Ələtdən dünyaya açılan dəniz qapısı

post-img

Azad İqtisadi Zona Şərq–Qərb, Şimal–Cənub dəhlizlərini qovuşdurur

Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi 2021- ci il iyulun 1-də keçirilib. Həmin vaxtdan indiyədək bu mühüm infrastrukturun qurulması ilə bağlı genişmiqyaslı layihələr reallaşdırılması istiqamətində zəruri addımlar atılıb. Zonanın yaradılmasında əsas məqsəd qa­baqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü is­tehsalı təmin etmək olub. İnnovativ texnologiyalar əsasında xidmətlər göstərən investorları cəlb etmək, bu yöndə səmərəli fəaliyyətə üstünlüyü diqqətdə saxlayan beynəlxalq qurumların Azərbaycan şirkətləri ilə birgə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişa­fına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflər sırasında yer alıb.

Qeyd edək ki, dövlət başçısının rəh­bərliyi ilə son illərdə respublikamızda qey­ri-neft sektorunun inkişafının təmin olun­ması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensia­lının artırılması, xarici investisiyaların cəlb edilməsi, biznes və sərmayə mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr gerçəkləşdirilib. Dünyada özünü qabarıq büruzə verən cid­di iqtisadi və maliyyə çətinliklərinə baxma­yaraq, Azərbaycanda bu proseslər uğurla davam etdirilib. Ələt Azad İqtisadi Zonası­nın yaradılması da bunun bariz nümunəsi kimi diqqət mərkəzində olub. 

Bu layihənin icrası respublikamıza bö­yük iqtisadi dividendlər qazandırmaqla ya­naşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirib, Şərq-Qərb və Şimal-Cə­nub tranzit-nəqliyyat dəhlizlərində mühüm yer tutan Azərbaycanın strateji əhəmiy­yətini daha da artırıb. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni inves­tisiyaların cəlb edilməsinə şərait yaradıb. 

Ələt Azad İqtisadi Zonasının önəmi barədə bəhs edərkən, ilk növbədə, deyə bilərik ki, belə bir infrastrukturun qurulma­sı ideyasının təməlində Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar mühüm önəm daşıyan strate­giyası dayanır. Xatırladaq ki, sözügedən strategiya Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda inkişafın sürətlən­dirilməsi məqsədi daşıyır. Eyni zamanda, burada yaradılacaq infrastrukturun qurul­ması məqsədilə ölkəmizə müasir texno­logiyaların gətirilməsini, yeni iş yerlərinın açılmasını və rəqabətqabiliyyətli məhsul istehsal olunmasını, nəhayət, qeyri-neft sənayesində ixrac imkanlarının genişlən­dirilməsini şərtləndirir.

Yeri gəlmişkən, Azad İqtisadi Zonanın Ələt qəsəbəsi yaxınlığında yerləşdiril­məsi də təsadüfi deyil. Çünki bu ərazidə böyük boş torpaq sahələri var və həmin sahələr kənd təsərrüfatı üçün yararsızdır. Digər tərəfdən, qəsəbə paytaxta yaxındır. Bu da vacib şərtlərdən biridir. Bir sözlə, ərazidə infrastruktur layihələrinin icra­sı üçün bütün ilkin şərtlər var. Bundan başqa, Səngəçalda 300 meqavat gücün­də elektrik stansiyası mövcuddur və əra­zidə Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Nəhayət, ən başlıcası isə buradan beynəlxalq dəhlizlər–Şərq-Qərb, Şimal-Cənub dəhlizləri keçir. Ona görə də logistika-nəqliyyat baxımından da bu sahə əlverişlidir. 

Prezident İlham Əliyev çıxışlarının bi­rində vurğuladığı kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə dövlətlərdə azad iqtisadi zonalar yaratmaq daha çətindir. Lakin əlverişli coğrafi vəziyyəti olan ölkələrdə azad iqti­sadi zonalar daha çox fayda gətirir və ilk növbədə, coğrafi yerləşməyə görə belə in­frastrukturlar mühüm önəm daşıyır. Buna görə də Azərbaycanda azad iqtisadi zona yaradılması təşəbbüsü irəli sürüldüyü vaxtdan indiyədək investorlar üçün daha da cəlbedici şərtlərin təqdim edilməsi, ilk növbədə, bu sahədə qanunvericiliyin for­malaşması diqqətdə saxlanılır. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olarsa, bu, onla­rı zonaya cəlb etməkdə çətinliklər yaradır. Beləliklə, respublikamızda qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də dövlətimizin maraqlarını tam tə­min edir.

Hazırda Ələt Azad İqtisadi Zonasında şirkətlərin səmərəli fəaliyyəti üçün əlverişli şərtlər açıqlanıb, onların qarşısına müəy­yən tələblər qoyulub. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov jurna­listlərə açıqlamasında bu barədə deyib: “Tələbimiz şirkətlərin ixrac üçün yüksək əlavə dəyərli məhsullar istehsal etməsi­dir. Eyni zamanda, istehsal məhsullarının 75 faizi xarici bazarlara çıxarılmalıdır. Ən əsas vəzifə isə təbii ki, məhsulların bey­nəlxalq standartlara cavab verməsinin tə­min olunmasıdır”.

Burada onu da vurğulayaq ki, 2023-cü il iyunun 9-da Ələt Azad İqtisadi Zonası­nın birinci mərhələsi istifadəyə verilib. 850 hektar ərazini əhatə edən zonanın ilkin inkişaf mərhələsi çərçivəsində 60 hektar ərazidə (Zona-1) bir sıra işlər görü­lüb. İnvestorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün hazır vəziyyətə gəti­rilib. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kana­lizasiya, işıq, qaz, rabitə şəbəkələrinə bir­ləşmə nöqtələri təmin edilib. Burada, həm­çinin lazımi mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona-1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, eləcə də gömrük yoxlanışlarının aparılma­sı üçün binalar inşa olunub. Ələt Azad İq­tisadi Zonasının ərazisində ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzi də yaradılıb.

Növbəti mərhələ çərçivəsində 138 hektar sahəni əhatə edən standart isteh­sal müəssisələri və logistika mərkəzləri, eləcə də 211 hektar ərazidə ağır sənaye müəssisələri üçün nəzərdə tutulmuş his­sələrdə layihələndirmə işləri davam etdiri­lir. Yaxın vaxtlarda isə 138 hektar sahədə torpaq işlərinə başlanılması planlaşdırılır.

Xatırladaq ki, sözügedən iqtisadi zo­nada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:

–investorlar əlavə dəyər və mənfəət vergilərindən, ödəmə mənbəyində vergi­dən, eləcə də hər hansı digər korporativ vergidən azaddırlar;

–zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;

–aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq edilmir;

–yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli iş­çilər üçün isə məcburi xarakter daşıyır;

–əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;

–xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur. 

İqtisadi zonada bütün bunlardan sa­vayı, valyuta əməliyyatlarına və ya mən­fəətin repatriasiyasına heç bir məhdudiy­yət qoyulmur. İnvestorların əmlakı heç bir halda milliləşdirilmir və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakının bu və ya digər məhdudiyyətlər­dən qorunmasına, nəhayət, investorların əqli mülkiyyət hüquqlarının tam təhlükə­sizliyinə təminat verir.

Beləliklə, Ələt Azad İqtisadi Zonasının səmərəli fəaliyyəti Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yana­şı, ölkəmizin regionda mövqelərini daha da gücləndirir, Şərq–Qərb, Şimal–Cənub və Transxəzər (Orta Dəhliz) beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artırır. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Eyni zamanda, belə bir önəmli layihənin icrası nəticəsində ölkəmizin milli iqtisa­diyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat