Meşəli canisi Haqqın divanında

post-img

Tarixi sınaqlardan çıxmış həqiqətdir: cinayət izsiz, cani cəzasız qalmıır. Bugünlərdə bir daha bu qızıl düsturun doğruluğuna hamılıqla şahid olduq. Bu gerçək ona görə zaman keçdikcə önəmini artırır ki, caninin cəzasız qalması ilə dünyanın nizamı pozular. 1991-ci il dekabrın 23-də səhərin alatoranında Xocalı rayonunun Meşəli kəndini oda qalamış, 28 nəfər qocanı, qadını, uşağı yataqda qətlə yetirmiş, qaçıb canını qurtarmaq istəyən 14 nəfəri ağır yaralamış, 358 nəfəri doğma ocağından didərgin salmış, sakinlərin 5,5 milyon manatlıq əmlakını talan etmiş, mənimsəmiş erməni qaniçənlərindən biri – Vaqif Xaçatryan 31 il 8 aydan sonra ələ keçib, haqqın divanına verildi. Xalqımızın Qarabağ Zəfərininn açdığı yolda Zamanın qurduğu mizan- tərəzi artıq Qarabağı insan qəssabları yuvasına çevirənlərin tarixi cinayətlərinin haqq-hesabını sormağa başlayıb. Deyildiyi kimi, Zamanın yaddaşı həmişə oyaqdır, indi isə yaddaşın zamanı gəlib. 

Müsahibimiz Meşəli qətliamında qoca anasını, yaxın qohumlarını itirmiş, 33 il bu faciənin ağrıları ilə yaşamış “Qarabağa aparan yol” qəzetinin baş redaktoru, şair-publisist Əli Mahmuddur.

– Əli müəllim, separatçıların qul­beçəsi Vaqif Xaçatryanın Laçın sər­həd-buraxılış məntəqəsində Meşəli qırğınında iştirak etmiş cani kimi ələ keçməsini necə qarşıladınız və necə dəyərləndirirsiniz?

– Mən bu xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən müha­ribəsində verdiyi Qələbə müjdələrinin, “Əziz Şuşa, sən azadsan!” xitabının do­ğurduğu sevinc və təntənələrin davamı olan bir hadisə kimi qəbul etdim. İnsanlıq sifətini itirmiş, heç bir təqsiri olmayanları vəhşicəsinə qətlə yetirmiş birisinin, gec də olsa, tələyə düşməsi bəşər övladı üçün misilsiz bir xatırlatmadır: nahaq qan yerdə qalmır. 

Söhbət, ilk növbədə, narahat bir kən­din dinc sakinlərinin yalnız azərbaycanlı olduqlarına və öz dədə-baba yurdlarında yaşadıqlarına görə kütləvi terrora, qırğı­na, qovulmaya məruz qalmasından gedir. Əgər o kənd mənim doğmalarımın yaşa­dığı bir obadırsa, yatdıqları yerdə öldü­rülənlərdən biri isə mənim ağsaçlı anam­dırsa, onda həmin cinayəti törədənlərdən birinin zərərsizləşdirilməsi hamıdan artıq məni sevindirir. Bu hadisə 33 il gözlədi­yim günün gəlişi oldu. Bu o deməkdir ki, erməni cinayətləri mütləq cəzasını ala­caq. Əslində, Qarabağ qələbəmiz ermə­ni millətçi-quldurlarına verilən ən böyük cəza oldu. Lakin ayrı-ayrı canilərin də öz cəzası var və onlar ya bunu Ulu yaradan tərəfindən, ya da yerdəki haqq divanında mütləq alır.

Bu hadisənin başqa ibrətləri də var. Qarabağda separatizmin yeni dalğasını başlatmaq istəyənlər bilməlidirlər ki, 35 ildir erməni xalqını cinayətkar, haramxor, ağlını itirmiş topluma, bütünlüklə qonşu düşməninə çevirmiş avantüra bundan sonra yerindəcə cəzalandırılacaq. Ermə­ni qaçaq-quldurları üçün bundan sonra haqq-hesabın sorulacağı bir dövr başla­nıb. Artıq 33 il gözləmək lazım gəlməyə­cək. Ölkəmizə, xalqımıza qarşı hər hansı bir cinayətkar addımın qarşısı dərhal alı­nır və alınacaq.

Bu hadisədən dünya erməniliyini hi­mayə edib Azərbaycanın üstünə qaldıran dairələrin götürəcəyi pay da yetərlidir. Əv­vəla, millətçilik zəhəri ilə yolunu azmış, sabahını görə bilməyən erməni toplumu, az-çox, anlamalıdır ki, tarix boyu onun üçün həyat mənbəyi olmuş qonşu xalqla düşmənçiliyi davam etdirməsi onun fə­lakətlərini daha da artırır. Ermənipərəst qüvvələr isə qəbul etməlidir ki, müstəqil Azərbaycan dövləti artıq çoxdan sovet rəhbərlyinin əl-qolunu bağlayıb ermə­nilərə hədəf etdiyi məmləkət deyil. Onlar başa düşməlidirlər ki, xalqımızın Qarabağ zəfəri təkcə ermənilər üzərində qələbə deyil, həm də onların çeşidli himayədarla­rının niyyətlərinin alt-üst edilməsidir.

Nəhayət, “Xaçatryan hadisəsi” elə bir vaxtda baş verdi ki, Qarabağ ermənilə­rinə “nəzarətsiz dəhliz” tələb edənlərin riyakar humanizmi bir daha ifşa edildi. Məlum oldu ki, Ermənistan rəhbərliyi və onlara kənardan fitva verənlər, əslində, “humanitar dəhliz” deyil, Qarabağda giz­lənmiş müharibə caniləri, soyqırımı törə­dənlər üçün “sərbəst keçid” tələb edirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin ma­şınında humanitar tələbatın ödənilməsi adı altında insan qatili, silah, qaçaqmal daşınmasına təxribat və qanunsuz fəaliy­yətdən başqa, nə ad vermək olar? Qara­bağ Azərbaycan ərazisidirsə, humanitar yüklər ora niyə Azərbaycan ərazisindən daxil olmamalıdır? Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi nümayəndəliyi niyə İrəvana tabe olmalıdır?

– Qayıdaq Meşəli faciəsinə, o za­man baş verənləri necə xatırlayırsınız?

– Çox ağır zaman idi. Mən o vaxt “Şuşa” qəzetinin redaktor müavini işləyir­dim. Şuşa Qarabağın dağlıq hissəsində erməni separatizminə müqavimət mərkə­zi idi. Bakıdan nəinki bizə kömək yox idi, hətta əl-qolumuzu da bağlayırdılar. Ermə­nilər Qarabağda Azərbaycan adına hər şeyi yerləyeksan etdikləri halda, Şuşada Nelson Stepanyanın abidəsini, erməni məhəlləsini xüsusi qoruyurdular. Ermə­nilərin quldurluq hərəkətlərini himayə edən Arkadi Volskini canfəşanlıqla so­vet parlamentinə deputat seçirdilər. Mən bunlar barədə danışıb-yazdığıma görə rəhbərlik tərəfindən arzuolunmaz adama çevrilmişdim.

Böyüdüyüm, qohum-əqrəbamın yaşa­dığı Meşəli kəndi də Xankəndinin erməni rəhbərliyinin düşmənçilik siyasəti nəticə­sində dünyanın ən unudulmuş, atılmış bir məkanı idi. Lakin ermənilər başqa Azərbaycan məntəqələri kimi Meşəlini də hədəfə almışdılar. Tələb edirdilər ki, ev-eşiklərini atıb getsinlər. Təxminən, 4 yüz nəfərlik kənd öz qüvvəsi ilə 4 il müdafiə olundu. Nəhayət, 366-cı sovet alayının xəyanətkarlığı ilə burada yuva salmış 3 yüzədək erməni hərbçisi Xaçatryan kimi millətçi quldurlarla birlikdə kənddə qırğın törətdilər. 

1991-ci ilin oktyabrında erməni qul­durları Əsgəranda yolu bağlayıb soydaş­larımız yaşayan kəndləri işğal etməyə başladılar. Bakıda isə hakimiyyət davası gedirdi. Hər gün Xocalıya hücumlar edi­lirdi. Daşbulaqda azərbaycanlılar qovul­du, evləri yandırılıb, qarət edildi. Növbə Meşəliyə çatdı...

Xəbəri eşidib Şuşadan gizli yolla, atla kəndə yaxınlaşdım. Evlər hələ də yanırdı. Şuşadan gedən hərbi qüvvə isə meyitləri çıxarırdı, yaralıları təxliyə edirdi. Anamı elə yatdığı yerdəcə qətlə yetirmişdilər... Onlar bunu mənim erməniləri ifşa etdi­yimə görə qəsdən eləmişdilər. Qonşu Badara kəndindən olan Xaçatryan məni də, ailəmizə də yaxşı tanıyırdı. Quldurlara bələdçilik edib kəndi qoruyanlara ilk atəş­ləri də o açmışdı...

Anamı Şuşada dəfn etdik. O zaman Meşəlidə bir jurnalistin anasının da öldü­rüldüyünü eşidənlər Şuşa poçtuna 5 min manatadək yas pulu göndərmişdilər. Mən o vəsaiti qəpiyinədək Şuşa şəhidləri üçün Nelson Stepanyanın abidəsinin yerində xatirə kompleksi yaratmaq üçün xüsusi fonda köçürdüm. Təəssüf ki, 5 ay son­ra Şuşa da işğal olundu. Arzu edirəm ki, həmin yerdə bizim günlərdə Qarabağda törədilmiş soyqırımları qurbanlarının xa­tirəsinə abidə ucaldılsın.

– Siz uzun illər Şuşada yaşayıb-fəa­liyyət göstərmiş, erməniləri yaxşı ta­nıyan və onların da kimliyinə bələd olduqları bir ziyalı, söz adamı kimi Xankəndinin yenidən qızışdırılan mil­lətçi-separatçılarına nə deyərdiniz?

– Deyiləsi sözü biz ermənilərə mü­naqişədən əvvəl də çox söyləmişdik. Demişdik ki, dinc oturun, dava salsanız, bir bizə dəyəndə, iki də sizin başınıza enəcək. Belə də oldu. Nə qazandılar: hamılıqla düşmənçilik, ölüm, fəlakət... Əlləri günahsız qanlara batdı. Düşmən­çilik edənlərin öz anaları da ağlar qaldı. Qonşuluqda əl-ələ verib müstəqil dövlət­lər kimi inkişaf etmək əvəzinə, Qarabağı cəhənnəmə çevirib ortasında oturdular. Olan-qalanlarını mənasız müharibəyə sərf etdilər. Qarət malı yeməklə öyün­dülər.

Azərbaycan isə bu xəyanətin qarşılı­ğında ulu öndər Heydər Əliyevin ətrafın­da sıx birləşdi, Prezident İlham Əliyevin rəhbərliyi altında güc topladı. Ordumuz dəmir yumruq kimi erməni quldur dəstələ­rinin başına endi, onları qovub Qaraba­ğı azad etdi. Lakin düşdüyü vəziyyətdə onlara verilən nicatdan istifadə etməyən erməni başbilənləri düşmənçiliyi yeni rə­zil formalarda davam etdirirlər. Bunun sonu yoxdur. Nə qədər Xankəndiyə çirkli mələfələrin altında gizlənib, Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınına sığınıb gedib-gələcəklər. 

Ermənilərin xilas yolu 35 illik səhv yoldan dönmələrindədir. Bunun üçün onların başbilənləri müharibə canilərini gizlətməkdən, müdafiə etməkdən əl çək­məlidirlər. Qarabağ erməniləri yaşadıqları ölkənin qanunlarına tabe olmalıdırlar. Ca­niləri onsuz da ölkəmizin hüquq-mühafizə qurumları aşkar edib cəzalandıracaq. Dinc, təqsirsiz ermənilərin isə konstitusi­ya hüququ necə lazımdırsa, qorunacaq. Bunu Azərbaycan rəhbərlyi, Prezident İlham Əliyev bütün dünyaya mötəbər şə­kildə bəyan edib. Ağılsız baş isə toxmaq yeyər,– deyib babalarımız.

Söhbəti hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


Müsahibə