Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə görkəmli aktyor Molla Ağa Bəbirli qoyub. İlk tamaşa 1932-ci ildə (“Sirk”) oynanılıb. 92 yaşlı uşaq teatrı ölkənin ən fəal yaradıcı kollektivlərindəndir. Sənət ocağının yeni təyin olunmuş baş rejissoru Anar Məmmədovla məşq zamanı söhbətləşdik.
– Anar müəllim, baş rejissor kimi ilk işiniz uğurlu olsun.
– Sevinc Elsevərin “Lokomativ və qatarlar” pyesinin məşqlərinə yeni başlamışıq. Oxu məşqini bitirib səhnəyə bu gün çıxmışıq. Gördüyünüz kimi, dekorasiyalar hələ tamamlanmayıb. Yəni, indi gördüyünüzlə sabah görəcəyiniz arasında çox fərq olacaq.
– Sənətdə ilk addımlarınızı məhz bu teatrda atmısınız. Sizi uşaq teatrına bağlayan nədir?
– On üç ildir Kukla Teatrında quruluşçu rejissor işləyirəm. Ali təhsilimi başa vurub hərbi xidmətə getdim, qayıdandan sonra bir neçə teatrdan dəvət aldım. Açığı, məni Kukla Teatrı daha çox cəlb elədi. Burada nəsə sehirli bir aləm var. İnsan, sanki böyük olduğunu unudur, uşaqlaşır. Hər dəfə yeni tamaşanı quranda uşaqlığına qayıdırsan, o aləmdə saflaşırsan, yenilənirsən. Nə gizlədim, nağıllar dünyası daha maraqlıdır. Bu teatrın havasında uşaq saflığı var. Kollektiv də uşaq kimi böyüklərdən ibarətdir: təmiz, sadəlövh. Digər teatrlarda da tamaşalar hazırlayıram, amma Kukla Teatrı başqadır, buranı çox sevirəm. İnanın, evdə də buranı düşünürəm, beynimdə yeni ideyalar qurulur, formalar axtarılır. Ona görə burada maraqlıdır. Düşünürəm ki, balacaları yeni tamaşalarla hələ çox sevindirəcəyik.
– Həyatın gerçəklərini kuklaların nağıl dili ilə uşaqlara anlatmaq, onları buna inandırmaq çətin deyilmi?
– Şübhəsiz, asan deyil. XXI əsrdə yaşayırıq, internet əsridir. Uşaqların əlində telefon, planşet və onların vasitəsilə dünya gözləri önündə açılır. Çalışırıq ki, onların uşaq dünyalarını saxlayaq, tamaşada özlərini tapsınlar. İnternetdən fərqli olaraq, teatrda azyaşlı tamaşaçı kukla ilə canlı ünsiyyətdə olur, nağılın iştirakçısına çevrilir. Çalışırıq ki, tamaşalar interaktiv olsun, uşaqlar özlərini səhnədə hiss etsinlər. Uşaq rəngarəngliyi sevir. Səhnə nə qədər bəzəkli olsa, o qədər cəzbedicidir. Bu həqiqətlərdən çıxış edərək, istəyirik tamaşalarımız həm uşaqların, həm də böyüklərin zövqünü oxşasın. Axı uşaqları teatra valideyn-ləri, yaxud müəllimləri gətirirlər, onların da marağını nəzərə almalıyıq. Uşaq teatrının məsuliyyəti daha böyükdür. Çünki biz böyük səhnələr üçün potensial tamaşaçı yetişdiririk. Bu mənada insanın qədəm qoyduğu ilk mədəniyyət məkanı Kukla Teatrıdır. O, insana teatrı sevdirə də bilər, qaçırda da.
– Uşaqlar üçün tamaşa hazırlamaq asandır, yoxsa çətin?
– Kukla Teatrı fəqrli səhnə olduğuna görə daha çətindir. Böyük səhnədə rejissorun mizanını aktyor ifa edir. O, canlıdır, kukla isə cansızdır, imkanları geniş olduğu qədər də məhduddur. Çünki işlək mexanizmləri görünməli deyil. O mexanizmləri idarə edən aktyorun əli, üzü görünməməlidir. Yəni, texniki çətinlik yaradıcılığı buxovlayır. Amma fantaziya baxımından Kukla Teatrı daha rahatdır. Bizim aktyorlar başqa teatrlarda da rahatlıqla rol oynaya bilirlər. Amma o teatrların aktyorları Kukla Teatrında işləmək üçün uzun müddət təcrübə keçməlidirlər. Xalq artisti Yaşar Nuri bizim teatrda “O olmasın, bu olsun”da Məşədi İbadı oynayanda hər məşqdən sonra heyrət içində soruşurdu ki, siz bunu necə edirsiniz?
– Ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan teatrı çətin dövrünü yaşayır. Hələ də o eniş zolağından çıxa bilməyib. Bəs Kukla Teatrı hansı durumdadır?
– Biz o vəziyyətdən çıxmışıq. Doxsanıncı illərdə qastrollara gedəndə bizi xarici festivalların münsiflər heyəti ya seçirdi, ya da seçmirdi. Amma bu gün hansı festivalda iştirak edib-etməyəcəyimizi özümüz müəyyənləşdiririk. Artıq bizi müsabiqəsiz dəvət edirlər. Hələ əliboş qayıtdığımız festival olmayıb, hamısında hansısa mükafatı almışıq.
– Bəs indi kollektiv hansı problemlərlə üzləşir?
– Çətinliklər əsər seçimindən başlayır. Sonra rejissorla rəssamın birgə işi, müxtəlif fikirli yaradıcı insanların ortaq məxrəcə gəlməsi asan məsələ deyil. Ardınca da düşürük səhnə məşqinə. Həmin prosesdə də fikir ayrılığı, mübahisələr olur. Bunlar hamısı keçilməli olan çətin prosesdir. Kuklanın bir neçə növü var, hamısı teatrımızda illərdir işlənib hazırlanıb və istifadə olunur. Bircə bu baxımdan problemimiz yoxdur.
– Kadr çatışmazlığı ilə rastlaşırsınız?
– Bu, yaralı yerimizdir. Mədəniyyət və İncəsənət Universitetində Kukla Teatrı üçün aktyor hazırlanmır. Bura gələn aktyoru özümüz öyrədirik. Bu isə müəyyən vaxt aparır. Elə olur ki, aktyor bütün prosesi tam öyrənəndən sonra buradan gedir. Biz də eyni prosesi başqası ilə yenidən keçməli oluruq. Universitetdə kukla aktyoru ixtisası üzrə fakültə olsaydı, heç olmasa, məzun əlifbasını öyrənib gələrdi. Eyni çətinlik rəssamla da yaşanır.
– Uzun müddətdir ki, repertuarınızda eyni tamaşaları görürük –“Qırmızıpapaq”, “Cırtdan”, “Pişiyin evi”, “Məlikməmməd” və sair.
– Bunlar klassik əsərlərdir. Hər zaman repertuardadır, amma fərqli quruluşlarda oynanılır. İndi hazırladığımız tamaşa yeni əsərdir. Repertuarımızda dünya klassikləri də var. Yəni, o qədər də kasad deyilik...
– Paytaxtda balacaların yeganə teatrı olan Kukla Teatrı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və məktəblilərin yay tətilinə necə hazırlaşıb?
– Həmişəki kimi həmin günlərdə ardıcıl tamaşalarımız olacaq. Yetər ki, uşaqların teatra, nağıla, kitaba meyilləri artsın.
Söhbətləşdi:
Ramilə QURBANLI
XQ