“Heydər Əliyev xatirələr işığında” layihəsinin növbəti qonağı tarix elmləri doktoru, uzun müddət ulu öndər Heydər Əliyevin köməkçisi olmuş Dilarə Seyidzadədir
(əvvəli 10 dekabr 2025-ci il tarixli sayımızda)
− Heydər Əliyevlə xarici səfərlərə getdiyiniz illərdə daha çox hansı səfəri xatırlayırsınız?
– Onun hər səfəri qiymətli və unudulmaz tarixdir. 1995-ci ildə Kopenhagendə böyük bir konfrans keçirilirdi. ABŞ Prezidenti Bill Klinton da orada iştirak edirdi. Ümumiyyətlə, ABŞ prezidentləri tədbirə gələndə onun təhlükəsizliyini qorumaq üçün 2500 mühafizəçisi gəlirdi və hər yerə onlar nəzarət edirdilər. Qalan bütün mühafizəçilər istirahət edirdilər. Azərbaycan nümayəndə heyətinə də başqa iştirakçı dövlətlərlə yanaşı böyük bir binada yer ayırmışdılar. Heydər Əliyev dedi, gedək baxaq görək bizə nə yer ayırıblar. Böyük dəhlizlə gedirdik, baxdıq ki, bizimlə üz-üzə Kuba Prezidenti Fidel Kastro, nümayəndə heyəti də arxasında gəlir. Hamı dayanıb başladı əl çalmağa və qışqırmağa: “Fidel”, “Haydar Aliyev”, “Fidel”, “Haydar Aliyev”. Klinton keçsə, bəlkə də heç bir reaksiya olmayacaqdı. Heydər Əliyev böyük bir şəxsiyyət idi və dünya onu tanıyırdı.
Heydər Əliyevin 2000-ci ilin iyulunda Avstriyaya rəsmi səfəri də çox maraqlı oldu. Ölkənin Federal Prezidenti Tomas Klestilin rəsmi qəbulunda, Ulu öndər başladı məşhur avstriyalı bəstəkar Ştraus haqqında çəkilmiş filmlərdən danışmağa. Dedi: “Mən Ştrausun “Vyana meşəsindən hekayələr” – melodiyasının, “Yarasalar” operettasının ecazkar musiqisinin vurğunu olmuşam”. Sonra İohann Ştraus haqqında ən məşhur filmlərdən biri olan, 1972-ci ildə yeni versiyası çəkilmiş “Böyük Vals” filmindən söhbət açdı. Mən də Klestilin yanında oturub ona tərcümə edirəm. Klestil təəccüblə dedi ki, mən o filmə baxmamışam. Heydər Əliyev gülə-gülə mənə baxıb dedi: “Buna bax e, heç Ştrausu tanımır”. Sonra gəldik Avstriya parlamentinə. Baxdıq ki, Heydər Əliyevin stolunun üstünə bir qutu qoydular. Soruşdu ki, bu nədir? Dedilər, görürük siz Ştrausu çox sevirsiniz, biz də sizə Ştraus haqqında çəkilmiş yeni bir film hədiyyə edirik. Axşam da Heydər Əliyevin şərəfinə məşhur Vyana orkestrinin ifasında Ştrausun əsərlərindən ibarət möhtəşəm konsert təşkil edildi.
İştirakçısı olduğum maraqlı bir xarici səfər də Gürcüstanda oldu. Heydər Əliyevin Gürcüstana səfəri möhtəşəm təşkil edilmişdi. Axşam Eduard Şevardnadze Heydər Əliyevin şərəfinə böyük ziyafət verdi. Bu ziyafətə də yığıb məşhur müğənniləri- Vaxtanq Kikabidze, Nani Breqvadze, Mziuri və sairlərini, konsert olacaqdı. Birdən Heydər Əliyev qayıtdı ki, burada oturanların heç biri Tbilisi vağzalında yatmayıb. Amma mən yatmışam. Mən də yerimdə astadan qayıtdım ki, mən də yatmışam. Nani Breqvadze qayıtdı ki, siz orada neyləyirdiniz. Sən demə Heydər Əliyev eşidib. Səhəri gün mənə dedi: “Siz niyə Tiflisin vağzalında yatmısınız? Ananız, atanız sizə necə imkan verib orada yatmısınız”.
Mən ona tələbə vaxtı başımıza gələn əhvalatı danışdım. Dedim: “Cənab Prezident, Bakı Dövlət Universitetində oxuyanda bizi Ağstafaya pambığa aparmışdılar. Ora da Gürcüstana çox yaxındır. Biz də heç pambıq yığa bilmirdik. Atam nazir olsa da pambıqda, hamı kimi döşəmədə, bir kisəyə saman doldurub döşək yerinə qoyub üstündə yatırdıq. Uşaqlardan birinin şuluq işinə görə, bizi hamama getməyə qoymurdular. Çox xahiş-minnətdən sonra bizi apardılar Tiflisə. Burada hamamda tez çimdik, çıxıb getdik univermağa, özümüzə qəşəng bəzək-düzək şeyləri aldıq. Başımız buna necə qarışdısa, avtobusa gecikdik. Axşam vağzalda qaldıq. Səhər saat 6-da durduq, yenidən getdik Ağstafaya pambıq yığmağa...”
– Xarici səfərlərdə rəsmi tədbirlərlə yanaşı, proqramda mədəni tədbirlər də olurdu. Heydər Əliyevin belə tədbirlərə münasibəti necə idi?
– Ulu öndər mədəni tədbirləri proqramda özü qeyd edirdi. Səfər öncəsi xarici işlər nazirindən proqramı alıb baxırdı və düzəlişlər edirdi ki, bax bura gedəcəyəm, bu yerləri gəzəcəyəm. İtaliyaya səfərə getmişdik. Bütün görüş yerlərində Rafaelin, Mikelancelonun, Tisianın rəsmləri asılmışdı. Bir yerdə də Tisianın “Danaya” əsərinə baxırdı. Bilirsiniz ki, bu əsəri ilk dəfə Rembrand çəkib, sonra Tisian, Korrecco, Klimt, Qossert kimi məşhurlar onu ayrı-ayrı çəkiblər. Heydər Əliyev dedi, eh, mən bunu 30 il əvvəl görmüşəm. Niyə bunu deyirəm? Çünki qayıtmamışdan 2 gün əvvəl mənə deyirdi götür operatoru, gedin o görməli yerlərin hamısını çəkin, qoy mənim xalqım da görsün biz hansı yerləri görmüşük. Bu yolla dünyanı da xalqına tanıdırdı.
− Heydər Əliyev xalqın içində olmağı, insanlarla canlı ünsiyyəti çox sevərdi, xüsusilə də o zaman qaçqın düşmüş insanlarla. Acıdığı, kövrəldiyi, hətta qəzəbləndiyi məqamların olduğu istisna deyildi. Görüşlərdən sonra təəssüratını açıqlayırdımı?
− Bu, onun ən yaralı yeri idi. Qaçqınların ozamankı vəziyyətindən həmişə ürək ağrısı ilə danışırdı. Bir gecə möhkəm yağış yağmışdı. Səhər işə gələndə gördüm çox qayğılıdır, fikrə dalıb. Soruşdum, cənab Prezident, bu gün çox fikirlisiniz. Dedi: “Bilirsiniz, axşam yağış yağırdı, səhərə qədər yatmamışam. Qaçqınlarımız gəlib gözümün qabağında durdu, axı mənim xalqım buna layiq deyil, niyə belə əziyyət çəkməlidir”.
O çox ağır keçirirdi belə məqamları. Hətta kiminlə harada görüşürdüsə, onlara qaçqınların ağır yaşam tərzindən, taleyindən danışırdı.
Bir dəfə də Kürdəmirdə axşam qaçqınlarla görüşə gedirdik. Qəfildən yağış yağmağa başladı. Çadıra girdik, mən də başıma yaylıq bağlamışam. Çatdıra bilmirdim, bu məni soruşdu, mühafizəçilər dərhal məni götürüb onun qabağında yerə qoydular. Dedi: “Bu insanların problemlərini dinlə, hamısını bir-bir qeyd elə, sonra mənə məlumat ver, görək bunların yaşayışını necə yüngülləşdirə bilərik”. Səhəri gün dedi, o nə idi sizi götürüb mənim qabağıma atdılar və ürəkdən güldü.
Otururdu çadırlarda, insanlarla söhbət edirdi, dərdlərinə şərik olurdu. Onlarla bir süfrədən yemək yeyirdi. Yadımdadır, bir dəfə bir çadır şəhərciyinə getdik, orada toya hazırlaşırdılar, bir qadın da toy süfrəsinə lavaş bişirmişdi. Götürdü lavaşdan yedi, gənclərə xeyir-dua verdi.
− Heydər Əliyev yaradıcı adamlara çox böyük diqqət və qayğı ilə yanaşırdı. Bu nədən irəli gəlirdi?
− Çünki özü də yaradıcı insan idi. Heydər Əliyev istedadlı adamları yüksək qiymətləndirirdi. Onun ən çox sevdiyi insanlar Azərbaycana şöhrət gətirən insanlar idi. Bu barədə söhbətlərimiz olurdu. Ölkəni idarə etməkdə də, rəhbərlikdə də ulu öndər yaradıcı insan idi. Hər şeyə diqqət edirdi və bilmədiyi məsələnə də öyrənməyə, aydınlaşdırmağa çalışırdı.
Bir dəfə “Azdrama”da “Aydın” tamaşasına getmişdik. Mən də təbii ki, iştirak edirdim. Tamaşadan sonra səhnə arxasına keçib aktyor truppası ilə söhbət etdi. Burada Cəfər Cabbarlı ilə yanaşı, Aydın rolunu nə zaman, kimlər oynayıb, obrazı yaratmağa necə nail olublar, hamısı haqqında müfəssəl danışdı. Mən heyran qalmışdım və səhəri gün gəlib dedim: “Cənab Prezident, olarmı mən bu danışdıqlarınızı bir kitab şəklində çap edim?” Çünki mən mənbələrlə işləyəndə bilirdim necə problemlər meydana çıxır. Bəzən mənbə tapılır, bəzən tapılmır, qəzetlərin həmin nömrələri olmur, olanda da o məqalələr kəsilmiş olurdu. Amma o bütün bunları əzbər deyirdi. Kitaba da böyük sevgisi vardı. Dedi: “Nədir, xoşunuza gəldi?” Dedim: “Cənab Prezident, mən Akademiyada işləmişəm, belə təhlil eşitməmişəm”. Dedi: “Hazırla, çap etdir”. Ondan sonra bu istiqamətdə işlərə başladıq və “Heydər Əliyev mədəniyyətin keşiyində” adlı 3 cildlik kitab nəşr etdirdik. Burada bütün mədəniyyət və incəsənət xadimlərinin yubiley materiallarını, o adamların Heydər Əliyevə təşəkkür məktublarını topladıq, Prezidentin mədəniyyət işçiləri ilə görüşlərini daxil etdik.
− Heydər Əliyev insanlarda daha çox nəyi qiymətləndirirdi?
− Düzgünlüyü və təmizliyi. Mən ona çox məsələləri açıq deyirdim və istəyirdim, o hər şeyi olduğu kimi bilsin. Hətta bir dəfə ona dedim ki, “cənab Prezident, mən sizin şəxsi xəbərçinizəm. Nə baş verirsə, nəyi bilirəmsə, mən sizə deyəcəyəm, qərar qəbul etmək artıq sizin səlahiyyətinizdir. Mənə bilirsiniz nə təsir edir, sizə gəlib bəzi məsələləri demirlər, xalq da deyir bəs Prezident hara baxır. Bilmirəm, elə məsələ var bəlkə də ona diqqət etmək lazım gəlmir, amma sizin bilməyinizi mən vacib hesab edirəm”. Deyirdi, mütləq mənə məlumat verin.
Bilirsiniz, bəzən mən ona nəyisə danışanda deyirdi, sən bunu haradan götürmüsən? Deyirdim, bu haqda qəzetlərdə yazıblar. Deyirdi, bəs mənə bu haqda heç məlumat verən olmayıb.
Administrasiyada informasiya şöbəsi var idi, onlar materialları göndərirdilər, sadəcə, içəridən bəzi adamlar çox vaxt belə materialları ona göstərmirdilər. Sonra katiblik yaradıldı və artıq informasiya şöbəsinə ehtiyac qalmadı. Katiblik Azərbaycanla bağlı, Prezidentin fəaliyyətilə bağlı harada və hansı dildə materiallar dərc edilirdisə, bütün materialları toplayıb sonra onları Prezidentə təqdim edirdi.
“Heydər baba, nə olar, sən getmə, yenə bizim Prezidentimiz sən ol...”
− Ulu öndər bəzən gecə yarıya qədər işləyirdi. Şahidəm ki, hətta xarici ölkələrə rəsmi səfərlərdə belə saysız-hesabsız qəbullar keçirirdi və bu, gecə yarıya qədər uzanırdı. Heç dilə gətirdiyi olubmu ki, bu gün yaman yoruldum?
− Səmimi deyim ki, yox. Heydər Əliyev işləməkdən sanki zövq alırdı. 1998-ci ili xatırlayın, Prezident seçkilərində ulu öndər qısa vaxtda öz kampaniyasında neçə rayona, bölgəyə ardıcıl səfərlər etdi. Bu səfərlərdən biri heç yadımdan çıxmır.
Seçki kampaniyası ilə bağlı Biləsuvar rayonuna səfərə yolda düşdük. Hava çox qızmar idi. Adətən həmin bölgə də çox isti olur. Biləsuvar şəhərinə çataçatda bir dəstə kiçik yaşlı uşaq avtomobil karvanı boyu qaçıb “Heydər baba, Heydər baba, sən getmə, Prezident sən ol!” deyə qışqırırdılar. Ulu öndər də əvvəl avtomobilin şüşəsini endirib onlar əl edirdi. Sonra uşaqların təhlükəyə məruz qala biləcəyini düşünüb, avtomobili saxlatdırdı və maşından düşdü. İstidə qısaqol maykada, pambıq şortda, üz-gözlərindən tər axa-axa onun maşının arxasıyca qaçan uşaqları yanına çağırdı. Soruşdu: “Niyə belə qaçırsınız?” Uşaqlardan biri ağlıya-ağlıya qayıtdı ona: “Heydər baba, nə olar, sən getmə, yenə bizim Prezidentimiz sən ol.” Prezident bir az kövrələn kimi oldu və dedi: “Oğlum, kim deyir ki, mən gedirəm? Mən heç yerə getmirəm, görürsünüz gəlmişəm.” Uşaq yenə ağlaya-ağlaya dedi: “Deyirlər, siz gedirsiniz, Etibar gəlir...” Prezident onu qucaqlayıb üzündən öpdü və dedi: “Darıxmayın, sizə söz verirəm ki, mən getməyəcəyəm, yenə Prezident olacağam!”.
Bu sözlərdən sonra elə bil uşaqlara dünyanı verdilər. Gözləri parıldadı. Mənim də gözlərim dolmuşdu. Heydər Əliyev mənə dedi, o uşağın adını, familiyasını, atasının adını, ünvanını, oxuduğu məktəbi qeyd edin. Sonra da uşaqlara dedi: “İndi arxayın gedin evə, maşınların dalıyca qaçmayın. Yıxılarsız, maşın sizi vura bilər. Razılaşdıq?” Başları ilə razılaşıb geri çəkildilər.
Hamımız heyrətdən donub qalmışdıq. Prezidentin də, uşaqların da bu hərəkəti bizi kövrəltmişdi. Ulu öndər uşaqları tanımırdı, amma bilirdi ki, onlar da onun, rəhbərlik etdiyi dövlətin balalarıdır və bu cür də onlara sevgisini bildirdi.
Məsələ bununla bitmədi. Bu hadisədən 2-3 il keçmişdi. Axşam işdən çıxıb evə gəldim. Saat 9-10 arası telefon zəng çaldı. Telefonda ulu öndər idi. Dedi: “Seçki kampaniyası zamanı Biləsuvarda görüşdüyüm o uşaq yadınızdadır?” Dedim: “Bəli cənab Prezident!” Dedi: “Onun ünvanı, adı, familyasını yazmışdınız, saxlamısınız onları?” Dedim: “Saxlamışam.” Dedi: “Axtarın onu, tapın, sabah mənə məlumat verin”.
O zaman da bu məlumatları kiçik bir bloknota yazmışdım. Fikirləşdim, yadıma sala bilmədim ki, onu hara qoymuşam. İş masama gəlib stula oturdum. Baxdım ki, stolun kənarında dəftərlərin üstündə. Dərhal Biləsuvarla əlaqə saxladım və məlumatları ötürdüm ki, uşağı tapsınlar. 1-2 saatdan sonra xəbər gəldi ki, uşağın ünvanını, oxuduğu məktəbi tapıblar. Sinif rəhbəri bildirib ki, ögey anası onun qidalanması ilə maraqlanmadığından, qayğı göstərmədiyindən uşaq vərəm xəstəliyi tapıb və hazırda Bakıda Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə olunur. İnstitutla əlaqə saxladım, xəbəri təsdiqlədilər.
Səhər işə gələn kimi Heydər Əliyev dərhal məni çağırdı və uşağı soruşdu. Bütün məlumatı ona çatdırdım. Çox pərişan oldu və dedi: “Mənim adımdan Bakı şəhərinin meri Abutalıbova tapşırın, o uşaqla ciddi şəkildə maraqlansın və onun müalicəsini nəzarətə götürsün, nə problemi var həll etsin...”
Bu yaxın illərdə tibb müəssisələrinin biri məni görüşə dəvət etmişdi və mən bu hadisəni danışdım. Bir həkim qalxıb dedi, Dilarə xanım, o zaman mən o İnstitutda çalışırdım, məlumatım var bu uşaqdan. O sağaldı, böyüyüb evlənib, indi 2 uşağı var, özü də Bakıda yaşayır. Baxın, Heydər Əliyev belə bir insan idi, onu unutmaq olarmı.
− Dilarə xanım, Siz sonradan yeni yaradılan Prezidentin Katibliyi rəisinin müavini, rəisi vəzifəsində çalışdınız. Bu katiblik nə üçün yaradıldı?
− Yeri gəlmişkən, elə katiblik ideyası da 1998-ci il seçki kampaniyasından sonra gündəmə gəldi. Azərbaycanın bütün bölgələrini gəzib, axırda gəldik Gəncəyə. Meydanda minlərlə insan toplaşmışdı. Tədbiri açandan sonra Prezident kürsüyə çıxıb çıxış etməyə başladı. Bu məqamda bir kənarda toplaşan şəhid anaları elə qışqırıb, haray-həşir saldılar ki, ağız deyəni, qulaq eşitmirdi. Birdən mühafizənin rəisi, general Vaqif Axundov mənə yaxınlaşıb dedi: “Cənab Prezident deyir, gedib o qadınlarla görüşsün və onları sakitləşdirsin”. Dedim: “Mən gedə bilmərəm, yox, qorxuram. Onlar mənə qulaq asan deyillər, mən kiməm ki?” Dedi: “Gedim deyim getmirsiniz?” Dedim: “Yox, yox, ayıbdır, gedirəm”. İndi gedirəm, tez-tez də dönüb Heydər Əliyevə baxıram. Prezident də baxır ki, mən qorxuram, sözünü saxlayıb üzünü qadınlara tutub dedi: “Mənim bacılarım, mənim analarım, qızlarım! İndi sizin yanınıza bir xanım gəlir, mən ona çox inanıram, siz də inanın. Nə dərdiniz-səriniz var ona deyin”.
Onlar dərhal səslərini kəsdilər. Mən də ürəklənib dərhal onlara yaxınlaşdım və diktafonu yandırıb dedim: “İndi bir-bir özünüzü təqdim edib, dərdinizi deyin. Bütün danışdıqlarını lentə aldım. Prezidentin qəbuluna gələndə qadınların bütün danışdıqlarını ona çatdırdım. Biri deyirdi damım dağılıb, evimə su damır, icra başçısı məni eşitmir. Biri deyirdi evim yoxdur, küçədə qalmışam. Müxtəlif məişət problemləri. Prezident dərhal tapşırıq verdi, onların bütün problemlərini az bir vaxtda həll etdilər. Ondan sonra hər dəfə insanlarla görüşəndə məni göstərib deyirdi, bütün şikayətlərinizi, yazıb verin bu xanıma.
İnanın, hər görüşdə vətəndaşlar 1000-ə yaxın məktub verirdilər. Gətirib araşdırırdıq və başlayırdıq onların xahişlərini, problemlərini həll etməyə. Ondan sonra xalqın inamı birəbeş artdı. Mən bilavasitə bu işlə məşğul olurdum. Ona görə də Heydər Əliyev Administrasiyada öz katibliyini yaratdı və məni ora rəis təyin etdi.
O zaman prezidentlik iddiasında olanlar çox idi. Bir dəfə dedim: “Cənab Prezident, onlar bilirlərmi ki, Prezident olmaq nə deməkdir! Axı Prezident olmaq ən çətin vəzifədir”. Başını tərbədib qayğılı-qayğılı dedi: “Kənardan baxana asan görünür. Belə iddia ilə də gəlib Prezident olublar və ölkəni bərbad günə qoyublar. İndi də boğazacan problemin içindəyik...”
− Söhbətimizin əvvəlində dediniz ki, Heydər Əliyevlə bağlı 1993-2003-cü illərdə qeydlər apardığınız 60 dəftər var. O qeydlər sirr deyilsə, onlardan bəzilərini oxucularımızla bölüşə bilərsiniz?
− Təbii ki, hamısını açıb demək mümkün deyil, amma bir neçəsini danışaram. Vatikan dövlətinin başçısı, Roma Papası II İoann Pavel 2002-ci il mayın 22-də Bakıya gəlmişdi. Yəqin bilirsiniz ki, Papa II İoann milliyyətcə polyak idi. Bakıya gələndə polyakların Azərbaycana necə gəlməsi, xüsusilə burada işləyən məşhur memarların niyə Azərbaycanda qalması, çoxlu sayda polyakın respublikamızda necə yaşadıqları ilə maraqlanırdı. Heydər Əliyev bir çox informasiyaları verəndən sonra mənə dedi, sən tarixçisən, danış, qoy bilsin polyaklar Bakıda necə dinc, əmin-amanlıq içində işləyib yaşayıblar. Papa da rus dilində danışırdı. O sual verir, mən də cavab verirdim. Sonda Papa qayıtdı ki, xanıma hədiyyə gətirin. Onlar da mənə muncuqdan bir boyunbağı bağışladılar.
Heydər Əliyevin zarafatla dediyi sözündə belə bir məna vardı. Yadımdadır, Moldova Prezidenti Petr Luçinski Azərbaycana səfərə gəlmişdi. Ona ziyafət veriləndə mən də stolda oturmuşdum. Qarşısında şərab vardı, hər dəfə qaldıranda mən də qaldırır, sonra yerə qoyurdum. Luçinski bunu gözdən qaçırmamışdı və Heydər Əliyevə dedi: “Niyə xanım içmir? Sizdə məgər xanımlar içki içmirlər?” Heydər Əliyev dedi: “O heç çörək də yemir”. Bilirsiniz, niyə yemirdim. Çünki yemək süfrəsində də Prezident o qədər maraqlı fikirlər söyləyirdi ki, mən dərhal onları qeyd edirdim. Ona görə mən özüm özümə ad qoymuşdum - kəlmə güdən.
− Dilarə xanım, Heydər Əliyevin yemək məsələsində bir kaprizi vardımı?
− Yox. Doğrudur, milli mətbəximizi çox sevirdi, amma bəzən başqa yeməklərə də maraq göstərirdi. Yaponiyaya səfərə getmişdik. Heydər Əliyev orada bizə xidmət göstərənlərə dedi: “Bəsdir mənə Avropa mətbəxindən olan yeməklər verdiniz, istəyirəm yapon yeməklərini dadım”. Dedilər: “Bacarırsınızsa, hazırlaya bilərsiniz”. Dedi: “Əlbəttə bacarıram”. Mən də bilirdim ki, o yeməkdən yeməyəcəyəm. Ət gətirirlər, qoyurlar qarşında, qabağında da plitə, özün bişirməlisən.
İqtisadi məsələlər üzrə dövlət müşaviri vardı, Vahid Axundov, ona dedim, siz Prezidentlə üz-üzə oturun, mən yanında oturum, qoy görməsin yeyirəm, ya yemirəm. Razılaşdı. Amma gələndə gördüm oturub Prezidentin yanında. Mən oturdum üzbəüz.
Heydər Əliyev bu əti balaca sobanın üstündə elə qəşəng bişirdi, o çubuqlarla da elə səliqə ilə yedi, hamımız məəttəl qaldıq. Çoxumuz heç bu çubuqları tuta bilmirdik.
− Eşitdiyim və bildiyim qədər Heydər Əliyev Allaha inanan, müqəddəs yerləri ziyarət etməyi sevən bir insan olub. Onunla işlədiyiniz illərdə bunu təsdiqləyən bir epizod danışa bilərsinizmi?
− Heydər Əliyevin Allaha inancı ailədən gəlirdi. Bunu özü də daim deyirdi. Bir gün Zağulbaya gedirdik, iqamətgahda görüş olmalıydı. Avtomobil karvanı Mir Möhsüm ağanın ziyarətgahının yanından keçirdi. Birdən maşın karvanını saxladılar və dedilər, Prezident Mir Möhsüm ağanın qəbrini ziyarət edəcək. Mən də tez yaylığımı başıma bağladım, düşüb getdim onun ardınca. Mühafizəçilər mənə dedilər ki, deyib bircə Bəylər müəllim getsin onunla. Heydər Əliyev bunu gördü və dedi: Buraxın gəlsin.
Anam uşaq vaxtlarından öyrətmişdi bu ziyarətin qaydasını, o məqbərənin şəbəkəsini öpüb başına dolanırsan. Mənim üçün də çox maraqlı idi, görüm Prezident necə ziyarət edəcək. Baxdım ki, biz necə edirik, eynən o cür də ulu öndər ziyarət etdi. Gümüşü şəbəkəni öpdü və 3-4 dəfə dövrə vurdu. Sonra da Bəylərə dedi, qutuya pul sal. O nəzir saldı, mən də saldım. Sonra stoldan nəzir götürməyə getdik. Stolda bir qabda qənd, birində də konfet vardı. Mən qəndi götürüb ağzıma qoydum və birdən elə bil ayıldım, dedim, “vayy”. Heydər Əliyev qayıtdı mənə baxdı və soruşdu: “Orucsan?” Dedim: “Bəli”. Dedi: “Mən burdayam, keçərlər, eybi yoxdur”. Sonra gəldi məsciddə ağsaqqalları yığdı və anasının ona Mir Möhsüm ağa haqqında danışdıqlarını onlara söylədi.
− Anasından danışmışkən, bir sual da verim. Ulu öndər Prezident olduğu illərdə ona yaxın adam danışırdı ki, bizim qəzetdə İzzət xanımla Zərifə xanımın münasibətləri haqqında gedən bir nostalji məqaləni siz ona göstərmisiniz, ulu öndər oxuyandan sonra çox kövrəlib. Olubmu Sizinlə valideynləri, xüsusilə İzzət xanımla bağlı hansısa xatirələrini bölüşsün?
− Əlbəttə, olub. Ümumiyyətlə, Heydər Əliyev üçün valideynləri, xüsusilə anası ilə bağlı xatirələri çox əziz idi. Tez-tez xatırlayırdı anasını. Naxçıvana gedəndə də mütləq valideynlərinin məzarını ziyarət edirdi.
Özbəkistanda səfərdə olarkən böyük bir təntənəli tədbirdə Heydər Əliyev möhtəşəm nitq söylədi və salon ayaq üstə onu alqışladı. Tədbirdən sonra İslam Kərimov Heydər Əliyevin qoluna girib soruşdu: “Heydər Əliyeviç, axı necə olur ki, siz hər şeyi bilirsiniz?” Ulu öndər səmimi hisslərlə cavab verdi ki, “yəqin ki, anamın sayəsində”. Valideynlərinə, xüsusən anasına böyük ehtiram bəsləyir, yetişməsində ailəsinin müstəsna rolunu həmişə xüsusi qeyd edirdi.
Baxın, biz oğul, ata, dost, qardaş, sirdaş kimi məfhumları götürsək, Heydər Əliyev onların hamısının ən yüksək və kamil nümunəsi idi.
Həyat yoldaşı Zərifə xanım mələk kimi bir xanım idi. Heydər Əliyev onunla bağlı nostalji xatirələrini bəzən bölüşürdü və mən görürdüm ki, bu insan həyat yoldaşını nə qədər böyük məhəbbətlə sevib.
– Dilarə xanım, dekabrın 12-si ümummilli liderin anım günüdür. Heydər Əliyevin əbədiyyətə qovuşduğunu eşidəndə hansı hissləri yaşadınız?
– Heydər Əliyev ilk dəfə 1998-ci ildə Türkiyədə müalicə alanda mən də onunla Gülhanəyə getmişdim. Şənbə günü idi, cənab Prezidentin qəbulu olmalı idi, gəlməmişdi. Dedilər özünü yaxşı hiss etmir. Sonra mənə dedilər hazırlaşın, bir neçə günlük Türkiyəyə gedəcəksiniz. Türkiyəyə getməmişdən Təhlükəsizlik Şurasının üzvlərini öz iqamətgahında topladı və dedi: “Mən müalicəyə gedirəm. Mənimlə Vaqif Axundov, bir də Dilarə Seyidzadə gedəcək”. Səhəri gün Binə hava limanına getdim. Hava limanında Türkiyənin də, Rusiyanın da təcili-tibbi yardım təyyarələri gözləyirdi. Heydər Əliyev Türkiyəni seçdi.
Mən təyyarəyə mindim. Salonda gördüm həkimlər bir-biriləri ilə danışırlar və başa düşdüm ki, Prezidentin səhhətində problemlər var.
Heydər Əliyevin təyyarəyə necə gəldiyini görmədim. Ankarada təyyarə eniş edəndə, baxdım ki, Heydər Əliyev kostyumda, qalstukda trapa çıxdı. Yanında da admiral, hərbi həkim. Dedim: “Keçmiş olsun, həmişə ayaq üstə”. Sonra danışanda gülürdü və məni göstərib deyirdi, bu, elə bilirdi mən artıq yoxam. Sən demə, ona görə kostyum geyib, qalstuk taxıbmış ki, onu müşayiət edən həkimlərə təşəkkür edib çox sağ ol desin.
Sonra Ankarada xüsusi bir məkanda Süleyman Dəmirəl 2 vertolyotla Prezidentimizi qarşıladı. Heydər Əliyev bizimlə bir vertolyota, Süleyman Dəmirəl ikinci vertolyota oturub Gülhanə hospitalına yola düşdük. Gülhanədə bütün Türkiyə media nümyəndələri, xarici ölkələrin buradakı jurnalistləri dərhal peyda oldular. Görünür, Heydər Əliyevin gəlişindən xəbər almışdılar.
3 həftə orada qaldıq. Mən səfirlikdə çalışan xanımlardan xahiş etdim, gedib mənə pal-paltar aldılar. Çünki 2 günlük ora gedən adam, gözləmirdim ki, 3 həftə orada qala bilərəm. Bütün tibbi müayinələrdən keçəndən sonra, mən hər gün onunla əlaqə saxlayıb Bakıya informasiya verirdim ki, səhhəti ilə bağlı rəsmi məlumat yaysınlar.
2003-cü ildə isə nələr baş verdi siz bilirsiniz. Aprelin 21-də Heydər Əliyev Respublika Sarayında ürək böhranından 2 dəfə yıxıldı. Dərhal Prezidentin həkimləri Respublika Sarayına çağırıldılar. Amma buna baxmayaraq, Prezident yenə səhnəyə qayıdıb tribunaya çıxdı və sözünü tamamladı.
Saraydan çıxanda hamıya dedi, gedin iş yerlərinizə. Bircə mənə heç nə demədi. Mən onun ardınca getdim. Bayıra çıxanda baxdıq ki, sarayın hər iki tərəfində yollar insanla doludur. Çünki çıxışı canlı gedirdi, vətəndaşlar bütün bu hadisəni görmüşdülər və hamı küçəyə tökülmüşdü, gözləri sarayda idi. Heydər Əliyev əvvəl istədi dərhal avtomobilinə otursun, sonra baxdı ki, insanlar sükutla, kədər dolu baxışlarla ona baxırlar, dayandı və hər iki tərəfə əl edib sağollaşdı. (Dilarə xanım bu məqamda göz yaşlarını saxlaya bilmir) Sanki bilirdi ki, bu onun xalqı ilə son görüşüdür. Bütün şəhər sükut içində idi. Sonra avtomobilə oturdu.
Prezident iqamətgahına yola düşdü. Mən isə getdim işə. 10:30-da mənə zəng vurdular ki, artıq iş vaxtı bitib. Getdim evə. Səhəri gün həmişəki vaxtda işə gəldim. Telefon zəng çaldı. Qaldırdım ki, Prezidentdir. Dedi: “Siz dünən gördünüz də baş verənləri?”. Dedim: “Bəli, cənab Prezident, keçmiş olsun”. Sonra qayıdıb mənə nə desə yaxşıdır. Dedi: “Mən deyirəm, bəlkə bu gün gəlməyim işə?”. Dedim: “Əlbəttə, cənab Prezident. Biz buradayıq, Siz narahat olmayın”. Üstündən 1 saat keçdi, köməkçisi zəng vurdu ki, “Prezident sizi çağırır”. Doğrusu, çaşıb qaldım, axı özü dedi ki, bəlkə gəlməyim. Dəstəyi qoydum. Sonra dedim, axı məni hara çağırır? Təzədən Tariyelə telefon açdım: “Cənab Prezident hardadır?” Dedi: “Gəlib, kabinetindədir”.
Gəldim ki, oturub kresloda. Dedi: “İndi mənim yanıma bir adam gələcək, üçümüz olacağıq. Hazırlaşın”. Ondan sonra yola düşdü Klivlendə. Mən onu bir daha görmədim (sakitcə ağlayır və stolun üstündən salfet götürüb göz yaşlarını silir.).
Bilirsiniz, uşaqlıqdan mənim həyatımda belə qəhrəmanlar olub. Birinci qəhrəman öz atam olub. Barat Şəkinskaya bir dəfə mənə dedi, “biz sizin atanızın kabinetinə girəndə ayaqqabılarımızı silib girirdik. O qədər təmiz və səliqəli adam idi”.
− Heydər Əliyevin müstəsna xarakterini, insani keyfiyyətlərini, bitkin obrazını qısaca necə ifadə edərdiniz?
− Heydər Əliyevin bitkin obrazını ifadə etmək üçün elə mükəmməl söz tapmıram ki, onu tam mənada açıb göstərə bilsin. Heydər Əliyev deyirdi ki, Azərbaycanın müstəqilliyi, xalqımın azadlığı yolunda canımdan da keçməyə hazıram. Onun fəaliyyətinə adi yanaşmaq olmaz, o böyük bir tarixdir. O, öz fəaliyyəti ilə böyük və şərəfli bir tarix yazıb, əbədiyyətə qovuşdu.
Bizim ən böyük xoşbəxtliklərimizdən biri odur ki, dərin siyasi, mədəni biliklərə, fenomenal qabiliyyətə malik olan Heydər Əliyev öz simasında xalqımızı dünyaya təqdim edib tanıtdırırdı. Xarici səfərlərə gedərkən getdiyi ölkənin tarixi və mədəni həyatı ilə bağlı o ölkələrin rəhbərlərinə bəzən elə məlumatlar verirdi, onlar Heydər Əliyevin erudisiyasına heyran qalırdılar. Ən möhtəşəm tədbirlərdə, zirvə görüşlərində, danışıqlarda Heydər Əliyev öz biliyini, savadını elə səmimi nümayiş etdirirdi ki, hamı ona valeh olurdu.
Heydər Əliyevlə bir neçə dəfə görüşmüş Amerikanın çox məşhur siyasi xadimi Henri Alfred Kissincer sonralar deyirdi: “Dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilər olduqca nadir bir haldır”.
ABŞ-ın məşhur politoloqu Zbiqnev Bzejinski də Heydər Əliyevə daim böyük maraq göstərir və həmişə onunla görüşə can atırdı. O, Heydər Əliyevi SSRİ-nin ən böyük siyasi xadimi hesab edirdi. Sonralar Bzejinski, cənab Prezident İlham Əliyevə məktublarının birində yazmışdı ki, sizin böyük atanız regionun tarixini tamamilə dəyişdi. İnsan nə qədər əzəmətli, müstəsna qabiliyyətə, zəkaya sahib olmalıdır ki, bütöv bir regionun tarixini dəyişə bilsin? Heydər Əliyev bunu bacardı və zirvədə əbədi olaraq qalacaq.
Allah ruhunu şad etsin!
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist


