“Kompas” səmtini azıb

post-img

Rəsmi Tehranın nəzarətində olan “Səhər” telekanalı Azərbaycana və türklüyə qarşı qarayaxma ruporudur

“Səhər” TV kimi İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın media qurumlarında Azərbaycanın siyasi müstəqilliyini şübhə altına alan videomaterialların yayılması mütəmadi hala çevrilib. 1992-ci ildə yaradılan, ölkə hüdudlarından kənarda da yayımlanan 20 elektron mediadan biri olan “Səhər” telekanalı anti-Azərbaycan missiyasını tək icra eləmir. 

Şimali Azərbaycanda dövlətçili­yin bünövrəsini sarsıtmağı, özünün məzhəbçi təbliğatı ilə insanlarımızın dini hissləri üzərində məkrli siyasəti­ni təlqin etməyi hədəfləyən iki radio kanalı da fəaliyyət göstərir. Onlardan biri Təbrizdə (AZƏRİ FM), digəri isə Ərdəbildə (ARAN FM) yerləşir. Onla­rın əsas məqsədi Azərbaycan dövlət­çiliyinə, Azərbaycan türklərinə qarşı təbliğat aparmaqdır. Öz rəiyyətinin ta­leyini zülmətə çevirən bu ölkənin me­dia qurumları doğma torpağının azad­lığı, haqq-ədalət uğrunda mübarizədə zəfər qazanmış dünyəvi Azərbaycana insan hüquqlarından, dindən, milli kim­likdən ağıl öyrətməyə girişirlər. Tehran rejimindən maliyyə dəstəyi aldıqları şübhə doğurmayan bu ideoloji terror şəbəkəsinin bölücü, təxribatçı “ideolo­ji qvardiya”sının öndə gedən zərbəçi dəstələrdən biri də, cənublu soydaşla­rımızın öz aralarında “Zəhər televiziya­sı” adlandırdığı “Səhər” telekanalıdır. Əsas qayəsi Azərbaycan dövlətçiliyini, xalqımızı, milli-mənəvi dəyərlərimizi ləkələməkdən ibarət olan bu telekana­lın efirindən hər cür hədyanlar eşitmək mümkündür. 

“Panazərizm” ixtirası

“Səhər” telekanalında yayımla­nan “Kompas” proqramında mənbəyi və adları bəlli olmayan “tarixi sənəd­lərə istinadla” danışan aparıcı Fəridə Bəqai Qafqazın milli kimliyini təhrif et­mək, yaxud dəyişdirilmək cəhdlərinin ən azı yüz illik tarixə malik olduğunu ərz edir. “Avropalı yəhudilərin Azər­baycanda “pantürkizm”i, Sovetlər Bir­liyinin isə “panazərizm”i qurduğunu” iddia edən “araşdırmaçı-telejurnalist” bunları iki fərqli baxış kimi təsnifat­landırır. O, SSRİ dağılandan, bölgədə Qərbyönlü və “anti-şiə” hökuməti olan Azərbaycan Respublikası adında yeni hüquqi-siyasi vahidin formalaşmasın­dan sonra “panazərizm” məsələsinin məhz Qərb tərəfindən idarə olunduğu fərziyəsini irəli sürür. Guya, məhz sio­nist Qərbin siyasəti nəticəsində “pan­türkizm” və “panazərizm” bir-birinə uy­ğunlaşdırılıb. 

Daha çox daxili auditoriyaya hesab­lanmış “pantürkizm” və “panazərizm” tezislərini gündəmə gətirən “Səhər” TV bəs nədən “panfarsizm”in üzərin­dən sükutla keçir? Çünki rejimin özünə potensial təhlükə mənbəyi saydığı 40 miylonluq Azərbaycan türkünün bey­nini zəhərləməyə xidmət edən “pan­türkizm” və “panazərizm” moizələri şi­maldakılar üçün deyil, məhz cənubdakı bu kontingent üçün düşünülüb. Keçmiş Fars imperiyasının qaranlıq səhifələ­rindən boylanan “panfarsizm” isə bu­günki teokratik hakimiyyətdən ötrü o qədər də cəldbedici elmi-fəlsəfi, siyasi təmayül deyil. 

Dostumuzu da tanıdıq, düşmənimizi də 

“Pantürkizm” düşüncəsinin ilk dəfə avropalı yəhudilər tərəfindən ortaya atıl­dığını iddia edən aparıcı efirdən ərz edir ki, son illər Azərbaycan sionistlərə həd­dindən artıq yaxınlaşaraq, etnosentrizm bayrağı altında Qafqazın şiə və İslam kimliyini dəyişdirmək, tarixi-mədəni mi­rasını təhrif etməkdən ötrü səyləri daha da artırıb. Fəridə Bəqai deyir ki, apar­dığımız təhlillər müasir Azərbaycanda ötən əsrlərdən gəlmə yəhudi-millətçi ideyaların icrasının həyata keçirildiyini göstərir. Bu xüsusda “Kompas”ın apa­rıcısı təkcə peşə etikasını deyil, həm də siyasi həddini aşaraq İlham Əliyevin andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatını Azərbaycan üçün prioritet saydığını və azərbaycanlıların Türk dünyası ailəsinə mənsub olduğu­nu bildirməsini də sionizmə qulluq kimi təqdim edir. 

Bəli, Azərbaycan İsraillə diploma­tik əlaqələr qurub və iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bəlkə, rəsmi Bakı xarici siyasətini müəyyənləşdirərkən İranın Ali Dini Şu­rasından rüsxət istəməli idi? Qulaqları­nızı açıb yaxşı-yaxşı eşidin: Azərbay­can dövlətinin başçısı nəinki Tehranın özünə düşmən elan etdiyi İsraillə, hətta otuz il mübarizə apardığımız və sonda qalib gəldiyimiz işğalçı Ermənistanla da qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bəyan edib. Çünki, Azərbay­can bu məsələlərdə İİR kimi, dini-ideo­loji cəbhədən deyil, çağdaş dünyanın getdiyi sivil yoldan, tolerantlıq platfor­masından çıxış edir. Bizim onlardan əsas fərqimiz də bundadır. Yaxşı, “Kompas”ın aparıcısı efirdən üfürdüyü növbəti hədyanının qarşılığında ikinci sualımıza cavab versin: Türk Dövlətləri Təşkilatında təmsil olunan Azərbay­can böyük Türk ailəsinin, Turan Birliyi­nin üzvü olmayıb da, dünyada terroru dəstəkləyənlərin siyahısında adı keçən farsdillilər blokunamı qoşulsun? 

Torpaqlarımızın işğal altında inlə­diyi həmin otuz il ərzində dostumu­zu da tanıdıq, düşmənimizi də. İşğal dövründə fars-erməni ortaq işbirliyini, İsfahan tüccarlarının Qarabağda ta­lançılıq fəaliyyətini, Tehrandan İrəvana uzanan hər çeşiddə yardım karvanları­nı görsək də, abrımıza sığınıb susduq, qonşuluq münasibətlərini qoruyub sax­lamağa, nə qədər çətin olsa da, məkrə səmimiyyətlə cavab verməyə çalışdıq. Amma haylara “qardaş” deyən yaşıl əbalı “diplomatlar” bütün bunları gör­məzdən gələrək dindaşlarını heçə saydılar. Bu azmış kimi, tez–tez İİR-in hərbi-siyasi, eləcə də dini rəhbərliyinin dilindən ölkəmizin və xalqımızın ün­vanına aşağılayıcı, təxribat xarakterli, hədə-qorxu ilə “süslənmiş” bəyanatlar eşitdik. Daha bəsdir! 

Qorxunun yaratdığı suallar

“Səhər” TV-nin ruporu rolunu oyna­dığı Tehran rejiminin ən müxtəlif for­malarda ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı ultimativ çıxışlarının, digər tərəfdən isə Ermənistanla “qardaşlığı”nın şahidi olduq. Belə hədyanların yaxın qonşu­luq münasibətlərinə xələl gətirməsi bir yana, beynəlxalq hüququn, diploma­tik etiketin elementar tələblərinin belə gözlənilmədiyi şəksizdir. İran gah Er­mənistanın ərazi bütövlüyünü, gah da Zəngəzur dəhlizinin açılmasının müm­künsüzlüyünü bəhanə edərək açıq-ay­dın anti-Azərbaycan fəaliyyəti göstərdi. Əgər bu məsələlər, doğrudan da, Teh­ranı bu qədər narahat edirdisə, onda nəyə görə Azərbaycan ərazilərinin 30 il işğal altında qalmasına dözdü? 

“Səhər” TV-də Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhli­zin Ermənistanla Qarabağ arasında­kı “dəhlizlə” müqayisəsi isə yumşaq desək, uğursuz diplomatik gedişin, xəbis siyasətin təzahürü idi. Naxçıvan Azərbaycan ərazisidir və öz ərazisinə maneəsiz yolu təmin etmək onun təbii haqqıdır. Ermənistan isə Azərbaycanın daxilində olan erməni icması ilə “ma­neəsiz keçidə” cəhd edirdi. Cənubdakı şovinist məmurlar, yəqin ki, bu fərqi bil­məmiş deyillər. 

Proqramda yenidən sionizm möv­zusuna qayıdan aparıcı tamaşaçılara belə bir sual ünvanlayır: “Bəs, bu cür təfriqatçı ideyaları irəli sürənlərin əsas məqsədi nə idi?”. Ardınca ritorik sualını verir: “Niyə Avropada inteqrasiyadan, Yaxın Şərq və İslam dünyasında isə parçalanmadan söhbət gedir? Bu se­paratçı ideyaların gerçəkləşməsində azərbaycanlıların rolu nədən ibarət­dir?”. 

Belə məqamda deyirlər: “Adımı sənə qoyum, səni də yana-yana”. Bir də ki, qorxunun yaratdığı suallara ca­vab verməyə hacət yoxdur. Əslində, İranın dərdi nə sionizmdir, nə də İsra­il. Onun bir dərdi var: bölgədə özünün geosiyasi maraqlarını təmin etmək. Yəhudizm, sionizm kimi havadan qapı­lan mövzular isə əsl niyyəti və məramı pərdələmək üsulundan başqa bir şey deyil.

Bütün cəhdləriniz boşa çıxacaq!

Azərbaycanımızın dini və etnik zənginliyini heç cür qəbul edə bil­məyən “Səhər” TV kimi məzhəbçi –təxribatçı media ruporları unudurlar ki, şiəsi, əhli sünnəsi, türkü, talışı, ləzgisi, tatı, yəhudisi, molokanı ilə biz bütöv bir xalq – azərbaycanlıyıq! Azərbay­canda heç vaxt məzhəb ayrı-seçkiliyi aparılmayıb və əslində, bu, mümkün deyil. Ən azı ona görə ki, bu Vətənin torpağı onun uğrunda canını fəda edən müxtəlif dinlərə və milli azlıqla­ra mənsubların qanları ilə yoğrulub. Şərə xidmət edən “Kompas”ın məqsə­di isə sonadək ifşa olunacaq. Bilirik ki, “Səhər” TV-nin missiyası daxildə­ki casus şəbəkəsi vasitəsilə, guya, Azərbaycanda məzhəb probleminin olduğunu göstərmək, necə deyərlər, qaşınmayan yerdən qan çıxartmaq istəyidir. Buna imkan verilməyəcə­yik və bu yöndə bütün cəhdlər boşa çıxacaq. Necə ki, dövlətimizin xüsusi xidmət orqanlarının yüksək peşəkarlı­ğı, ayıq-sayıqlığı sayəsində fars reji­minə casusluq edən bütöv bir şəbəkə ifşa olundu. İndi ETTALAT tərəfindən zərərli, mövhumatçı dini təbliğatla be­yinləri yuyulmuş, pulla ələ alınmış ge­rizəkalı şəxslər, Azərbaycan əleyhinə casusluq edən xəfiyyələr bir-birinin ardınca ələ keçirlər. 

2023-cü il sentyabrın 20-dən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallığı hələ də həzm edə bilməyən İİR-in teokrat rejimi bundan o dərəcədə əndişələnib ki, az qala, bü­tün maraqlarının əlindən çıxdığını zənn edir. Tehran rejiminin yemlədiyi media­nın, “Kompas” kimi səmtini azmış proq­ramların məkrli ideoloji siyasəti heç bir halda müsbət sonluğa çatmayacaq. Zamanın təkərini geri fırlatmaq istəyən rejimlərin, sistemlərin mövcud olduğu müddətdə bu mücadilə daim davam edəcək. 

İmran BƏDİRXANLI
XQ

Siyasət