“Stratfor”un proqnozları: Ermənistanın anti-Azərbaycan ritorikası və işğal məntiqi

post-img

Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bunu istər ölkə­mizin Prezidenti İlham Əliyev, istərsə də digər rəsmilərimiz dəfələrlə bildiriblər. Əlbəttə, bizim üçün Qərbi Azərbaycana qayıdış məsələsi önəmlidir. Ancaq dövlətimizin başçısının vurğuladığı kimi, bu qayıdış dinc məqsədlidir. Hətta Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğulayıb ki, ölkəmiz Zəngəzura tanklarla yox, minik maşınları ilə qayıdacaqlar. Bununla belə, Ermənistanda Azərbaycanın güc yolundan istifadəsi mövzusunda qorxu var. Hərçənd, buna daha çox qorxunun imitasiyası demək mümkündür. Bəs, imitasiya nəyə görədir?

Əlbəttə, Azərbaycanın güc yolu ilə məqsədinə çatması baxışını tirajlamaq Ermənistan üçün sərfəlidir. Birincisi, İrəvana anti-Azərbaycan ritorikasını diri saxlamaq həmişə lazımdır. Zəngəzur amili də bu baxımdan vacibdir. İkincisi, Ermənistan beynəlxalq aləmdə özünü məzlum kimi göstərmək yolu tutur. Məz­lum olmaq iqtisadi cəhətdən səmərədir. Nikol bu yolla Qərbin davamlı maliyyə yardımına ümid bəsləyir. 

Digər tərəfdən, əslində hazırda bəzi Qərb dairələri də Azərbaycanın Zəngə­zura hücum çəkəcəyi məntiqini ortaya atmaqdadırlar. Erməni mediası bu fi­kirləri həvəslə yayır. Əlbəttə, demək ol­maz ki, media mümkün təhlükəyə qarşı cəmiyyətdə müqavimət formalaşdırma­ğa çalışır. N.Paşinyan və komandası mövcud məntiqi gündəmdə saxlamaqla, özlərinin işğalçı niyyətlərini, itirilmişləri bərpa istəklərini və bunun üçün güc yo­lundan yararlanmaq planlarını bir növ ört-basdır edirlər. Nəzərə alaq ki, Ermə­nistan–Fransa hərbi əməkdaşlığı güclən­məkdədir. Parisin İrəvanı özünün Cənubi Qafqazla bağlı avantürist məqsədlərində alətə çevirdiyi göz önündədir. 

Onlar Azərbaycanın Zəngəzura hü­cumu ilə bağlı məsələni gündəmdə saxlamaqla, eyni zamanda, anti-Rusiya ovqatını ölməyə qoymurlar. Onlar bey­nəlxalq aləmdə belə rəy formalaşdırır­lar ki, Rusiya Azərbaycanın köməyi ilə Ermənistan torpaqlarını işğalda saxla­maq siyasətini gerçəkləşdirməyi düşü­nür. Beləliklə, Cənubi Qafqazı ümumən Qərb–Rusiya qarşıdurmasının bir cəb-həsi eləməyə çalışır. 

Bütün bunların fonunda regionda Türkiyə amilinin də önəmi vurğulan­maqdadır. Qeyd edək ki, son zamanlar Ermənistanda da Ankara əleyhinə çox­dandır gündəmə gəlməyən baxışlar irəli sürülməkdədir. N.Paşinyan Avropa Par­lamentindəki çıxışında Türkiyənin Azər­baycanla birlikdə Ermənistanı blokadada saxladığını dilə gətirmişdi. Bu, təsadüf sayıla bilməz. İrəvanda yaxşı anlayırlar ki, Zəngəzur dəhlizi Ankara üçün böyük önəm daşımaqdadır. Əslində, bunu dün­yada da gözəl dərk edirlər. Ona görə, məsələn, yunan nəşri “Pentapostagma” yazır ki, Türkiyə və Azərbaycan Ermə­nistana cəbhə aça bilər. Nəşrin iddiasına görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları “Mustafa Kamal Atatürk-2023” təlimlərində iştirak üçün Azərbaycana gəliblər. Qəzet təlimlərin 25 müxtəlif istiqamətlərdə, o cümlədən Bakı, Naxçıvan və Qarabağda təşkilinə diqqət yetirərək yazıb ki, Bakı və Ankara birgə təlimlər vasitəsilə güc göstərir və İrəvanı Zəngəzur dəhlizinin açılış şərt­lərinin qəbuluna razı salmaq məqsədi güdür. 

Qeyd edək ki, Zəngəzur dəhlizi müstəvisindəki məsələlərə ABŞ-ın nü­fuzlu analitik mərkəzi sayılan “Stratfor” da yer ayırıb. Mərkəzin yayımladığı məqalədə deyilir ki, Azərbaycanın Ermə­nistanın cənubunu və Zəngəzur dəhlizini zorla ələ keçirməsi perspektivi var. Lakin “Stratfor” bu qənaətdədir ki, Bakı məqsə­dinə çatmaq naminə nisbətən kiçik ərazi müdaxilələri həyata keçirəcək və sər­hədyanı bölgələri atəşə məruz qoymaqla kifayətlənəcək. “Nəzərə alsaq ki, dünya­nın digər böhranları diqqəti yayındırır. Ermənistanın mövqeyi nisbətən zəifdir. Azərbaycanın indi işğala başlamaq və Zəngəzur dəhlizini zorla ələ keçirmək üçün doğru zaman olduğunu düşünməsi şansı var. 

Ancaq Azərbaycanın Ermənistanı işğalı nisbətən az ehtimal olunan sse­nari olaraq qalır” kimi fikirlərin yer aldığı məqalədə belə qənaətə gəlinib ki, Bakı­nın məqsədinə daha minimal səviyyəli hərbi əməliyyatlarla çatmağı düşünmə­sinin bir neçə səbəbi var. Birincisi, Azər­baycan Ermənistandan daha böyük və daha yaxşı təchiz olunmuş hərbi gücə malikdir. Buna görə ölkə yalnız sülh danışıqlarının sürətli davamı üçün Er­mənistan ərazisini ələ keçirə və özündə saxlayacağına inana bilər. İkincisi, Ba­kının indi hücuma başlamağın Qərbdən irimiqyaslı iqtisadi sanksiyalara səbəb olma ehtimalının azlığını hesablama­sı mümkündür. Çünki Avropa və ABŞ Azərbaycan neftinin və təbii qazının alışını artırıb. Üçüncüsü, Azərbaycan, yəqin ki, regional oyunçuların və bey­nəlxalq ictimaiyyətin diqqətinin Ukray­nada və Qəzza zolağında davam edən digər böhranlara cəmləşdiyinə inanır və hesab edir ki, onun hərbi əməliyyat­larının qarşısı alınmayacaq. Nəhayət, 2020-ci ildən bəri davamlı silsilə hərbi və diplomatik uğurlara imza atan Azər­baycan dövləti yuxarıda göstərilən amilləri nəzərə alaraq, belə bir hərbi əməliyyatın tez bir zamanda qələbə qa­zana biləcəyinə həddən artıq arxayın ola bilər.

Maraqlıdır ki, bütün bunları diqqətə çatdıran “Stratfor” analitikləri, eyni za­manda, Azərbaycanın Ermənistan əra­zisindən tranzit marşrutunun yaradıl­masına təcili ehtiyacın duyulmadığını nəzərə aldığını da qabardırlar. Onlar bildirirlər ki, Azərbaycanın Naxçıvan­la Gürcüstan və Türkiyə, eləcə də İran vasitəsilə əlaqə saxlamaq imkanı var: “Əgər İran və Azərbaycan münasibətləri normallaşdırsalar, bu, Ermənistanı re­gional tərəfdaşlarından daha da təcrid edəcək və onun regionda artan Şərq-Qərb ticarətində uduzmasına səbəb olacaq ki, İrəvan belə aqibətdən qaç­maq üçün Bakıya güzəştə gedə bilər. İkincisi, Azərbaycanın ən yaxın müt­təfiqi olan Türkiyə Suriyaya hərbi mü­daxilə, bir sıra digər regional və daxili məsələlərlə məşğuldur. Ankara çox gü­man ki, regional güc balansını pozmaq, Qərb, Rusiya və İranla münasibətlərinə xələl gətirəcək, eyni zamanda özünün Ermənistanı təsir dairəsinə cəlb etmək məqsədini sarsıdacaq genişmiqyaslı iş­ğal planını dəstəkləməz.

***

Yazının əvvəlində bildirdiyimiz bir fik­rin üzərinə yenidən gələrək vurğulayaq ki, Azərbaycanın Zəngəzura qayıdışı dinc məqsədli xarakterə malikdir. Prezi­dent İlham Əliyev bu fikri heç də təsa­düfən səsləndirmir. Dövlətimizin başçısı belə mövqe ortaya qoymaqla Cənubi Qafqaz platformasını ümumi Qafqaz evi müstəvisində gördüyünü diqqətə çatdı­rır. Bu müstəvidə başlıca vurğu sülhün, əməkdaşlığın və qarşılıqlı faydanın üzə­rinə qoyulur. İstər Azərbaycandan, istər­sə də Türkiyədən dəfələrlə gələn me­sajlar Ermənistanı da mövcud düzəndə görmək arzusunun ifadəsinə əsaslanıb. 

Lakin İrəvan xoşməramlı çağırışlara adekvat reaksiya göstərməyib. Nəinki göstərməyib, Qarabağ avantürasını diri saxlamağa cəhd göstərib. Ölkə bu gün də öz “ampluasındadır”. Bir daha bildirək ki, Ermənistan xüsusən də Fransanın köməyi ilə silahlanmaqda, bütün platfor­malarda anti-Azərbaycan mövqe nüma­yiş etdirməkdədir. Dünyanın aparıcı beyin mərkəzləri və media orqanları isə ölkəmi­zin güc ritorikasına üstünlük verəcəyini məhz İrəvanın barışmazlığı və reallıqları dəyişmək istəklərini duyaraq irəli sürürlər. 

Əlbəttə, mütləq mənada demək ol­maz ki, adını çəkdiyimiz analitik mərkə­zin, yunan nəşrinin, eləcə də digər bu sayaq fikirlər irəli sürənlərin qənaətləri doğrudur. Hadisələrin necə cərəyan edəcəyini zaman özü göstərəcək. Həm də onu deməliyik ki, Azərbaycan dövləti başda Prezident İlham Əliyev olmaqla nəyi nə zaman və necə edəcəyini çox yaxşı bilir. Mövcud dəst-xəttə beynəlxalq qurumlar yaxşı bələddirlər. Bu qurumla­rın hazırkı durumda müxtəlif fikirlər irəli sürmələrinə gəlincə, onların yanaşmaları və təhlilləri daha çox Ermənistana sub­liminal mesaj vermək, ölkəyə reallıqları anlamaq və qəbul etmək üçün düşün­mək şansı yaradır. Bəs, İrəvan düşünür­mü? Təəssüf ki, yox! Diqqət edək, Paşin­yan tərəfdarları, bütövlükdə, Ermənistan mediası bu qədər təhlillərin içərisində doğru məqamları deyil, daha çox Azər­baycanın işğalı məntiqini qabardırlar. Halbuki, daha rasional fikirləşmələri və nəticə çıxarmaları şərtdir. 

 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət