“Lavrov planı”: Görünən və görünməyən niyyətlər

post-img

Layihənin adındakı “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsi nəyə hədəflənib?

Hələlik nə rəsmi Bakı, nə də Ermənistan hakimiyyəti tərəfindən münasibət bildirilməyən bu plan ətrafında ictimai diskussiyalar davam edir. Ortalıqdakı yeganə fakt ondan ibarətdir ki, Rusiyanın Qarabağla bağlı təkliflərinin yer aldığı “Lavrov planı” adlanan sənəd Xankəndidəki separatçıların nümayəndəsi Tiqran Petrosyan tərəfindən yayımlanıb. 

Rusiya Xarici İşlər Nazirliyi tərəfin­dən hazırlandığı deyilən layihənin adın­da onun “Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilə­rin məskunlaşması üçün” təklif edildiyi vurğulanır. Madrid prinsipləri əsasında hazırlandığı ehtimal olunan layihədə yazılanları diqqətlə oxuduqda aydın olur ki, Azərbaycan qanunvericiliyi sə­viyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarının, eləcə də Qarabağın erməni əhalisinin özünüi­darəetmə hüququnun ölkə qanunları çərçivəsində təmin ediləcəyi vəd olu­nur. 14 maddədən ibarət olan “Lavrov planı”, yaxud təkliflər layihəsi “Azərbay­can SSR-in keçmiş Qarabağ vilayəti ərazisində erməni əhalisinin təhlükə­sizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uy­ğun təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır. 

Təklif olunan layihədə ermənilərin açıq şəkildə Azərbaycan ərazisində ya­şayacağı, ölkəmizin ərazi bütövlüyünü tam tanıyacağı və ən əsası, onların bi­zim daxili qanunlarımızla hərəkət edə­cəklərinın göstərilməsi müsbət haldır. Bəzi ekspertlər “Lavrov layihəsi”nin er­mənilərin Sovetlər dönəmindəki “Dağ­lıq Qarabağ Muxtar Vilayəti”nin yenidən dirçəldirməsi cəhdi kimi qiymətləndirir­lər. Həmin layihədə, guya, ermənilərə vilayətin hüquq-mühafizə orqanlarında vəzifələrin verilməsi bəndinin yer aldı­ğı söylənilir. 14 maddəlik layihənin bir çox müddəalarının Azərbaycan Res­publikasının qanunvericiliyinə, daxili siyasətinə zidd olduğu, ermənilərə əla­hiddə səlahiyyətlər tanımaqla ölkəmiz­də yaşayan digər xalqların bərabərlik prinsipinin pozulması demək olar. Bakı dəfələrlə bəyan edib ki, Qarabağ ermə­nilərinin Azərbaycanın Konstitusiyasına uyğun olaraq söz, vicdan azadlığı, təh­sil almaq və s. hüquqları olacaq. Yəni, digər etnik azlıqlar kimi ermənilərə də eyni şərait yaradılacaq, amma, yalnız qanunda göstərilən hüdudlarda. Fəqət, Qarabağ iqtisadi rayonumuzda yaşa­yan ermənilərin Ermənistana getmələri üçün Laçın yolunun tamamilə açıq sax­lanması, gediş-gəlişin sərbəst olması qəbuledilməzdir. Ən azı ona görə ki, bu, Azərbaycanın daxili təhlükəsizliyinə zidd məqamdır.

Separatizmə yol verilməyəcək

Moskvanın ortaya atdığı həmin təklif layihəsinin mükəmməl olmadığını, onun beynəlxalq hüququn normalarına uyğun hazırlanmadığını deyənlər də az deyil. “Lavrov planı” hərtərəfli analiz edildikdə layihənin 4 və 10-cu maddələrində qərəz elementlərini aşkar etmək mümkündür. Yəni Moskvada hazırlanmış 14 maddə­lik sənəddə Qarabağ ermənilərinə bəzi imtiyazlar tanınır ki, bu da ekspertlərin fikrincə, etnik separatizm toxumlarının saxlanılmasına hesablanıb. Xankəndi­dəki separatçı rejimin nümayəndələri yerli ictimai fəallarla təmaslarında yeni planı rəsmi Bakı və Qarabağ ermənilə­ri arasında sülh müqaviləsi layihəsinin surəti kimi təqdim edirlər. 

Rusiyanın təklif etdiyi sənəddə Azərbaycanın hüquq-mühafizə orqan­ları tərəfindən yalnız məhkəmə tərə­findən sübut olunmuş cinayətləri törət­miş ermənilərin cinayət təqibinə məruz qalması nəzərdə tutulur. Başqa sözlə, separatçı rejimin Azərbaycana qarşı müharibələrdə iştirak etmiş, amma hər­bi cinayəti olmayan məmurları cəzadan azad ediləcəklər. Düzdür, Kremlin təklif etdiyi layihədə separatçıların danışıq­larda tərəf kimi iştirakı, eləcə də Azər­baycandan kənarda ikinci erməni döv­lətinin yaradılması ilə bağlı mülahizələr yer almayıb. 

Xankəndidə yayılan məlumatlardan belə anlaşılır ki, layihə Bakı tərəfindən dəstəklənir, amma separatçılar tərəfin­dən rədd edilir. Bu barədə qondarma rejimin kiçikçaplı məmurlarından sayı­lan Vahan Poqosyan fikirlərini paylaşıb: “Əslində, çıxış yolu yoxdur, ona görə də imzalamaq lazım gələcək”. Qara­bağ ermənilərinin cəmiyyətimizə inteq­rasiyasını nəzərdə tutan layihənin həm də bölgədə yeni müharibə təhlükəsinin qarşısının alınmasına hesablandığını da söyləmək mümkündür. Əgər “Lavrov planı”nda beynəlxalq hüquqda təsbit olunmuş və dövlətin mənafeyinə ziyan vurmayan haqların tanınmasından söh­bət gedirsə, onu nəzərdən keçirməyə və uyğun qərar qəbul etməyə dəyər. Hazırda Qarabağ iqtisadi rayonumuzda yaşayan ermənilərin bələdiyyə qurum­ları var. Həmin yerli özünüidarəetmə qurumunun qərarı ilə onların ərazisin­də, yol nişanlarında, yönəldici plakat və banerlərdə, inzibati-coğrafi adlarda və s. yerlərdə Azərbaycan dili ilə yanaşı, erməni dilindən də istifadə olunacaq. Azərbaycan Konstitusiyası milli azlıq­ların məktəbinin olmasına icazə verir. Aydın məsələdir ki, başqaları kimi er­mənilər də Azərbaycanın dövlət dilini zəif bilsələr, işlə təminat məsələsində problemlə üzləşəcəklər. Yəni, idarəet­mə strukturunda müəyyən mənsəb sa­hibi ola bilməyəcəklər. Bu səbəbdən, Azərbaycan dilini mükəmməl öyrənməli olacaqlar. 

Xüsusi imtiyazlar müzakirə mövzusu deyil 

Xankəndi–Bakı dialoqunu canlan­dırmağa hesablanan “Lavrov planı”nın 12-ci bəndində Ermənistan və Azər­baycan arasında imzalanacaq ayrıca sazişlə Qarabağda yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humani­tar əlaqələrin təmin edilməsi təklifi yer alıb. 13-cü bənddə isə daha maraqlı hüquqi məqamlar var. Deməli, Qara­bağın erməni əhalisi sərhədi keçərək digər dövlətin ərazisində yaşayan şəxslərlə, xüsusən də ortaq etnik, mə­dəni, dil və dini mənsubiyyətə malik insanlarla azad və dinc münasibətlər qura, əlaqə saxlaya bilər. Həmçinin, sonuncu – 14-cü bənddə erməni əhali­si üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması təklif edilir. “Lavrov planı”nın sual doğuran, mübahisələndirilə biləcək incəliyi bu­dur. Layihənin digər 11 bəndi də bu və ya digər şəkildə etnik separatizmi stimullaşdıracaq amillərə yol açan tə­siri bağışlayır. Ən ümdəsi isə bu təklif­lər paketi Rusiyanın “aparıcı vasitəçi” kimi Qarabağda uzun müddət qalma­sına şərait yaratmağa hesablanıb. Bakı üçün ən məqbul variant Qarabağ­dakı erməni icması ilə kənar aktorların iştirakı olmadan, tet-a-tet danışmaq, onların Azərbaycan vətəndaşlığını qə­bul etdikdən sonra respublikamızın di­gər milli azlıqları, etnik-dini qurumları kimi bərabərhüquqlu və təhlükəısiz ya­şamasını təmin etməkdir. 

Əksər siyasi şərhçilərin gəldiyi qə­naət belədir ki, ortaya çıxarılan sənəddə daha çox Rusiyanın strateji maraqları önə çəkilib. Əslində, “Lavrov planı”nda­kı bu müddəaların altında Moskvanın bir növ görünməyən niyyətləri “cücərir”. 

Bu amilə diqqəti yönəldən politoloq İlqar Vəlizadə Moskvanın öz təkliflərini mütləq həqiqət, yaxud impe­rativ kimi qəbul etdirə biləcəyinin müm­künsüzlüyünü vurğuladı: 

“Təklif olunan sənədin ayrı-ayrı maddələrində Qarabağ erməniləri üçün statusdan yüksək imtiyazlar irəli sü­rülür. Doğrudur, münaqişənin həllində əsas vasitəçi kimi Rusiya bu təkliflərlə müzakirələrdə iştirak edə bilər, amma ermənilərin bu günü və gələcəyi ilə bağ­lı məsələlər Azərbaycanın hakimiyyət orqanları tərəfindən ölkənin Konstitusi­yasına uyğun şəkildə verilməlidir. Geniş şəkildə “Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisindəki erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublika­sının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” kimi adlandırılan və 14 maddədən ibarət bu sənədin maddələri mahiyyətcə başlıqla üst-üstə düşmür. Bir dövlət tərəfindən digər dövlət üçün müəyyən planın tərtib olunması, onun ərazi vahidinin formalaşdırılması üçün xüsusi bir müddəanın hazırlanması və qonşu dövlətin bu müddəalarla razılaş­dırılması cəhdi normal deyil”.

Milli siyasətin sovet formulu?

Yeri gəlmişkən, “Lavrov planı” BMT TŞ-də məlum dinləmələrindən əvvəl təklif edilmiş sənəd layihəsidir. Amma, hələlik nə Azərbaycan, nə də Ermənis­tan bu layihəyə rəsmi səviyyədə müna­sibət bildirib. Rusiyanın baş diplomatı­nın açıqlamasına görə, bu, üç ölkənin Xarici işlər nazirlərinin görüşündə or­taya çıxan bir sənəddir: “Azərbaycan Xarici İşlər Nazirliyi bu təklif-layihəyə cavab verə bilər. Fəqət, indiyə qədər reaksiya olmayıbsa, deməli, məsələyə o qədər də ciddi yanaşma yoxdur”. Politoloq İlqar Vəlizadə münaqişənin tarixinə diqqəti çəkərək deyir ki, “Dağ­lıq Qarabağ” adlı bir ərazi vahidi məhz Sovet İttifaqı dönəmində Azərbaycana zorla tətbiq olunub və Moskva bu ərazi vahidinin qarantı kimi çıxış edib: 

“Sovet dövründə tətbiq olunan xalq­lar siyasəti nəzərdə tuturdu ki, müxtəlif millətlərin bir-biri ilə münasibətlərinin tənzimlənməsində Moskva xüsusi rol oynamalıdır və oynayırdı da. Guya, bu yolla SSRİ-də mili-siyasi sabitlik tənzim­lənirdi. İndi isə vəziyyət dəyişib. Azər­baycan, Rusiya və Ermənistan müstəqil dövlətlərdir. Ona görə də suveren bir dövlətin ərazisində baş verən proseslərə müdaxilə etmək qəbuledilməzdir. Bey­nəlxalq prinsiplərə görə, bir dövlət digər dövlətin daxili işlərinə qarışmamalıdır. Bu planda isə bəzi maddələrdə müdaxilə elementi var ki, bu, yolverilməzdir”. 

Aydın məsələdir ki, Azərbaycan heç bir halda suveren hüquqlarını bu və ya başqa formada məhdudlaşdıracaq hər hansı bir sənədin tətbiq edilməsinə ra­zılığını verməyəcək. Bizim ali qanunu­muz sayılan Konstitusiyamızda hər şey aydın şəkildə göstərilir. Burada bir millət digər millətlərdən fərqli tutulmur, hamısı Azərbaycan dövlətinin ərazisi daxilində bərabərhüquqlu vətəndaş kimi yaşayır. Elə bütün ölkələrin öz hüquqları və hü­dudları çərçivəsində yaşayıb fəaliyyət göstərməsi daha doğru olar. Bu halda Cənubi Qafqazda vəziyyətin və münasi­bətlərin tənzimlənməsi missiyası bölgə­də maraqlı tərəflərin boynuna düşməz. Bakının beş ay bundan əvvəl İrəvana təklif etdiyi və 5 bəndən ibarət sülh sazişinin mətni hər iki tərəf üçün daha məqbuldur. 

Azərbaycan çoxmillətli və çoxkon­fessiyalı ölkədir və erməni icması bu­rada yaşayan digər azsaylı xalqlardan artıq deyil. Bəlkə də bunun əksinədir. Ona görə ki, onlar bölgədə yaşanan bütün münaqişələrin və faciələrin bais­karlarıdır. İndi durub onlara xüsusi im­tiyazlar, səlahiyyətlər vermək qətiyyən olmaz. Bu, sonrakı dövrlər üçün saatlı bomba effektini verəcək əlavə problem­lər deməkdir. Bəli, onlar Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməli və bu şərtlər daxilində yaşamalıdırlar. Bunun alternativi yoxdur! 

Fikrət SADIXOV,
politoloq:

Sergey Lavrovun irəli sürdüyü tək­liflər nə Ermənistanın xeyrinədir, nə də Azərbaycanın. Əsas məqsəd bölgədə Rusiyanın maraqlarını qorumaqdır. Kreml yaxşı başa düşür ki, hazırda yaranmış olduqca mürəkkəb geosi­yasi vəziyyət fonunda, xüsusilə də Ukrayna cəbhəsində durumu nəzərə alsaq, Rusiyanın regiondakı rolu zəif­ləyə bilər. Sülh missiyasının ağırlığını indi Vaşinqton və Brüssel öz üzərinə götürüb və daha səmərəli danışıqlar məhz onların meydançalarında ge­dir. Bu təkliflərdə müəyyən müsbət məqamlar da ola bilər. Amma layihədə Azərbaycanın maraqlarına zidd, bizi qane etməyən təkliflər yer alır. Etnik ermənilərin Qarabağın rəsmi qurum­larında təmsil olunması, hansısa döv­lət strukturlarında fəaliyyət göstərməsi məsələnin ikinci dərəcəli tərəfidir. O məqama çatanadək biz gərək Ermə­nistanla münasibətlərimizi normallaş­dıraq və sülh sazişini imzalayaq. Bu zaman İrəvan özünün iddialarından əl çəkməlidir. “Beynəlxalq mexanizm çərçivəsində”, “etnik təhlükəsizlik” kimi ifadələr arxa plana keçməlidir. Fikri­mizcə, bu planda ən əsas məsələlərə toxunulmayıb. Yəni, Cənubi Qafqazda hadisələr hələ özünün sonuncu fa­zasına çatmayıb. Bir sıra problemlər həllini gözləyir. İndilikdə onlar Ağdam–Xənkəndi yolu ilə bizdən humanitar yardımı qəbul etmək istəmirlər. Laçın yolu ilə bağlı BMT-də hay-küy qaldır­dılar. Bu məsələlər həllini tapandan sonra ola bilsin ki, “Lavrov planı”nda­kı hansısa müsbət məqamlardan da yararlanmaq olar. İndi reallıq bundan ibarətdir. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”







Siyasət