Özbək klassikası ana dilimizdə

post-img

Müsahibimiz Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərdir.

Bildiyiniz kimi, uzun illər jurnalist kimi fəaliyyət göstərdikdən sonra 2002-ci ildə mən Bakı Dövlət Universitetində bədii tərcümə laboratoriyasının müdiri oldum, daha sonra türk xalqları ədəbiyyatı və türkologiya kafedralarının müdiri seçildim. Bu zaman tədrisat və tədqiqat sahəsində böyük çatışmazlıqlar olduğunu gördüm. Bu daha çox tərcümə məsələləri ilə bağlı idi. Məsələn, özbək şairlərinin yaradıcılığı tədris olunurdu, ancaq onların əsərləri dilimizdə yox idi, yaxud çox az idi. Mən bu problemin həlli ilə intensiv şəkildə məşğul olmağa başladım.

Məhz hardan başladınız– 2009-cu ildə tanınmış özbək alimi Babaxan Məhəmməd Şəriflinin tərtib etdiyi “XX əsr özbək şeiri antologiyası” kitabını tərcümə edərək çapdan buraxdım. Həcmcə kiçik olan bu kitabda 50 özbək şairinin, o cümlədən Çolpan, Elbək, Batu, Qafur Qulam, Aybek, Uyğun, Maqsud Şeyxzadə, Həmid Alimcan, Zülfiyyə, Erkin Vahidov, Abdulla Arifov və başqa ədiblərin qısa bioqrafiyası və şeirlərindən nümunələr var idi.

2011-ci ildə türk tarixinin nadir şəxsiyyəti, qılınc və qələm sərkərdəsi Qazi Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri” və məşhur “Baburnamə”si tərcümə edərək oxuculara təqdim etmişəm. “Baburnamə”nin nəfis nəşri oxucuların böyük sevincinə səbəb oldu. Şairin “Seçilmiş əsərləri”nə onun 500-dən çox qəzəli, məsnəvisi, rübaisi, müəmması, qitəsi, tuyuğu, mətləsi və digər janrlarda şeirləri daxil idi. Əlavə olaraq, Baburun dini mövzuda yazdığı “Etiqadiyyə” risaləsi və farscadan tərcümə etdiyi “Risaleyi-validiyyə” əsəri də kitaba salınmışdı.

Yenə həmin ildə məşhur şair və hökmdar, böyük mesenat Sultan Hüseyn Bayqaranın “Divan”ını ədəbi ictimaiyyətə təqdim etdim. Bu kitab da oxucular tərəfindən rəğbətlə qarşılandı. Sultan Hüseyn özünün Dövlətabad sarayında mindən çox şair, alim, musiqiçi, rəssam bə başqa sənət sahibinə hər cür şərait yaratmış, onlara himayə göstərmişdir.

Sonra vaxt azlığı üzündən on il özbək ədəbiyyatı ilə məşğul ola bilmədim. Ancaq Nəvaini tərcümə etmək düşüncəsi məni rahat buraxmırdı. Doğrusu, əvvəlcə bu ağır və məsuliyyətli işin altına girməyə ehtiyat edirdim.

-Ramiz müəllim, bəs bu qorxu hissini necə dəf etdiniz?

– 5 fevral 2018-ci il mənim elmi bioqrafiyamda mühüm yer tutur. Həmin gün mən Əlişir Nəvainin 577-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak edirdim. Tədbir dahi sənətkarın adını daşıyan Nəvai şəhərində keçirilirdi. Onu da deyim ki, Özbəkistanda Nəvainin və Baburun anadan olmasının ildönümü (bunun yuvarlaq rəqəm olub-olmaması vacib deyil) hər il böyük təntənə ilə qeyd edilir.  O tədbirdə mənə və bir neçə alimə “Nəvai şəhərinin fəxri vətəndaşı” adı verildi.

Mən də orada söz verdim ki, Nəvainin “Xəmsə”sini ana dilimizə tərcümə edəcəyəm. Bakıya qayıdan kimi “Xəmsə”nin tərcüməsinə girişdim. Əvvəlcə “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və Məcnun” dastanlarını tərcümə elədim. Sonra digər poemalar üzrə araşdırmalar aparmağa başladım.

2020-ci ildə “Əlişir Nəvai və onun Xəmsəsi” adlı tədqiqat əsərim çapdan çıxdı. Burada dahi şairin “Xəmsə”si haqqında yazdığım məqalələr toplanmışdır. Bunun ardınca özbəkcədən çevirdiyim əsərlərə yazdığım ön sözlərin yer aldığı “Özbək ədəbiyyatı tədqiqatları” adlı kitabım işıq üzü gördü. 2021-ci ildə bu iki kitabı tanınmış tərcüman Şəhla xanım Qasımova özbək dilinə çevirdi və onlar Daşkənddə nəşr olundu.

-Bizdə Nəvainin əsərləri əvvəllər tərümə edilməmidi?

– Edilmişdi. Müxtəlif illərdə onun Bakıda “Fərhad və Şirin”, “Yeddi səyyarə”, “Seçilmiş əsərləri”, “Seçilmiş şeirləri” işıq üzü görmüşdü. Ancaq şairin  poemalarını sözün həqiqi mənasında tərcümə adlandırmaq çətindir. Bunlarda əruz, rədif və qafiyə sistemi qorunmamış, beytlər mənaya görə heca vəznində verilmişdi. 2020-ci ilə qədər Nəvainin “Heyrət ül-əbrar”, “Leyli və Məcnun” və “Səddi-İskəndəri” poemaları və risalələri ana dilimizə ümumən çevrilməmişdi.

Azərbaycan filologiyası üçün ciddi nöqsan sayılan bu çatışmazlıqlar şairin 50 illik yubileyi ərəfəsində aradan qaldırıldı. Mən üç il ərzində onun “Xəmsə”sinə daxil olan beş möhtəşəm poemanı, yəni “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səbayi-səyyar” və “Səddiİskəndəri” dastanlarını tam həcmdə, həm də orijinala uyğun şəkildə tərcümə edib çapdan buraxdım. Bu tərcümələrin ən bariz özəlliyi əsərlərin orijinaldan çevrilmiş olması, hər əsərə giriş məqaləsi, qeyd və şərhlər yazılması, habelə lüğət tərtib edilmiş olmasıdır.

-Professor, tərümə prosesində ansı çətinliklərlə üzlədiniz?

– Qohum dillər arasında tərcümə həmişə çətin olur. Özbək dili türk dillərinin karluq, bizim dilimiz oğuz qrupuna aiddir. Burada bəzi mühüm fərqlər var ki, əruz vəzni ilə yazılmış əsərlərin tərcüməsində çətinliklər yaradır. Məsələn, ismin yeddi halından altısında fərq var. “Ev” sözünü götürək: bizdə “evin”, özbəkcədə “evnin”, bizdə “evə”, özbək dilində “evgə”, bizdə “evi”, özbəklərdə “evni” olur. Yerlik və çıxışlıq hallarında da fərq var: bizdə “evində”, onlarda “evidə”, bizdə “evindən”, onlarda “evidin”. Bu zaman qapalı heca açıq hecaya, açıq heca qapalı hecaya keçir ki, nəticədə əruz pozulur. Başqa çətinliklər də var.

-Nəvai ilə bağlı daha nə işlər gördünüz?

– Nəvainin nəzm və nəsrlə qarışıq şəkildə yazılmış bəzi risalələrini də tərcümə etməklə onun yaradıcılığı haqqında dolğun təsəvvür yaratmaq lazım idi. Bu məqsədlə şairin ən böyük risaləsi olan “Məhbub ül-qülub” (“Qəlblərin sevgilisi”) əsərini ayrıca kitab halında tərcümə etdim. Bundan sonra Nəvainin “Risaleyi-tiyr əndaxtən” (“Oxatanlar risaləsi”), “Haləti-Seyid Həsən Ərdəşir”, “HalətiPəhləvan Məhəmməd”, “Mina-cat” və “Məhbub ül-qülub” adlı əsərlərini ehtiva edən “Beş risalə” kitabını çap elədim.

Azərbaycanca “Xəmsə”nin tirajının az olduğunu nəzərə alaraq hər poemadan müəyyən parçalar daxil etməklə Nəvainin “Əsərləri”ni və “Seçilmiş əsərləri”ni ayrı cildlər halında nəşr etdim ki, daha çox oxucuya çatsın. Yubiley ilində “Əlişir Nəvai: şəxsiyyəti və sənəti” və “Əlişir Nəvainin lirikası” adlı iki tədqiqat əsəri də yazıb nəşr etdirdim.

-Ramiz müəllim, bütün bunlardan sonra Əlişir Nəvainin türk, ərq və dünya ədəbiyyatındakı yerini neə müəyyən etmək olar?

– Nəvai türk dünyasının olduqca böyük şairidir. Əsərlərinin sayı, həcmi, bədii səviyyəsi, ideyası, təlqin etdiyi etik-estetik ideallar və humanist fikirlər baxımından ona bərabər ikinci bir sənətkar, demək olar ki, yoxdur. O, türk xalqlarının mədəniyyət və ədəbiyyat tarixində müstəsna şəxsiyyətdir. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi və Əbdürrəhman Cami kimi xəmsənəvislərdən sonra Nəvai “Xəmsə” yazan misilsiz dühadır. Həm də xələflərindən fərqli olaraq öz “xəmsə”sini türkcə yaratmışdır. Halbuki bu dörd mütəfəkkirdən üçü (Nizami, Dəhləvi və Nəvai) milliyətcə türk olduğu halda, yalnız Nəvai “Xəmsə”ni türkcə qələmə almışdır.

Əlişir Nəvai Şərq və dünya ədəbiyyatının ən böyük klassiklərindən biridir. İngilislər üçün Bayron, italyanlar üçün Dante, ruslar üçün Puşkin, farslar üçün Firdovsi, ərəblər üçün əl-Məəri, gürcülər üçün Rustaveli nədirsə, özbəklər üçün də Nəvai odur.

Müsahibəni qələmə aldı:

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

Müsahibə