Ana dili milli varlığımızdır

post-img

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu öndər həmin tarixi sənədi latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Dahi şəxsiyyət bütün fəaliyyəti dövründə mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafına böyük qay­ğı ilə yanaşıb. Ulu öndər sovet dönə­mində müəyyən çətinliklərə baxmaya­raq, Azərbaycan dilinin təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusi­yası təsdiq edilən zaman ora dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli lider bu məsələdə prinsipial münasibəti ilə diqqət çəkib. Beləliklə, 1978-ci il apre­lin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respubli­kası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunan yeddinci sessiyasında məruzə ilə çıxış edən dahi şəxsiyyətin təkidi ilə 73-cü maddəni yeni dəyişiklik­lə vermək qərara alınıb. Bu dəyişikliklə Azərbaycan Sovet Sosialist Respub­likasının dövlət dilinin Azərbaycan dili olduğu təsdiqini tapıb. 

Müstəqil Azərbaycan dövlətinin dil si­yasətinin müəyyənləşməsi də Ulu öndərin adı ilə bağlıdır. Belə ki, 1993-cü ildə Hey­dər Əliyevin Azərbaycanda yenidən ha­kimiyyətə qayıdışından sonra ana dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, Ümummilli liderin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nü­munəsi oldu. Bundan sonra dövlət səviy­yəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. 

Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycan­da bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdiril­di. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Həmin sənəddə deyilirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Dahi şəxsiyyətin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman ilə dilimiz qorunması və inkişafı baxımından yeni mərhələyə daxil oldu. 2003-cü il yanvarın 2-də isə Ulu öndər Heydər Əliyevin müvafiq fər­manı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Res­publikasının Qanunu qüvvəyə mindi. Qanunda dövlətin ana dilinə qayğısı is­tiqamətində əsas vəzifələr dəqiq göstə­rildi.

Göründüyü kimi, Ulu öndərin ana di­linə sevgisi, onun qorunması və zəngin­ləşməsi ilə bağlı gördüyü işlər tariximiz­də ciddi bir istisnalıq təşkil edir və hər bir soydaşımız üçün əbədi bir örnəkdir. Böyük rəhbər iftixarla deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilin­də oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlar­dır!”

Ümummilli liderin siyasi xəttini inam­la davam etdirən Prezident İlham Əli­yev tərəfindən son 20 ildə ana dilimizi qorumaq istiqamətində önəmli tarixi addımlar atılıb. Dövlətimizin başçısı­nın 2004-cü il yanvarın 12-də imzala­dığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazır­lanıb. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediya­sının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi ger­çəkləşib. 

Müasir dövrün tələblərini və real­lıqlarını nəzərə alan Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafı­na dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi isə milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zəngin­liyinin qorunması baxımından mühüm tarixi hadisəyə çevrilib. Dövlət Proqramı ilə Azərbaycan dilinin istifadəsinə və tə­dqiqinə dövlət qayğısının artırılması, di­limizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin gerçək­ləşdirilməsi kimi məsələlər qarşıya mü­hüm vəzifələr kimi qoyulub. 

Prezident İlham Əliyevin “Azərbay­can dilinin elektron məkanda daha ge­niş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan di­linin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı­nın 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunma­sı və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə döv­lət dilinin daim diqqət mərkəzində saxla­nıldığını bir daha təsdiq edir. Dil qurucu­luğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statu­sunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Ümummilli liderin ideyalarını bü­tün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Pre­zident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədə­niyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qa­rantı da məhz ölkə rəhbərinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlə­rin latın qrafikasında yenidən nəşr edil­məsi məhz İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdi. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərənca­mı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsin­də kütləvi nəşrlərin latın qrafikasına ke­çirilməsi reallaşdı.

Dövlət başçısının sonrakı sərən­camlarında isə 150 cildlik “Dünya ədə­biyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respub­lika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Pre­zident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzala­dığı “Azərbaycan milli ensiklopediya­sının nəşri haqqında” sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zən­ginləşməsində mühüm rol oynadı.

Qeyd olunan bu sənədlər doğma di­limizə göstərilən yüksək səviyyəli dövlət qayğısını göstərməklə bərabər, ölkə­mizdə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldil­miş yaradıcılıq səylərinin birləşdirilmə­sini və dilçiliyin müasir cəmiyyətin ak­tual problemləri ilə əlaqələndirilməsini etibarlı şəkildə reallaşdırır.

 

B.VAQİF,

“Xalq qəzeti”



Təhsil