Müsahibimiz Xalq yazıçısı Elmira Axundovadır
(əvvəli qəzetimizin 9, 10 dekabr 2025-ci il saylarında)
– Elmira xanım, Heydər Əliyev – jurnalist münasibətlərini, Ulu öndərin bu peşə sahiblərinə yanaşmasını, onlara qayğısını necə qiymətləndirərdiniz?
– Mən konkret faktlarla danışmağı və yazılarımda da belə faktlar əsasında mövzuya münasibətimi açıqlamağı əsas götürürəm. Bununla bağlı yalnız 2 faktı misal çəkmək istərdim. Çünki reallıq faktla açılır.
Əvvəla, Heydər Əliyev onun tədbirinə, görüşünə dəvət alan jurnalistlərə imkan yaradırdı ki, onlar öz məqalələri, reportajları üçün faktlar, materiallar toplaya bilsinlər, birinci şəxsin hər hansı hadisə ilə bağlı açıqlamalarını eşitsinlər. Yəni tutaq ki, Rusiyadan baş nazir Çernomırdin gəlir, ABŞ Senatının nümayəndələri gəlir və Heydər Əliyev onlarla danışıqların ən azından məzmunundan jurnalistləri agah edirdi və biz də gedib onun, görüşdüyü rəsmilərin fikirlərini yayırdıq. Ona görə də Heydər Əliyev çalışırdı ki, jurnalistlər belə görüşlərdə, tədbirlərdə imkan daxilində çox qalsınlar. Amma qarşı tərəf bunu elə də razılıqla qarşılamırdı və Heydər Əliyevə deyirdilər ki, gəlin, jurnalistlər olmadan danışıqlar aparaq. Belə bir vəziyyətlərlə çox qarşılaşırdıq.
Bir dəfə Gəncədə tədbirdə mən arxada dayanmışdım, Ulu öndər də danışırdı. Gördü mən arxada dayanmışam, işarə elədi ki, gəl yanıma. Təbii, mən yaxınlaşdım və mənim çiynimə əlini qoyub dedi: “Bilirsiniz bu kimdir? Bu, Elmira Axundovadır, mənim köhnə etibarlı dostumdur”. Bu sözlər mənim üçün dünyalar qədər əziz bir ifadəyə çevrildi: Heydər Əliyevin etibarlı dostu...
Amma qayıdaq əvvəlki mövzuya. İtaliyaya səfərə getmişdik. Jurnalistləri də heç bir tədbirə qoymurdular. İcazə verəndə də 1-2 dəqiqə, onda da protokol üçün salamlaşmaq, hal-əhval tutmaq, başqa heç nə. Gərginlik içində idim. “Azadlıq” radiosuna nə göndərəydim, heç bir məsələdən danışılmır. Növbəti görüş Senatda keçirildi və yenə bizə imkan vermədilər ki, nəsə öyrənə bilək. Görüşdən sonra Heydər Əliyev foyeyə çıxdı və mən dərhal ona yaxınlaşdım.
Dedim: “Heydər Əliyeviç...” Gülə-gülə mənə baxıb dedi: “Nədir Elmira, yenə nədən narazısan?” Dedim: “Axı bizi heç yerə qoymurlar. İndi biz nə yazaq?” Özünəməxsus şəkildə qəhqəhə çəkib dedi: “Elə bilirsən hamı Heydər Əliyevdir? Hamı jurnalistləri mənim kimi sevir? Öyrəşin. Siz jurnalistsiniz, sizi qapıdan qovurlar, pəncərədən girin”. Biz də bundan sonra başladıq rəsmi adamlardan müsahibələr almağa. Məsələn, o vaxt xarici işlər naziri olan Həsən Həsənovdan və başqalarından. O bizə çox məlumat verirdi, əlbəttə, deyilməsi mümkün olan məlumatları.
İkinci belə bir hal Bakıda oldu. ABŞ Senatının nümayəndələri Bakıya Ulu öndərlə görüşə gəlmişdilər. O zaman da Azərbaycanda “Həyatverici lütf”, “Məhəbbət kilsəsi”, “İeqova şahidləri”, “Yeddinci gün adventistləri”, “Yeni həyat”, “Oşo” və sair qeyri-ənənəvi dini cərəyanların qeyri-qanuni fəaliyyəti ilə bağlı ciddi tədbirlər görülürdü və onlardan hansınınsa qeydiyyatını ləğv etmişdilər. Senatorlar da bununla bağlı prezidentlə görüşürdülər. Azərbaycandan da xeyli jurnalist bu görüşdə iştirak edirdi. Senatorlar jurnalistləri görəndə elə bil dəryada gəmiləri batmışdı və çox qayğılı görünürdülər.
Senatorlar danışır, fikirlərini deyirlər, Heydər Əliyev də özünəməxsus şəkildə səbirlə təmkinlə dinləyib arqumentli şərhlərlə bunlara cavab verir. Qonaqların narahatlığı getdikcə artırdı, çünki hiss olunurdu ki, məramlarını dilə gətirə bilmirlər. Axırda onlardan biri dözməyib Heydər Əliyevə dedi: “Əgər mümkünsə, biz istərdik bundan sonra söhbətimizi jurnalistlər olmadan davam etdirək”.
Heydər Əliyev mənalı-mənalı güldü və üzünü bizə tutub dedi, çıxın. Mən də onun İtaliyada bizə dediyinə söykənərək, bir az ləngidim və lap axırda çıxmağa başladım. Qulağım bunlardadır ki, görüm söhbət nədən gedir. Bu məqamda Heydər Əliyev dedi: “Həəə, söz azadlığından çox dəm vururlar, amma həqiqi söz azadlığı olan yerdə danışmağı heç də hamı bacarmır”. Həqiqət belə idi. Azərbaycanda söz azadlığının boğulmasından danışan ABŞ-ın nümayəndələri söz azadlığı üçün yaradılan şəraitdən belə qorxurdular. Axı onlar hərbi sirr danışmayacaq, məxfi məlumatlar bölüşməyəcəkdilər. Sadəcə, islam ölkəsində qeyri-ənənəvi dinlərlə insanların beynini zəhərləyən sektaların müdafiəsi üçün saqqal tərpədəcəkdilər. Mən də bunu yazdım və göndərdim redaksiyaya.
– Heydər Əliyevin Türkmənistana səfəri zamanı jurnalistlərlə, xüsusilə də müxalifətyönlü mediada çalışan nümayəndələrlə bağlı bir problem yaranmışdı. O səfərdə siz də iştirak edirdinizmi?
– Bəli, mən də o səfərdə iştirak edirdim. Bu, Xəzər dənizi ilə bağlı zirvə görüşü idi. Bəri başdan deyim ki, bu sammit uğursuz yekunlaşdı. Türkmənbaşı Saparmurad Niyazovun iddiaları və siyası şıltaqlığı üzündən bu sammitdə heç bir rəsmi sənəd, bəyanat belə imzalanmadı. Ona görə də Heydər Əliyevin bu üzdən kefi pozulmuşdu və bir az da əsəbi idi. Sonra biz geri qayıdıb artıq hava limanından evə getməyə hazırlaşarkən Dilarə Seyidzadə jurnalistlərə bildirdi ki, Heydər Əliyev bizi çağırır. Təbii, biz dərhal Ulu öndərin tapşırdığı yerə toplaşdıq. Heydər Əliyev bizə sual dolu baxışlarla müraciət etdi: “Mən sizə indiyə qədər nəyi necə yazmağı tapşırmışammı? Yaxud maraqlanmışammı nə yazacaqsınız, necə yazacaqsınız?” Bunu deyə-deyə hamımızın gözünə baxırdı. Biz də bildirdik ki, yox. Həqiqətən də, belə idi. Sonra dedi: “Amma istəyirəm bu dəfə sizdən bir xahiş edim. Xahişim də ondan ibarətdir ki, Saparmurad Türkmənbaşıdan heç nə yazmayın. Bilirəm, başlayacaqsınız onun qızıl heykəlindən yazmağa, onu tənqid etməyə. Heç nə yazmayın. Çünki o, mənə yaxınlaşıb dedi: “Heydər Əliyeviç, Sizin mətbuat mənim haqqımda tənqidi yazılar yazır. Siz niyə bunun qarşısını almırsınız?” Mən də ona dedim ki, axı Azərbaycan mətbuatı elə məndən də çoxlu tənqidi yazılar verir. Müxalifət qəzetləri elə materiallar, hətta ədalətsiz tənqidi yazılar çap edir ki, heç sənin ağlına gəlməz. Bəs mən bunlara necə dözürəm? Qayıdıb mənə deyir: “Ola bilməz. Bu, necə olur? Heydər Əliyeviç, məgər siz mətbuata nəzarət etmirsiniz?” Ona deyirəm, mən 1998-ci ildə senzuranı ləğv etmişəm, hamı sərbəst nə istəyir yazır. O da deyir: “Belə de. Amma axı biz dostuq, məni tənqid etməyə necə razı olursunuz?” Ona görə, dostlar, sizdən xahiş edirəm Türkmənbaşıdan nə yaxşı, nə pis, heç nə yazmayın”.
Bu, 2002-ci ilin aprel ayında oldu. Həqiqətən də o vaxtlar “Exo”, “Ayna” və sair qəzetlər onun haqqında çox tənqidi yazılar dərc edirdilər.
Bundan əvvəl də Türkmənistanda “Azadlıq” radiosunun 2 müxbiri - mən və Elmira Əmrahqızı problem yaşadıq. Səfərin ilk günü Türkmənistanın Xarici İşlər Nazirliyinin protokol xidmətinin əməkdaşları heç cür inana bilmirdilər ki, onların ölkəsində qadağan edilmiş bu radiostansiyanın rus və Azərbaycan redaksiyalarının müxbirləri Prezidentlə birlikdə səfərə gəliblər. Əvvəlcə elə düşünürdülər ki, biz özbaşına gəlmişik. Hətta bizdən təəccüblə soruşurdular: “Siz Azərbaycan Prezidentini müşayiət edən nümayəndə heyəti ilə birlikdə gəlmisiniz?” Biz dedik ki, bəli. Amma inanmadılar və bizi nümayəndə heyətindən ayırdılar, uzun-uzadı yoxlamalar keçirdilər.
Nəhayət, bizim XİN türkmənistanlı həmkarlarına sənədlər təqdim edib göstərdi ki, biz həqiqətən Azərbaycan Prezidenti ilə birlikdə gəlmiş rəsmi nümayəndə heyətinin tərkibində olan jurnalistlərik. Buna baxmayaraq, son günə qədər orada bizimlə çox ehtiyatla və qorxa-qorxa davranır, hər addımımzı izləyirdilər. Nümayəndə heyətimiz geri qayıdanda Heydər Əliyev məni və Elmira Əmrahqızını təyyarədə öz oturduğu salona çağırdı və söhbət zamanı mən bütün bunları ona danışdım. Qəhqəhə çəkib, xeyli güldü.
Heydər Əliyev belə faktları əsla unutmurdu. Həmin vaxtdan başlayaraq o, bu məsələni nəzarətə götürdü. Yadımdadır, Ulu öndər Qərb ölkələrindən birinə səfəri zamanı, həmin dövlətin başçısı ilə mətbuat konfransı keçirirdi. Mən də adaşımla ön sırada durmuşdum. Heydər Əliyevə söz veriləndə bizi göstərərək dedi: “Görürsünüzmü, onlar müxalifətdir, “Azadlıq” radiosunda işləyirlər. Yəqin ki, bu radiostansiyanı yaxşı tanıyırsınız. Amma mən səfərlərə gedərkən onları özümlə aparıram və heç maraqlanmıram da, onlar nə yazırlar”.
Yəni Heydər Əliyev bu faktı bir növ təbliğata, öz ölkəsində söz azadlığının yüksək səviyyədə qorunmasının sübutuna çevirə bildi. Onun ünsiyyət manerasının bu xüsusiyyətini, ölkəsinin imicini yüksəltmək, xalqı üçün mümkün qədər çox iş görmək məqsədilə hər dəqiqədən, hər andan istifadə etmək bacarığını, demək olar ki, bütün danışıqlarında müşahidə etmişəm.
– Heydər Əliyev haqqında ən azından 7 cildlik bədii sənədli-bioqrafik əsər yazan Elmira Axundovaya bu sualı vermək bəlkə də yersiz görünər. Amma həmkarım olaraq sualımın mahiyyətini yaxşı başa düşərsiniz: Heydər Əliyev haqqında yazmaq, həm də fundamental əsərlər ortaya qoymaq nə qədər çətin, nə qədər asandır?
– Maraqlı sualdır. Bilirsiniz, Heydər Əliyev həmişə jurnalistləri test edirdi. Bəzən mətbuat konfranslarında jurnalistlərdən kimsə yersiz sual verəndə acığı gəlirdi, əhəmiyyətsiz bir məsələyə toxunanda xoşu gəlmirdi. Həmişə deyirdi: “Hər şeydən əvvəl aktual məsələləri qaldırın, ciddi mövzulardan yazın, həm də həqiqəti yazın. Onda heç kim sizdən inciməz”.
Çalışdığım mətbuat orqanlarını, radiostansiyaları sadaladım. Həqiqətən, əgər mən ora maraqsız, aktual olmayan mövzulardan material yazıb göndərsəydim, o media orqanları nə məni işdə saxlayar, nə məni çap edər, nə də reportajlarımı efirə verərdilər. Bu mənada əlbəttə, Heydər Əliyevdən yazmaq, onun tədbirlərini işıqlandırmaq mənim üçün asan idi. Yeganə çətin məsələ bu idi ki, Heydər Əliyev fəaliyyətdə olan Prezident idi. Ona görə xarici mediaya verdiyim materiallarda bizim bir çox KİV-lər kimi onu tərifləyib şəxsi keyfiyyətlərini qabarda bilməzdim. Bunu qəbul etməzdilər. Mən elə yazmalıydım ki, xarici ölkələrdəki rusdilli oxucular, dinləyicilər özləri Heydər Əliyevin fəaliyyətini dəyərləndirsinlər. Dəyərləndirir, hətta heyranlıqla dinləyirdilər də. Çünki ortada faktlar, epizodlar, real böyük işlər var idi. Heydər Əliyevin böyüklüyünü göstərən məhz bunlar idi.
Digər tərəfdən onunla işləmək, ondan yazmaq asan idi, çünki faktları, epizodları o özü bizə verirdi. Jurnalislərlə daim təmasda olurdu, müsahibələr verirdi. Heydər Əliyev özü də heç vaxt demirdi ki, məni tərifləyin. Deyirdi “reallığı yazın, faktlar göstərin”.
Yadımdadır, “Əsrin müqaviləsi” imzalanandan sonra mən “Literaturnaya qazeta”da silsilə yazılar çap etdirdim. Burada yalnız faktlarla göstərirdim ki, bu müqaviləni imzalamaqla Heydər Əliyev nələrə nail ola bildi. Bunları şəxsən Ulu öndərə göstərəndə, çox məmnun oldu və mənə təşəkkür etdi.
Bir məsələni də qeyd edim. Təbii ki, bəzən tənqidi yazılar da yazırdım və bunlar dərc olunurdu. Onun ətrafinda bəzi adamlar var idi ki, yaxşı materiallarımı deyil, bilavasitə bu tənqidi tonda yazılan məqalələri ona göstərib məni uzaqlaşdırmağa çalışırdılar. Amma buna nail ola bilmədilər. Çünki Heydər Əliyev mövqeyimi bilirdi və mənə inanırdı.
– Bilirəm, geniş mütaliəniz var, müxtəlif siyasi xadimlər haqqında da yəqin çoxlu əsərlər oxumusunuz. Heydər Əliyevi dünya siyasətinin nəhənglərindən kiminlə yanaşı qoyardınız?
– Heydər Əliyevi dünyanın çox nəhəng siyasətçiləri ilə müqayisə edirlər. Bir qismi Atatürklə, bir qismi Ruzveltlə, bəziləri Şarl de Qoll, ya da Adenauerlə müqayisə edənlər var. Mən onu sovet siyasi dönəmində olan heç bir dövlət və siyasi xadimlə müqayisə edə bilmirəm. Ona görə ki, bu siyasətçilərdən hansısa hakimiyyətdən uzaqlaşdırılanda onlardan heç biri ikinci dəfə hakimiyyətə qayıda bilmədi. Tarixdə belə bir nümunə olmayıb. Bir qədər Eduard Şevardnadzenin hakimiyyətə qayıdışı bu fenomenə bənzəyir. Ancaq o hakimiyyətdən təzyiqlə uzaqlaşdırılmayıb. O, SSRİ xarici işlər naziri olub və hörmətlə istefaya göndərilib. Sonra gedib Gürcüstana, orada da onu hörmətlə qarşılayıblar və prezident seçiblər. Amma sonda da çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.
Yeltsini götürək. Rusiyanın prezidenti oldu, amma necə oldu sizə məlumdur. Sonra da Rusiyanı bərbad günə qoydu və öz xahişi ilə istefaya getdi. Əslində Rusiyanın bəzi qüvvələri onu buna məcbur etdilər. Demək istədiyim odur ki, o nəsildən heç kim Heydər Əliyev kimi öz ağlı, zəkası, xalqın ona olan inamı və sevgisi sayəsində yenidən hakimiyyətə qayıtmayıb. Nəinki qayıdıb, 10 il ərzində nəhəng işlər görərək öz xalqının Ümümmilli lideri səviyyəsinə ucalıb.
Həmkarım, bizim həmyerlimiz, görkəmli publisist və jurnalist Mixail Solomonoviç Qusmanla müsahibəmdə, onun Heydər Əliyevlə bağlı apardığı müqayisə mənim qənaətimə daha yaxındır. Qusman deyir: “...XX əsri öyrənib geriyə nəzər salsaq, deməliyəm ki, o zaman böyük siyasi fiqurlar kifayət qədər çox idi. Amma mən XX əsrin yanaşı qoya biləcəyim iki dövlət xadiminin adını çəkəcəyəm. Bunlar Heydər Əliyev və Uinston Çörçilldir. Deyim niyə. Dünyanın böyük siyasətçilərinə müxtəlif rakurslardan, bir növ, qolloqrafik prinsiplə yanaşmaq lazımdır. Kiməsə siyasi islahatlar baxımından, kiməsə iqtisadi nailiyyətlər, bir başqasına sosial dəyişikliklər prizmasından baxmalısan və s. Lakin fikrimcə, XX əsrdə yalnız iki siyasətçinin özü haqqında belə demək haqqı vardı: “Mən öz ölkəmi xilas etmişəm!” Bu, siyasi məharəti sayəsində Böyük Britaniyanı Hitler faşizminin hücumundan xilas etmiş Çörçill və öz xalqının düşmənlərinin ölkəni, sözün əsl mənasında, hissələrə parçaladığı bir dövrdə Azərbaycanı bir neçə yerə qaçılmaz parçalanmadan qorumuş Heydər Əliyevdir. O, faktiki olaraq, ölkəni məhv olmaqdan qurtardı. Bu isə istənilən siyasətçi üçün ən yüksək kriteriya və ən ali dəyərdir. Yalnız bu iki şəxs XX əsrdə, həqiqətən də, öz ölkələrinin xilaskarı oldular”.
Mən də bu fikirlə tam razıyam. Heydər Əliyev həqiqətən dahi siyasətçi idi və bu dahiliyi sayəsində də ölkəmiz süqutdan xilas edildi. 7 cildlik kitabımın 6-cı cildi elə bu sözlərlə başlayır: “Heydər Əliyev, gəlin, öz xəstə Azərbaycanınızı xilas edin!”.
– Heydər Əliyevin bütün tərcümeyi-halını və fəaliyyətini araşdıran, bu qədər əsərlər yazan Elmira Axundova bu prosesin içində hansı məqamlarda təəssüf hissi yaşayıb və deyib: “kaş belə olmayaydı”?
– Əlbəttə, olub. Etiraf etmək lazımdır ki, Heydər Əliyev heç də rahat və dəbdəbəli həyat sürməyib. Çox çətin və mürəkkəb həyat yaşayıb. Xüsusilə də Moskva illəri onun üçün son dərəcə ağır illər olub. Bu dövrlə bağlı mənim çoxcildliyimin 700 səhifəlik bir cildi var. Bunu oxuyanlar məəttəl qalırlar ki, Elmira Axundova bunları haradan tapıb.
Doğrudur, Moskvadakı fəaliyyətinin Andropov və Çernenko dövrlərində Heydər Əliyev öz siyasi zəkası, fenomenal iş qabiliyyəti və bacarığı ilə nəinki Sovetlər Birliyinə, bütün Qərbə səs salmışdı. Qərb mətbuatı, ümumən bütün dünya mətbuatı onun haqqında geniş təhlili materiallar dərc etməyə başlamışdılar. Bütün bunlar Kremldəki bəzi qüvvələrin heç də ürəyindən deyildi.
“Heydər Əliyev: şəxsiyyət və dövr” kitabından bir epizod:
“Bakıdan olan parlaq siyasətçi”, “Taym” jurnalı, 1982.
Con Koqan, Erik Amfiteatrov və Joanna MakQri
“Azərbaycan Kompartiyasının şefi, 59 yaşlı Heydər Əlirza oğlu Əliyev uzun illərdir ki, rusiyalı olmadan yüksəklərə qalxmağın olduqca çətin olduğunu düşünən Qərb analitiklərinin diqqətini çəkməkdədir. Lakin ötən həftə onun ikili yüksəlişi, əbədiləşməkdə olan bu qənaətləri alt-üst edib. Heydər Əliyev müsəlman ölkələrindən olan ilk şəxsdir ki, Sovet İttifaqının Nazirlər Sovetində yüksək posta yüksəlməyə nail olub...”
“Kremlin xoşbəxt əsgəri”, “Newswe” jurnalı, 9 iyul 1984.
Qreq Kanin və Joys Barnatan
“... Bəziləri elə düşünürlər ki, Əliyev 79 yaşlı baş nazir Nikolay Tixonovun yerini tutmağa əsas namizədlərdən biridir. Belə qənaətlər var idi ki, Andropov Siyasi Büronun yeni üzvü Vitali Vorotnikovu bu psotda görür. Ancaq Çernenkonun hakimiyyətə gəlməsi ilə Əliyev bu posta əsas namizəd sayılır.
Lakin rus mənşəli olmaması onun Baş katib olmaq şanslarını aşağı salır”.
***
...Heydər Əliyevin Moskvadakı fəaliyyət dövrü onun üçün məyusluq dövrünə çevrilib. Xüsusilə də Mixail Qorbaçov Baş katib seçiləndən sonra. 1985-ci ildə Qorbaçov Baş katib seçiləndən az bir müddət keçəndən sonra Mərkəzi Komitədə ona qarşı bir koalisiya yaranmağa başladı. Mən bütün bu dövrü ən xırda detallarına qədər araşdırıb qələmə almışam. “Kreml üçlüyü” kitabımda bütün bunlar var. İndi çoxları bu kitaba istinad edir.
Kremldə Yeqor Liqaçov, Aleksandr Yakovlev və Şaxnazarov üçlüyü ən qatı antiƏliyevçi olublar. Qorbaçov Baş katib seçilən kimi Liqaçov Heydər Əliyevə qarşı olan bütün kinini üzə vurub. Yakovlev Qorbaçovun ideoloqu olsa da, səfehin biri idi və Heydər Əliyevi Brejnevin adamı hesab edirdi. Digər tərəfdən də DTK məktəbi keçən siyasi liderlərə qarşı bir qisası vardı. Şaxnazarovun da, aydındır ki, məlum səbəblərə görə Heydər Əliyevi görməyə gözü yox idi. Bu üçlük Moskvada Heydər Əliyevə qarşı bütün çirkli kampaniyalara rəhbərlik edirdi. Onlar Qorbaçova təzyiq edirdilər ki, o, Heydər Əliyevi işdən çıxarsın. Əlbəttə, bu təzyiqlər altında işləmək çox dözülməz idi.
Hətta Yeqor Liqaçov Siyasi Büronun üzvü olanda Heydər Əliyevə qarşı özünü çox kobud və qaba aparırdı. Heydər Əliyevin nazirləri, köməkçiləri, Siyasi Büronun üzvləri olan adamlar danışırdılar ki, Yeqor Liqaçov bəzən insanlar arasında belə Heydər Əliyevlə kobud danışmaqdan çəkinmirdi.
Söhbətlərin birində Heydər Əliyevin köməkçilərindən biri danışırdı ki, nəqliyyat məsələləri ilə bağlı geniş toplantı keçirirdik. SSRİ-nin bütün nəqliyyat sahəsi Heydər Əliyevin kurasiyasında idi. İclası yeni başlamışdıq ki, birdən Yeqor Liqaçov peyda oldu. Müşavirə dəmir yollarında daşımaların ləgiməsinə həsr olunmuşdu. Liqaçov Sov.İKP MK-nın ideoloji məsələlər üzrə katibi idi və onun bu məsələlərə heç bir aidiyyatı yox idi. Bəyan etdi ki, mən də müşavirədə iştirak edəcəyəm. Heydər Əliyev çox təmkinli və ziyalı insan idi, nəzakət xətrinə heç bir söz demədi və razılaşdı. İclasın gedişində Heydər Əliyev hər hansı problemdən danışmağa başlayanda, Liqaçov çox kobud şəkildə onun sözünü kəsirdi: “Bəsdir!”, “Dayanın!” və sair bu kimi kobud ifadələr işlədirdi”.
Hətta Siyasi Büronun iclaslarında ona imkan vermirdi ki, fikrini tamamlasın, sözünü axıra çatdırsın. Bəli, Liqaçov belə mədəniyyətsiz insan idi. Amma Heydər Əliyevlə belə danışmağa ona cəsarət verən adam var idi – Qorbaçov.
Yakovlev isə saman altdan su yeridirdi, altdan işləyirdi. Bütün bunlar Heydər Əliyevə çox ağır gəlirdi. Axı Heydər Əliyev özünə, şəxsiyyətinə son dərəcə hörmət edən bir insan idi.
(ardı var)
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist

