Onlar Bakının sülh danışıqlarının bu formatlarından imtina edəcəyini nəzərə alırlar
Bakı və İrəvan arasında qarşıdakı Brüssel dialoquna hazırlıqlar gedir. Ermənistan da, Azərbaycan da sülh müqaviləsinin 2023-cü ilin sonunadək imzalana biləcəyini rəsmən bəyan ediblər. Amma bunun harada və hansı formatda baş verəcəyi sualı hələlik açıq qalır. Tərəflərin sülhə gedən yolda üzləşdiyi maneələr, bölgədə maraqları olan güclərin dəyişən konfiqurasiyası, potensial vasitəçilərin təşəbbüsləri barədə “Xalq qəzeti”nin suallarını beynəlxalq hüquq üzrə mütəxəssis, tanınmış siyasi şərhçi Orxan Amaşov cavablandırır.
– Orxan bəy, iki ölkə arasında sülhə nail olmaqdan ötrü “3+3” formatının effektivliyi ilə bağlı mövzu son vaxtlar gündəmdədir...
– Əslində, bu, “3+3” yox, faktiki olaraq, “3+2” formatıdır. Şərti olaraq belə deyilir, çünki potensial olaraq Gürcüstanın bu formatda mütləq iştirak etməlidir. Amma bu, Tbilisinin Moskva ilə aralarındakı münasibətlərdən asılıdır. İndiki vəziyyətdə digər məqam odur ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında böyük fikir ayrılıqları var. “3+3” formatı Bakının təşəbbüsüdür və Ankara tərəfindən dəstəklənib. İran və Rusiya da bu modellə razılaşıblar.
Bu model Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığımız vəziyyətdən doğan bir məsələdir. Yəni, biz yeni şərait yaradırıq, buna uyğun atacağımız addımları müəyyənləşdiririk və başqa dövlətləri buna reaksiya verməyə dəvət edirik. Bizim fikrimizcə, “3+3” perspektivə hesablanmış layihədir, ondan dərhal hansısa konkret nəticələr gözləmək olmaz.
Azərbaycanın mövqeyindən yanaşsaq, bu format ümumi strateji kanallarımızın fövqündə bu gün müəyyən taktiki üstünlükləri əldə etməyə hesablanıb. Bu üstünlüklərdən biri kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Artıq Ermənistan tərəfdə belə bir narahatlıq yaranıb ki, Zəngəzurdan keçəcək dəmir yolu ilə bağlı müəyyən təhlükələr var. Çünki Azərbaycan Türkiyə ilə birgə İran üzərindən bu xətti qurmaq istiqamətində ciddi addımlar atıb. Prinsip etibarilə İrəvan da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.
– Paşinyanın son açıqlamalarından aydın olur ki, İrəvanın dəhlizlə bağlı əsas narahatlığı ona kimin nəzarət edəcəyindəndir.
– Bəli, onun əsas narahatlığı dəhlizə məhz Rusiyanın nəzarəti ilə bağlıdır. Sonra avtomobil yolunun istiqaməti ilə əlaqədar əndişəsi var. Onlar bu yolun paralel deyil, ziqzaqvarı olmasını təklif edirlər. Bu bizə imkan verir ki, “3+3” platformasında İrandan keçən xətt vasitəsilə Ermənistanın dəmir yolu istiqamətində addımlarını sürətləndirək. Çünki Avropa İttifaqı bu layihəyə böyük maliyə vəsaiti ayırmaq niyyətindədir. Amma bu zaman Aİ nəzarətin Ermənistanın yox, Rusiyannn əlində olmasını qəti istəmir. Azərbaycan açıq şəkildə göstərəndə ki, bu xətti İran ərazisindən çəkə bilərik, rəsmi İrəvan dəmir yolu istiqamətində işlərini fəallaşdırıb. Nikol Paşinyanın Avropa Parlamentində çıxışında dəmir yolu ilə bağlı toxunduğu spesifik məqamlar məhz dediyimiz narahatlıqdan qaynaqlanırdı. Zəngəzur dəhlizi Azərbaycanın uzun vədəli layihəsidir. Əslində, biz öz məqsədimizə müxtəlif yollarla nail olmaq istəyirik. Belə yollardan biri İran üzərindən alternativ xətti reallaşdırmağa başlamaqdır. Burada əsas məqsəd Ermənistanı Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən addımları atmağa şirnikləndirməkdən ibarətdir. Digər tərəfdən isə bu layihənin gerçəkləşməsi regionda formalaşmış tarixi reallığa tam uyğundur. Əgər bu formatda Gürcüstan da istirak etsəydi, bunun bir qədər kiçildilmiş miqyasda Azərbaycan–Ermənistan arasında sülh platformasında da görə bilərdik. Amma əfsuslar olsun ki, bu, alınmır.
– Sizcə, nazirlərin növbəti görüşündə sülh müqaviləsinin imzalanması istiqamətində yeni addımların atılacağına ümid bağlamaq olarmı?
– Düzünü deyim ki, bu məsələdə o qədər də optimist deyiləm. “3+3” layihəsini bizim ümumi kommunikasiya xətlərinin qarşılıqlı açılması, Cənubi Qafqazda etibarlı sülhün bərqərar olması, bu prosesin bölgənin böyük güclərinin də maraqlarının nəzərə alınması baxımından ideal platforma saymaq olar. Bu, bizi məqsədə doğru aparan platformadır, amma problemlər onun çərçivəsində həll olunmur. Sadəcə olaraq, bu formatda əldə edilən müəyyən üstünlük Azərbaycana imkan verir ki, Ermənistanı bizim üçün məqbul istiqamətə yönəldə bilək. Bu kontekstdə onu qeyd etməliyik ki, “3+3” platformasının əsas üstünlüklərindən biri də həm Şimal-Cənub marşrutu, həm də Şərq-Qərb istiqamətində olan kommunikasiya xətlərinin geniş müzakirəsi üçün imkanlar yaratmasıdır. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra İrana münasibətdə normal, adekvat mövqe sərgilədi. Azərbaycan, hətta, 2022-ci ilin martında İranla imzaladığı Bəyannamədə göstərdi ki, kommunikasiyaların işə salınması layihələrindən Tehran kənarda qalmasın. Burada İranın müəyyən maraqlarını nəzərə alırıq. Yəni, məsələləri geniş anlamda müzakirəyə çıxarmaqla taktiki üstünlüklər əldə edirik. “3+3” bölgənin gələcəyi ilə bağlı böyük layihədir. Bizim qonşularımız aradan çıxan deyil, Azərbaycan da Cənubi Qafqazdadır və toplaşıb bütün məsələləri bir yerdə müzakirə etməliyik.
– Bəs alternativ platformalar variantının irəli sürülməsi ehtimalını necə qiymətləndirərdiniz?
– Azərbaycan Prezidenti İlham Əliyev “Qafqaz evi” layihəsini təklif edib. Bu istiqamətdə Tbilisidə müvafiq danışıqlar aparıla bilər. Bu modelin əsas üstünlüyü odur ki, Azərbaycana elə bir moderator lazımdır ki, o, platforma versin, özünün xüsusi geosiyasi marağı olmasın və birbaşa dialoqu təşkil etsin. Bəli, Bakı birbaşa dialoqda maraqlıdır. Çünki hesab edirik ki, Bakı və İrəvan tet-a-tet, kənar təsirlər olmadan müzakirəyə başlasalar, bütün məsələlərin həllinə nail ola bilərlər. Hələlik Ermənistanın baş naziri Paşinyan Prezident İlham Əliyevlə təkbətək görüşüb ortaya çıxan məsələləri həll etmək istəmir. Yəqin düşünür ki, dövlətimizin başçısının qarşısında dayananda uduza bilər. Ona görə ki, bu adam özünə güvənmir. Paşinyan həmin platformada Fransa kimi bir gücün olmasını, Azərbaycana təzyiq göstərməsini arzulayır. Amma biz Parisi bu platformaların heç birində görmürük.
Bakı üçtərəfli formatı optimal sayır və onu dəstəkləyir. Tbilisidə və Brüsseldə sülh danışıqları həmahəng şəkildə aparıla bilər. Brüssel görüşündə ümumi mənzərənin müzakirəsi təşkil olunar, birbaşa dialoq vasitəsilə isə xarici işlər nazirləri arasında aparılar. Yaxud Prezidentin və baş nazirin köməkçiləri sülh layihəsinin xırda detallarını müzakirə edərlər. Sonra yenidən Brüssel görüşü təşkil oluna bilər. Bu ayın sonunda Belçikanın paytaxtında gözlənilən görüşdə Şarl Mişelin hansısa bəyanatı gözləniləndir. İmzalı həmin sənəd gələcək çərçivə sülh müqaviləsi üçün baza rolunu oynaya bilər. Brüsseldən, Vaşinqtondan gələn siqnallardan hiss edirik ki, gündəmi dəyişmiş beynəlxalq vəziyyətə uyğun açıqlamalar verməyə məcburdurlar. Düzdür, Vaşinqtonda Co Bayden–Şarl Mişel– Ursula fon der Lyayen görüşündən sonra verilən bəyanatda “Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması, sülhün ərazilərin bütövlüyü və Azərbaycanın suverenliyinə hörmət əsasında əldə olunması” fikri də yer alıb. Artıq Qranada bəyanatında Qarabağdan çıxmış “erməni sakinləri BMT missiyasının nəzarəti altında qeyd-şərtsiz geri qayıtmalıdır” kimi tezislər yoxdur. Düşünürük ki, əgər Azərbaycan görsə ki, Brüssel formatı onun maraqları ilə üst-üstə düşmür, ondan imtina edəcək.
XQ


