyi), sümüklərdə ağrılardır.

Bu əlamətlərin başvermə səbəbinə gəlincə, deyə bilərik ki, maqnit sahəsinin dalğalanmaları zamanı kapilyarlarda (kiçik damarlarda) qan axınına maneə yaranır və toxumalarda oksigen aclığı baş verir. Məhz qanda oksigen çatışmazlığından başgicəllənmə, ürək nahiyəsində ağrılar, gözlərin qaralması və şüurun itməsi əlamətləri yaranır.

Bundan başqa, oynaqlarda da ağrılar başlayır. Çünki xarici (atmosfer) təzyiqin azalması oynaqlarda daxili təzyiqi çoxaldır. Bu, oynaq kapsulunun və bağların uzanması ilə əlaqədardır və ağrıları artırır. İnsanlar, isti havalarda yuxu pozulmasından, depressiyadan, diqqətsizlikdən, əsəbilikdən, ümumi narahatlıqdan da şikayətlənirlər.

Maqnit qasırğasının ən çox kimlərə təsir etdiyindən söz açan həkim dedi:

– Əsasən, ürək xəstəliyi olan insanlar və qan təzyiqinin aşağı, yaxud yuxarılığından əziyyət çəkənlər maqnit fırtınasını daha tez hiss edirlər. Belə havalar təzyiqlə bağlı xroniki xəstəlikləri olan insanlara çox təsir edir. Elə insanlar var ki, havadan asılı olurlar. Belə ki, havanın dəyişəcəyini, yağış yağacağını öncədən hiss edirlər. Onlar da maqnit qasırğasından əziyyət çəkirlər.

Bundan başqa, hava dəyişikliyi hamilə qadınlara, körpələrə və yaşlılara da neqativ təsir göstərir. Onu da qeyd etməliyik ki, maqnit qasırğası havası təmiz, şəhərlərdən  uzaq, kənd, dağ yerlərinin əhalisinə təsir etmir. Ondan əsasən, böyük şəhərlərin sakinləri əziyyət çəkir.

Mədinə Əzimova, eyni zamanda, maqnit qasırğası baş verən günlərdə hansı tədbirlərin görülməli olduğundan da söhbət açdı:

– Əvvəla, texniki avadanlıqlarla işləmə vaxtını azaltmaq lazımdır, çünki maqnit fırtınaları təkcə insanlara təsir etmir. Avtomobil sürənlər ehtiyatlı olsunlar, çünki maqnit qasırğaları zamanı konsentrasiya və diqqət azalır. Stress və emosional partlayışlardan çəkinmək lazımdır. Həddindən artıq yüklənməmək üçün az diqqət tələb edən işlə məşğul olmaq məsləhətdir. Həddindən artıq fiziki fəaliyyətdən imtina etmək, bunun əvəzinə, gimnastika ilə məşğul olmaq, daha çox gəzmək faydalıdır.

 Ölkəmizdə yay vaxtı saat 12.00 ilə 16.00 arasında çöldə olmamaq faydalıdır. Bu, insanları Günəşin ultra-bənövşəyi şüalarından qoruyar. Tez-tez kontrastlı duş qəbul etmək, otağı mütəmadi olaraq havalandırmaq lazımdır. Zərərli, həddindən artıq duzlu və yağlı yeməklərdən, spirtli içkilərdən istifadə etməməli, meyvələrə, tərəvəzlərə, təzə sıxılmış şirələrə və suya üstünlük verilməlidir. Çox yemək bədən üçün əlavə yükdür. Yuxu cədvəli hazırlamaq, pərdələri bağlamaq, adi günlərdəkindən çox yatmaq tövsiyə olunur.

Zərifə BƏŞİRQIZI
XQ

 

Sosial həyat