“Paşinyan “miatsum” düşüncəli siyasilərdən qurtulmalıdır”

post-img

Tanınmış siyasi şərhçi Ermənistan iqtidarını Qərbdən idarə olunan oyuncaq qurum adlandırdı

Son dörd ayda şərti sərhəddə davam edən sakitlik məhz Ermənistanın təqsiri üzün­dən pozuldu. İki ölkə arasında yekun sülhə doğru yeni hərəkətliliyin başlandığı in­diki həssas mərhələdə Ermənistan ordusunun hərbi təxribatı müəyyən suallar do­ğurmaqla yanaşı, Bakını öz mövqeyində korrektələrə sövq edə bilərmi? Bəs, İrəvan süni şəkildə yaratdığı hərbi-siyasi gərginlikdən hansı dividendləri qazanmağı düşü­nür? “XQ”-nin bu və digər aspektlərdə olan suallarını siyasi şərhçi Orxan Amaşov cavablandırır.

– Orxan bəy, şərti sərhəddə törə­dilən təxribatdan sonra bəzi media subyektlərində Ermənistanın siyasi is­teblişmentində fikir ayrılıqları barədə məlumatlar yer alıb. Bu hadisəni göz­lənilən sülhə ikili yanaşmanın səbəbi kimi qəbul etmək olarmı?

– Əvvəlcə onu deyim ki, sərhəddə baş verən istənilən xoşagəlməz insident, miq­yasından asılı olmayaraq, sülh prosesini baltalamaq deməkdir. Avropa İttifaqının adı mülki, əslində, kəşfiyyat xarakterli mis­siyasının sülhə heç bir yardımı və fayda­sı yoxdur. Hətta, bəzi baxış bucaqlarına görə, bu missiya Ermənistanı şərti sərhəd boyu qısa, revanş hərəkətlərinə təhrik edə bilər. Bu, çox təhlükəli haldır. Bir az öncə Fransa jandarmeriyasının nümayəndə­si orada idi və Çexiya vətəndaşının şərti sərhəddə saxlanılması ilə bağlı hadisə də bizə məlumdur. Elə bu faktın özü onu göstərir ki, Ermənistanda ordunun daxi­lində revanşizm meyilləri ciddi şəkildə qalmaqdadır. Bəlkə də Nikol Paşinyanın özünün tam nəzarətə götürə bilmədiyi böl­gələrdə bu meyillər hələ də özünü göstərir. Baş nazirin dilindən sülhə çağırışların səs­lənməsinə, sülh sazişinin tezliklə imzalana biləcəyi yöndə açıqlamaların eşidilməsinə baxmayaraq, aşağı eşalonda, misal üçün, Edmon Marukyan, hətta Ararat Mirzoya­nın özünə, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda Ermənistanı təmsil edən bəzi şəxslərin davranışlarına diqqət yetirsək, görərik ki, açıq-aydın “miatsum” fəlsəfə­sinin daşıyıcıları olan erməni siyasilərin sayı kifayət qədərdir. Ermənistan hakimiy­yəti bu düşüncəli kadrlardan qurtulmalı, konstitusiyasını dəyişməli, özünün xarici siyasət aparatında böyük təmizləmə işləri aparmalıdır. Nəhayət, Azərbaycanı inan­dırmalıdır ki, onlar “miatsum” ideologiya­sından əl çəkiblər. Təəssüflər olsun ki, bu addımlar atılmadıqca problemlər də qal­maqda davam edəcək. 

– Yəni, tərəflər arasında sülhün əldə olunması yolunda əngəllər qalmaqda­dır. Sizcə, Ermənistan Azərbaycanla hansı xarakterli sülhə nail olmağa ça­lışır? 

– Ermənistan şərti sərhəd boyu cərə­yan edən hadisələr barədə məlumatsız olduğunu söyləyir. Belə təsəvvür yaranır ki, Ermənistan özünün şərti sərhədinə nəzarət edə bilmir. Bu, məsələnin birinci tərəfidir. Digər tərəfi ondan ibarətdir ki, son dörd ayda, yəni, sentyabrın 20-dən sonra­kı dövr ərzində həm Azərbaycan, həm də Ermənistan münaqişə tarixinin ən sakit və normal mərhələsini yaşayırlar. Ümid edirəm ki, üç gün əvvəl şərti sərhəddə baş vermiş hadisə həmin mərhələnin xarakte­rini dəyişməyəcək. Daha doğrusu, sistemli xarakter almayacaq. Amma Paşinyanın Böyük Britaniya nəşrinə məlum müsahi­bəsində səsləndirdiyi və daxili publikaya hesablanmış tezislər, eləcə də tarixin ge­dişatını dəyişə bilməklə bağlı aşağı da­irələrdə müəyyən illüziyalar mövcuddur. Onların əsas niyyəti odur ki, sülh müqa­viləsinə aparan proses Azərbaycanın istə­yinə uyğun olmasın. Biz tez-tez deyirik ki, Ermənistan sülhdən qaçır, əslinə qalanda, İrəvan sülhdən deyil, bizim istədiyimiz sülh müqaviləsindən yayınır. Onlara təqribən belə bir sülh lazımdır ki, ərazi bütövlüyü ilə bağlı bütün məsələlər dəqiqləşsin. Amma sərhədimiz delimitasiya olunmadığından bu məsələ hələlik açıq qalır. Digər tərəf­dən çalışırlar ki, Bakı ilə imzalayacaqları sənəddə Zəngəzur yolu üzərində Rusiya­nın nəzarəti olmasın. Həm də delimitasiya məsələsində prosesə təminatçı qismində üçüncü tərəfi qoşmağa çalışırlar. 

– Onlar üçüncü tərəf qismində kimi görmək istəyirlər?

– Təbii ki, Avropa İttifaqının həmin mül­ki missiyasını bu statusda görmək istəyər­lər. Xüsusi olaraq Fransanın iştirakını arzu edə bilərlər. Nikol Paşinyanın özü reallığı tam dərk etsə də, Avropa ölkələrinin pay­taxtlarından gələn kəşfiyyatçılar onu inan­dırmağa çalışırlar ki, Azərbaycan–Ermə­nistan münasibətlərində Bakının xeyrinə olan balansı dəyişdirə bilən hansısa bir hadisə baş verməlidir. Misal üçün, mini əməliyyat. Tutalım, 2021-ci ilin may ayın­da biz şərti sərhədimizi gücləndirmişik. İndi onlar həmin ərazilərdə qısamüddətli hərbi əməliyyat keçirməklə Azərbaycanı fakt qarşısında qoymağa çalışırlar. Bəli, Paşinyanı buna təhrik edə bilərlər. Bu isə aydın məsələdir ki, sülh prosesinin dina­mikasını poza bilər. Sülh dinamikasını pozan digər amillər də var. Əlbəttə ki, biz Qarabağla bağlı problemi həll edəndən sonra sülhün qarşısını kəsən əsas maneə aradan götürüldü. Amma həllini gözləyən əlavə məsələlər də var. Məsələn, Ermə­nistan konstitusiyası ilə bağlı məsələlər...

– Söhbət Ermənistanın baş qanu­nunda Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı maddələr­dən gedirmi? 

– Bəli, 2022-ci ilin oktyabrında Praqa­da qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını razılaşandan sonra Ermə­nistanın BMT-dəki nümayəndəsinin mü­raciətlərinə, Avropa İnsan Haqları Məh­kəməsinə göndərdiyi məktublara baxın. Ərazi ilə bağlı suallara belə cavab verirlər ki, guya, həmin ərazi “Artsax respublika­sı”nın ərazisidir. Bir tərəfdən ərazi bütöv­lüyümüzü tanıyırlar, digər tərəfdən isə “Artsax respublikası”ndan danışırlar. Bu, onu göstərir ki, İrəvan tərəfdən səmimiy­yət yoxdur, üstəlik, şərti sərhəddə bu cür təxribatlar törədirlər, deməli, sülhə aparan yol bizə göründüyündən daha uzundur. 

– Maraqlıdır ki, bir neçə gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin say­tından “Dağlıq Qarabağ” adında, hətta 44 günlük müharibə ilə bağlı seqment ləğv olunub. Ardınca avromissiyanın monitorinqini apardığı şərti sərhəddə məlum təxribat. Rəsmi İrəvan bununla nəyə nail olmağa çalışır? 

– Avropa İttifaqının missiyasının orada olması Azərbaycan və Ermənistan arasın­da sülh prosesinə xidmət etmir. Məqsəd Aİ-nin Ermənistanda güclənməsinə, Rusi­yanın tədricən zəifləməsinə nail olmaqdır. Bizim üçün bunun heç bir faydası yoxdur. İlk dəfə ikiaylıq missiya təşrif buyuranda bizə də demişdilər: Gəlin sərhəddə sabit­lik yaradaq ki, sülh müqaviləsini imzalaya biləsiniz. Missiyanın hansı sabitliyə nail ol­duğunu indi görürük. Paşinyan isə bundan düzgün istifadə etmədi, missiya gələndən sonra Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərdən da­nışmağa başladı. Baxmayaraq ki, keçən ilin sentyabrın 20-dən etibarən bu mövzu gündəlikdən çıxarılıb. Burada iki məqam var. Paşinyan öz ölkəsini sülhə hazırlayır. Onun 2021-ci ilin dekabrında danışıqları­na fikir versəniz, görərsiniz ki, deyir: Qa­rabağ, onsuz da, Azərbaycanın idi, bunu qəbul etmirdik, amma o zaman belə olma­lıydı. Yəni, bunda məni günahlandırmayın, təqsir məndən əvvəlkilərdə – Koçaryanda, Sarkisyandadır ki, xalqı aldadıblar. 

O, hətta bir dəfə dedi ki, 2016-cı ildə “Artsax respublikası” artıq yox idi. Onu da görürdük ki, Paşinyandan bir ritorika gəlir, amma onun diplomatları fərqli rito­rikada danışırlar. Sentyabrın 20-də xalqa müraciətində Nikol Paşinyan bəyan etdi ki, Qarabağdakı ermənilərin həyatına təhlükə olduğunu düşünmürük. Üstündən bir neçə gün keçəndən sonra Ararat Mir­zoyan BMT-də çıxışında Qarabağda “et­nik təmizləmə”dən danışdı. Sonra ortaya çıxır ki, guya Mirzoyan Paşinyana nisbət­də olduqca müstəqil fiqurdur. Mən belə düşünmürəm. Bu, koordinasiya olunmuş prosesdir. 

– Demək istəyirsiniz ki, Ermənistan iqtidarında fərqli mövqedən çıxışlar Qərbdən idarə olunan ssenarinin tərkib hissəsidir və onların hamısı əlbirdir...

– Əlbəttə, proses koordinasiya olu­nur. Biz qətiyyən güman etməməliyik ki, Armen Qriqoryan, yaxud Ararat Mirzoyan müstəqil fiqurlardır. Guya onlar Paşinya­na qarşı yeni hansısa siyasi düşərgəni formalaşdıracaqlar. Ermənistan parla­mentli respublika olsa da, sadəcə, adı belədir. Bəli, parlament seçkilərində çox­luğu qazanan partiyanın rəhbəri ölkənin baş naziri olur. Amma bu ölkədə siyasi idarəetmə sistemi superprezidentliyə bənzəyir. Onlarda Silahlı Qüvvələrin Ali Baş Komandanı baş nazırdır. Özünün müavinlərini, səfirləri də baş nazir tə­yin edir. Yəni, prezident simvolik fiqur­dur. Bəzən kənar müşahidəçilərdə belə təsəvvür yarana bilər ki, axı, parlamentli respublika daha liberaldır. Bəli, kənardan prezident üsuli-idarəli dövlətdən daha mütərəqqi görünə bilər. Amma Paşinyan baş nazirdən daha çox prezident kimi davranır. Bu baxımdan hər şey onun nəzarəti altındadır. Düşünürəm ki, diplo­matların fəaliyyəti də Paşinyan tərəfin­dən tənzimlənir. O, buqələmun xarakterli oyunçudur. Özü bir söz deyir, başqalarına isə ayrı sözü deməyi tapşırır. Fəqət Nikol Paşinyanın hərəkət trayektoriyasına bax­saq görərik ki, o, Azərbaycanın müəyyən etdiyi çərçivədən kənara çıxa bilmir. 

– Bu da faktdır ki, ictimai rəy sor­ğusu Paşinyanın əhali arasında reytin­ginin xeyli aşağı düşdüyünü göstərib. Necə bilirsiniz, bu da ictimai rəylə ma­nipulyasiya oyununun bir hissəsidir­mi? 

– Paşinyanın reytinqi doğrudan da, düşüb. Sadəcə eniş kritik səviyyəyə çat­mayıb. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə Paşinyanın nəzarətindəki siyasi qüvvələrdən kənardakı qüvvələr o dərə­cədə populyarlığa malik deyil. Baş nazirin üç il əvvəkli seçkilərdəki qələbəsinin sə­bəbi də onun şəxsi populyarlığının yük­sək olması deyil, rəqiblərinin çox geridə qalması idi. Həmin xətt bu gün də davam edir. Həqiqətən də, Paşinyan koalisiyası­na daxil olan qüvvələrin içərisində ondan üstün siyasi fiqur yoxdur. Zənn etmirəm ki, müxalif düşərgədəki nə Koçaryan, nə Sarkisyan, yaxud Daşnaksütyun Partiya­sının siyasi fiqurlarının hansısa biri ona tay olsun. Ermənistan cəmiyyəti baş na­ziri sevmir, amma digərlərinə nifrəti o qə­dər böyükdür ki, ...bu səbəbdən də Nikol Paşinyan hakimiyyətdə qalmağı bacarır. 

Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ



Müsahibə