Təbii və təsirli müalicə üsulu – fizioterapiya və reabilitasiya

post-img

Əsas məqsədi xəstənin patologiyasına əsaslanaraq fiziki sağlamlığı bərpa edib onun normal həyat keçirməsinə imkan yaradan, tibbin ən təhlükəsiz müalicə vasitələrindən biri fizioterapiya və reabilitasiyadır. Bu müalicə üsullarından hələ qədim dövrlərdən istifadə edilir. Oynaq, baş, sümük, əzələ ağrılarında, bir qayda olaraq, fizioterapevtlərə müraciət edir, dərdimizə dəva axtarırıq. Belə müalicələ­rin 100 faiz ağrıları götürdüyünə çoxumuz şahidik. 

Bu müalicənin təsiri və qalıcılığı hə­mişəlikmi, yoxsa müvəqqətidirmi? Yaşın­dan asılı olmayaraq hamıya tətbiq edilə bilərmi? Bu suallarla Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortope­diya kafedrasının tədris işləri üzrə müdir müavini, Tədris Cərrahiyə Klinikasının fizi­oterapiya və reabilitasiya şöbəsinin müdi­ri, dosent Nurlana Əliyevadan müsahibə aldıq. 

– Doktor, fizioterapiya və reabilitasi­ya nədir, orqanizmin sağlamlığını bərpa etmək üçün hansı üsullar daha uyğun və mükəmməldir? Bu müalicə hansı xəstələrə və nə zaman tətbiq edilir?

– Fizioterapiya çox geniş bir məfhum­dur. Bu müalicə üsulu reabilitasiya ilə bağ­lı olan, əksər hallarda birgə tətbiq edilən böyük qollardır. Yəni fizioterapiyanı reabi­litasiyasız, reabilitasiyanı fizioterapiyasız düşünmək olmaz. Soruşa bilərsiniz: – Niyə? – Çünki bütün nevroloji, neyrocərra­hiyə, travmatoloji xəstəliklərin hər birində əməliyyatdan öncə və əməliyyatdan son­ra fizioterapiyaya çox böyük ehtiyac var. Hətta, doğuşdan sonrakı mərhələdə qa­dınlara bəzən fizioterapiyaya göstəriş olur. Doğuş zamanı yaranan hər hansı fəsad, yaxud qeysəriyyə əməliyyatından sonrakı mərhələdə çox cüzi də olsa patologiyanın olması xəstənin sonrakı normal həyata dönüşünə təsir göstərir. 

Nevroloji xəstələrin hər biri, keçirdikləri hemoragik və işemik insultdan, hər hansı nevritdən, nevralgiyalardan sonra onlara nə qədər konservativ müalicə aparılsa da, fizioterapiyasız istənilən nəticəni almaq mümkün olmur. Ona görə də xəstə mütləq fizioterapevtə müraciət etməlidir və orada elektroterapiyadan, maqnitoterapiyadan və fizioterapiyanın digər müxtəlif üsulların­dan istifadə edilərək müalicə almalıdır.

– Fizioterapiya və reabilitasiya han­sı üsullarla aparılır?

– Orqanizmin sağlamlığını bərpa et­mək yolları hava vannaları, adi su ilə, mineral sularla, süni günəş işığı vasitə­silə, isti və ya soyuqla müalicə, elektriklə, elektromaqnitlə, təzyiqlə (baroterapiya), mexaniki təsirlərlə, massaj, banka qoyma, müalicəvi bədən tərbiyəsi, buğa vermə ilə müalicə üsullarıdır. Fizioterapiyanın lazer­lə müalicə, diadinamoterapiya, amplipuls­terapiya, transkranial və mikropolyariza­siya, miostimulyasiya, müxtəlif mexaniki təsirlərlə qızdırıcı şüalanma, krioterapiya bölmələri vardır. Müalicə lazeroterapiya, elektrofarez, inhalasiya, aerozol terapi­yası, elektrostimulyasiya, vaporizasiya, ultrabənövşəyi, həmçinin infraqırmızı şüa­larla, maqnitoterapiya, elektosonoqrafiya, refleksoterapiya, darsanvalla, qısa dalğalı diatermiya (UVÇ aparatı) ilə aparılır. 

Fizioterapiya ilə xəstədə ağırlaşma dərəcəsi götürüldükdən sonra müalicənin reabilitasiya hissəsi başlayır. O reabilita­siyanın içərisində masaj da var, müalicəvi idman hərəkətləri də. Reabilitasiya da çox geniş sahəni əhatə edir. Osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, lordoz, kifoz, ətraf əzələlərin asteniyası, onurğa sütununu bərpa etmək, post travmatik reabilitasiyalar (sınıqlar, menisk yırtıqları, çapıqlar və s.), Lor xəstəlikləri (tonzilitlər, allerqik rinitlər, haymorit və s.) və Ağ ciyər xəstəliklərində (bronxial astma, xroniki bronxitlər, pnevmoniya) reabilitasiyanın böyük rolu var. 

– Müalicə müddəti nədən asılıdır?

– Təbii üsulların hər birindən və ay­rı-ayrı mərhələlərdən keçməklə xəstənin müalicəsi aparılır. Gün keçdikcə, vəziy­yətinə uyğun olaraq ona dəyişik müalicə təyin edilir. Məsələn, yataq xəstəsində fizioterapiya aparılır, amma passiv rea­bilitasiya tətbiq edilir. Müalicə müddətin­də xəstədə nisbətən aktivlik göründükdə xəstənin öz köməyindən istifadə etməklə, fizioterapevtin iştirakı ilə müalicə davam edir. Nəhayət, xəstə oturmuş vəziyyətə gəlirsə, ayağa qalxa bilirsə, bundan sonra reabilitasiyanın başqa üsullarından istifa­də olunur. Bunlar sayca çoxdur və geniş məfhumdur. 

Bir kurs müalicə tamam olanda gedi­şata baxılır. Elə xəstə olur ki, biz 10 gün müddətində nəticə ala bilirik. Xəstə olur ki, 20 gün, 1 ay prosedur aparılır. Elə xəstələr də olur ki, 1 ay proseduralar aparıldıqdan sonra, arada fasilələr verməklə, onlara vəziyyətlərinə uyğun 1 ay, 3 ay, ən geci 6 ay sonra təkrarən fizioterapiya müalicəsi təyin olunur. Amma reabilitasiya başqa­dır. Belə ki, fasilələr verməklə, həftədə 2 dəfə, 15 gündən bir, yaxud ayda 2–3 dəfə xəstələr gəlib məsləhətlər alır və klinikada olmasa da, evdə verilən lazımi tapşırıqları yerinə yetirməlidir. Sonra biz onlara baxıb yenidən prosedurları, yəni reabilitasiyanın növlərini dəyişməklə istədiyimiz lazımi nə­ticəni əldə edirik.

– Hansı hallarda bu təbii müalicə üsulları tətbiq edilir?

– Saydıqlarımızdan əlavə travmatoloji xəstələr, zədə alanlar konservativ müali­cə alırsa, onlara ilk günlərdən reabilitasi­ya aparılır. Tutaq ki, aşağı ətrafda sınıq, çıxıq, əzikdən sonra mobilizasiya (yumşaq toxuma xəsarətləri) olunub, gips sarğısın­dadır, yaxud, onlara müvafiq langet və ya başqa sarğı qoyulubdur. Belə olan halda aşağı ətrafın diğər tərəfləri passiv olmasın deyə o hissələrdə fizioterapiya aparılır. Konservativ müalicədən sonra, yəni gips sarğısı açıldıqdan sonra o xəstələrə fərqli fizioterapiya və reabilitasiya tətbiq edilir. Çünki əzələ atrofiya olmamalıdır, dərinin turqoru (elastikliyi) qayıtmalıdır, innervasi­ya (bədənin və ya toxumanın qeyri-bəra­bər elementlərlə təchizi) bərpa olunmalıdır və atrofiyaların qarşısı alınmalıdır. 

Bundan əlavə insanların yaşlandıq­ca oynaqlarında kontrakturalar (yumşaq toxumanın bərkiməsi) başlayır, sonra art­rozlar yaranır. Bu kontrakturaları aradan götürmək, yəni onların dərinləşməsinə imkan verməmək üçün hökmən həmin xəstədə fizioterapiya və reabilitasiya baş­lanmalıdır. 

Bəzi neyrocərrahiyə xəstələrində əmə­liyyata götürülməzdən öncə də fiziotera­piya təyin olunur. Belə xəstələrdə reabi­litasiya birbaşa göstərişdir. Baş beyində onkoloji şiş aşkarlanan, əməliyyat olunan xəstələrə reabilitasiya – fizioterapiya əks göstərişdir. Bəzi ekstremal hallarda isə həyati göstərişlə periferiya da aparmaq mümkündür. Yəni, baş beyində əməliyyat aparılır, aşağı ətraflar işləmir. Belə olanda xəstə əməliyyat olunduqdan sonra, elə ilk gündən neyrocərrahın məsləhəti ilə bir yerdə o xəstələrin böyük əksəriyyətinə fizioterapiya və reabilitasiya təyin olunur. Reabilitasiya fizioterapiyadan fərqli olaraq əməliyyat olunan xəstələrin hamısına tət­biq edilir. Reabilitasiya olmadan xəstənin əvvəlki həyatını bərpa etmək, fizionomiya­sını düzəltmək, onu sağlamlığına qovuş­durmaq mümkün deyildir. 

Onu da qeyd edim ki, fizioterapiyanın yuxarıda sadalanan bütün bölmələrinin hərəsinin özünəməxsus müalicə üsulları vardır. Fizioterapevtik müalicə xəstənin sağalmasını sürətləndirir və onun nadir hallarda fəsadları meydana gəlir. Müalicə­vi bədən tərbiyəsi xəstələrin sağalmasına müxtəlif idman hərəkətlərinin tətbiqi ilə fayda verir. Geniş istifadə edilən elektrofa­rez və fonofarez müalicəsi isə fizioterapiya və farmakologiya sahələri arasında qalan müalicə vasitəsidir. Belə ki, bu müalicə zamanı dərman preparatları insan orqa­nizminə elektriklə dəridən ötürülür. Dərialtı toxumalara ultrasəs və ya elektriklə dər­man preparatlarının ötürülməsi dərman preparatlarının orqanizmin istənilən sahə­sinə yerli olaraq tətbiq edilir. Massaj bədə­nin istənilən nahiyəsinə tətbiq edilməklə sağalmanı sürətləndirir. Müalicə məqsə­dilə müxtəlif massaj növlərindən (vibrasi­yalı, vakkumla, dairəvi, döyəcləmə və s.)istifadə edilir.

Zərifə HÜSEYNOVA
XQ



Müsahibə