Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilk dəfə olaraq dünya universitetlərinin nüfuzlu QS reytinq sıralamasında yer alıb. Belə yüksək meyara uyğunluq, məsul reytinq şkalasında irəliləmək, texniki təmayüllü universitet , eləcə də Azərbaycan ali təhsili üçün nə deməkdir? Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, Strasburq Universitetinin doktoru Vazeh Əskərov bu sualın cavabında bildirdi:
– Öncə qeyd etmək istərdim ki, son illərdə istər ölkə rəhbərliyinin təhsilə birbaşa qayğısı və himayəsi, istərsə də ölkədə Elm və Təhsil Nazirliyinin, yeni yaradılmış Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətinin yenidən qurulması universitetlərin həyatında da yeni bir canlanma yaradıb. Azərbaycanda ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması, dünyanın müxtəlif aparıcı universitetləri ilə əlaqələrin qurulması və ikili diplom layihələrinin, proqramların həyata keçirilməsi universitetlər üçün əlavə imkanlarla yanaşı, onların çağdaş çağırışlara qoşulmasını da asanlaşdırıb. Bu çağırışlara vaxtında, arqumentləşdirilmiş reaksiya göstərilməsi ali təhsil müəssisələrinin inkişafına töhfə verir.
ADNSU bu istiqamətdə öz rolunu və qarşısında duran vəzifəni kifayət qədər anlayır və 4-cü sənaye inqilabının tələblərini yüksək səviyyədə cavablandırmağa çalışır. Sevindirici haldir ki, QS reytinqi üzrə ADNSU 2 min 800 universitet arasinda 1200-cü yerdə qərarlaşıb. Bu, ilk cəhddə önəmli bir göstəricidir. Qarşıdakı illərdə bu reytinq sıralamasında daha da yaxşı nəticə əldə etməyi hədəf seçmişik.
Hazırda elmi potensialın daha da artırılması istiqamətində işlər görülür. Bu proses universitetdaxili, eləcə də beynəlxalq əlaqələrimizin daha da inkişaf etdirilməsinə yönəldilib. Əlbəttə, məqsəd təkcə yüksək keyfiyyətli kadr hazırlığı deyil, həm də məzunların sonradan harada nə işlə məşğul olması da bizim üçün önəmlidir. Universitetimiz QS reytinqində məşğulluq göstəricisinə görə, dünyada 271-ci, Azərbaycanda isə ilk yerdə qərarlaşıb. Bu, bizi növbəti mərhələdə irəli getməyə sövq edir.
Hazırda bizim universitetdə 7 fakültə fəaliyyət göstərir və 30 ixtisas üzrə tədris həyata keçirilir. Bunlardan 18-i beynəlxalq akkreditasiya olunmuş ixtisaslardır. Universitetin nüfuzunun qaldırılması və tədrisin daha düzgün və beynəlxaq standartlara uyğun aparılması üçün yeni yollar və vasitələr axtarırıq.
– Yerli və beynəlxalq əmək bazarında rəqabətliliyin qorunub saxlanmasında yeni ixtisaslar üzrə kadr hazırlığı önəmli rol oynayır.
– Doğrudur, hər bir ali məktəbi gərəkli universitet edən məhz onun hansı ixtisaslarda və necə kadr hazırlaması, məzunların sonrakı uğurlarıdır. Sevindirici haldır ki, bu il 104 yaşı tamam olan universitetimizin yüz minlərlə məzunu olub. Sovet dönəmində məzunlarımız arasında əcnəbi tələbələr kifayət qədər çox idi. Çalışırıq ki, xaricdən daha çox tələbə cəlb edək.
Bu gün bizim əsas istəklərimizdən biri də düzgün ixtisaslar seçib, 4-cü sənaye inqilabının tələblərinə uyğun olaraq ixtisaslarda kadr hazırlığını həyata keçirməkdir. Universitet bugünkü əmək bazarına uyğun olaraq hansı ixtisasları və hansı formada tədris etməyi öz qarşısına əsas məqsəd qoymuşdur. Biz nə qədər keyfiyyətli tədris aparsaq tələbələrin gələcək karyeralarına da bir o qədər yardımçı olarıq. Bu baxımdan, biz özümüzə sual veririk: bu yumşaq bacarıqları tələbələrimizə nə vaxt, necə və hansı formada vermək lazimdir? Bu, çox önəmlidir. Çünki biz yalnız yaxşı mühəndis yetişdirməliyik.
Amma biz yanaşı olaraq onlara xüsusi bacarıqlar verməsək, əlbəttə ki, onlar iş bazarında yerlərini tez tapa bilməyəcəklər. Bu məqsədlə artıq bir neçə ildir ki, 2-ci kursdan başlayaraq tələbələrin dil, eləcə də İT biliklərinə yiyənməsinə, gələcək iş müsahibələrinə hazırlığına diqqət yetiririk. Bu tədbirlər sırasında karyera məzun günlərinin təşkil olunması universitetimizdə artıq ənənə halını alıb. Biz universitetin sənaye müəssisələri ilə birbaşa əlaqələrini yaradırıq.
– Bəs xarici universitetlərin təcrübəsindən necə yararlanırsınız?
– Biz beynəlxalq proqramların təşviq edilməsinə çalışırıq. Təkcə tələbələrin deyil, müəllimlərimizin də müxtəlif beynəlxalq proqramlarda iştirakını təmin etməyə, onların öz bilik və bacarıqlarının artırılması və müasir tələblərə uyğun fəaliyyət göstərməsinə çalışırıq. ADNSU-nun ötən illərdə kifayət qədər beynəlxalq əlaqələri formalaşıb. Bu gün sevindirici haldir ki, bizim dünyanın müxtəlif universitetləri ilə çox sıx əlaqələrimiz var, memorandumlar imzalanıb və davam edən layihələr mövcuddur.
Bizim əsas marağımız hansısa əlaqələrin təkcə imzalanma prosesinin həyata keçirilməsi deyil, eyni zamanda onun hansı formada – neçə tələbə və professor, müəllim heyətini əhatə etməsi, nə qədər funksional olmasıdır. Bu gün dünyanın 100-dən artıq universiteti ilə belə əlaqələrimiz mövcuddur. Bu proqramlarda çıxış edərək bizim müəllim və tələbə heyəti müxtəlif layihələr həyata keçirir.
– Hazırda bir sıra sənaye sahələrində məhz süni intellekt geniş tətbiq olunur. Bu proses neft-qaz hasilatı sahəsində necə gedir?
– Bəli, bu gün dünyada bizi əhatə edən müxtəlif sahələrdə süni intellektdən istifadə olunur. Bu istehsalat, logistika, nəqliyyat və maliyyə sektoru ola bilər və s. Amma sual da yaranır: süni intellekt bizim gələcək həyatımıza tam uyğunlaşırmı, təsir göstərirmi, bu, neqativmi, yoxsa pozitivmi olacaq? Çünki süni intellekt daha çox müasir insanı özündə birləşdirir və onu daha çox xoşbəxt edir. Amma ola da bilsin ki, süni intellekt müəyyən kəsim insanlar üçün arzuolunan deyil və onlar üçün müəyyən əngəllər törədə bilər.
Digər tərəfdən, bir şeyi anlamaq lazımdır ki, süni intellekt özü belə ancaq ondan istifadə etdikcə çoxalmağa başlayır. Məsələn, bu gün çat ChatGPT ən çox istifadə olunan və hələ də test dövrünü yaşayan bir proqramdır. Bundan nə qədər çox istifadə edilərsə, onda o qədər də çox data yığılar. Bu datalara əsasən o proqram daha da inkişaf edəcək. Bəli, sual yaranır ki, süni intellekt insanı əvəz edəcəkmi? Bu suala, yəqin ki, mütəxəssislər daha yaxşı cavab verər. Amma gəlin açıq etiraf edək ki, həmin texnologiyanın inkişafını da məhz insanlar – mühəndis və alimlər həyata keçirirlər. Deməli, bu prosesin davamlı olması, inkişaf etməsi üçün biz ondan daha çox istifadə etməliyik və biz bundan qorxmamalıyıq.
– Fransız–Azərbaycan Universiteti (UFAZ) niyə məhz ADNSU-nun nəzdində fəaliyyət göstərir. UFAZ-ın milli ali təhsilə töhfəsi nədən ibarətdir?
– Azərbaycan gənclərinin ölkəni tərk etmədən dünyanın ən aparıcı universitetlərinin təhsilini alması, eləcə də təhsil sistemimizin beynəlxalq rəqabətliliyə daha da uyğunlaşdırılması, qabaqcıl dünya təhsilinin ölkəmizə gətirilməsi baxımından Azərbaycan Respublikası Prezidenti İlam Əliyevin 2016-cı ildə imzaladığı sərəncam mühüm əhəmiyyət kəsb edir. Həmin ilin sentyabrından başlayaraq Azərbaycan–Fransız Universiteti ADNSU-nun nəzdində fəaliyyətə başlamışdır. Onun fəaliyyət istiqaməti daha çox texniki fənlər olduğuna görə məhz ADNSU seçilmişdir.
Sevindirici haldır ki, UFAZ-ın uğurları bu gün kifayət qədər yaxşıdır. Hətta UFAZ tələbələrinin, xüsusən də məzunlarının göstərdiyi nəticələr ölkədə birincilər sırasındadır. Bu, bizi sevindirir. Əsas məqsəd UFAZ-ın tələblərinin iki dövlət diplomunu ölkədə almaları, xarici dildə danışmaları deyil, yeni infrastrukturun yaradılması, müəllim heyətinin yetişdirilməsi, inzibati isçilərin beynəlxalq professor-müəllim heyəti ilə bir yerdə olmasıdır.
UFAZ ilk olaraq 160 nəfərlik 4 ixtisas üzrə, hər ixtisas üzrə 40 nəfər olmaqla dövlət hesabına bakalavriat səviyyəsinə qəbul aparmaqla fəaliyyətə başlamışdı. 2020-ci ildə 3 magistratura ixtisası üzrə də əlavə olaraq qəbul həyata keçirilmişdi. 2024-cü ildə UFAZ-da daha 4 ixtisas - biri magistratura, 3-ü bakalavr üzrə açılacaq. Artıq il ərzində 160 deyil, 250 tələbənin dövlət hesabına qəbul edilməsi və təhsil alması, əminəm ki, gözəl bir nəticə verəcək. 2027-ci ilə qədər ixtisasların sayının daha da artırılması nəzərdə tutulur.
Bundan başqa, dünyanın ən aparıcı universitetlərindən biri sayılan Vorvik Universiteti ilə bərpa olunan enerji ixtisası üzrə ikili diplom proqramı bu ildən fəaliyyətə başlamışdır. Bu da çox boyük bir göstəricidir. Çünki Vorvik Universiteti beynəlxalq rəqabətliliyə görə dünyada 67-ci yerdədir. Əməkdaşlıq etdiyimiz digər universitetlər də kifayət qədər reytinqli universitetlərdir.
Neft-qaz profilli bir universitetin artıq bərpaolunan enerji, su ehtiyatlarının idarə edilməsinə keçid etməsi də məhz cənab Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi çərçivəsində atılmış addımdır. Bu istiqamətdə qarşımızda kifayət qədər böyük çağırışlar var. Çalışırıq ki, ölkədə gedən proseslərdə bizim universitet də iştirak eləsin. Bu il çox önəmli bir tədbirin – COP29-un ölkmizdə keçirilməsi ilə bağlı bizim universitet ilboyu böyük bir proqramla çıxış edcək. Ölkəmizin əsas istiqamət kimi seçdiyi yolun məsuliyyətini anlayırıq və bir qocaman universitet olaraq biz bu işə öz töhfəmizi verməliyik.
Müsahibəni apardı:
Anar TURAN
XQ