IV məqalə
III məqalənin son tezisi Cənubi Qafqazda geosiyasi və siyasi avantüraların nə qədər yüksək risklər yaratmasına baxmayaraq, regionda ona qarşı dura bilən, getdikcə daha da güclənən konstruktiv mahiyyətli yeni geosiyasi qüvvənin mövcud olması ilə bağlı idi. Həm tarixi, həm də geosiyasi yeniləşmə baxımından bu, ciddi strateji mənası olan mənzərədir. Oxunuşunda sadə və qeyri-adi görünməyən bu yeni “Qafqaz fenomeni”, əslində, dünya üçün vacib mesajdır. Onu dərindən anlamaq üçün öncə, “Geosiyasi konstruktivizm nədir?” sualına ümumi politoloji və konkret olaraq Cənubi Qafqaz kontekstində cavab axtaraq.
Konstruktivizm – beynəlxalq münasibətlər nəzəriyyəsi
Beynəlxalq münasibətlər nəzəriyyəsi beynəlxalq münasibətləri nəzəri mövqedən öyrənən elmi istiqamətdir. O, beynəlxalq münasibətlərin ümumi qanunauyğunluqlarını konsepsiya formasında araşdırır. Bu nəzəriyyə sahəsində çalışanların fikrincə, beynəlxalq münasibətlərə aid olan təlimlər bütöv gerçəkliyi tam ifadə edə bilmirlər. Buna görədir ki, hazırda onun bir neçə məktəbi və ya araşdırma istiqaməti mövcuddur. Realizm, liberalizm, marksizm, kontruktivizm, neoliberalizm, institutisionalizm və s. Hazırda realizm və liberalizmlə yanaşı, sosial konstruktivizm tərəfdarları da çoxalır.
Bu təlimlərin hər biri üçün bir ortaq nəzəri məqam vardır – onlar müasir mərhələdə dövlətlərarası münasibətlərdə differensiasiya (ayrılma, parçalanma) ilə inteqrasiyanın (birləşmə) həm reallaşma mexanizmlərini, həm də mümkün nəticələrini araşdırırlar. Məsələn, neoliberalizm qloballaşma ilə ideya yaxınlığına malikdir. Onlar hesab edirlər ki, beynəlxalq münasibətlərdə uğurlu kooperasiya mümkündür. Bunun əsasını iqtisadi kooperativlik təşkil edə bilər. Bu halda dövlət maraqları arxa plana keçmə təsiri bağışlayır.
Postliberalizm bu tezisi daha da gücləndirərək hesab edir ki, müasir qloballaşma şəraitində öz təhlükəsizliklərini və suverenliklərini təmin etmək üçün dövlətlər faktiki olaraq birləşməlidirlər. Burada dövlətin avtonom fəaliyyətinə məhdudiyyətlərin qoyulması ehtimal edilir, o cümlədən, beynəlxalq təşkilatlar bu funksiyanı (məhdudiyyət qoymağı) yerinə yetirə bilər.
İnstitusionalizmdə dövlətin təkamülü və onun insanların iqtisadi davranışlarına təsiri öyrənilir. Burada ənənə, əxlaq, hüquq, ailə, ictimai birliklər nəzərə alınır. Bundan başqa, ayrıca “Britaniya intitusionalizmi” də vardır. Onlar hesab edirlər ki, dünya lideri və dünya hakimiyyəti olmasa da (buna “anarxiya” da deyirlər), “Dövlətlər icması vardır”.
Son zamanlar Avropa İttifaqına aid olan “funksionalizm təlimi” də inkişaf edir. Onlar məsələyə Aİ-nin inteqrasiyası kontekstində baxırlar və başlıca olaraq, dövlətlər qrupunun maraqlarını əsas götürürlər. Hesab edirlər ki, Avropada dövlətlərin inteqrasiyası prosesi konkret model üzrə başlamışdır və onu dayandırmaq imkansızdır. Ancaq son illərin təcrübəsi göstərir ki, Avropa üçün bu məsələ açıqdır və orada inteqrasiyanı parçalanma əvəz edə bilər. Bunun nəzəri və praktiki səbəbləri çox maraqlıdır. Yəni faktiki olaraq, Avropa inteqrasiya modeli nəinki dünya üçün nümunə ola bilməz, hətta Aİ-nin vahid təşkilat kimi gələcəyi şübhə altındadır. Deməli, inteqrasiyanın alternativ modelləri üçün “qapılar açıqdır”!
Nəhayət, konstruktivizm keçən əsrin 90-cı illərindən daha sürətlə inkişaf etməyə başlamışdır. Onu Berlin divarının sökülməsi və sosialist düşərgəsinin dağılması ilə izah edirlər. Termin kimi ilk dəfə Nikolas Onufun işlətdiyini yazırlar. Hər halda, XXI əsrdə ən geniş yayılmış beynəlxalq münasibətlər nəzəriyyələrindən biridir. Konstruktivizmin neoliberalizm və neorealizmin ideyalarını da şübhə altına aldığını vurğulayırlar.
Konstruktivizmə görə, beynəlxalq siyasətin təməlində dörd əsas faktor dayanır: təkzibedilməyən ideyalar, kollektiv dəyərlər, mədəniyyət və sosial identifikasiyalar. Bunun üçün dövlətin öz identikiliynə və sosial məkana malik olması başlıca şərtdir. İdentiklik və sosial məkan dövləti formalaşdırır! Bu təlim çərçivəsində “identiklik”, “geosiyasi güc”, “intersubyektivlik”, “anarxiya”, “maraqlar” və s. kimi anlayışlar araşdırılır.
Dövlət identikliyi
Bu, konsturktivizmin mərkəzi anlayışıdır. Onda faktiki olaraq hər bir tarixi mərhələdə dövlətin kimliyi ifadə olunmuşdur. Konkret desək, dövlət özünü necə identifikasiya edir, hansı faktorlara üstünlük verir kimi məsələlər önə çəkilir. Bu, dövlətin mahiyyətini açıqlayır. Burada iki istiqamət əsas yeri tutur: birincisi, siyasi kursun seçilməsi, ikincisi, digər beynəlxalq oyunçulara münasibətin müəyyən edilməsi. Hər iki istiqamət üzrə seçim etdikdə mütləq surətdə dövlətin maraqlarını və prioritetlərini (üstünlük verdiyi başlıca istiqamətləri, faktorları, dəyərləri və s.) müəyyən etmək prinsipial əhəmiyyət kəsb edir.
Bununla dövlət “biz-onlar” seçimini edir. Həmin əsasda dövlətin “biz” kimi “onlara” münasibəti formalaşır. A.Vendt dövlət identikliyini bir-biri ilə sıx əlaqədə olan 5 növə ayırır. Onların ikisi daxili sosiuma istiqamətlənmişdir. Korporativ identiklik dövlətin vahid təşkilat kimi cəmiyyəti hakimiyyət strukturları vasitəsilə idarəetməsini təmin edir. Aydındır ki, bu istiqamətdə uğurlu ola bilməyən dövlət beynəlxalq miqyasda təsirli oyunçu ola bilməz! İkinci identiklik “növ identikliyi” adlanır. Burada siyasi rejimin və iqtisadi sistemin növü nəzərdə tutulur. Bu identiklik də cəmiyyətin və dövlətin bütövlüyü üçün ciddi rol oynayır. Üçüncü identiklik “rol identikliyi”dir. Bu, özündə dövlətin digər dövlətlərlə münasibətlərinin xüsusiyyətlərini ehtiva edir. Dördüncü identiklik “kollektiv identiklikdir”. Bu, iki və daha çox dövlətin vahid “eqo”ya malik bütövlüyə aid olmaları haqqındadır. Onların hansı faktorlara görə özlərini birgə identifikasiya edə bildiklərinə aiddir. Aydındır ki, dövlətlərarası münasibətlərdə hazırda bu identiklik strateji mahiyyəti olan məsələdir. Çünki indi dövlətlər qrupu kimi geosiyasi oyunçu olmaq aparıcılıq təşkil edir. Müxtəlif regional və beynəlxalq xarakterli təşkilatlar bunun üçün yaradılır. Təcrübə göstərir ki, onların heç də hər biri bu istiqamətdə uğurlu ola bilmir. Çünki təməldə kollektiv identikliyi düzgün müəyyən edə bilmirlər. Qarşılıqlı münasibətlərdə hansı faktorlara üstünlük verilməsini ədalətli və obyektiv əsasda təyin edə bilmirlər və s.
Maraqların təminatı
Konstrutivizmdə maraqları dövlət fəaliyyəti və identikliklə əlaqələndirirlər. Maraqlar fərdlərin cəmiyyət daxilində kooperativ fəaliyyətləri nəticəsində ortaq məram, məqsəd, fayda kimi təzahür edir. Bu, sosial institutlar vasitəsilə reallaşır. Deməli, dövləti maraqların təməlində fərdlərin toplumsal miqyasda fəaliyyətlərinin yekun effektləri dayanır. Başqa sözlə, dövləti maraqlar milli maraqlardan qaynaqlanır və özünü onun vasitəsilə reallaşdırır. Onu da deyək ki, dövləti maraqlarda sosial institutlar dedikdə sosial təbəqələşmə prinsipi (yəni sosiumun strukturlaşma tarixinin özəllikləri), toplumun özünütəşkili (yəni tarxi təkamülün qaydaları) və cəmiyyətdə sosial rolların paylanma fəlsəfəsi (fərd-cəmiyyət vəhdətini təmin edən müxtəlif xarakterli faktorlar, münasibətlər) nəzərdə tutulur.
Geosiyasi konstruktivizm mövqeyindən vurğuladığımız məqamlardan alınan başlıca qənaət ondan ibarətdir ki, müasir mərhələdə müstəqil dövlətin digər dövlətlərlə münasibətləri uğurlu qurması toplumun özünütəşkil dinamikasından, onun sosial institutlarının fəaliyyət keyfiyyətindən və sosial rolların paylanma fəlsəfəsindən asılıdır. Sosial rollar geniş anlamda mədəniyyəti, mənəvi-əxlaqi dəyərləri, istehsalı, adət-ənənələri və digər dəyərləri ehtiva edir.
Nəhayət, digər detallara varmadan (mətn ifrat dərəcədə nəzəriləşir) bizim bu məqalədəki məqsədimiz üçün çox vacib olan “geosiyasi güc” anlayışı üzərində dayanaq.
Geosiyasi güc
Özünə hörmət edən hər bir müstəqil dövlətin müəyyən gücü vardır. Lakin, ən, azı region miqyasında təsiri ola biləcək və iki və daha çox dövləti əhatə edən geosiyasi güc olmaq bəsit anlayış deyildir. Bu, müasir politologiya üçün kifayət qədər aktualdır və araşdırmaya hələ də açıqdır.
Tanınmış politoloqlar geosiyasi aspektdə gücü “sərt güc” və “yumşaq güc” kimi iki qrupa bölürlər. “Sərt güc” hərbi və iqtisadi məcburetməni ifadə edir. “Yumşaq güc” ölkənin məcburetmə və maliyyə imkanlarına əsaslanmır. O, dövlətin öz mədəniyyətinin, dəyərlərinin və xarici siyasətinin cəlbediciliyinə əsaslanır. Bu mənada, “yumşaq güc” dövlətin başqa dövlətlərə təsir etmək qabiliyyətini ifadə edir. Bunun üçün müəyyən sferalarda əməkdaşlıqdan istifadə olunur. Məqsəd isə qarşı tərəfi (və ya partnyoru) inandırmaqdan və onun müsbət qəbul etməsini formalaşdırmaqdan ibarətdir. Tədqiqatçılar bu iki “geosiyasi güc” növünün sintezini də vurğulayırlar və ona “ağıllı güc” deyirlər. “Ağıllı güc” sərt və yumşaq güclərin elə uyğunlaşmasıdır ki, xarici siyasətdə qalibiyyətli, fayda verən strategiya formalaşdırmaq mümkün olur.
Buradan geosiyasi gücün formalaşmasında fəlsəfədə “intersubyektivlik” adlanan fenomenin prinsipial əhəmiyyət daşıdığı nətcəsini çıxarmaq olar. Vurğulanan aspektdə “intersubyektivlik” iki səviyyədə nəzərdə tutulur. Birincisi, dövlətin öz daxilində vətəndaşlarla qarşılıqlı əlaqələri ahənglik yaxud ahəngdarlıq”) yaradan sistem halına gətirə bilməsidir. İkincisi isə dövlətlərin hər biri kollektiv subyektlər kimi münasibətlərində açıq sistem yaratmaqla bütöv intersubyektiv mühit formalaşdırmasıdır. Yəni bizim anlamımızda dövlətlər arasında intersubyektivlik elə qarşılıqlı əlaqələr toplusunu ifadə edir ki, vahid, sistemli, bütöv münasibətlər mühiti formalaşır.
Dövləti identiklik, dövləti maraqlar və dövləti intersubyektivlik haqqında yuxarıda vurğuladığımız nəzəri (praktiki düşüncəli oxuculardan üzr istəyirəm, ancaq konstruktivizmin konseptual özəlliyini başqa cür izah etmək olmur – F.Q.) xüsusiyyətlər, bütövlükdə, geosiyasi konstruktivizmin müasir mərhələdə konseptual cəhətlərini ifadə edə bilir. İlk olaraq geosiyasi konstruktivizmə xas olan özəllikləri müyyən etmək olar. Belə ki, geosiyasi konstruktivizm müasir mərhələdə dövlətlərin identikliyi əsasında milli maraqlarını müəyyənləşdirməsi və oradan da dövləti maraqların dəqiq formulası və intersubyektivlik mexanizmi ilə bunları dövlətlərarası münasibətlərə əməkdaşlıq və təhlükəsizlik naminə proyeksiya etməsi ilə əlaqəlidir.
Bunu daha aydın anlamaq üçün geosiyasi konstruktivizmin konkret region üzrə reallaşmasını təhlil etmək gərəkdir. O cümlədən, Azərbaycan – Türkiyə birliyinin geosiyasi konstruktivizmin konseptual və praktiki nümunəsi kimi əsas faktorları, mövcud olmaq fəlsəfəsi və məqsədə çatmaq üçün müəyyən etdikləri funksional özəllikləri dəqiqləşdirmək gərəkdir. Yalnız bu əsasda həmin yeni konstruktiv geosiyasi gücün əsrlərdir ki, Cənubi Qafqazı müxtəlif sahələrdə istismar edən geosiyasi avantürizmlə müqayisədə üstün cəhətləri və qalib gəlmək şansları haqqında proqnostik fikir yürütmək olar. Bu baxımdan o savaşı nə üçün “həlledici tarixi” adlandırdığımızın məntiqi və praktiki əsası da aydınlaşmış olur.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru