Həmsöhbətimiz Qusar DAİM-in sədri Rauf Minhacovdur
Yaz, yay, payız, qış aylarında zirvələri daim qarlı Şahdağın ətəklərində yerləşir Qusar rayonu. Bu gözəl yurdun insanları ata-babadan torpağa bağlılıqları, zəhmətsevərlikləri ilə fərqləniblər. Xoşbəxtlikdən son dövrdə ölkəmizin bölgələrində il ildən ruzili gəlir, rifah, dolanışıq yaxşılaşır.
İlk tanışlıqdan bəlli olur ki, bu rayonda iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorda xüsusilə yaxşı nəticələr əldə olunur. Amma fermerlər, pay torpaq mülkiyyətçiləri əldə olunan uğurlarla kifayətlənmək fikrində deyillər. Onlar dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan ruhlanaraq, daha yüksək hədəflərə çatmaq əzmindədirlər.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov ilə söhbətimiz rayonda son dövrdə kənd təsərrüfatı sahəsində baş verən müsbət dəyişikliklər, o cümlədən qarşıda duran əsas vəzifələr barədədir. Rauf müəllimə ilk sualımız bu oldu:
– Zəhmət olmasa deyin, başçılıq etdiyiniz qurumun əsas vəzifələri nədən ibarətdir?
– Qısa və sadə sözlərlə ifadə etsək, Qusar DAİM-in əsas məqsədi aqrar sektorda fermer və pay torpaq mülkiyyətçilərinin işlərinə müdaxilə etmədən, onlara bağ və tarlalardan yüksək məhsul toplamağın sirləri barədə məsləhət və tövsiyələr verməkdir. Əlbəttə, dövlətimizin qarşımıza qoyduğu əsas hədəf məhsul istehsalını artırmaqla, kəndlinin güzəranını daha da yaxşılaşdırmaqdır.
Bizim mütəxəssislər hər ilin əvvəlində rayonda bitkiçilik və heyvandarlıq sahələrində mövsümi tədbirlər planı tərtib edirlər. Cari təsərrüfat işlərinin təşkili və icrası zamanı fermerlərin qarşılaşdıqları çətinlik və problemlərlə bağlı vaxtaşırı sorğular aparırıq. Əldə olunan məlumatlar operativ qaydada müzakirə olunur və Kənd Təsərrüfatı Nazirliyinin Analitik Xidmətlər Agentliyinə ötürülür. Bundan əlavə nazirliyin rayonda aqrar sektora ayırdığı subsidiyaların təyinatı üzrə xərclənməsinə nəzarət edir, qabaqcıl təcrübələri təbliğ və təşviq edirik.
Sözün qısası, işləmək istəyən üçün iş həmişə çoxdur. Biz, öz növbəmizdə çalışırıq ki, öhdəmizə götürdüyümüz vəzifələrin öhdəsindən gələk.
– Artıq yaz fəslidir. Rayonun tarla və bağlarında hazırda hansı işlər görülür?
– Qusarın aqrar sektoru çoxprofillidir. Rayon ənənəvi olaraq meyvəçilik, taxılçılıq və heyvandalıq sahələrində ixtisaslaşıb. Sahələrdə iş həmişə çox olur. Amma yazın, baharın yeri bir başqadır. Fermerlər yaxşı bilirlər ki, bol məhsulun bünövrəsi əsasən məhz bu günlərdə qoyulur.
– Qusar ölkəmizin iri taxılçılıq rayonlarındandır. Bu sahədə vəziyyət necədir?
– Qeyd etmək lazımdır ki, rayonun taxıl əkini sahələri əsasən dəmyə torpaqlarda yerləşir. Məlumdur ki, dəmyə torpağın taxılı təbiətin rütubət sarıdan “səxavət”indən çox asılıdır. Hələlik, havalar sərfəli keçir. Ümid edirəm ki, aprel və may aylarında da təbiət bizi naəlac qoymaz.
Bu məqamda bəzi göstəriciləri diqqətə çatdırmaq istəyirəm. Ötən il rayon üzrə 16 min buğda əkini sahəsindən 48 min 504 ton məhsul toplanıb. Məhsuldarlıq hər hektardan 30,3 sentner rəşkil edib. 7 min 822 hektar arpa sahəsindən isə 23 min 310 arpa toplanıb. Arpa sahələrinin məhsuldarlığı da kifayət qədər yüksək olub.
2024-cü payızlıq taxıl məhsulu üçün 23 min hektarda payızlıq səpin aparılıb. Bu zaman 4 min 734 ton yüksək sertifikatlı buğda və arpa toxumlarından istifadə edilib, səpinlə birlikdə sahələrə 3 min 198 ton mineral gübrələr verilib. Həm bu il, həm də qarşıdaakı illlər ərzində sahələrin məhsuldarlığının yüksəldilməsi hesabına taxıl istehsalını xeyli artırmağa çalışırıq.
– Rauf müəllim, meyvəçilikdə hansı perspektivlər var?
– Qonşu Quba rayonunda olduğu kimi, Qusarda da zəngin meyvəçilik ənənələri mövcuddur. Bu sahənin inkişafı rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. 2023-cü ildə meyvə bağlarından 39 min 965 ton alma, 4 min 135 ton armud, 3 min 574 ton şaftalı, 2 min 646 ton gilas və digər meyvələr olmaqqla, ümumilikdə 57 min tondan çox müxtəlif növ meyvə məhsulu toplanıb.
2023-cü il ərzində rayon ərazisində 600 hektara yaxın ənənəvi və intensiv meyvə bağları salınıb. Bunun 110 hekrarını gilas, 79 hektarını alma, 236 hektarını fındıq, 16 hektarını armud və digər meyvə bağları təşkil edir. Hazırda bağlarda mövsümə uyğun aqrotexniki tədbirlər aparılır. Qusar DAİM-in mütəxəssisləri bağlarda görülən işlərin keyfiyyətindən razılıq edirlər.
Bir məqamı vurğulamaq istərdim. Fermerlər meyvənin uzun müddət və keyfiyyətli şəkildə qalması üçün məhsulun bir hissəsinin xüsusi iri soyuducularda saxlamağa üstünlük verirlər. Bu şəbəkələri genişləndirməyə çalışırıq. Hazırda rayon ərazisində “Budad” MMC-yyə məxsus yeni iri soyuducu anbarın tikintisi davam etdirilir.
– Deyilənə görə, Qusarın kartofu, kələmi, eləcə də digər tərəvəzləri öz keyfiyyət xüsusiyyətlərinə görə seçilir. Bu, həqiqətən, belədir?
– Bəli, düz deyirlər. Eşitdiyimə görə, bazarlarda alıcılar Gədəbəy və Qusar kartofunu almağa üstünlük verirlər. Həqiqətən, bizim torpaqlarda yetişən qırmızı kartofun tərkibi vitaminlərlə çox zəngindir.
Qusarın təbiəti tərəvəziçilik üçün əlverişlidir. Bu, kifayət qədər gəlirli sahədir. Təsadüfi deyil ki, rayon fermerləri son illər tərəvəzçiliklə həvəslə məşğul olurlar. Bunun əsas səbəblərindən biri də odur ki, hazırda Qusar rayonu ölkəmizin əsas turizm mərkəzlərindn birinə çevrilib və təbii olaraq yerli faraş tərəvəzə ehtiyac artıb.
Ötən il rayonda 31 min 363 ton kartof, 2 min 754 ton soğan, 8 min 633 ton kələm, 4 min 956 ton xiyar, 7 min 331 ton pomidor, 300 ton badımcan toplanıb. Bu il bu göstəricilərin daha da yüksəldilməsi üçün bütün bütün lazımi işlər görülür.
– Rauf müəllim, etiraf edək ki, bu gün bölgələrdə saz və kifayət qədər texnika olmadan uğurlu iş qurmaq mümkün deyil. Qusarda texnika sarıdan çətinliklər varmı?
– Tam səmimiyyətlə deyirəm: texnika sarıdan heç bir ciddi problemimiz yoxdur. Özəl fermerlərin təsərrüfatlarında kifayət qədər şum və becərmə traktorları var. Hökumət bu məqsədlə mütəmadi olaraq güzəştli kreditlər ayırır. 2023-cü il ərzində fermerlər tərəfindən 167 traktor və 64 ədəd müxtəlif təyinatlı qoşqu və avadanlıqlar lizinq yolu ilə alınmışdır.
Məni sevindirən həm də odur ki, rayonda gənclərimizin texnikaya maraqları artır. Böyük texnika parkları olan fermer təsərrüfatları var. Ehtiyac olanda başqalarına da əl tuturlar.
– Son illər Qusarın balı da adla deyilir...
– Rayonda arıçılığın inkişafı da diqqət mərkəzindədir. Əhali də bu sahəyə maraq göstərir. Rayonda hər il 100 tondan çox bal toplanır. Bilirsiniz ki, arıçılıq peşəsi halallığı sevir. Bizdə bal istehsalı ilə məşğul olanlar bunu yaxşı bilirlər. Buna görə də Qusar balının müştərisi başının üstündədir.
Yeri gəlmişkən, yaxın günlərdə Şahdağın ətəyindəki kəndlərdə, yamacalarda, düzənlik və dərələrdə ağaclar, kollar gül-çiçək açacaq. Arıların bu çiçəklərdən çəkdiyi ekoloji təmiz balın cana xeyri çoxdur. Biz Bakıda Qusarın arıçılıq məhsullarının satışını təşkil etmək fikrindəyik.
– Rauf müəllim, biz söhbətimizə Qusar DAİM-in fəaliyyət istiqamətləri üzrə bağlı mövzular ilə başladıq. Müsahibəni bu mövzu ilə də bitirməyi təklif edirəm. Bilmək istərdim ki, Qusar DAİM-in mütəxəssisləri fermerlər arasında qabaqcıl təcrübənin yayılması üçün hansı işləri görürlər?
– Bu, yaxşı sualdır. Qusar DAİM-in əsas vəzifələrindən biri məhz qabaqcıl təcrübənin öyrənilməsi və fermerlər arasında yayılmasıdır. Qeyd etmək istərdim ki, rayonda ayrı-ayrı sahələr üzrə yüksək nəticələr əldə edən fermerlərin sayı ilbəil artır. Məsələn, taxılçılıq sahəsində fermer Jalə Əmirbəyovanın adı ilk yada düşənlər sırasındadır. Ona görə ki, bu bacarıqlı xanımın başçılıq etdiyi fermer təsərrüfatı ən yeni innovativ texnologiyalardan bəhrələnməklə, yüksək göstəricilərə nail olmağı bacarır.
Meyvəçilik sahəsi ilə məşğul olan təcrübəli fermer Nadir Hacıqayıbovun göztəriciləri yaxşıdır. O, 26 hektara yaxn sahədə yüksək məhsuldar meyvə sortları becərir və yüksək göstəricilər əldə edir.
Qusar DAİM-in mütəxəssisləri adlarını çəkdiyim, eləcə də digər qabaqcıl fermerlərin təcrübəsini geniş yaymağa çalışırlar ki, rayonda bütün sahələr üzrə məhsul istehsalı artsın, insanlar öz halal əməklərinin daha çox bəhrəsini görsünlər.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ