Hayastan Rusiyaya “borc əvəzinə ödənən əmlak”dır

post-img

2002-ci ildə iki ölkə arasında imzalanmış müqaviləni erməni ekspert belə xarakterizə edir 

Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirindən sonra Er­mənistan–Rusiya münasibətlərində buna qədər də müşahidə edilən soyuqluq, deyəsən, özünün “buzlaşma” dövrünə qədəm qoyub. Rəsmi İrəvanın son vaxt­lar ölkənin təhlükəsizliyi ilə bağlı səsləndirdiyi ittihamların Bakıdan daha çox Kremlə ünvanlandığı aydın görünməkdədir. Əslində, iki ölkə arasında münasi­bətlərin sərinləşməsi İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə hiss olunurdu. Paşinyan iqtidarını daha çox özündən çıxaran hal ondan ibarətdir ki, Qarabağda sülhyaratma missiyasını yerinə yetirən Moskva və onun təbliğat maşını İrəvanın “problemlərinə” diqqət yetirməyib. Bu səbəbdən Ermənistan mediasında tirajlanan materiallarda Rusiyanın Qarabağda yaşananlara biganə­liyi qabardılır, konkret seqmentlər qınaq və tənqid obyektinə çevrilir. 

Təxminən iki ay bundan əvvəl Er­mənistan baş naziri İtaliyanın “La Re­publica” qəzetinə verdiyi müsahibəsin­də təhlükəsizlik məsələsində ölkəsinin yalnız Rusiyaya bel bağlamasını “stra­teji səhv” adlandırmışdı. Nikol Paşin­yan bir az da irəli gedərək, Rusiyanın Cənubi Qafqaz bölgəsini “tamamilə tərk edə biləcəyi” versiyasını irəli sürmüşdü. Düzdür, Hayastan liderinin açıqlama­sına dərhal münasibət bildirən Kreml regionu tərk etmək niyyətində olmadı­ğını, Paşinyanın təhlükəsizliklə bağlı Rusiyaya ünvanladığı ittihamlarına isə “fərsiz rəqqas”la bağlı məşhur misalı gətirməklə cavab vermişdi. “Erməni cə­miyyəti getdikcə daha çox Rusiyadan üz döndərərək Avropa İttifaqı, ABŞ və İrana üstünlük verir”. Bu barədə “Ha­yastan” xeyriyyə fondunun baş direk­torunun müşaviri Robert Ananyan özü­nün tvitter səhifəsində yazıb. O qeyd edib ki, uzun illər Rusiya təbliğatı və aparıcı siyasi qüvvələri erməniləri al­dadaraq, Rusiyanın Ermənistanın ye­ganə müttəfiqi olduğunu iddia etməklə yanaşı, ABŞ, Fransa, NATO və Aİ-yə qarşı qarayaxma kampaniyası həyata keçiriblər. 

“Amma İkinci Qarabağ müharibə­si göstərdi ki, Rusiya Ermənistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər daha çox Qərbə arxalanma­ğa üstünlük verirlər”–yazan “xeyriyyəçi jurnalist” Rusiya xüsusi xidmət orqan­larının ölkəsində dərin kök saldığını, özünə loyal siyasi elita formalaşdırdı­ğını bildirir. 

STATİSTİKA: Beynəlxalq Respub­likaçılar İnstitutunun sorğusunda iştirak edən ermənilərin cəmi 10 faizi Rusiya ilə münasibətlərin hazırkı vəziyyətini “çox yaxşı”, 40 faizi “bir qədər yaxşı”, 15 faizi “çox pis”, 34 faizi isə “bir qədər pis” kimi qiymətləndirib. Başqa sözlə, respondentlərin təxminən yarısı Ermə­nistan–Rusiya münasibətlərinin hazır­kı durumunu mənfi qiymətləndirib. 

Bəli, Ermənistan ictimaiyyəti artıq Moskvaya “himayədarı” kimi baxmır. Bu, əvvəllər Ermənistanda danılmaz “xilaskar” obrazına malik olan Rusiya Federasiyası üçün fəlakətli dərəcədə aşağı göstəricidir. Ananyanın açıq­lamasına görə, eyni sorğuda iştirak edən ermənilərin 63 faizi Ermənistanla Fransa arasında münasibətlərin indiki vəziyyətini “çox yaxşı”, 33 faizi isə “bir qədər yaxşı” kimi qiymətləndirib. Bu siyahıda ABŞ İrandan sonra üçüncü yerdədir. Ermənilərin 21 faizi Ermənis­tan–ABŞ münasibətlərini “çox yaxşı”, 67 faizi isə “bir qədər yaxşı” kimi dəyər­ləndirib. Avropa İttifaqı Ermənistanda dördüncü müsbət reytingə malikdir: ermənilərin 18 fazi Ermənistan-Aİ mü­nasibətlərinin vəziyyətini “çox yaxşı”, 68 faizi isə “bir qədər yaxşı” kimi qiy­mətləndirib.

Robert Ananyan paylaşımında maraqlı müşahidələrini də qeyd edir: “Ermənistan Rusiya üçün “borca görə aldığı əmlak”dır. İrəvanın Moskva ilə imzaladığı ən biabırçı sövdələşmələr­dən “Borc üçün mülk” adlanan müqa­vilədir. Həmin razılaşmanı Moskva ilə 2002-ci ilin noyabr ayında Ermənis­tanın ən rusiyapərəst rəhbərlərindən biri –Robert Koçaryan imzalayıb. Ra­zılaşmaya əsasən, Ermənistan 1994-1998-ci illərdə yığılmış 95 milyon ABŞ dolları həcmində borcun müqabilində Rusiyaya ölkənin ən vacib 5 obyektini – Razdan İES-i, “Mars” zavodunu və 3 dövlət şirkətini təhvil verib. O vaxt­dan Moskva əmlakın yeni sahibi kimi bu müəssisələrdən istifadə etmək və sərəncam vermək hüququ əldə edib”. Yəni, ortada aydın görünən həqiqət ondan ibarətdir ki, Rusiya Ermənis­tan üzərində işğalın “mədəni özəlləş­dirmə modeli”ni tətbiq edib. Ananyan haqlı olaraq deyir ki, ölkənin strateji aktivlərini Moskvaya satan Koçaryan adı çəkilən obyektlərin payçılarından biridir: “1998-ci ildə Ermənistan ha­kimiyyəti “ArmRusqazprom” QSC-ni Rusiyaya “peşkəş” edib və az sonra o, “Qazprom”un tərkibinə daxil edilib. Rusiya ilə qaz sazişini isə 2013-cü ildə Hayastanın üçüncü prezidenti Serj Sar­kisyan imzalayıb”. İkitərəfli müqaviləyə əsasən, Ermənistan 2043-cü ilə qədər mavi yanacağı “Qazprom”dan alacaq. Bu isə İrəvanın imtiyazı yox, ona qarşı qurulan siyasi təsir vasitəsidir. 

Fərhad MƏMMƏDOV,
politoloq

Rusiya–Ermənistan münasibət­lərində müşahidə olunan gərginlik daha çox siyasi ritorikada özünü göstərir. Atılacaq konkret addımlara gəlincə, Moskva ilə İrəvanı bir-bir­nə strateji xətt bağlayır. İlk növbədə təhlükəsizlik və iqtisadi sahələrdə müttəfiqlik qeyd olunmalıdır. 

Biz görürük ki, bu iki sahədə əməkdaşlıqla bağlı hansısa yeni konkret qərarlar yoxdur. Bəli, İrəvan təhlükəsizlik sahəsində Rusiya ilə yanaşı, digər gücləri də ərazisinə cəlb edib. Həmin yeni qüvvələrin bölgədə peyda olması Moskva ilə bərabər Tehranı da narahat edir. Bütövlükdə, bu, regional müstəvidə gərginliyin artmasına səbəb olur. İkinci məqam ondan ibarətdir ki, münasibətlər ritorika səviyyəsində tarıma çəkilsə də, iqtisadi müstəvidə iki ölkə arasında hansısa problemi görmürük. Əksinə, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi həndəsi silsilə ilə artmaqdadır. Bu isə, öz növbəsində, qarşılqlı asılılıq vəziyyətini formalaşdırır. 

Nikol Paşinyan üçün reytinqinə görə vacib saydığı iki amil var. Bi­rincisi, Ermənistanın təhlükəsizliyi, ikincisi, iqtisadi inkişaf məsələləridir. Hər iki komponent üzrə Rusiyanın rolu böyükdür. Birinci amillə bağlı Paşinyan Moskvanın üzərinə ye­riyib, özünə ünvanlanan tənqidləri şimallı müttəfiqinə tərəf çevirirsə, iq­tisadi sahədə bu ölkənin inkişafı Ru­siyadan aldığı enerji və artan ticarət dövriyyəsi üzərində formalaşır. Yəni, Kremlin əlində Paşinyana və Ermə­nistana qarşı istifadə edə biləcəyi kifayət qədər rıçaqlar var. Fəqət bu amillər həm də baş nazirin öz əha­lisi arasında anti-Rusiya meyillərinin artmasını təşviq etməsinə gətirib çıxarıb. Hesab edirik ki, Rusiya rəh­bərliyi yaxın gələcəkdə yenidən Pa­şinyanla uzlaşmaq yolunu tutacaq. Çünki özünün də resurslarının limiti tükənmək üzrədir. 

İmran BƏDİRXANLI
XQ



Siyasət