Bu ahəngə yad notlar qarışmamalıdır
Əsrlər boyu zəngin inkişaf yolu keçən milli musiqimiz xalqımızın mənəvi dünyasını zənginləşdirmişdir. Muğamın fəlsəfi mahiyyəti, aşıq sənətinin sözlə musiqini birləşdirən ahəngi, bəstəkarlarımızın peşəkar əsərləri böyük məktəb yaratmışdır. Çağdaş dövrümüzdə bu məktəbin ənənələrini yaşatmaq, müasir formada inkişaf etdirmək, gələcək nəsillərə ötürmək zəngin musiqi irsimizin davamlılığını təmin edən zəruri amildir.
Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanla söhbətimiz minilliklərin dərinliyindən gələn musiqi yaddaşımızın qorunması, təbliği, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində yeniliklərlə bağlı oldu. Sevilən mahnıların müəllifi ilə müsahibəni oxuculara təqdim edirik.
– Novruz müəllim, bu gün azad, müstəqil dövlətdə yaşayırıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub. Qarabağ Zəfəri mədəniyyətimizə və musiqimizə nə verdi – qələbə ruhlu sanballı, layiqli musiqi əsərləri yarandımı?
– Biz bu gün müstəqil, suveren və qalib dövlətdə yaşayırıq. Bu müstəqilliyin əbədi olması üçün canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, qüdrətli ordumuza və Müzəffər Ali Baş Komandanımıza borcluyuq. Məhz onların fədakarlığı, dövlətimizin gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu qələbə tariximizin qızıl hərflərlə yazılan ən şərəfli və ən qürurlu səhifəsidir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti və milli ideologiyası əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və xalqımızın maraqlarına söykənən siyasət Azərbaycanı güclü dövlətə çevirdi. Bu siyasət nəticəsində ordu quruculuğu ən yüksək səviyyəyə çatdırıldı, iqtisadi inkişaf dayanıqlı oldu. Dövlətlərarası əlaqələr genişləndirildi, beynəlxalq hüquq və ədalət prinsipləri ölkəmizin xeyrinə işləməyə başladı. Və nəticədə xalq–dövlət–ordu birliyi bizi Zəfərə apardı.
Bu gün dünyanın hər yerində başımız uca, sözümüz keçərlidir. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir tarixi dövrdə yaşamaq, yaratmaq və xidmət göstərmək həm böyük məsuliyyət, həm də böyük şərəfdir. Artıq qəlbimizi ağrıdan boşluqlar, içimizdə nisgil yoxdur.
Bu Qələbə təkcə siyasi deyil, həm də mənəvi yüksəliş idi və bütün yaradıcı insanlara ilham verdi. Qarabağ Zəfərindən sonra “Qələbənamə” kimi musiqi əsərlərinin yaranması, Xalq artisti Lalə Məmmədovanın ifasında təqdim olunan yüksək səviyyəli klip, eləcə də “Ali Baş Komandan” adlı musiqi layihəsi xalqımızın sevincinin, qürurunun və ruh yüksəkliyinin bariz ifadəsidir.
Hər bir yaradıcı insan – şair, bəstəkar, rəssam, aktyor bu Zəfəri öz sənətində yaşadır. Mən də bu prosesə öz töhfəmi verməyə çalışdım. “Ali Baş Komandan” layihəsinin sözlərini deputat Eldar Allahyaroğlu yazıb, musiqisi isə mənə məxsusdur. Rejissor Fuad Alışovun çəkdiyi klip yüksək peşəkarlıqla ərsəyə gətirilib. “Mehriban Azərbaycan” layihəsi də dövlətimizə və xalqımıza olan səmimi sevgimdən doğan bir işdir. Son illər yaradıcılığımda vətənpərvərlik, sosial mövzular, mərhəmət və insanlıq anlayışları xüsusi yer tutur. Çünki dövrün ruhu bunu tələb edir. Biz Zəfər çalmış xalqıq və bu qüruru, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
– Dünyaya inteqrasiya dövründə musiqiçilər, qəlbən bu sahəyə bağlı olan istedadlı insanlar milli musiqimizin daha geniş tanıdılmasında hansı addımları atmalıdırlar?
– Zaman sürətlidir, musiqi də onunla ayaqlaşır, obrazlı şəkildə desək, qaçır. Amma mən düşünürəm ki, sənət qaçanda yox, dayananda yaranır. Kökü olan musiqi zamandan qorxmur. Çünki kök torpaqla danışır, torpaq isə tarixlə.
Yaradıcılığa münasibət hər zaman dövrün ruhundan, intibahdan və insanın mənəvi inkişaf səviyyəsindən qaynaqlanır. İnsanlıq hər mərhələdə yenidən formalaşır, hər əsr öz səsini, öz nəfəsini tapır.
Məhz bu dəyişmə və inkişaf prosesində yeni sənət nümunələri yaranır. Kimisi bu fikirləri musiqidə ifadə edir, kimisi ədəbiyyatda, kimisi də tarix və mədəniyyətin müxtəlif sahələrində öz sözünü deyir. Hər əsər yarandığı dövrün yaddaşını, ağrısını, sevincini, ümidlərini və gələcəyə baxışını özündə daşıyır. Sənət təkcə estetik hadisə deyil, həm də zamanın ruhunun aynasıdır.
Keçmişə nəzər saldıqda açıq-aydın görürük ki, Azərbaycan musiqisi və ədəbiyyatı yalnız bir sənət nümunəsi olmayıb, eyni zamanda, xalqımızın mənəvi dayağı, ruhunun sığınacağı rolunu oynayıb. Böyük bəstəkarlarımız, klassiklərimiz, sənətkarlarımız ömürlərini bu müqəddəs işə həsr edərək elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün onlar milli mədəniyyətimizin qızıl fondunda saxlanılır. Azərbaycan deyəndə təkcə bir coğrafiya deyil, həm də xalqımızın zəngin ruhu, dərin sənəti, milli kimliyi və əsrlərdən süzülüb gələn mədəniyyəti nəzərdə tutulur. Mədəniyyət sahəsində əldə etdiyimiz inkişaf da bu həqiqətin bariz göstəricisidir.
Azərbaycan mədəniyyəti, xüsusilə XX əsrin əvvəllərindən bu günə qədər keçdiyi yol baxımından həm dərin, həm zəngin, həm də güclü yaradıcılıq enerjisi daşıyır. Bizim klassik sənət irsimiz bu gün də yaşayır, inkişaf edir və cəmiyyətimizin mənəvi dirəyinə çevrilməkdə davam edir. Hər bir yaradıcı insan həyatda baş verənləri öz sənətində əks etdirməyə çalışır. Çünki sənət həm yaddaş, həm də gələcəyə ünvanlanan mesajdır. Əgər bir əsər – istər musiqi, istər söz, istərsə də rəsm xalqın mədəniyyətini zənginləşdirmirsə, onun ruhunu ucaltmırsa, gələcək nəsillərə bir dəyər ötürmürsə, o əsər “əsər” adlanmağa layiq deyil. Həqiqi sənət insanı yüksəldir, mədəniyyəti gücləndirir, düşüncəni saflaşdırır və cəmiyyəti daha sağlam edir.
Bizim məqsədimiz də məhz bundan ibarət olmalıdır: klassik irsimizə zərər verməyən, əksinə, onu daha da dəyərli edən, milli mədəniyyətimizi gücləndirən, cəmiyyətə fayda verən əsərlər yaratmaq.
– Bəzi gənc bəstəkarlar öz üzərində işləmək əvəzinə, daha tez populyarlaşmaq, qazanc əldə etmək üçün “coşqu” yaradan, “hitə” çevrilən cılız musiqilərin arxasınca qaçırlar. Nəticədə, zövqümüzü korlayan, musiqisi, sözləri heç bir məna kəsb etməyən bayağı mahnılar yaranır. Bayağı musiqilər cəmiyyətə nə verir, nə aparır?
– Xalq mahnılarımız nəsildən-nəslə ötürülüb, milli kimliyimizin formalaşmasında mühüm rol oynayıb. Bu mahnıların hər biri xalqın yaddaşı, ruhu, tarixidir. Əslinə baxsaq, “xalq mahnısı” adlandırdığımız əsərlərin müəllifi olub, sadəcə, zamanla həmin adlar itib, musiqi xalqın yaddaşına qarışıb. Allah o insanlara rəhmət etsin, onların yaratdığı əsərlər bu gün bütöv bir xalqın mənəvi sərvətinə çevrilib. Keçmişdə bəzi müəlliflərin mahnılarını “xalq mahnısı” adı ilə təqdim etməsi müəyyən tarixi səbəblərlə bağlı idi.
O zaman bədii şuralar mövcud idi, savadsız, hazırlıqsız insanlar efirə buraxılmırdılar, ciddi nəzarət mexanizmləri var idi. Buna görə də bəzi sənətkarlar öz əsərlərini anonim şəkildə xalqa çatdırmağa çalışırdılar.
Eyni zamanda, böyük sənətkarlarımızın – Zeynəb Xanlarovanın, Niyaməddin Musayevin, mərhum Qulu Əsgərovun və başqalarının ifa etdikləri və ya yaratdıqları mahnılar da zamanla “xalq mahnısı” kimi qəbul olunub. Bu əsərlər o qədər güclüdür ki, xalqın yaddaşına hopub, xalqın səsinə çevrilib.
Müasir dövrdə də istedadlı, yaradıcı, peşəkar və yenilikçi gənc bəstəkarlarımız var. Onlar dövrün ritmini, gəncliyin enerjisini, müasir estetik tələbləri hiss edir və buna uyğun əsərlər yaradırlar. Amma son zamanlar bəzi bəstəkarlarımız daha rahat və asan yollara üz tuturlar, bəzən süni intellektdən də istifadə olunur. Bu cür yanaşma yaradıcılığı zahirən “asanlaşdırır”, amma bədii dəyərini zəiflədir.
İnsanı düşündürməyən, ruhlandırmayan, mənəvi cəhətdən zənginləşdirməyən, əksinə, onun ruhunu cılızlaşdıran bayağı mahnılar xalqın estetik zövqünə, həyat tərzinə və mənəvi halına mənfi təsir göstərir. Əslində, bayağı musiqi hər dövrdə olub, bu, yeni hadisə deyil. Amma biz “bayağı mahnı” anlayışını işlədiriksə, mütləq onun meyarlarını düzgün müəyyən etməliyik. Mədəniyyətimizə, xalqımızın zövqünə və gələcək nəsillərin düşüncə tərzinə mənfi təsir edən hər bir element diqqətlə təhlil olunmalı və qarşısı alınmalıdır. Bayağılığın musiqi mühitində üstün mövqe tutması qətiyyən qəbul edilə bilməz. Hər şeyin öz yeri var: zarafatın da, ciddiyyətin də, fəlsəfənin də, elmin də. Sənət də eyni qaydanı tələb edir – ölçüsündə, səviyyəsində, keyfiyyətində və mənəvi zənginliyində olmalıdır.
– Sənətdə təhsil və istedad məsələsinə necə baxırsınız?
– Təhsil sənətin işığıdır, istedad isə alovu. İşıq yolu göstərir, alov isə qızdırır. İdeal sənətkar hər ikisinə sahib olmalıdır. Amma tarix göstərir ki, təkcə alovla da işıq saçmaq mümkündür. Əsas məsələ sənətə qarşı vicdanlı olmaqdır. Musiqi özünü aldadanı bağışlamır.
– Bu gün musiqimizin millilikdən uzaqlaşması, ona fərqli çalarlar qatılması ciddi narahatlıq doğurur. Buna nə ad vermək olar?
– Dəniz çayları udmur, əksinə, zənginləşdirir. Amma çay öz adını itirməsə. Milli musiqi də belədir. Əgər sən öz adını, öz səsini qoruyursansa, dünya səni dinləyir. Dünya təkrarı yox, fərqli olanı sevir. Bizim fərqliliyimiz muğamın nəfəsində, xalq ifaçılığının yaddaşındadır.
Qloballaşma təkcə iqtisadiyyat və siyasətlə məhdudlaşmır, birbaşa mədəniyyətə, xüsusilə də musiqiyə təsir göstərir. Bu gün dünya mədəniyyətinin sərhədləri demək olar ki, bir-birinə qarışıb və qloballaşmanın nəfəsi artıq musiqi mühitimizdə də açıq şəkildə hiss olunur. Bu prosesin iki tərəfi var. Bir tərəfdən, dünya musiqi mədəniyyətinin zəngin elementləri ilə tanış olmaq imkanı yaradır, müxtəlif janrlar, ritmlər və üslublar təqdim olunur. Digər tərəfdən isə milli musiqimizin özünəməxsusluğunun zəifləməsi riski meydana çıxır.
Bu gün dünya musiqisində Latın Amerikası və Afrika ritmləri, Asiya musiqi elementləri çox geniş yayılıb. Bu meyil Azərbaycan musiqisinə də daxil olur və bəstəkarlarımızın yaradıcılığında yad element kimi öz əksini tapır. Qlobal miqyasda baxdıqda bu, tamamilə təbiidir. Axı musiqi ümumbəşəri dildir.
Amma söhbət milli musiqidən gedirsə, burada ölçü və məsuliyyət tamam başqadır. Bizim klassiklərimiz Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digərləri dünya musiqisindən bəhrələnsələr də, heç vaxt milli musiqimizin sərhədlərini aşmayıblar. Onların əsərlərinin mərkəzində hər zaman Azərbaycan melodiyası, muğamın fəlsəfəsi, xalqımızın ruhu dayanıb.
Arzum odur ki, bizim musiqimizdən, mədəni dəyərlərimizdən digər xalqlar ilham alsın , nəinki biz başqalarını kor-koranə təqlid edək. Əlbəttə, dünya ritmlərindən istifadə etmək mümkündür və mən də öz yaradıcılığımda bəzən bu elementlərdən yararlanıram.
Nəticə olaraq demək istərdim ki, dünya dəyərlərindən bəhrələnmək mümkündür və lazımdır. Amma əsas məqsəd milli musiqimizi qorumaq, zənginləşdirmək və inkişaf etdirmək olmalıdır. Bu, hər bir sənətkarın həm peşəkar, həm də mənəvi borcudur. Mən bu suala qısa şəkildə belə cavab verərdim: qloballaşmanın yaratdığı imkanlardan istifadə etməliyik, lakin milli musiqimizin özünəməxsusluğunu və ruhunu mütləq şəkildə qorumalıyıq.
– Yaradıcı insan diqqət istəyir – tamaşaçı, izləyici məhəbbətinə ehtiyac duyur. Sözsüz ki, sənətkarı sevdirən, ilk növbədə, onun əsərləri, yaradıcılığıdır.
– Tamaşaçı sənətkarın güzgüsüdür. Orada özünü görürsən, səmimisənsə, işığın görünür; saxtasansa, kölgən böyüyür. Sevgi sifarişlə gəlmir. O, səssizcə gəlir və qalır. İllərlə qalırsa, deməli, sən doğrudan da tamaşaçı sevgisini qazanmısan.
– Həzin musiqi dili və ifadə gücünün vəhdətindən yaranan mükəmməl əsər zaman keçsə də, mahiyyətini itirmir, əksinə, ölməzlik qazanır, dürrə, inciyə çevrilir. Bəs süni intellektlə yazılan mahnılar insanları təsirləndirirmi?
– Bu sualın, ümumiyyətlə, gündəmə gəlməsi məni ciddi şəkildə narahat edir. Çünki bu gün biz artıq süni intellektlə yaradılmış musiqiləri eşidir, mətnləri oxuyuruq və onların süni intellekt tərəfindən yazıldığını dərhal hiss edirik. Necə ki, bir ana öz balasına laylay oxuyanda o səsdəki sevgini, istiliyi, şəfqəti uşaq da hiss edir, böyüklər də. Amma eyni laylayı robot oxuyanda insan dərhal həmin süni soyuqluğu, ruhsuzluğu duyur. Çünki onu yaradan duyğu, sevgi deyil, alqoritmdir.
Mən süni intellektin əleyhinə deyiləm. Əksinə, o, həyatımızın bir çox sahəsində böyük imkanlar açır, bizə məlumat verir, axtarışlarımızı sürətləndirir, təhlillər aparır, hətta bəzən insan zehninin çata bilmədiyi nöqtələrə qədər gedib çıxır. Buna hörmətlə yanaşmaq lazımdır. Ancaq burada çox ciddi və təhlükəli bir xətt var.
Süni intellekt tərəfindən yaradılmış musiqi və ya mətn insan əsəri kimi təqdim edilə bilməz. Bu, həm mənəvi, həm etik, həm də hüquqi baxımdan yolverilməzdir. Əgər bir əsəri süni intellekt yaradırsa, sən onu öz adına çıxarıb təqdim edirsənsə, bu artıq açıq-aydın plagiatdır. Müəllifin fiziki adı olmadığı üçün cəmiyyət bunu bəzən görməzlikdən gəlir. Amma bu yanaşma gələcəkdə çox ciddi problemlərə yol açar.
Süni intellektin həddindən artıq və nəzarətsiz istifadəsi milli musiqi ənənələrimizi də real təhlükə qarşısında qoya bilər. Təəssüf ki, bu gün gənc nəsil klassik muğama, milli musiqimizə bir o qədər də diqqət ayırmır. Onların zövqü çox vaxt sosial şəbəkələrdə yayılan sürətli, süni, kütləvi musiqi axınları ilə formalaşır. Bu isə uzunmüddətli perspektivdə mənəvi aşınmaya gətirib çıxarar.
Bu baxımdan Heydər Əliyev Fondunun illərdir həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə muğamın qorunması, təbliği, beynəlxalq festivalların təşkili, geniş proqramların icrası milli musiqimizin yaşadılması baxımından misilsiz əhəmiyyət daşıyır. Bu, sadəcə mədəni tədbir deyil, dövlətin düşünülmüş mədəniyyət siyasətidir və gələcək nəsillərin estetik zövqünün formalaşmasına xidmət edir. Azərbaycan xalqı yaşadıqca milli musiqi də yaşayacaq, bəlkə də bir gün dünya musiqisinin ayrılmaz bir parçasına çevriləcək.
– “Yaşın nə fərqi var ki”, “Qaragilə”, “Bu şəhərdən gedə bilərsən”, “Səni sevmək üçün gəldim dünyaya”, “Qayıdan deyiləm” mahnılarınız illərdir ifa olunsa da, hələ də dinləyicilərin ürəyinə yatır, zövqünü oxşayır. Bunun səbəbini necə izah edirsiniz?
– Çünki mən musiqini zaman üçün yox, yaddaş üçün yazıram. Dəb keçər, xatirə isə qalar. Əgər bir mahnı bir insanın həyatında bir anın səsinə çevrilirsə, o artıq yaşayır və yaddaşlarda yer alır. Ümid edirəm ki, bu mahnılar musiqi tariximizdə özünə, kiçik də olsa, yer tapa biləcək. Əgər bu böyük sənət aləmində zərrə qədər payım olubsa, bu mənim üçün sonsuz qürurdur. Mən çox böyük sevinc hissi keçirirəm ki, klassiklərimizin qoyduğu müqəddəs ənənəni qoruyub saxlaya, əsərlərimdə onların hissini, ruhunu, melodik təfəkkürünü yaşada bilmişəm.
Bu ruhu cəmiyyətimizə, musiqisevərlərə çatdırmaq mənim üçün həm böyük məsuliyyət, həm də böyük şərəfdir. Hər zaman çalışmışam ki, əsərlərimdə milli musiqi ənənələrinə söykənim, köklərdən qopmadan yenilik axtarım. Milli musiqimizi qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə ötürmək mənim üçün əsas yaradıcılıq prinsipidir. Əgər mən bunu bacarmışamsa, bu mənim üçün ən böyük mükafat, həm də sənət yolumun həqiqi dəyər ölçüsüdür.
– Xalq yaradıcılığı elementlərini müasir musiqi ilə birləşdirərkən nəyi qoruyub saxlamağa çalışırsınız?
– Ən çox tarazlığa diqqət edirəm. Mənim üçün xalq musiqisi sadəcə melodiyalar toplusu deyil, min illərin yaddaşı, xalqın taleyinin səsə çevrilmiş formasıdır. Müasir üsluba keçid edərkən bu yaddaşa toxunmamaq, onu sındırmamaq əsas şərtdir. Keçmişlə gələcək arasında qurulan körpü möhkəm olmalıdır ki, hər iki tərəf bir-birini daşıya bilsin. Xalq musiqisini həmişə toxuma bənzədirəm: onu torpağa düzgün basdıranda zaman keçdikcə ağaca çevrilir, budaqlanır, meyvə verir. Amma kökü torpaqdan qoparılanda, mahiyyəti dəyişdiriləndə məhv olur. Ona görə də müasirlik adına kökdən imtina etməyin yox, kökü yaşadaraq yeniliyə nəfəs verməyin tərəfdarıyam. Musiqi ancaq bu halda həm bu günə, həm də sabaha xidmət edə bilir.
Əslində xalq musiqisi elə bir mənbədir ki, bütün yaradıcı insanlar – istər bəstəkarlar, istər ifaçılar, istər-istəməz ondan bəhrələnir. Xalq musiqisi bizim bazamız, kökümüz, bünövrəmizdir. Bunu məktəbdə öyrəndiyimiz ilkin biliklərə bənzətmək olar: insan sonradan bütün həyatını həmin biliklərin üzərində qurur, onları praktikada tətbiq edir. Xalq musiqisi də eyni şəkildə bizim varlığımızın, milli yaddaşımızın, mənəvi irsimizin əsasını təşkil edir. Hər bir yaradıcı insan fərqində olsa da, olmasa da bu böyük xəzinədən istifadə edir. Çünki xalq mahnıları, muğamlar, ritmlər, ladlar bizə nəsildən-nəslə ötürülən əvəzsiz sərvətdir. Bu, təkcə musiqi deyil, xalqın ruhu, düşüncəsi, keçmişdən gələcəyə uzanan canlı bir körpüdür.
Bu xəzinədən bəhrələnmək həm tamamilə təbii, həm də zəruridir. Mən xalq musiqisi elementlərinin müasir musiqidə istifadəsini çox müsbət və uğurlu proses hesab edirəm. Bu sintez bizi yenidən öz kökümüzə qaytarır, haradan gəldiyimizi xatırladır, milli ənənələrə sadiqliyimizi nümayiş etdirir.
Bəstəkar üçün xalq musiqisinə müraciət etmək, sadəcə yaradıcı seçim deyil, bu, hörmətin, minnətdarlığın və mənəvi borcun ifadəsidir. Bu yanaşma ilə biz musiqimizi həm qoruyur, həm də inkişaf etdiririk. Çünki xalq musiqisi elə bir xəzinədir ki, ona hər dəfə toxunduqda yeni bir yanaşma, yeni bir nəfəs, yeni bir ruh üzə çıxır.
Bu gün bu istiqamətdə çox uğurlu nümunələr mövcuddur. Xalq artisti Siyavuş Kəriminin fəaliyyəti buna bariz misaldır. O, həm professor, həm də bəstəkar kimi Azərbaycan musiqisinə böyük yeniliklər gətirib. Onun Norveç xorları ilə reallaşdırdığı layihələrdə Azərbaycan xalq musiqisi ilə Skandinaviya musiqisinin sintezi, eləcə də Latın Amerikası ritmləri ilə milli musiqimizin birləşdirilməsi son dərəcə uğurlu nəticələr verib. Bu layihələr artıq bizim inkişaf yolumuzun açıq göstəricisidir.
Bu istiqamətdə nə qədər çox addım atılsa, bir o qədər möhkəm, sanballı və əzəmətli nəticələr ortaya çıxacaq. Bu, bir tərəfdən xalq musiqimizin dünyada tanınmasına xidmət edir, digər tərəfdən isə milli musiqimizin ifadə imkanlarını genişləndirir.
– İnsan–sevgi–zaman... Bir-birinə bağlanmış bu halqada yaranan duyğu yükü yaradıcılığınızda öz əksini necə tapır?
– Ümumiyyətlə, hər bir sənət əsəri duyğudan doğur. Yaradıcılıqda iki əsas istiqamət var: sifarişli və qəlbdən gələn əsərlər. Sifarişli işlərdə sənətkar müəyyən mövzu və çərçivə daxilində işləyir, bu zaman duyğu bəzən arxa planda qala bilir. Amma qəlbdən gələn əsərlər insanın yaşadıqlarından, sevincindən, kədərindən, şəxsi taleyindən və ya bütöv bir xalqın ruhundan qaynaqlanır. Məhz belə əsərlər daha səmimi və təsirli olur. Qələbəmiz, torpaqlarımızın azadlığı, qəhrəmanlarımızın igidliyi təkcə tarixi faktlar deyil, xalqın ruh halıdır və bu hadisələr yaradıcı insanlara güclü ilham verir. Kimisi bunu sözlə, kimisi musiqi ilə ifadə edir.
Mənim əzizlərimizə həsr etdiyim əsərlər də bu hisslərdən doğub. “Əzizlərim” layihəsi isə şəxsi itkilərimin, xatirələrin musiqidə təcəssümüdür. Mən sevdiyim bütün insanları bir melodiya altında birləşdirmək istədim. Bu layihədə Nadir Qafarzadənin ifası, Baba Vəziroğlunun sözləri ilə yaranan birlik həm dostluğumuzun, həm də sənətə olan hörmətimizin ifadəsidir. Əgər bu cür əsərlər mədəniyyətimizə xidmət edirsə, bu, mənim üçün ən böyük xoşbəxtlikdir.
– Yaradıcılıqla ictimai fəaliyyəti necə birləşdirirsiniz?
– Mənə belə gəlir ki, siyasətçi, yaradıcı insan və ictimaiyyət tərəfindən tanınan şəxs kimi bu üç istiqaməti uzlaşdıra bilirəm. Əslində bu, çətin deyil. Çünki bu sahələr bir-birinə mane olmur, əksinə, bir-birini tamamlayır. Yaradıcılıq məni insanlara yaxınlaşdırır, siyasət isə bu yaxınlığı real xidmətə çevirir. Məni görüşlərdə həm deputat, həm bəstəkar, həm də yazıçı kimi qəbul edirlərsə, deməli, xalqla aramızda bir etimad körpüsü formalaşıb. Bunu taleyin mənə verdiyi bir nemət kimi qəbul edir və buna görə Yaradanıma daim şükür edirəm.
Ən böyük qürurum isə bu torpaqda doğulmağım, bu dövlətin və bu millətin nümayəndəsi olmağımdır. Biz elə bir tarixi dövrdə yaşayırıq ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunub və biz bu tarixə canlı şahidlik etmişik. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə olunub və bu dövrü yaşamaq hər bir Azərbaycan vətəndaşı üçün böyük şərəfdir.
Uşaqlıqda Babəkdən, Cavanşirdən oxuyur, qəhrəmanları xəyal edirdik. Bu gün isə bizim nəsil qəhrəmanları kitablardan deyil, həyatda canlı olaraq görür. Onların bir qismi şəhidlik zirvəsinə ucalıb, bir qismi qazilər kimi aramızdadır. Bugünkü gəncliyimizin vətənpərvərliyi ilə fəxr edirik. Bu, müasir tariximizin ən böyük nemətidir.
Əlbəttə, bu böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan, müdrik və qətiyyətli lider İlham Əliyevdir. Onun siyasi iradəsi, uzaqgörənliyi və xalqına sədaqəti Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Mən bunu xüsusi vurğulamağı özümə borc bilirəm. Gələcək nəsillər bu hadisələri oxuyacaq, izləyəcək, öyrənəcək. Biz isə onları gözümüzlə gördük, ürəyimizlə yaşadıq. Bu gün başımız dik, alnımız açıq yaşayırıqsa, bu, liderimizin, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin, xalqımızın sayəsindədir. Mən hamısına sonsuz minnətdarlığımı bildirirəm.
– Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətiniz sizə nə qazandırıb?
– Azərbaycan Qızıl Aypara Cəmiyyəti mənim üçün təkcə humanitar təşkilat deyil, eyni zamanda, mərhəmətin, xeyirxahlığın və insanpərvərliyin simvoludur. Bu Cəmiyyət hər zaman insan sevgisini, kömək əlini uzatmağı və dəstək olmağı öz missiyası bilir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz tərkib hissəsi olaraq, artıq 105 illik şərəfli tarix keçmiş, çətin anlarda xalqımızın yanında olmuşdur. Ayparanın bu gücü təkcə qurumun fəaliyyəti ilə deyil, həm də xalqımızın müdrik, vətənsevər övladlarının əməyi ilə bağlıdır. Qızıl Ayparanın təşəkkül tapmasında əvəzsiz xidmətləri olan general Əliağa Şıxlinski, Fətəli xan Xoyski kimi böyük dövlət xadimlərinin ruhu bu gün də Ayparanın üzərindədir. İlk tibb bacısı Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinski isə insanpərvərliyin, fədakarlığın parlaq nümunəsi kimi hər zaman bizimlədir.
Bu gün müstəqil Azərbaycan dövlətinin bir parçası olaraq, Qızıl Aypara Cəmiyyəti beynəlxalq humanitar ailədə nüfuzlu mövqeyə malikdir. 19 noyabr tarixində Bakıda keçirilən Türk Dövlətləri Qızıl Aypara Cəmiyyətlərinin Prezidentlər Şurasının toplantısında 2026-cı il üçün sədrlik funksiyasının Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçməsi isə tarixi hadisə, böyük bir etimad və məsuliyyətdir. Bu etimad həm dövlətimizin gücünü, həm Cəmiyyətimizin nüfuzunu, həm də xalqımızın humanitar ənənələrə sadiqliyini göstərir.
İndi qarşımızda daha böyük hədəflər dayanır. Biz bu etimadı doğrultmaq üçün fəaliyyətimizi gücləndirməli, regional və beynəlxalq əməkdaşlıqda yeni səhifələr açmalı, Qızıl Aypara adını daha uca zirvələrə daşımalıyıq.
– Millət vəkili kimi mədəniyyət sahəsinin inkişafı istiqamətində hansı konkret addımları atmısınız?
– Son sualınıza cavab olaraq demək istəyirəm ki, mən Milli Məclisin deputatı kimi fəaliyyətimi Azərbaycan mədəniyyətinə xidmətin vacib bir hissəsi hesab edirəm. Hazırda parlamentdə Mədəniyyət Komitəsinin üzvü kimi çalışıram və bu sahədə qanunvericilik fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıram. Qanunlar təkcə cəmiyyəti tənzimləyən sənədlər deyil, həm də dövlətin gələcək inkişaf strategiyasını müəyyən edən əsas bazadır.
Mən yalnız musiqi və ədəbiyyatla yaradıcı insan kimi deyil, həm də vətəndaş kimi mədəniyyətin inkişafına töhfə verməyə çalışıram. Yaradıcı təcrübəm mənə cəmiyyətin mədəni nəbzini hiss etməyə imkan verir, parlament fəaliyyəti isə bu hissləri dövlət siyasətinə çevirmək imkanı yaradır. Əminəm ki, gələcəkdə qəbul olunacaq qanunlar milli mədəniyyətimizi daha da inkişaf etdirəcək, irsimizi zənginləşdirəcək, klassik ənənələrimizi qoruyub müasirləşdirəcək, Azərbaycan mədəniyyətini dünya miqyasında tanıdacaq və nüfuzlu edəcək.
Hər addımımız Azərbaycan mədəni diplomatiyasına, milli kimliyimizə və gələcək nəsillərin mənəvi dünyasına xidmət edir. Mənim üçün bu, həm böyük məsuliyyət, həm də ən böyük şərəfdir.
– Maraqlı söhbətə görə təşəkkür edirik.
Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ

