Səmərqənddə “Təbiət sərhəd tanımır” devizi altında tədbir keçirilib

post-img

Səmərqənd şəhərində BMT-nin Vəhşi Heyvanların köçəri növlərinin Mühafizəsi haqqında Konvensiyasına daxil olan tərəflərin konfransının 14-cü iclası keçirilib. 

“Təbiət sərhəd  tanımır” devizi altında keçirilən tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, 100-dən çox dövlətin təmsilçiləri, bu sahənin  ekspertləri iştirak edib. 

İclasda Özbəkistanın baş naziri Abdulla Aripov dövlət başçısı Şavkat Mirziyoyevin tədbir iştirakçılarına müraciətini oxuyub. 

Müraciətdə deyilir ki, köçəri heyvanlar, o cümlədən quşlar planetin ekosisteminin ayrılmaz tərkib hissəsidir. İndi onlar yaşayış yerlərinin məhv edilməsi, iqlim dəyişkənliyi və brakonyerlik kimi problemlərlə üzləşirlər. Bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacib  amillərdəndir.  

Tədbirin açılışında Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini, BMT-nin ətraf mühitin mühafizəsi üzrə Proqram direktoru İnqer Andersen, Qlobal Ekoloji Fondun Baş direktoru Karlos Rodriqes, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının direktoru Qretel Aqilar və digər şəxslər çıxış edib. 

Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişkənliyi naziri Əziz Abduxakimov öz çıxışında bu sahədə Özbəkistan hökumətinin apardığı siyasət haqqında məlumat verib, gələcək planlardan danışıb. O  deyib ki, ölkədə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir. Ölkədə mühafizə olunan ərazilərin sahəsinin altı milyon hektara çatdırılması istiqamətində işlər görülüb, ildə 200 milyon ting əkilməsi və Aralın ekosisteminin yaxşılaşdırılmasını nəzərdə tutan ümumrespublika layihəsinə start verilib. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Səmərqənd

 





Ekologiya