Heydər Əliyev Fondu və Türkmənistan Xeyriyyə Fondunun ortaq hədəfləri
Oxşar mədəni dəyərlər və vahid mənəvi coğrafiya Xəzərin iki sahilində qərar tutmuş Azərbaycan və Türkmənistan xalqlarını bir-birinə bağlayan sarsılmaz tellərdir. Müasir dövlətçilik ənənələri və qlobal çağırışlar fonunda sözügedən tarixi bağların institusional müstəviyə keçirilməsi humanitar diplomatiya vasitəsilə strateji tərəfdaşlığın dərinləşdirilməsi zərurətini meydana çıxırır. Bu zərurətdən doğan və gələcəyə hesablanmış möhtəşəm addımlardan biri kimi Heydər Əliyev Fondu ilə Türkmənistanın Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında imzalanan Anlaşma Memorandumu mənəvi birlik rəmzi kimi dəyərləndirilməlidir.
Memorandumun imzalanması mərasimi mahiyyət etibarilə diplomatik protokoldan daha yüksək, rəmzi məna daşıyan hadisədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva tərəfindən imzalanan sənəd gələcək onilliklər üçün yol xəritəsi müəyyənləşdirir. Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti, xüsusilə ətraf mühitin qorunması, gənclərin inkişafı və mədəniyyətlərarası dialoq sahəsindəki təşəbbüsləri onun regionda və dünyada nüfuzlu ictimai xadim kimi tanınmasını təmin etmişdir.
Bəli, xanım Əliyevanın türkmən həmkarı ilə görüşü tərəflərin niyyətlərinin ciddiliyini və ortaq hədəflərə çatmaq üçün siyasi iradənin mövcudluğunu təsdiqləyir. Hər iki fondun fəaliyyətində uşaqların sağlamlığı, təhsili və rifahı prioritet istiqamət təşkil edir. Azərbaycan və Türkmənistan arasında sözügedən sahələrdə təcrübə mübadiləsinin aparılması, tibbi heyətin ixtisasartırma kurslarına cəlb olunması, müasir müalicə metodlarının tətbiqi və birgə sosial reabilitasiya proqramlarının həyata keçirilməsi, insan amilinə verilən dəyərin bariz nümunəsidir.
Görüşün və imzalanan sənədin ən diqqətçəkən məqamlarından biri mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyətinin vurğulanmasıdır. Mədəniyyət xalqın ruhu və mənəvi pasportudur. Qloballaşma dövründə milli mədəniyyətin qorunması və təbliği strateji təhlükəsizlik məsələsi qədər vacibdir. Heydər Əliyev Fondu Azərbaycan muğamının, xalçaçılıq sənətinin, tarixi abidələrinin dünyada tanıdılması istiqamətində mühüm işlər görür. Eyni zamanda, Türkmənistan da öz zəngin mədəni irsi, xalçaçılıq ənənələri və Ahalteke atları ilə tanınır. İki fondun əməkdaşlığı çərçivəsində həyata keçiriləcək mədəni mübadilə proqramları, sərgilər, konsertlər və festivallar xalqlarımızın mənəvi yaxınlaşmasına, ortaq türk irsinin təbliğinə güclü təkan verəcək. Müzakirələrin mərkəzində dayanan xüsusi mövzu isə ekologiya və ətraf mühitin mühafizəsi olmuşdur. Görüşdə Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan MAMA – “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Nəzərə alaq ki, Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi regionda ekoloji şüurun formalaşmasında, nəsli kəsilməkdə olan fauna növlərinin qorunmasında və yaşıllaşdırma aksiyalarının keçirilməsində liderlik edir. MAMA sərgisi isə sənətin dili ilə bəşəriyyətə ünvanlanan həyəcan siqnalıdır. O da qeyd edilməlidir ki, iqlim dəyişmələri, qlobal istiləşmə, su ehtiyatlarının azalması və biomüxtəlifliyin itirilməsi kimi planetar problemlər sərhəd tanımır. Məhz buna görə də, sözügedən mesajın dünyaya yayılması həyati əhəmiyyət daşıyır. MAMA sərgisinin artıq bir sıra ölkələrdə uğurla nümayiş etdirilməsi layihənin qlobal miqyasda rezonans doğurduğunu sübuta yetirir.
Tam əminliklə deyə bilərik ki, adıçəkilən beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması mövzusuna diqqət çəkmək üçün vacib platforma rolunu oynayacaq. Bunun düşünmək üçün əsas var. Çünki Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, adətən, dərin fəlsəfi məzmunu və humanist qayəsi ilə seçilir. MAMA sərgisi də istisna deyil. Təbiəti “Ana” kimi qəbul etmək ona övlad məhəbbəti ilə yanaşmaq, əcdadlarımızın bizə miras qoyduğu müqəddəs torpağı qorumaq fəlsəfəsi türk dünyagörüşünün təməl daşlarından biridir.
Dövlətlərarası münasibətlərin ən yüksək zirvəsini fəth edən strateji tərəfdaşlıq, liderlərin şəxsi dostluğu və qarşılıqlı etimadı üzərində qərar tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun işğaldan azad olunmuş ərazilərə birgə səfəri qardaşlıq salnaməsinin şanlı səhifəsi kimi tarixə düşmüşdür. Sərdar Berdiməhəmmədovun Qarabağ torpağına qədəm qoyması Füzuli və Şuşa şəhərlərində həyata keçirilən nəhəng infrastruktur layihələri ilə əyani tanışlığı, türkmən dövlətinin Azərbaycanın haqq işinə verdiyi mənəvi dəstəyin bariz göstəricisidir. Ali qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə gerçəkləşən dirçəliş prosesini, inşa edilən beynəlxalq hava limanlarını, salınan Zəfər yollarını və bərpa olunan tarixi-mədəni abidələri müşahidə edərkən, Azərbaycan dövlətinin quruculuq qüdrətinə heyranlığını ifadə etmişdir.
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması və ekoloji tarazlığın bərpası istiqamətində atılan qlobal əhəmiyyətli addımlar, regionun simasını köklü şəkildə dəyişir. Görülən işlərin miqyası və keyfiyyəti torpağın əsl sahibinin kim olduğunu, burada əbədi yaşamaq və yaratmaq əzmini bütün dünyaya sübut edir. Məhz dövlət başçılarının nümayiş etdirdiləri siyasi iradə Heydər Əliyev Fondu və Türkmənistan Xeyriyyə Fondu kimi qurumların humanitar sahədə daha cəsarətli layihələr həyata keçirməsinə münbit zəmin yaradır.
Sənəddə əksini tapan birgə səmərəli fəaliyyət imkanları gələcəkdə tibb işçilərinin mübadiləsini, ortaq elmi konfransların təşkilini, mürəkkəb cərrahi əməliyyatların birgə icrasını və təcrübə mübadiləsini nəzərdə tutur. Tibb elmi sərhəd tanımır və həkimlərin əməkdaşlığı minlərlə insanın həyatının xilas olunması deməkdir. Oğulcahan Atabayevanın tibb sahəsi üzrə vitse-prezident kimi sənədə imza atması səhiyyə sahəsindəki əməkdaşlığın prioritet olacağından xəbər verir. Xüsusilə uşaq cərrahiyyəsi, onkologiya və irsi qan xəstəlikləri ilə mübarizədə qüvvələrin birləşdirilməsi hər iki ölkənin səhiyyə sistemi üçün faydalı olacaq. Təhsil sahəsindəki əməkdaşlıq isə gənclərin dünyagörüşünün formalaşmasında, onların müasir elmi biliklərə yiyələnmələrində və milli dəyərlərə sadiq vətəndaş kimi yetişmələrində mühüm rol oynayacaq.
COP29 kimi mötəbər tədbirlərə ev sahibliyi edən ölkəmiz qlobal iqlim gündəliyində fəal dövlətə çevrilmişdir. Leyla Əliyevanın rəhbərliyi ilə IDEA İctimai Birliyinin fəaliyyəti rəsmi Bakının yaşıl dünya naminə atdığı addımları ictimai sektorda tamamlayır. MAMA sərgisinin mesajı da aydındır: Təbiət bizim evimizdir, onu qorumaq hamımızın borcudur.
Bu gün Azərbaycan tarixi ədaləti bərpa, ərazi bütövlüyünü təmin etmiş və regionun lider dövlətinə çevrilmişdir. Qalib xalqın quruculuq əzmi, təkcə işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Bu əzm bütün sahələrdə inkişafı və tərəqqini hədəfləyir. Humanitar sahədəki beynəlxalq əməkdaşlıq, həmin inkişafın mühüm vektorlarından biridir.
Eyni zamanda, o da vurğulanmalıdır ki, Türkmənistanla əlaqələrin genişləndirilməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi prosesinə də töhfə verir. Ortaq dil, din və tarixə malik xalqların humanitar sahədə birgə fəaliyyəti, siyasi və iqtisadi birliyin təməlini möhkəmləndirir.
Heydər Əliyev Fondu və Türkmənistan Xeyriyyə Fondu xalqlarımızın qəlbindən keçən yolu işıqlandırır, onu daha geniş və hamar edir. Gələcəkdə Aşqabadda nümayiş olunacaq MAMA sərgisi həmin işıqlı yolun üzərində yandırılan növbəti məşəl olacaq. Bu məşəl, Xəzərin sularında əks olunaraq, hər iki sahilə sülh, mərhəmət və tərəqqi mesajı yayacaq.
Bəli, Leyla Əliyeva və Oğulcahan Atabayevanın imzaları ilə təsdiqlənən sənəd gələcəyə ünvanlanmış humanizm manifestidir. Bu manifestdə uşaq gülüşləri, təbiətin səsi, musiqinin ahəngi və dostluğun istiliyi var. Dünyanın qarmaqarışıq vaxtında, müharibələrin və münaqişələrin tüğyan etdiyi dövrdə, xeyirxahlıq naminə birləşmək, qurub-yaratmaq eşqi ilə yaşamaq, ən böyük qəhrəmanlıqdır.
Əminliklə söyləmək olar ki, tərəflərin birgə səyləri nəticəsində ərsəyə gələcək layihələr bütün regionun sosial-mədəni həyatına müsbət təsir göstərəcək. Təhsil sahəsindəki yeniliklərin tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ekoloji problemlərin həllinə innovativ yanaşma, cəmiyyətin inkişaf tempini sürətləndirəcəkdir.
Heydər Əliyev Fondu və Türkmənistan Xeyriyyə Fondu ali məqsəd ətrafında birləşərək güclü tandem formalaşdırıblar. Bu tandem bütövlükdə Xəzər regionunda humanitar əməkdaşlığın lokomotivi rolunu oynayacaq və digər ölkələr üçün də örnəyə çevriləcək. Bu tarixi hadisənin fonunda, hər iki ölkənin ictimaiyyəti böyük ümidlərlə gələcəyə baxır. Çünki əmindirlər ki, Leyla Əliyeva və Oğulcahan Atabayevanın rəhbərliyi ilə həyata keçiriləcək layihələr, keyfiyyətli dəyişikliklərə yol açacaqdır. Sərhədlərin ayırdığı, amma qəlblərin birləşdirdiyi iki xalq, humanitar körpülər vasitəsilə daha da yaxınlaşacaq.
Sonda vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu ilə Türkmənistan Xeyriyyə Fondu arasındakı tarixi anlaşma zamanın tələbi və tarixin hökmüdür. Qardaş xalqların birliyi, regionun inkişafının açarıdır. Bu açar, həm də gələcəyin qapılarını üzümüzə açır. O qapıdan keçərək, biz daha firavan, daha təhlükəsiz və daha mədəni dünyaya qədəm qoyuruq. Yolumuz açıq, birliyimiz əbədi olsun! Torpağın əsl sahiblərinin quruculuq əzmi heç vaxt sönməsin!
Yusif ŞƏRİFZADƏ
XQ


