NATO baş katibinin Cənubi Qafqaz turnesi gərginliyi, yoxsa sülhü hədəfə alıb?

post-img

Yens Stoltenberqin regiona səfəri və mövcud reallıqlar

NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Qafqaz ölkələrinə sabah başlayacaq səfəri fonunda bir sıra məqamların vurğulanmasına ehtiyac var. Həmin məqamlar ətrafında söz açmazdan əvvəl bildirək ki, baş katibin səfər proqramı Azərbaycandan başlayacaq ki, bunun özü də kifayət qədər diqqətçəkən məqamdır. O, Bakıdan Ermənistana, sonra isə Gürcüstana yollanacaq. 

Qeyd edək ki, bir qayda olaraq, Qərbdən regiona səfərlər Gürcüstan­dan başlanıb Azərbaycanda bitir. Ona görə də Y.Stoltenberqin ənənəvi proqrama dəyişiklik etməsi diqqətdən yayınmaya bilməz. Hərçənd, sırf mövcud xüsusda hansısa siyasi nəticələr çıxarmaq da mümkün deyil.

Beləliklə, regional səfəri çərçi­vəsində Stoltenberq martın 18-də Azərbaycana səfəri çərçivəsində Xa­rici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənovla danı­şıqlar aparacaq. O, martın 19-da İrə­vanda olacaq, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. NATO-nun baş katibi elə həmin gün Tbilisiyə ge­dəcək. Gürcüstanda isə o, prezident Salome Zurabişvili və baş nazir İrak­li Kobaxidze ilə üz-üzə gələcək. Bu barədə məlumatı alyansın mətbuat xidməti yayıb. 

Səfər proqramında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yer almaması da diqqətçəkən məqamlar­dandır. Üstəlik, ölkəmizdə XİN rəhbəri və Müdafiə naziri ilə, Gürcüstanda və Ermənistanda isə prezident və baş na­zirlə təmas amili də var. 

Bəli, NATO baş katibinin Cənubi Qafqaz turnesi regiondakı vəziyyətin kifayət qədər gərgin olduğu bir za­man kəsiyinə təsadüf edir. Gərginlik deyərkən isə yada Azərbaycan və Ermənistan arasındakı durum düşür. Məlum olduğu kimi, Bakı–İrəvan sülh müqaviləsi nəinki imzalanmaq bilmir, eyni zamanda, yeni müharibə proq­nozları gündəmə gəlir. NATO belə bir duruma müdaxilə edə bilərmi?

Əlbəttə, müdaxilə dedikdə məsələ heç də onda deyil ki, Şimali Atlantika Alyansı dövlətlərdən birinin tərəfini saxlayacaq. Hərçənd, NATO-nun bir Qərb strukturu olduğunu nəzərə alsaq, durumun daha da gərginləşəcəyi təq­dirdə, onun hansı mövqe tutacağını ehtimal etmək mümkündür. 

Ancaq bir məqam da var ki, hazır­da alyans Qərbin anti-Rusiya kökləni­şində bilavasitə iştirakçı ampluasında deyil. Əlbəttə, hazırda Rusiya – Ukray­na müharibəsində ikincinin tərəfində NATO-nun döyüş sistemlərinin müba­rizə apardığını vurğulamalıyıq. Deməli, alyans bilavasitə Rusiyaya qarşı mü­barizənin içindədir. 

Hazırda Qərb Cənubi Qafqazı da anti-Rusiya dirənişinin növbəti cəbhə­sinə çevirməkdə israrlıdır. Bu istəyin müxtəlif siyasi təzahür formalarını gö­rürük. Ermənistanın Fransa tərəfindən silahlandırılması fonunda isə mövcud trayektoriyadakı hərbi-siyasi motivlər ön plana çıxır. Yəni, Y.Stoltenberqin səfəri məhz belə bir durumda gerçək­ləşir. 

Digər tərəfdən, NATO baş katibinin region turnesi Ermənistan – Avropa İtti­faqı əməkdaşlığının yüksələn xətt üzrə inkişafını tapdığı bir dövrə təsadüf edir. Erməni mediasının məlumatına görə, mövcud istiqamətdə yeni sənəd hazır­lanır və bununla bağlı işlərin iyul ayına qədər başa çatdırılması planlaşdırılır. Məlumatı Ermənistanln xarici işlər na­zirinin müavini Paruyr Hovhannisyan Milli Assambleyanın Avropaya inteqra­siya daimi komissiyasının iclasında da təsdiqləyib. Onun sözlərinə görə, “Er­mənistan – Aİ Hərtərəfli və Genişləndi­rilmiş Tərəfdaşlıq Sazişi”nin tam yerinə yetirilməsi halında, birinci Aİ üzvlüyünə hazır namizəd ölkə statusuna malik olacaq. Eyni zamanda, Aİ-nin faktaraş­dırıcı missiyasının Ermənistanda ötən ilin noyabrındakı fəaliyyətinin nəticəsi olaraq ortaya çıxmış yeni əməkdaş­lıq istiqamətləri üzrə də proqramlar hazırlanır. “İndi bu iki proses və siya­si yaxınlaşmamızın ifadəsi ilə yanaşı, yeni sənəd hazırlanır. Ermənistan – Avropa İttifaqı Tərəfdaşlıq Şurasında və digər işçi səviyyələrdə sənədə dair bəzi məsələlər müzakirə olunub. Biz may ayında yeni layihəni alacağımızı gözləyirik, o, yəqin ki, iyul ayına kimi qəbul olunacaq”, – deyə Hovhannis­yan bildirib.

Məlum olduğu kimi, Qərb dünyası Cənubi Qafqaza vahid orqanizm kimi yanaşır. Bununla bağlı baxışlar indinin söhbəti deyil. Vaxtilə “Qafqazın beni­lüksü” kimi bir strategiya hazırlanmışdı. Sənədin məğzi hər üç Cənubi Qafqaz ölkəsini eyni anda Avropa Birliyinə daxil etməyə hesablanmışdı. Lakin o zamanlar Azərbaycanın torpaqları iş­ğalda idi. Ölkəmiz işğal amilini qabar­danda isə ona verilmiş cavabın məz­munu belə olurdu: Avropa ailəsində sərhəd anlayışı yoxdur. Yəni, avropa­lılar üçün Qarabağın Ermənistanın və yaxud Azərbaycanın tərkibində olması heç bir əhəmiyyət daşımırdı. Region vahid iqtisadi orqanizm kimi nəzərdə tutulurdu. Belədə sual yaranırdı: ərazi amilinin heç bir əhəmiyyəti yoxdursa, nə üçün Qərb dünyası Ermənistanı tor­paqlarımızı geri qaytarmağa razı sala bilmirdi?

Əlbəttə, belə kosmopolit baxış ölkəmizi qane edə bilməzdi. Qarabağ müstəvisində sonrakı proseslər, o cümlədən, 44 günlük müharibə Qər­bin planlarına, qətiyyən, daxil deyildi. Üstəlik, hazırda haqqında söz açdığı­mız anti-Rusiya dirənişi var. Bu dirə­niş fonunda qütbləşmənin şahidiyik. Ermənistanın tərəfi bəllidir. Paşinyan administrasiyası üzünü tamamilə Qər­bə çevirib. Gürcüstan Avropaya vizasız gediş-gəliş hüququna malikdir. Ölkə, faktiki olaraq, Aİ ailəsinin tamhüquqlu üzvünə çevrilmək yolundadır. Ermə­nistanın bu ailə ilə yaxınlaşması isə Qərb – Rusiya ziddiyyətləri fonunda yaşanan prosesdir. 

Yeri gəlmişkən, Gürcüstanla Rusiya arasında da ərazi problem var. Söhbət Abxaziya və Cənubi Osetiyadan gedir. Hər iki bölgədə rusyönümlü separatçı qurumlar fəaliyyət göstərirlər. Onların mövcudluğu Gürcüstanın suveren əra­zilərinə qəsbdir. Qərb dairələri məhz bunu əsas götürərək rəsmi Tbilisini Moskvaya qarşı çıxmağa vadar edən fikirlər səsləndiriblər. Lakin Gürcüstan hakimiyyəti Qərbin boş dəstək vədli təhrikinə əhəmiyyətsiz yanaşıb. O da görünür ki, rəsmi Tbilisi Ukraynanın hazırkı aqibətindən nəticə çıxarıb. 

Sonda onu da bildirək ki, Azərbay­canın müstəqil xarici siyasət kursu reallaşdırdığı təqdirdə, Ermənistanın üzünü tamamilə Qərbə çevirməsi para­doksal durum formalaşdırıb. Gürcüsta­nı suveren ərazilərini özünə qaytarmaq üçün Rusiya ilə müharibəyə sövq edən Qərb dünyası Cənubi Qafqazdakı an­ti-Rusiya dirənişinin erməni seqmentini Azərbaycana qarşı ərazi iddiası motiv­ləri ilə bəsləyir. Deməli, Y.Stoltenberqin Cənubi Qafqaza səfəri məhz belə bir dövrə təsadüf edir. Belə bir durumda alyans rəhbərinin səfərinin hansı nə­ticələr doğuracağı maraq doğurmaya bilməz. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət