Azərbaycan–Türkiyə əməkdaşlığı Türk birliyinin möhkəm təməlidir

post-img

Türkiyə və Azərbaycanı bir-birinə bağlayan tarixi köklər və ortaqlıqlar o qədər güclü olmuşdur ki, bu birliyi rus işğalından sonrakı milli mənsubiyyətə görə basqılar dövründə, hətta sovetlərin dəmir hasarları arxasında unutdurmaq mümkün olmayıb. 

Düşmən dairələrin türklüyə qarşı qurduğu məkrli oyunlar hər iki xalqın ta­rixində qanlı izlər qoyub. Bir vaxtlar Tür­kiyə Sarıqamış faciəsindən, Çanaqqala savaşından, Mudros acısından keçdiyi kimi, Azərbaycan da 1918-ci il qırğın­larının, müstəqilliyin başlanğıcında isə Meşəli, Xocalı, Ağdaban, Bağanıs Ay­rım... soyqırımlarının dəhşətlərini yaşa­yıb, Qarabağ 30 il erməni tapdağında qalıb. Amma qürurla qeyd edilməlidir ki, hər iki dövlətin qurucularının – Musta­fa Kamal Atatürkün və Heydər Əliyevin Vətən sevgisi və xilaskarlıq missiyası xalqlarımızıa nicat və dünya birliyində layiqli mövqe qazandırdı. 

Ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamları isə bu günün reallıqlarını ən yüksək sə­viyyədə ifadə edir. Bu baxımdan Azər­baycan–Türkiyə dostluğu və qardaşlığı bu gün dünyada misilsiz bir örnək təşkil edir.

Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun icraçı direktoru Əvəz Səfərovla söhbə­timiz də bu barədə oldu. Əvəz müəllim hələ sovet dövründə uzun illər Rusi­yanın Moskva şəhərində yaşayıb və müxtəlif rəhbər vəzifələrdə çalışıb. Ha­rada olub-olmamasından asılı olmaya­raq əməli fəaliyyətinin önəmli hissəsini azərbaycançılıq ideyalarının təbliğinə həsr edib, diaspor fəaliyyətinin güclən­məsinə çalışıb.

Soydaşımız 2018-ci ildən Türkiyə­nin Ankara şəhərində yaşayır, bu ölkədə diaspor fəalı, dostluq-qardaş­lıq carçısıdır. Söhbətə də elə bu fəa­liyyətindən başlayır:

– Bu gün Azərbaycan–Türkiyə mü­nasibətləri böyük türk birliyinin əsasını təşkil edır və bu əməkdaşlıq bütün dün­yaya, eləcə də bütün türk ölkələrinə bir nümunədir. Azərbaycan və Türkiyə münasibətləri qardaşlığın elə zirvəsidir ki, tarixin bütün sınaqlarından üzüağ çıxmış və bu ənənə bu gün də ən yük­sək səviyyədə davam etdirilir. Bir sözlə, Azərbaycan ilə Türkiyə arasında diplo­matik münasibətlərin 32 illik tarixi olsa da, iki ölkənin qardaşlığının tarixi uzun illərə söykənir. 

Bu tarix o qədər zəngin və əhatəli­dir ki, bunların haqqında bir-iki cümlə ilə fikir söyləmək mümkün deyil. Qardaş Türkiyə 1919-cu ildən Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş sa­vaşına başladı, uzun və şərəfli bir yol keçərək 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Türk ordusu ölkəni işğal etmiş düşmənə qarşı 10-dan çox cə­bhədə vuruşdu və qalib çıxdı. 

Hələ onda Azərbaycan xalqının qəhrəman oğulları da bu savaşlarda bilavasitə iştirak etmiş, yeni qurulmuş Azərbaycan Sovet Respublikası Tür­kiyəyə böyük maddi yardım göstərmiş, hətta bunu qardaşın-qardaşa təmənna­sız köməyi adlandırmışlar. Yaxud Birinci Dünya müharibəsi dövründə Avropa­nın bütün dövlətləri ilə (Almaniyadan başqa) vuruşan Türkiyə Qafqaza qoşun göndərmiş, Bakını bolşevik-daşnak iş­ğalından azad etmişdir. Təkcə bu faktın Azərbaycanın ictimai-siyasi həyatında nə qədər böyük və misilsiz əhəmiyyəti olduğunu dəyərləndirməmək mümkün­süzdür.

–Əvəz müəllim, 100 il sonra bu ta­rix yenə təkrarlandı...

–Bəli, 100 il sonra təkrarlanan bu tarix bizi Şuşamıza, 30 il əsarətdə qa­lan Qarabağımıza qovuşdurdu. Azər­baycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bər­pa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması bu günümüzün tarixidir. Qardaş ölkə artıq tarix olmuş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə həmişə Azərbaycana arxa oldu. 44 günlük Vətən müharibəsi zamanı isə Azərbaycan Türkiyənin qətiyyətli dəstə­yini bir daha gördü. Müharibənin ilk günlərindən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla 80 milyondan çox türk xalqı Türkiyənin Azərbaycanın arxasında olduğunu bü­tün dünyaya bəyan etdi. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın haqq mübarizəsinə inam və güc verdi. 

Azərbaycan xalqı 100 il əvvəl olan xilaskarlıq missiyasını unutmadığı kimi, bunları da yaddan çıxarmayacaq. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini qiymətləndirəndə deyirdi ki, İkinci Qa­rabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cüm­hurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri durdurdu. 

– Xatırlayırsızsa, meşə yanğınları, zəlzələ fəlakətləri olanda–Türkiyə­nin böhranlı günlərində Azərbaycan xalqı və dövləti kömək üçün səfərbər oldu.

–Düz deyirsiz, Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qar­şısının alınması istiqamətində birgə fəa­liyyət Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi. Fevra­lın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində 48 min insanın həlak olması, 100 mindən artıq insanın yaralanması, genişmiqyaslı da­ğıntıların qeydə alınması Azərbaycanda da faciə ilə qarşılandı. 

Fəlakət zonasına ilk olaraq Azər­baycanın xilasediciləri çataraq dağın­tılar altında qalan insanları çıxarmağa başladılar. Biz xilasedicilərimizin Hatay, Antakya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliy­yatlarında fəal iştirakının şahidləriyik. Türkiyədəki səfirliyimizin işçiləri, eləcə də təmsilçisi olduğum Türkiyə–Azər­baycan Dostluq, Əməkdaşlıq və Həm­rəylik Fondunun üzvləri də o günlərdə bir nəfər kimi səfərbər oldular.

– Yeri gəlmişkən, fondunuzun çoxsahəli səmərəli fəaliyyəti barədə soydaşlarımıza məlumat verin.

– Bizim fondun əsası 1997-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə qoyulub. Türk Dünyasının ən böyük siyasətçilərindən olan Ulu öndər Azərbaycan–Türkiyə birliyinin fəaliyyətini və gərəkliliyini hər kəsdən aydın görən bir siyasət adamı idi. Ona görə də dövlətlərarası münasi­bətlərin və xalqlarımız arasında əmək­daşlığın dərinləşməsində və inkişafında belə bir fondun yaradılmasını vacib he­sab etmişdi. 

Fondun əsas missiyası Türkiyə və Azərbaycan başda olmaqla, bölgədə sabitlik, sülh və əmin-amanlığın təmin olunması, ümumi olaraq iki ölkə, eləcə də türk coğrafiyası arasında iqtisadi, mədəni və bir sıra fəaliyyətlərin inkişaf etdirilməsinə nail olmaqdır. Fond bu sahədəki fəaliyyəti ilə xalqlarımızın bir­liyinə mühüm töhfələr verir.

Bu sahədə fondun həm zəngin təc­rübəsi, həm də qurumun missiyasını həyata keçirən təcrübəli kadr potensialı var. Uzun illərdir ki, Türkiyə–Azərbay­can Dostluq, Əməkdaşlıq və Həmrəylik Fonduna (TADİV) professor Aygün Attar rəhbərlik edir. Həm Türkiyə ictimaiyyə­tinin, həm də Azərbaycan cəmiyyətinin vətənpərvər bir insan və türkçü kimi ta­nıdığı Aygün xanımın bu sahədəki fəa­liyyəti olduqca təqdirəlayiqdir. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xa­rici Siyasət Şurasının üzvü olan Aygün xanım Azərbaycan əsilli elm və siyasət adamıdır. 

Aygün xanım Azərbaycanda doğu­lub, Bakı Dövlət Universitetində ali təhsil alıb, AMEA-da elmi fəaliyyətlə məşğul olub. Siyasi və elmi fəaliyyətinin önəmli və əhəmiyyətli hissəsi Türkiyə ilə bağ­lıdır. Türkiyə Respublikasının Nazirlər Kabinetində çalışıb, Baş nazirin müşa­viri vəzifəsinə qədər yüksələ bilib. Eyni zamanda Türkiyənin təhsil sistemində ən yüksək vəzifə tutan azərbaycanlı olub: Geresun Universitetinin rektoru vəzifəsində çalışıb.

Fondun Qəyyumlar Şurasının üzvü və sədr müavini Əmirulla Məmmədov da dünyada geniş tanınan insanlardan­dır. O, fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin məşhur Bilkənd Universite­tinin professorudur, Nanotexnologiya Elmi Mərkəzinin baş elmi işçisi vəzifə­sini tutur. Digər üzvlərimiz haqqında, onların fəaliyyətləri haqqında da ətraflı danışmaq olar. Qısaca olaraq bəziləri­nin adlarını çəkməklə kifayətlənirəm: Türkiyə Cümhuriyyətinin xarici siyasət və təhlükəsizlik şurasının üzvləri, pro­fessor İlyas Şafi və İlyas Topsakal, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikasının Türkiyədəki səlahiyyət­li və fövqəladə səfiri Rəşad Məmmədov, Azərbaycan və Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Necdət Ünüvar və başqaları. 

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz, ulu öndər Heydər Əliyevin sadiq davamçısı İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Pre­zidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun fəxri üzvləridir.

– Fəaliyyətiniz dövründə Azər­baycanda vəTürkiyədə nə işlər gör­müsünüz? 

– Əlbəttə, çox işlər görülüb və görül­məkdədir. Ən əsası odur ki, Azərbay­can–Türkiyə birliyinin möhkəmlənməsi uğrunda fəaliyyət təməl prinsipimizdir. Bu sahədə görülən ən xırda işin belə fayda­sı var. Son genişmiqyaslı tədbirlərimiz “Heydər Əliyev ili” çərçivəsində oldu­ğundan daha çox Ulu öndərin həyat və fəaliyyətinə həsr olunub. Bu ilin may ayında keçirilən “Heydər Əliyev həftə­si” Ulu öndərin 100 illiyinə həsr olundu. Azərbaycan və Türkiyənin millət vəkillə­rinin iştirakı ilə çoxsaylı görüşlər keçiril­di, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çəkilmiş bədii filmlər göstəril­di, foto-stend və sərgilər təşkil olundu. 

Bu təşkilati işlərin Ulu öndərin bö­yük irsinin Türkiyə ictimaiyyətinə təq­dim olunmasında böyük əhəmiyyəti var. Heydər Əliyev yolu Azərbaycan–Tür­kiyə birliyinin inkişafına, əlaqələrin daha da böyüyüb genişlənməsinə xidmət edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə də başlanğıcını bu yoldan götürür. 

Bu günlərdə isə Türkiyə–Azərbay­can Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) başkanı hörmətli Aygün xanımın təşəbbüsü və rəhbərliyi altında Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakıda Atatürk Mədəniyyət Mərkəzində Türkiyə və Azərbaycan nü­mayəndə heyətləri arasında “Dəyirmi masa” keçirildi. Tədbir çərçivəsində işğaldan azad edilmiş torpaqların in­vestisiya imkanları və türk şirkətlərinin bu əraziyə investisiyalarının artırılması əsas mövzu oldu. Bu tədbirin davamı olaraq Bakıda KOBİ-nin evsahibliyi ilə Azərbaycan Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyinin birgə toplantısı ke­çirildi. TADİV-in təşkilatçılığı ilə Türkiyə­dən gəlmiş 23 türk iş adamı və müxtəlif şirkətlərin nümayəndələri görüşdə iştirak etdi. Azərbaycanda sahibkarlığın inki­şafı, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında biznes imkanları, biznes və investisiya potensialı, yerli və xarici iş adamlarına verilən dəstək barədə məlu­matlar ətrafında müzakirələr aparıldı. 

– Qarşıda daha hansı tədbirləriniz var?

– Daha böyük tədbirlərin həyata ke­çirilməsi üçün potensial imkanlarımız var. Fondun yerləşdiyi binada geniş və müasir texniki avadanlıqlarla təchiz edilmiş Azərbaycan evi, Qarabağ elm ocağı, Şuşa konqres salonu fəaliyyət göstərir. 

Ümid edirəm ki, yaxın gələcəkdə tarixi və yaddaqalan tədbirimizi Tür­kiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun növbəti toplan­tısını Qarabağda – Şuşada keçirmək bizlərə də nəsib olacaq. 

– Maraqlı söhbət üçün sağ olun. Şuşa tədbirinizin yüksək səviyyədə keçməsini arzu edir, sizə fəaliyyəti­nizdə yeni uğurlar diləyirik. 

Söhbəti hazırladı:
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”





Müsahibə