Gimnaziya, yoxsa ümumi məktəb?

post-img

Bu sual valideynləri ciddi düşündürür

Təhsil hər bir ölkənin həyatının zəruri və mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi tələbatımıza və gələcək hədəflərimizə uyğun qururuq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, indiyə qədər yaradılmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir. 

Məktəb insanın həyatında həlledici rol oynayır, onun şəxsi, intellektual, sosi­al və peşəkar inkişafına əhəmiyyətli töhfə verir. Bu müqəddəs ocaqda yeni nəsilə bilik və tərbiyə, sosial bacarıq, ictimai həyata hazırlıq, karyera imkanları, vətən­daşlıq məsuliyyətləri aşılanır. Buna görə məktəb mövzusu həmişə və hamı üçün aktualdır. Günün təhsillə bağlı daha bir maraqlı sualı “Məktəb, yoxsa lisey, gim­naziyalar?” formatında müzakirə olunur. Suala aydınlıq gətirmək üçün “gimnazi­yanın orta məktəblərdən fərqi nədir?” su­alını qismən aydınlaşdıraq.

Gimnaziyalar akademik və intellektu­al biliklərə üstünlük verən, adətən, xüsusi istedadı olan şagirdlərin təhsil aldığı orta təhsil müəssisəsidir. İbtidai təhsil ( IV si­nif) pilləsini tamamlayan hər bir şagird Elm və Təhsil Nazirliyinin mərkəzləşdi­rilmiş qaydada həyata keçirilən qəbul prosesində iştirak edərək lisey və gim­naziyalara daxil ola bilər. Valideynlərin övladının təhsilini məktəbdə, yoxsa gim­naziyada davam etdirməsi sualına cavab olaraq, tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərdiyim S.C. Pişəvə­ri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nümunəsində, onun ni­zamnaməsi və dövlət tələbləri əsasında aydınlıq gətirmək istəyirəm.

İlkin olaraq qeyd edim ki, seçim edərkən öncə şagirdin fərdi xüsusiyyə­tinə, istək və maraqlarına diqqət etmək lazımdır. Çünki məktəb şagirdin şəxsi keyfiyyətlərinin formalaşmasında, təh­sildə nailiyyət əldə etməsində, xüsusən ali məktəbə qəbul kimi bir çox məqsəd­lərinin həyata keçməsində məqsəd deyil, hədəfə aparan bir vasitədir.

Ölkəmizdə 2 formada gimnaziyalar var: dövlət hesabına yataqxana və gün­də 3 dəfə isti yeməklə təmin olunan və bu imkanları olmayanlar. 

Övladlarının orta təhsili üçün məktəb seçimi qarşısında olan valideynlərin sual və maraqlarını nəzərə alaraq, məktəb və gimnaziya arasındakı bəzi əsas fərqlərə diqqət yetirək.

Tədris planı. Elm və Təhsil Nazirli­yi tərəfindən xüsusi tərtib edilmiş tədris planlarında lisey və gimnaziyaların əsas dərs saatlarının miqdarı orta təhsil müəs­sisələrinin tədris planından fərqli olaraq bir neçə saat artıqdır. Məsələn, riyaziyyat fənninin həftəlik dərs yükünün miqdarı orta məktəblərdə 5 saatdırsa, gimnaziya­da bu 7 saatdan başlayır.

Layihə əsaslı fənlərin (STEAM, rəqəmsal bacarıqlar) keyfiyyətli tədri­si. Gimnaziyalarda digər məktəblərdən fərqli olaraq V, VI siniflərdə məntiq və V sinifdə etika dərsləri tədris olunur. İntel­lektual dərketmənin qanunları, metodları və formaları haqqında elm hesab edilən məntiq fənni tənqidi təfəkkürə əsaslanan elm olduğundan o, şagirdlərdə düzgün təfəkkürün formalaşmasında xüsusi rol olynayır. Habelə ənənəvi məntiq üzərin­də qurulmuş formal məntiq dərsləri V si­niflər arasında keçirilən Lütfi Zadə adına məntiq olimpiadasında şagirdlərin nəti­cələr göstərməsinə səbəb olur. VI sinifdə riyazi məntiqə əsaslanan fənnin proq­ramı isə riyaziyyat və informatika fənn olimpiadasında, həmçinin yuxarı (IX, X, XI) sinif şagirdləri üçün keçirilən respubli­ka fənn olimpiadasına hazırlıq mərhələsi kimi qiymətləndirilir.

“Davranış və etika qaydaları” fənni üzrə tədris proqramı da Təhsil İnstitu­tu tərəfindən hər il yenilənib təsdiqlənir. Gimnaziyalarda, adətən, əsas xarici dillə yanaşı, ikinci əcnəbi dil seçimi şagirdlərin və valideynlərin ixtiyarına verilir. 

Şagirdlərin akademik inkişaf dina­mikasını və tədrisin keyfiyyətini ölçmək məqsədilə ildə, ən azı, iki dəfə məktəb rəhbərliyi tərəfindən monitorinqlər, ha­belə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan SMİ (səviyyə müəyyənetmə im­tahanı) həyata keçirilir. Şagird nailiyyəti­nin təhlil və müqayisələri aparılır, nəticə­dən asılı olaraq müvafiq tədbirlər həyata keçirilir. 

Gimnaziyada pedaqoji heyət iki qru­pa bölünür: fənn müəllimləri və sinif rəh­bərləri. Gimnaziyada da orta ümumtəhsil məktəblərində olduğu kimi, eyni dərslik­lər əsasında dərs saatlarına və cədvəllə­rinə uyğun olaraq müvafiq fənlər peşəkar fənn müəllimləri tərəfindən tədris edilir. Onların tədris prosesinin orta ümumtəh­sil məktəblərindən fərqi odur ki, tədris müasir təlim texnologiyaları əsasında aparılır. Sinif rəhbərləri heç bir fənn tədris etmirlər. Onlar tərbiyəçi-müəllim kateqo­riyasına daxil olub məktəbdə şagirdlərin davranış, təhsil və inkişaf prosesini təşkil edirlər. 

Gimnaziya 7/24 açıq məktəbdir. O, qeyri-ərazi məktəbi olduğu üçün uzaq (əsasən bölgələrdə, şəhərətrafı kənd­lərdə) məsafədə yaşayan şagirdlərə yataqxana şəraiti yaradılır. Gimnaziya şagirdləri xüsusi mühafizə sisteminin – mühafizəçilər, güvənlik kameraları, gecə gözətçiləri və dayələrin nəzarətindədir. Gimnaziyada tədris birnövbəlidir. Həftədə 5 gün 8.30-dan etibarən tədris prosesinə başlanılır. Dərslər bitəndən sonra etüd dərslərinə qalan şagirdlər yeməkxanaya, digərləri isə evlərinə ötürülür. Etüd dərs­ləri 17.00-da bitir, şagirdlər sinif rəhbərləri tərəfindən valideynlərə təhvil verilir. 

Gimnaziyada psixoloq və həkim xü­susi əhəmiyyətli əməkdaş hesab olunur. Yataqxanada yerləşən, valideyn himayə­sindən uzaq olan şagirdlərə psixoloq, hə­kim dəstəyi və nəzarəti göstərilir. Güclü nizam-intizam və nəzarət, maddi-texniki baza, inkişaf proqramları, pilot layihələr, sağlam təhsil mühiti, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri olan gimnaziyalar tarixən də elit təbəqələrin təhsil aldığı müəssisə hesab edilib. Azər­baycanda ilk rusdilli orta təhsil müəssisəsi 1865-ci ildə Bakıda açılıb. Sonralar Gən­cədə də belə bir gimnaziya fəaliyyətə baş­layıb. 

Beləliklə, ölkəmizdə uğurlu inkişaf mərhələləri keçən, nüfuzlu şəxsiyyətlər yetişdirən 150 yaşlı gimnaziya xüsusi məktəb nizamnaməsinə, dövrünün tədris ənənələrinə görə ən yaxşı məktəblərdən hesab edilib. Bu gün də gimnaziya təhsili yerli və xarici olimpiadalarda şagird na­iliyyətlərinə, tədrisin keyfiyyətinə, sosial fəaliyyətlərin rəngarəngliyinə, yerli və beynəlxalq universitetlərə qəbul faizinə görə bir çox məktəblərdən öndədir.

Leyla HACIYEVA,
S.C.Pişəvəri adına gimnaziyanın tədris işləri üzrə direktor müavini

Sosial həyat