Azərbaycan növbəti dəfə demokratik seçki nümunəsi göstərəcək

post-img

Müsahibimiz Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarovadır 

– Arifə xanım, növbədənkənar Prezi­dent seçkilərində prezidentliyə namizəd­lərin müəyyənləşməsi prosesi başa çatıb, namizədlər arasında mübarizəyə start verilib. Seçkilərdə əsas məsuliyyət və səla­hiyyət sahibi olan Mərkəzi Seçki Komissi­yası seçki kampaniyasının bundan sonrakı mərhələsində hansı məsələlərə daha çox diqqət yetirəcək?

– Mərkəzi Seçki Komissiyasının 2023-cü il 8 dekabr tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seç­kiləri 2024-cü il fevralın 7-nə təyin edilib. 2023-cü il dekabrın 9-dan namizədliyin irəli sürülməsi prosesi başlanıb. Ötən dövrdə 17 nəfərdən 5-nin prezidentliyə namizədliyi si­yasi partiya tərəfindən, 12-si isə öz təşəbbüsü ilə irəli sürülüb. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsində nəzərdə tutulmuş müd­dətdə və qaydada müvafiq araşdırma aparıb, həmin subyektlərin hər birinin müraciətini təmin edərək onların namizədliklərini təsdiq edib. Daha sonra namizədin müdafiəsi üçün imzaların toplanılması məqsədilə onlara la­zım olan saydan artıq imza vərəqələri verilib, lakin prezidentliyə iddialı olanlardan yalnız 7 nəfər, yəni 5-i siyasi partiya, 2-si isə öz təşəb­büsü ilə irəli sürülən namizədlər tələb olunan imzaları toplayıb və imza vərəqələri ilə bir­likdə digər sənədləri də MSK-ya təqdim edib. 

Komissiya qanunda nəzərdə tutulmuş qaydada həmin sənədləri araşdırdıqdan sonra namizədləri qeydə alıb və artıq seçki kam­paniyasının namizədliyin irəli sürülməsi və qeydə alınması mərhələsi başa çatıb. 

Seçki prosesinin önəmli mərhələlərindən biri namizədlərin təşviqat kampaniyasıdır. Qanunvericiliyə görə bu proses səsvermə gü­nün, ən azı, 23 gün qalmış başlayır və səsver­mənin başlanmasına 24 saat qalmış dayandı­rılır. Namizədlərin təşviqatı qanunvericiliyin tələbləri əsasında müxtəlif üsullarla həyata keçirilir. Bu üsullara televiziya, radio, media vasitələri, kütləvi tədbirlər daxildir.

Seçki Məcəlləsinin tələbinə görə, na­mizədlər ölkə ərazisində yayımlanan tele­viziya və radiolarda həftədə 6 saat pulsuz təşviqat aparacaqlar. Təbii ki, bu prosesi MSK-da yaradılmış püşkatma komissiyası müəyyənləşdirəcək. Media vasitələrində isə təşviqat həmin qəzetlərlə namizədlərin səla­hiyyətli nümayəndələri arasında razılaşdırıl­mış şəkildə püşkatmadan sonra başlana bilər. Bu sahə üzrə də MSK-da ciddi hazırlıq işləri görülür. 

Artıq seçkiqabağı təşviqat tədbirləri çər­çivəsində görüşlər üçün şəhər və rayonlarda 125 seçki dairəsi üzrə 139 açıq, 139 qapalı yer müəyyənləşdirilib və həmin siyahı artıq mətbuatda dərc edilib. Prezidentliyə qeydə alınmış namizədlər və namizədləri qeydə alınmış siyasi partiyalar həmin yerlərdən bə­rabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bu məqsədlə digər yerlərdən də qanunverici­liyə uyğun şəkildə istifadə etmək mümkün­dür. Ümumiyyətlə isə təşviqatın qanunve­riciliyin tələblərinə uyğun keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası üzərinə düşən bütün vəzifələri qanunda nəzərdə tutulmuş qaydada və müddətdə yerinə yetirir.

– Seçkilərdə “exit-poll”ların keçiril­məsi, beynəlxalq və yerli müşahidəçilərin iştirakı diqqət çəkən məqamlardandır. Növbədənkənar Prezident seçkisinə mü­şahidəçilərin böyük maraq göstərəcəyi də istisna deyil. Bu sahədə vəziyyət necədir?

– Seçkilərdə şəffaflığın təmin olunması məqsədi ilə həm yerli, həm də beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələri üçün MSK hərtərəfli şərait yaradıb. Hazırda həm MSK-da, həm də müvafiq dairə seç­ki komissiyalarında müşahidəçilərin qeydə alınması prosesi davam edir. Seçki qanunve­riciliyinin tələbinə görə, “exit-poll” keçirmək istəyən təşkilatlar səsvermə gününə, ən azı, 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına müraciət etməlidirlər. Komissiya isə səsver­mə gününə 10 gün qalmış onları qeydə alır. 

Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc edildikdən sonra vətəndaşlar, si­yasi partiyalar və seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları müşahidə aparmaq hüququnu əldə etmək üçün müva­fiq seçki komissiyalarına müraciət edirlər. Respublika üzrə müşahidə aparmaq istəyən subyekt MSK-ya müraciət edir, komissiya­dan lövhəcik alır və ölkə üzrə müşahidə apar­maq hüququ əldə edir. 

Seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyində olan subyektlər isə müva­fiq dairə seçki komissiyalarına müraciət et­məlidirlər. Belə müşahidəçilər yalnız həmin dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrində müşahidə aparmaq hüququ­na malikdirlər. Onlar digər seçki dairəsinin məntəqələrində müşahidə apara bilməzlər. 

Seçkilərin keçirilməsi haqqında qərar dərc edildikdən sonra müşahidəçi olmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edənlərin ardı-arası kəsilmir. Eləcə də bey­nəlxalq müçahidəçilərin sayı dürmadan artır. İndiyə qədər qeydiyyatdan keçən müşahidə­çilərin sayı 25 mindən artıqdır. Bu qaydada davam etsə, müşahidəçilərin sayı daha çox olacaq. 

Ümumiyyətlə, növbədənkənar prezident seçkiləri beynəlxalq aləmdə böyük əks-səda doğurub. Bu da ölkəmizin qısa müddətdə dünya birliyində böyük nüfuz qazanması, xü­susilə, Vətən müharibəsində əldə etdiyi par­laq Qələbə və ötən ilin sonunda Qarabağda aparılan bir günlük antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün tam təmin olun­ması ilə əlaqədardır. Gündəlik məlumatlara əsasən, həm yerli, həm də beynəlxalq müşa­hidəçilərin sayı getdikcə artır. 

– Son 30 ildə ilk dəfədir ki, seçkilər Azərbaycanın bütün ərazilərini əhatə edə­cək. İşğaldan azad edilmiş ərazilərdə seç­kiqabağı hansı işlər görülüb?

– Əslində, bu suala cavab verməyin özü çox qürurvericidir. Xalqımızın böyük sə­birsizliklə gözlədiyi gün nəhayət, yetişdi. Ermənilərin 2 əsrlik düşmənçilik siyasətinə son qoyuldu və 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad edildi. Artıq keçmiş məcburi köçkün olan soydaşlarımız doğma ata-baba yurdlarına qayıdırlar. Həmin ərazilərdə hər cür şəraiti olan mənzillər tiki­lib soydaşlarımıza verilir. Bu, əlbəttə, hər bir azərbaycanlıda qürur yaradır. 

Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazisin­də keçiriləcək. Doğma yurdlarından didərgin salınmış soydaşlarımız vaxtilə məskunlaş­dıqları ərazilərdə seçkilərdə iştirak ediblər, səs veriblər. Amma növbədənkənar prezident seçkilərində onların öz doğma ata-baba yurd­larında səs vermələrinin təmin edilməsi unu­dulmaz tarixi hadisədir. Mərkəzi Seçki Ko­missiyanın səsvermənin yeri və vaxtı barədə müəyyənləşdirdiyi bildirişdə işğaldan azad edilmiş ərazilərin adının olması qürurverici haldır. Hətta bu bildirişlər vasitəsilə işğaldan azad edilmiş ərazilərdə, dədə-baba yurdların­da səs verəcək soydaşlarımızı təbrik də etdik. 

İşğaldan azad edilmiş ərazilərimizdə 26 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələr çox yüksək səviyyədə lazımi avadanlıq və lə­vazimatla təchiz edilib. Qürurverici məqam­lardan biri də odur ki, həmin ərazilərdə yara­dılan seçki məntəqələri digərlərinə nisbətən daha yaxşı məkanlarda yerləşməklə, tam təminatlıdır və seçicilərin səsverməsi üçün əlverişli səratdə fəaliyyət göstərəcək. Çünki həmin məntəqələr hər cür infrastrukturu olan yeni binalarda yaradılıb. Bir daha vurğula­maq istəyirəm ki, Mərkəzi Seçki Komissiyası həmin məntəqələrə xüsusi diqqət yetirir. Bu­nun nəticəsidir ki, seçki ilə bağlı bütün tex­niki avadanlıqlar və müvafiq sənədlər həmin məntəqələrə vaxtında çatdırılır. 

Fevralın 7-də keçiriləcək seçkilərdə bu ərazilərdəki seçki məntəqələri təkcə yer­li yox, həm də beynəlxalq müşahidəçilərin diqqət mərkəzində olacaq. Məntəqələrdə mü­şahidə aparmaq qanunauyğun şəkildə təmin olunduğu üçün beynəlxalq müşahidəçilər istədikləri vaxt həmin məntəqələrə gedib pro­seslə tanış ola biləcəklər.

– Seçkinin mütəşəkkil keçirilməsində, şübhəsiz, maarifləndirmənin rolu böyük­dür. Bu sahədə görülən işləri necə qiymət­ləndirərdiniz? 

– Seçkilərin azad, ədalətli, insidentsiz keçirilməsində və şəffaflığın təmin olunma­sında maarifləndirmənin xüsusi rolu var. Bu məsələ daim MSK-nın diqqət mərkəzində­dir. Hər dəfə seçki ərəfəsində geniş maarif­ləndirmə tədbirlərinin keçirilməsinə xüsusi önəm verilir. İndiyə qədər müxtəlif mövzu­larda xeyli maarifləndirilmə tədbirləri keçi­rilib. Növbədənkənar prezident seçkilərinin daha səmərəli keçirilməsi üçün reallaşdırı­lan mühüm maarifləndirmə layihələrindən biri MSK-nın Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində keçirilən və seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminarlardır. 

Yanvarın 8-də Bakıda, 10-da isə eyni vaxtda Gəncə, Naxçıvan, Şəki və Şirvanda gerçəkləşdirilən tədbirlərin başlıca hədəfi seçki mübahisələrinin həlli istiqamətində dairə seçki komissiyalarının məlumatının artırılması, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi idi. Bakıda la­yihənin açılışında və ilk seminar-müşavirədə MSK sədri və Ali Məhkəmənin sədri giriş nitqi söylədilər.

MSK üzvləri və Katibliyin struktur böl­mələrinin əməkdaşları, region üzrə apellyasi­ya məhkəmələrinin sədr və hakimləri, eləcə də dairə seçki komissiyaları sədrlərinin işti­rakı ilə keçirilən tədbirlərdə MSK, Ali Məh­kəmə və regional apellyasiya məhkəmələrin­dən olan təmsilçilərin seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzularda təqdimat və çıxışları dinlənildi. Belə tədbirlərin keçirilməsinin effektlivliyi seçkilər keçirilən zaman daha qabarıq görü­nür. 

MSK-nın ekspert qrupunun üzvləri Hüquq və İnsan Haqları İnstitutu ilə birgə Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı və Naxçıvanda dairə seçki komissiyalarının eks­pertləri üçün seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan regional seminarlar da keçirdi. Seminarlar­da vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərar­lardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatı­nın artırılması, bilik, bacarıq və işgüzar vər­dişlərinin daha da təkmilləşdirilməsi diqqət mərkəzində oldu. 

Daxili İşlər Nazirliyi ilə birlikdə keçi­rilən tədbirin də əhəmiyyətini qeyd etmək istərdim. MSK Daxili İşlər Nazirliyi ilə birgə yanvarın 9-dan etibarən Bakı, Gəncə, Şəki, Şirvan və Naxçıvanda müvafiq olaraq polis əməkdaşları üçün regional seminar-müşa­virələr keçirdi. Layihə seçki prosesində po­lisin xidməti fəaliyyətinin daha da təkmilləş­dirilməsi məqsədi daşıyırdı. Həmin tədbirdə polisin seçki günü üzərinə düşən vəzifənin icrasından söhbət getdi. Qanunvericilik seç­ki ilə bağlı hər bir orqanın üzərinə müvafiq vəzifələr qoyub. 

Çalışırıq ki, hər dəfə seçki keçirilən­də maarifləndirmə tədbirləri çərçivəsin­də hüquq- mühafizə orqanı əməkdaşları ilə müvafiq tədbirlər həyata keçirək. Seçki Məcəlləsinin tələbinə görə, polis səsvermə məntəqəsindən 100 metr kənarda olmalıdır. Əgər sçeki məntəqəsində yaranmış müba­hisəni məntəqə seçki komissiyasının sədri aradan qaldıra bilmirsə, o zaman yaxınlıqda olan polis əməkdaşı məntəqə seçki komissi­yası sədrinin dəvəti ilə məntəqəyə daxil olur. 

Bununla belə, polis səsvermə günü seçki məntəqəsinə ancaq seçici kimi daxil ola bilər. Başqa halda, polisin seçki məntəqəsinə daxil olub nəzarət etməsi qanunla qadağandır. Təd­birdə səsvermədən sonrakı dövrdə seçki bül­letenlərinin və digər seçki sənədlərinin dairə seçki komissiyasına və MSK-ya gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülmə­sindən də bəhs olunub.

Hazırda maarifləndirmə tədbirləri davam edir. Bu günlərdə Xarici İşlər Nazirliyi ilə birgə tədbirimiz nəzərdə tutulub. Bildiyiniz kimi, növbədənkənar prezident seçkilərində xaricdə yaşayan seçicilərimiz – həmvətənlə­rimiz səsvermə hüququndan istifadə etməli­dirlər. Bu məqsədlə xarici ölkələrdəki səfir­liklərdə, konsulluqlarda seçki məntəqələri təşkil edilir. 

Səhiyyə Nazirliyi ilə də birlikdə maa­rifləndirmə tədbiri keçirməyi planlaşdırırıq. Xəstəxanalarda, pansionatlarda, sanatoriya­larda seçki məntəqələri yaradılıb. Digər bir tədbirimiz isə Ədliyyə Nazirliyi ilə birgə ola­caq. Çünki qanunla cəzaçəkmə müəssisələ­rində cəza çəkən şəxsin səsvermə hüququ var. Bu insanlar namizəd ola bilməzlər, ancaq səsvermədə iştirakları onların konstitusiya hüququdur. 

Onu da qeyd edim ki, hazırda bir çox inkişaf etmiş ölkələrdə cəzaçəkmə müəs­sisələrindəki şəxslərin səsvermə hüququ yoxdur. Ancaq Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi yüksək səviyyədə təsbit olunduğu üçün hər seçkidə cəzaçəkmə müəssisələrində seçki məntəqəsi yaradılır və burada cəza çəkənlərin səsvermə hüququ tə­min edilir. 

Əlavə olaraq bildirim ki, MSK-da ha­zırda dairə seçki komissiyalarının trenerləri üçün treninqlər keçirilir və belə tədbirlər növbəti günlərdə yerlərdə məntəqə seçki ko­missiyalarının üzvləri üçün də keçiriləcək.

İlk dəfədir ki, Mərkəzi Seçki Komissiya­sı və “ASAN xidmət”in birgə layihəsi çərçi­vəsində prezident seçkiləri ilə bağlı “ASAN xidmət” mərkəzlərində yeni layihə gerçək­ləşdirilib. Mərkəzlərdə olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahılarında yoxla­ya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. 

Burada qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında da məlumatlar əldə etmək mümkündür.

Göründüyü kimi, seçkilərin azad, ədalət­li, şəffaf keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası bütün imkanlardan səmərəli istifadə edir. Bütün bunların nəticəsi olaraq, Azərbaycan dünyaya növbəti dəfə demokra­tik seçki nümunəsi nümayiş etdirəcək.

Müsahibəni apardı:
Əliqismət BƏDƏLOV
XQ



Müsahibə