C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Heydər Əliyev İli” münasibətilə respublika miqyaslı qastrol səfərləri həyata keçirib. Şəhər və rayonlarda keçirilən görüşlərdə kollektiv Ulu öndərin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinin gerçəkləşməsi uğrunda mübarizəsinə həsr olunmuş “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib. Səhnə əsərinin müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir.
İftixar Piriyevin yaradıcılığı çoxşaxəlidir. O özünü bir şair, dramaturq və publisist kimi də təsdiqləyib. İstedadlı qələm sahibi "Yaşadığım bu ömür" və "Nə qəribə yuxuymuş" şeirlər toplusunun, Ümummilli liderə həsr olunmuş "Böyük Turanın himni" və "Müstəqil vətənin memarı" poemalarının, eləcə də "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya kor aşığın işığı", "Eşqin tikan dairəsi", "Qarışqalar yuvanı dəyişmir", "Arı yuvası", "İşıqlı, nurlu sabah" və digər pyeslərin müəllifidir.
İftixar Piriyevlə İrəvan Dövlət Azərbaycan Dram Teatrının qarşısında görüşdük. Tikilini göstərib “Axır ki, bizim teatrın da öz binası olacaq"- dedi. Binada hələ tamamlama işləri aparıldığından yaxınlıqdakı ofislərində söhbət etdik.
– İftixar müəllim, bədii yaradıcılığınızla yanaşı, siz teatra rəhbərlik edir, həm də aktyorluq edirsiniz. Bu nədən qaynaqlanır, necə çatdırırsınız?
– Hələ uşaq yaşlarımdan, orta məktəbdə oxuduğum illərdən incəsənətə marağım var idi, hekayələr yazırdım, rəsmlər çəkirdim. Bir çox natürmotlarım var idi. Çəkdiyim rəsmlər məktəbin divar qəzetinə yerləşdirilirdi. Sonra incəsənət təhsili aldım, aktyorluq fəaliyyətim başladı. Bundan da əvvəl bir təsadüf öz sözünü demişdi. Mən Gürcüstanda anadan olmuşam. Gürcülər hər il müxtəlif bölgələrdə dostluq konsertləri keçirirdilər. Bir dəfə də bu konsertlər kəndimizdə keçirilirdi. Teatr heyəti qaravəllilər hazırlayırdı. Mən rəqs qrupunda idim. Öz məşqlərimiz bitdikdən sonra aktyorların məşqlərini də maraqla izləyirdim. Konsert günü elə oldu ki, rollardan birinin ifaçısı gəlmədi. Heyət təəssüf hissi keçirirdi və artıq tamaşanın baş tutmayacağı ilə barışmışdı.
Mən hadisədən xəbər tutduqda aktyorlarla danışıb rolu oynaya biləcəyimi dedim. Onlar məşq etmədiyimi, buna görə də rolu oynaya bilməyəcəyimi dedilər. Mən isə bütün məşqlərə baxdığımı və rolu bildiyimi deyib onları razı saldım. Beləliklə aktyorluq sahəsində ilk addımımı atdım, çox da uğurlu alındı. Sonralar bu heyətlə bir neçə tamaşada səhnəyə çıxdım.
– Teatr tariximizdə ilk dəfə Heydər Əliyev obrazını siz canlandırmısınız. Bu məsuliyyətli işin öhdəsindən necə gəldiniz?
– Dahi rəhbərin obrazını yaratmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir. Bu ali missiya daşıyıcısı, dolğun imkanlara malik olan obraz üzərində yaradıcılıq prosesi həm bir insan, həm də bir sənətçi kimi mənəvi dünyamı zənginləşdirir. Düşünürəm ki, mən bu prosesdə üzərimə düşən məsuliyyətin ciddiliyini çox yaxşı dərk etdim və bu işin öhdəsindən layiqincə gəlməyə çalışdım. Heydər Əliyevin obrazını canladırdığıma görə Gürcüstanın prezidenti, Ulu öndərin dostu Eduard Şevardnadze xoş sözlər demişdi. Bizim Tbilisidəki tamaşalarımızdan birini o da izləmişdi. Tamaşadan sonra bizimlə görüşüb tamaşa haqqında yüksək rəyini bildirdi. Bizi evinə qonaq da dəvət etdi. Orada Ulu öndər haqqında dəyərli fikirlər səsləndirdi, vurğuladı ki, Heydər Əliyev təkcə Azərbaycanın yox, bütövlükdə Qafqazın lideridir.
– Builki qastrol səfərləriniz necə keçdi?
– Bu il Heydər Əliyevin 100 illiyi münasibətilə biz Mədəniyyət Nazirliyinin xətti ilə rayonlara qastrol səfərləri təşkil etmişik. İlk olaraq 18, daha sonra 16 rayonda “Nurlu ömrün anları”nı oynadıq. Çıxışlarımız tamaşaçılar tərəfindən çox möhtəşəm qarşılandı. Bu qastrol çərçivəsində tamaşaçıların dahi şəxsiyyətə olan sevgisinin hüdudsuzluğunun şahidi oldum. Tamaşa Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə gəldiyi ildən 2003-cü ilə qədər olan dövrü əhatə edir. Sonda hadisələr ikinci mərhələyə keçir, – estafet möhtərəm Prezident İlham Əliyevə ötürülür. Bu hissədə “Ucal” marşı bütün iştirakçıların ifasında xor şəklində oxunur. Bu zaman bütün salon ayağa qalxır, alqışlarla sona qədər marşı müşayiət edir. Bu hadisə bir qayda olaraq bütün tamaşalarımızda təkrarlanır. Həmin mənzərənin yaratdığı ruh yüksəkliyi kollektivimizin ən böyük mükafatıdır.
– Rəhbərlik etdiyiniz İrəvan Dövlət Azərbaycan Dram Teatrının mövcudluğunu uğurla davam etdirməsi, əslində Qərbi Azərbaycana qayıdış missiyasına layiqli töhfədir, soydaşlarımızda böyük ümidlər yaradır.
– Bizim teatr daim dövlətimizin diqqət mərkəzində olub. Hələ sovet dövründə teatrın İrəvan şəhərində fəaliyyət göstərdiyi vaxtlarda Heydər Əliyev öz qayğısını kollektivdən əksik etməyib. İlk dəfə 1928-ci ildə dövlət statusu alan teatr 1951-ci ildə bağlanmışdı, 1967-ci ildə öz fəaliyyətini bərpa etdi. Mənfur qonşularımız həmişə bu incəsənət ocağının fəaliyyətinə mane olmağa çalışırdılar. 1978-ci ildə bu sənət ocağının dövlət statusu almasının 50 illik yubileyi qeyd edilməli idi. Ermənilər bunun əleyhinə çıxır və yubileyi keçirməkdən imtina edirdilər.
Bunu bilən ulu öndər Heydər Əliyev teatrın 50 illik yubileyinin Azərbaycanda qeyd ediləcəyinə qərar verib və teatrı bir aylıq Bakıya dəvət edib. Yanlız bundan sonra ermənilər faktın yuxarı instansiyalara çatdığını anlayıb geri atdım atıblar. Beləliklə, 50 illik yubiley həm İrəvanda, həm də Bakıda keçirilib. Burada teatrın o vaxtkı rəhbəri Hidayət Orucovun da çox böyük zəhməti var.
Bu hadisədən sonra teatrın bir çox əməkdaşına fəxri adlar verildi. 1980-ci illərin sonlarında məlum hadisələrdən sonra İrəvan Teatrı da Ermənistandan deportasiya edildi. Bundan sonra teatr Akademik Milli Dram Teatrının tərkibində fəaliyyətini davam etdirdi. Ulu öndər hakimiyyətə gəldikdən sonra 1994-cü ildə kollektivə müstəqil Azərbaycanın dövlət teatrı statusu verildi.
Bu gün də dövlətimiz bu teatra hərtərəfli qayğı göstərir. Təkliflərimiz qəbul olunur, səfərlərimizin xərcləri qarşılanır, tamaşalarmıza vəsait ayrılır. Yeni binaya köçməyimiz nəzərdə tutulub, hazırda orada son tamamlama işləri gedir. Bununla da uzun illərdən sonra teatrımız öz binasında fəaliyyət göstərəcik. Yeganə problemimiz bu idi, o da həll olunur. İnanırıq ki, fəaliyyətimizi bir gün İrəvanda davam etdirəcəyik.
– Maraqlı söhbətə görə sağ olun!
Rüfət MƏHƏRRƏMOV