Azərbaycanda Türkoloji Qurultaya hazırlıq işləri başlayanda Yeni Əlifba Komitəsinin xüsusi diqqət yetirdiyi əsas ölkələrdən biri Türküstan, əsas xalqlardan biri isə özbəklər idi. Bu seçim təsadüfi deyildi. Çünki həmin dövrdə mərkəzi Daşkənd sayılan Türküstan həm Türk dünyasının qədim mədəniyyət qaynağı, həm də elmi və ictimai fikrin inkişaf etdiyi coğrafiya kimi tanınırdı.
Burada dil, əlifba, maarif və milli kimlik məsələləri ətrafında gedən müzakirələr türk xalqlarının gələcək inkişaf strategiyasına birbaşa təsir edirdi. Bu səbəbdən Türküstanın, xüsusilə də özbəklərin iştirakı qurultayın ümumtürk miqyasında əhəmiyyətini daha da artırırdı.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binanın böyük salonunda keçirilmiş möhtəşəm toplantıda müxtəlif türk xalqlarının nümayəndələri sırasında 9 nəfərdən ibarət özbək nümayəndə heyəti də iştirak etmişdir. Bəzi mənbələrdə bu sayın bəzən 4, bəzən də 11 nəfər olduğu göstərilir. Onlar qurultayda türk xalqlarının birliyi, dilin və mədəniyyətin gələcəyi, eləcə də latın qrafikasına keçid məsələləri ətrafında fikir mübadiləsi aparmış, ortaq elmi və mədəni məqsədlər naminə fədakarlıq göstərmişlər.
Türkoloji Qurultayda Səmərqənddən Rəhim Axundcan oğlu İnoqamov, Abdurrəşid Abducabbarov və Qazi Alim Yunusov, Daşkənddən Məşriq Yunus oğlu İlbək və Şakircan Rəhimi, Fərqanədən Aşıralı Zahiri, Xarəzmdən Bikcan Rəhmanov, Buxaradan isə İsmayıl Sədri iştirak etmişlər. Bundan başqa, Özbəkistandan gəlib Bakıda müəllim işləyən, eyni zamanda “Divani lüğət it-türk” əsərini ilk dəfə dilimizə tərcümə edən özbək türkü Xalid Səid Xocayev də qurultayın fəal iştirakçılarından olmuşdur.
Elmi-mədəni məclisdə özbəklərin çoxsaylı və fəal iştirakı, onların elmi və mədəni potensialının yüksək olması ilə izah edilə bilər. Türk xalqları arasında mədəni, dil və tarixi baxımdan çox qədim əlaqələr mövcud olduğundan, özbəklərlə azərbaycanlılar arasında da qardaşlıq münasibətləri daim qorunub saxlanmışdır. Aralarında Xəzər dənizi kimi böyük bir məsafə olsa da, bu xalqların mənəvi yaxınlığı onları hər zaman bir-birinə bağlamışdır.
Özbəkistan nümayəndə heyətinə göstərilən xüsusi diqqət və ehtiram qurultayın rəsmi açılışında da öz əksini tapmışdır. Təşkilat Komitəsinin sədri Səmədağa Ağamalıoğlu qısa giriş nitqindən sonra ilk sözü Özbəkistan Akademiya Mərkəzinin sədri, hörmətli alim Abdurrəşid Abducabbarova (bəzi təqdimatlarda Əbducabbar Əbducabbarov kimi də göstərilir) vermişdir. O, qurultayda yaradılacaq komissiyaların – rəyasət heyətinin, fəxri rəyasət heyətinin, mandat komissiyasının, redaksiya heyətinin və katibliyin tərkibi barədə nümayəndə heyətləri adından razılaşdırılmış təklifləri özbək dilində elan etmişdir. Bu fakt həm qurultayın beynəlmiləl ruhunu, həm də türk xalqları arasında bərabərhüquqlu elmi əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu göstərirdi.
Qəbul olunan qərarlara əsasən, Rəhim Axundcan İnoqamov rəyasət heyətinə, Abdurrəşid Abducabbarov mandat komissiyasına, Şakircan Rəhimi isə redaksiya heyətinə üzv seçilmişdir. Onların fəaliyyət istiqamətləri və çıxışları qurultayın təşkilati və elmi baxımdan səmərəli keçməsində mühüm rol oynamışdır.
Qurultay günlərində Özbəkistan və özbəklərlə bağlı yaddaqalan hadisələrindən biri, böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin 500 illik yubileyinin keçirilməsi üçün xüsusi komissiyanın yaradılması idi. Bu qərar qurultayın əhvali-ruhiyyəsinə böyük təsir göstərmiş, türk xalqları arasında mədəni birliyin rəmzinə çevrilmişdi. Əlişir Nəvai yalnız özbək xalqının deyil, bütün türk dünyasının ortaq fəxri kimi dəyərləndirilirdi.
I Türkoloji Qurultayda aparılan müzakirələrdə və səslənən məruzələrdə özbək xalqına, onun dilinə, ədəbiyyatına və mədəniyyətinə böyük ehtiramla yanaşılmışdır. V.V.Bartold, M.F.Köprülüzadə, A.N.Samoyloviç, B.Çobanzadə kimi tanınmış alimlər özbək elminin və mədəniyyətinin türk dünyası üçün əhəmiyyətini xüsusi vurğulamışlar.
Müzakirə edilən məsələlərdən biri də növbəti — II Türkoloji Qurultayın keçirilməsi ilə bağlı idi. Qurultay iştirakçılarının yekdil rəyinə əsasən, ikinci toplantının Türküstanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Səmərqənd şəhərində keçirilməsi təklif olunmuş və bu qərar rəsmi şəkildə qəbul edilmişdi. Bu, təsadüfi deyildi. Çünki Səmərqənd təkcə özbək xalqının deyil, ümumilikdə türk-islam mədəniyyətinin beşiyi sayılır, burada yüzillər boyu alimlər, şairlər və mütəfəkkirlər yetişmişdi. Elə həmin səbəbdən də qurultayın Səmərqənddə keçirilməsi Türk dünyasının elmi birliyinin rəmzi kimi nəzərdə tutulurdu.
Əslində, həmin dövrdə Səmərqənddə qurultay keçirmək üçün həm siyasi, həm də elmi baxımdan münasib şərait mövcud idi. 1920-ci illərin ortalarında Özbəkistan Elmlər Akademiyası və müxtəlif maarif təşkilatları türk xalqlarının elmi-mədəni inteqrasiyasına böyük diqqət yetirir, türk dillərinin ortaq prinsiplərlə öyrənilməsi istiqamətində ciddi addımlar atırdılar. Səmərqənddə fəaliyyət göstərən alimlər və ziyalılar – Abdurrəşid Abducabbarov, Rəhim Axundcan İnoqamov, Şakircan Rəhimi və başqaları bu ideyanın həyata keçirilməsi üçün böyük həvəslə çalışırdılar.
Lakin 1920-ci illərin sonlarından etibarən Sovet İttifaqında siyasi mühit kəskin şəkildə dəyişdi. Mərkəzi hakimiyyətin ideoloji nəzarəti gücləndi, milli elmi təşəbbüslərə, xüsusilə də türk xalqlarının mədəni yaxınlaşmasını təşviq edən hər cür fəaliyyətə şübhə ilə baxılırdı. Türkoloji Qurultayın Səmərqənddə keçirilməsi ideyası da bu yeni siyasi ab-havanın təsiri altında ləğv edildi. Rəsmi şəkildə heç bir qadağa sənədləşdirilməsə də, faktiki olaraq, Sovet rəhbərliyi belə bir toplantının “pantürkist” meyilləri gücləndirəcəyindən ehtiyat edirdi.
Akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, II Türkoloji Qurultayın baş tutmaması təkcə elmi deyil, həm də tarixi baxımdan böyük bir itki olmuşdur. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni və elmi birliyinin təməlini qoyduğu kimi, onun davamı kimi nəzərdə tutulan II Qurultay da bu birliyin siyasi səbəblərlə qarşısı alınmış bir simvoluna çevrildi. Latın əlifbasına keçid məsələsi elmi müstəvidə öz həllini tapsa da, türk xalqlarının birgə elmi gələcəyi üçün nəzərdə tutulan bu böyük təşəbbüs – Səmərqənd Qurultayı – reallaşmadı və bu günə qədər tarixçilər və türkologiya tədqiqatçıları üçün açılmamış bir sirr olaraq qalmaqdadır.
I Türkoloji Qurultayda Özbəkistan nümayəndələrinin iştirakı həm elmi-intellektual mühit, həm də siyasi-mədəni mənada xüsusi bir məna daşıyırdı. Bu iştirak, təkcə özbək alimlərinin fərdi fikirləri və elmi töhfələri ilə məhdudlaşmır, bütövlükdə türk xalqlarının ortaq kimlik, dil və mədəniyyət məsələlərinə verdiyi strateji əhəmiyyəti nümayiş etdirirdi.
Özbək alimləri qurultayda yalnız müşahidəçi olmamış, müzakirələrin fəal iştirakçılarına çevrilmişdilər. Onların dil islahatı, əlifba dəyişikliyi, türkologiyanın elmi prinsiplərinin formalaşdırılması, ortaq ədəbi dil məsələsi və türkologiyanın gələcək inkişaf strategiyası ilə bağlı irəli sürdükləri tezislər qurultayın ümumi intellektual xəttinə yön verən mühüm elementlərdən biri olmuşdur.
Xüsusilə, latın qrafikalı yeni əlifba məsələsində özbək nümayəndələri həm nəzəri, həm də praktik arqumentlərlə çıxış edərək dəyişiklik prosesinin türk xalqları üçün yaratdığı imkanları əsaslandırmış, bu addımın ümumtürk mədəni inteqrasiyasına verəcəyi töhfələri vurğulamışdılar. Onların bu yanaşması qurultayda formalaşan ortaq mövqenin meydana gəlməsinə ciddi təsir göstərmişdir.
Eyni zamanda, Özbəkistan nümayəndələrinin Bakı məclisində iştirakı siyasi yöndə də mühüm addım olmuşdu. Çünki 1920–1930-cu illərin mürəkkəb geosiyasi şəraitində müxtəlif türk respublikalarından olan alimlərin eyni masa arxasında toplaşaraq ortaq gələcək haqqında müzakirə aparması milli-mədəni həmrəyliyin nümunəsi kimi qiymətləndirilirdi. Bu birlik, sovet məkanında türk xalqlarının intellektual cəbhədən bir-birinə dəstək verdiyini göstərən ən parlaq hadisələrdən biri olmuşdur.
Özbəkistan nümayəndələrinin I Türkoloji Qurultaydakı fəaliyyəti yalnız bir elmi tədbirin uğurlu təşkili deyil, həm də XX əsrin əvvəllərində türk xalqlarının elmi, mədəni və ideoloji baxımdan bir araya gəlmək potensialını parlaq şəkildə nümayiş etdirmişdir. Bu iştirak, Türkoloji Qurultayın tarixində özünəməxsus iz qoyan faktorlardan biri kimi bu gün də xüsusi dəyərlə xatırlanır.
Təəssüf ki, 1926-cı il Türkoloji Qurultayında iştirak etmiş özbək ziyalılarının sonrakı həyatı faciə ilə nəticələnmişdir. Elm və mədəniyyətin inkişafı uğrunda çalışan bu maarifpərvər şəxslər 1937–1938-ci illərdə Stalin repressiyalarının qurbanına çevrilmişlər. Onlar “pantürkist” və ya “xalq düşməni” damğası ilə ittiham olunaraq güllələnmiş, Uzaq Sibirə və Mərkəzi Asiyanın kimsəsiz bölgələrinə sürgün edilmişdir. Ailələri də bu repressiyanın ağrısını yaşamış, bir çoxları illərlə həbs düşərgələrində qalmış və məhv olmuşlar. Bu, divantutma təkcə insan talelərinin faciəsi deyil, həm də türkoloji elmin və ümumilikdə türk xalqlarının intellektual inkişafına vurulan ən ağır zərbələrdən biri kimi tarixə düşmüşdür.
Namiq ƏHMƏDOV
XQ

