Regional məsələləri bölgə ölkələri özləri həll etməlidirlər

post-img

“3+3” regionda kövrək sülhü qoruyub saxlamaqda ümidverici platformadır

Son vaxtlar regional təşəbbüsləri sanki boykot yolunu tutmuş Ermənistan rəh­bərliyi, deyəsən, daşı ətəyindən tökmək istəyir. Ölkənin xarici işlər naziri Ararat Mirzoyanın dünən Tehranda “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan, Tür­kiyə, Rusiya və İran) formatında keçirilən görüşə qatılması belə deməyə əsas verir.

Qeyd edək ki, region dövlətləri ara­sında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatının təşəbbüs­karı Azərbaycan Prezidenti İlham Əliyev­dir. Həmin təşəbbüs Vətən müharibəsinin başa çatmasından az sonra irəli sürülüb. Azərbaycan regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin va­cibliyi fikrini rəhbər tutur.

Ötən illərin təcrübəsi göstərir ki, qar­şıya çıxan problemlərin aradan qaldırıl­masının, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsinin ən optimal yolu üçüncü tərəflərin iştirakı olmadan məhz region ölkələrinin özləri arasında aparılan müzakirələrdən keçir. Biz bunun bariz nümunəsini Vətən müha­ribəsində gördük. Müharibənin ilk günlə­rindən başlayaraq bir sıra ölkələr və bey­nəlxalq təşkilatlar hərbi əməliyyatların dayandırılması istiqamətində çağırışlar səsləndirsələr də, etiraf etmək lazımdır ki, qan tökülməsi Rusiyanın aktiv vasitə­çilik səyləri nəticəsində dayandırıldı.

Hamının yaxşı xatirindədir ki, Pre­zident İlham Əliyev ilk günlərdən xarici mediaya verdiyi müsahibələrdə, dövlət başçıları ilə telefon danışıqlarında Er­mənistanın işğal olunmuş rayonlardan çıxmasına dair öhdəlik götürəcəyi, konk­ret vaxt cədvəli verəcəyi təqdirdə, əmə­liyyatların başa çatdırılacağını bəyan edirdi. Ermənistanın baş naziri Nikol Pa­şinyan isə regiondan kənarda yerləşən ölkələrdən, əsasən Fransadan, ABŞ-dan və Kanadadan mədəd umurdu. Nəticə göz önündədir: Nikolun özünə arxa-da­yaq saydığı uzaqda yerləşən dövlətlər heç bir real addım ata bilmədilər. Rusiya tərəfi ilə 2020-ci il noyabrın əvvəllərin­dən intensivləşən telefon danışıqları ayın 9-dan 10-na keçən gecə məlum üçtərəfli bəyanatın imzalanması ilə nəticələndi. Bununla da hərbi əməliyyatlar dayandı­rıldı. Ermənistanla Azərbaycan arasında uzun illər davam etmiş qanlı müharibəyə son qoyuldu.

Müharibədən sonra Azərbaycan və Ermənistan liderləri arasında ilk görüş də 2021-ci il yanvarın 11-də Rusiyanın təşəbbüsü ilə Moskvada keçirildi. Görü­şün sonunda regionda nəqliyyat kommu­nikasiyalarının açılmasına dair bəyanat imzalandı.

Ancaq Vətən müharibəsində Qərb­dəki havadarlarından əməli dəstək ala bilməmək haylara dərs olmadı. Onlar “dəmir yumruğ”un zərbəsinin təsirindən ayılan kimi, yenə üzlərini Avropaya və okeanın o tayına çevirməyə başladılar. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yeni vasitəçilik təşəbbüsü mey­dana çıxdı. Azərbaycan regiona sülhün gəlməsi naminə 2022-ci il mayın 22-də başlayan və “Brüssel formatı” adlanan görüşlərə də “yox” demədi. Lakin sonra­dan İrəvan bu təşəbbüsə də əngəl törət­məyə başladı. Həmin ilin oktyabrında Praqada keçirilən üçtərəfli görüşə İrəva­nın istəyi ilə Fransa da cəlb olundu. Pari­sin iştirakı ilə keçirilən görüşlər, aparılan danışıqlar isə sülhə xidmət etmədi.

Fransanın özünü tərəf qismində daxil etdiyi Praqa görüşünə ən dəqiq qiyməti 2023-cü il yanvarın 10-da yerli televizi­ya kanallarına müsahibəsində Prezident İlham Əliyev vermişdi: “Detallara gəl­dikdə, deyə bilərəm ki, bu, qeyri-adi bir görüş idi. Çünki həddindən çox çəkdi və iki raunddan ibarət idi. Birinci görüş təx­minən bir saat çəkdi və biz gördük ki, ra­zılığa gələ bilmirik. Ona görə danışdıq ki, axşam yeməyindən, ziyafətdən sonra bir daha yığışacağıq. Bir daha yığışdıq və o görüş təxminən dörd saatdan çox çəkdi. Görüş bitəndə Bakı vaxtilə səhər saat 5 idi. Bu, bir detal, maraqlı ola bilər.

İkinci maraqlı detal ondan ibarət idi ki, bir an mən özüm-özümə dedim ki, sanki burada Ermənistan–Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir. Çünki Ermənis­tan tərəfi üçün çətin olan anlarda Er­mənistan nümayəndə heyətinin üzvləri Fransa nümayəndə heyətinin üzvləri ilə kənara çəkilib pıçıltı ilə, necə deyərlər, cükküldəşirdilər, danışırdılar, müzakirə edirdilər. Yəni, bu, açıq-aşkar görünürdü. Çünki bir neçə saat bir balaca otaqda ol­maq, əlbəttə ki, bu detalları görmək üçün bir imkandır. Yəni, emosiyaları gizlətmək bəzən çətin olur”.

Praqa görüşündə Avropa İttifaqının mülki müşahidə missiyasının iki ay müd­dətinə Ermənistan–Azərbaycan sərhə­dinə yerləşdirilməsi ilə bağlı razılıq əldə olundu. Ancaq iki ay bitdikdən sonra Aİ Azərbaycanın razılığını almadan İrəva­nın müraciəti əsasında, birtərəfli qayda­da missiyanın müddətini uzatdı. Həmin addım hayların regionun məsələlərini kə­nar oyunçular hesabına həll etmək istəyi­nin daha bir göstəricisi oldu.

Nəhayət, bütün bu təxribatçı addım­lar Azərbaycanın oktyabrın 5-də Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilən III Sammitində işti­rakdan imtina etməsinə gətirib çıxardı. Qranadada keçirilməsi nəzərdə tutulan görüşdə Türkiyə Prezidentinin iştirakına imkan yaradılmaması ölkəmizi belə bir addım atmağa vadar etdi. Ermənistan rəhbərliyi isə oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasına qatılmadı. Həmçinin, hayların xarici işlər naziri Ara­rat Mirzoyan da MDB Xarici İşlər Nazirləri Şurasının görüşünə qatılmadı.

İndi isə hayların baş diplomatının Tehran görüşünə qatılması hər bir halda müsbət addım kimi qiymətləndirilməlidir.

Onu da qeyd edək ki, bu, “3+3” for­matında nazirlər səviyyəsində keçirilən ilk görüşdür. Belə ki, 2021-ci il dekabrın 10-da bu formatda Moskvada keçirilən görüşdə xarici işlər nazirlərinin müavinlə­ri iştirak etmişdilər.

“Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi” adı altında dünən Tehranda keçirilən iclasda Gürcüstan istisna ol­maqla 5 region ölkəsinin xarici işlər naziri – Ceyhun Bayramov, Hakan Fidan, Ser­gey Lavrov, Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian iştirak ediblər. Görüşdə siyasi, iqtisadi, nəqliyyat, energetika, təh­lükəsizlik sahələrində regional əməkdaş­lıq məsələləri müzakirə olunub.

Azərbaycan–Ermənistan, Gürcüs­tan–Rusiya münasibətləri, habelə Yaxın Şərqdəki gərginlik fonunda Tehranda aparılan müzakirələr regionda kövrək sülhü qoruyub saxlamaq yolunda vacib addım kimi qiymətləndirilməlidir. Elə İra­nın baş diplomatı da görüşdən əvvəl ic­lasın Cənubi Qafqazda sülh və problem­lərin aradan qaldırılması yolunda baza rolunu oynaya biləcəyini diqqətə çatdırıb.

***

Məlum əməkdaşlıq platformasının bütün iştirakçılar arasında dinc birgə­yaşayışın əldə olunması, qarşılıqlı mü­nasibətlərin yaradılması və regionun inkişafı üçün nə dərəcədə perspektivli olub-olmaqdığına dair fikirlərini “Xalq qəzeti” ilə bölüşən siyasi şərhçi Rizvan Hüseynov bildirib ki, “3+3” əməkdaşlıq platforması çox uğurlu formatdır. Onun sözlərinə görə, hələlik yalnız Gürcüstan bu formata qatılmağa tərəddüd edir ki, bu da gürcülərin Rusiya rəsmiləri ilə eyni masada oturmaq istəmədiyindən irəli gəlir: “Biz başqa yerlərdə Tiflis və Mos­kva nümayəndə heyətlərinin danışıqlar apardığının şahidi oluruq. Burada əsas səbəb Gürcüstan hakimiyyətində ikitirəli­liyin mövcudluğudur. Baş nazir İrakli Qa­ribaşvili regional inkişafa, Azərbaycan və Türkiyənin mövqeyini dəstəkləməyə me­yillidir. Biz onun bölgədə təhlükəsizliyin ancaq birlikdə təmin edilə biləcəyini an­ladığını görürük. Bu mənada ümid edək ki, “3+3” platforması özünü doğrultduqca, Gürcüstan da ona qoşulacaq”.

R.Hüseynov qeyd edib ki, Qərb Cə­nubi Qafqaz ölkələrinin Türkiyə, İran və Rusiya ilə birlikdə hansısa platforma qu­raraq regional məsələləri həmin çərçivə­də həll etməsini istəmir: “Çünki bu format çərçivəsində regionda nəqliyyat kommu­nikasiyalarının, eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsinin müza­kirəsi və həlli, təhlükəsizliyin təmin olun­ması Qərbin bölgəmizə təzyiq vasitələrini itirməsi ilə nəticələnə bilər”.

Siyasi şərhçi bildirib ki, bütün hallar­da Cənubi Qafqaz ölkələrinin qonşularla birlikdə məsələləri müzakirə etmək qabi­liyyətinin qorunub saxlanması və inkişaf etdirilməsində maraqlı olması özü bö­yük uğurdur: “Yəqin ki, qarşıdakı dövrdə Gürcüstan da “3+3” formatına qatılacaq. Çünki bölgədə sülh və sabitlik içində bir­gəyaşayış üçün bundan əlverişli variant yoxdur”.

Rusiya Dövlət Humanitar Universite­tinin Müasir Şərq və Afrika kafedrasının dosenti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Ravandi-Fədai isə hesab edir ki, hazırda nikbinlik və “3+3” formatında re­gional əməkdaşlığın dirçəlişi üçün əsas var. O, Caliber.Az-a bildirib ki, Azərbay­can sentyabr ayında ölkənin bütün əra­zisi üzərində suverenliyini bərpa edib, bununla da Cənubi Qafqazda ən mühüm məsələlərdən biri həll olundu: “Bundan əlavə, son illər Rusiya–Türkiyə və Tür­kiyə–İran münasibətləri xeyli yaxşılaşıb. Son həftələrdə İran–Azərbaycan münasi­bətlərində də gərginliyin azalması müşa­hidə olunur. Ağır məğlubiyyətə uğrayan Ermənistan daha barışdırıcı mövqe tutub və qonşuları ilə əməkdaşlığa hazır olub”.

Gürcüstanın mövqeyinə gəlincə, rusi­yalı ekspert qeyd edib ki, hakim “Gürcü arzusu” Partiyasının Rusiyaya münasi­bəti Qərbyönlü prezident Salome Zura­bişvilidən daha yaxşıdır: “Ona görə də nəzəri cəhətdən Gürcüstanın bu formatla bağlı mövqeyini yumşaltmaq olar. İkinci­si, 2021-ci il dekabrın 10-da Moskvada keçirilən “3+3” formatının ilk görüşü Gür­cüstan nümayəndəsinin iştirakı olmadan baş tutub. Ona görə də Gürcüstanın boy­kot edəcəyi halda belə, qalan iştirakçılar razılaşarsa, bu formatda növbəti görüşlər yenə də uğurla keçiriləcək. Mənim fikrim­cə, indiki şəraitdə buna tam ümid etmək olar”.

Lana Ravandi-Fədai qeyd edib ki, Cənubi Qafqaz dövlətləri arasında for­matın reallaşdırılmasında ən çox Azər­baycan maraqlıdır. Belə ki, Azərbaycan Türkiyəyə, oradan da Avropaya çıxmaq üçün avtomobil və dəmir yolunun çəkil­məsini, eləcə də digər infrastruktur la­yihələrinin həyata keçirilməsini istəyir.

Ekspertin fikirlərinə onu əlavə etmək qalır ki, həmin layihələr həm də regi­on ölkələri arasında ticarət və iqtisadi baxımdan qarşılıqlı əlaqələrin sürətlə artmasına töhfə verəcək. Bu marşrutların bir çoxu Ermənistan ərazisindən keçəcə­yi üçün İrəvan malların tranzitindən və xidmətdən böyük iqtisadi səmərə əldə edəcək. Görünür, Paşinyan hökuməti bunu anladığı üçün Tehranda keçirilən görüşə qatılmağa qərar verib.

Səxavət HƏMİD
XQ





Siyasət