Məsum körpə gülüşünün işığı

post-img

Güllü beşiyində şirin-şirin yuxuya gedən süd qoxulu körpə, bəlkə də, Yer üzünün ən məsum və ən günahsız bəndəsidir. Onun bir qığıltısına, şirin təbəssümünə dünyanın bütün naz-nemətini qurban verməyə dəyər.

Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Dün­yanın ən bahalı daş-qaşı, ən qiymətli sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz.

“Uşaqlı ev bazar, uşaqsız ev məzardır,” – deyiblər. Yaxşı nə varsa, hamısı onların üzünədir. Məşhur fran­sız yazıçısı Viktor Hüqo əbəs yerə demirdi: “Dünyada körpə qığıltısından böyük himn yoxdur”. Körpə təmiz­liyinə, uşaq müqəddəsliyinə söz çatmaz...

...Böyük Vətən müharibəsi illərində faşist zabiti əsir tutulmuş uşaqlara əmr edir ki, sıraya düzülsün­lər, heç kəs sıranı pozmadan və hamı eyni qaydada üzüqoylu torpağa uzansın. Bir neçə saniyədən sonra avtomat daraqları körpə kürəkləri deşik-deşik edəcək. Zabit birdən görür ki, lap ayağının ucunda uzanmış uşaq onun şinelinin ətəyini dartışdırıb deyir:

– Əmi, bax gör, mən düz uzanmışam?

Uşaq təmizliyinə ölümsaçan güllələrin gücü çat­maz. Tez-tez “Uşaqlar bizim gələcəyimizdir” söyləyir, bağrımıza basıb “şirinim, şəkərim, noğulum” deyirik. Amma onlar üçün nə edə bilirik? Məsələn, onlar üçün olan uşaq-idman meydançalarının yerində hündür­mərtəbəli evlər, marketlər tikilməsinin qarşısını ala bilirikmi? Vaxtında sağlamlıqlarının qayğısına qalır, həkim müayinəsinə aparır, peyvənd etdiririkmi?

Övlad qayğısına qalmaq təkcə onları təmiz və sə­liqəli geyindirmək, parka və bulvara gəzintiyə apar­maq, istədiyini almaq deyil. Təəssüf ki, valideynlərin çoxu uşaqların istəkləri qarşısında yumşalır, əylən­mələri üçün “ağıllı” telefon və planşetlər verir, onla­ra paketdə satılan süni qidalar, “fastfud”lar, ayaqüstü hazırlanan dönər, hamburger kimi yeməklər alır və bununla övladını məmnun etdiyi üçün özünü xoşbəxt hesab edir. Əslində isə, həmin qidalarla uşağın gələ­cəyini təhlükə altına atırlar...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür – sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayra­mıdır. Nazim Hikmət demiş, gəlin dünyanı uşaqlara verək – heç olmasa, bir günlüyə, bir neçə saatlığa...

Əgər dünyanı verə bilmiriksə, onda ürəyimizi ver­məyə nə söz?

Süleyman QARADAĞLI

Sosial həyat