Astarada çayçılıq dirçəldilir

post-img

Məlum olduğu kimi, hazırda “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası davam edir. Məqsəd ölkədə quru çaya olan tələbatı yerli məhsul hesabına ödəmək, çay emalı müəssisələrinin xammal təminatını yaxşılaşdırmaq, bu sənayeni inkişaf etdirmək, çay məhsullarının ixracını artırmaq və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır. Dövlət Proqramının sayəsində 2027-ci ilədək yaşıl çay yarpağı yığımının 8,5 min tona, əkin sahələrinin 3000 hektara çatdırılması nəzərdə tutulur.

Cənub bölgəsinin ən böyük çayçılıq rayonlarından biri Astaradır. Hazırda burada 232,1 hektar çay plantasiyası mövcuddur ki, bu da ölkəmizdəki ümumi çay sahələrinin təxminən dörddəbiri qədərdir. Çay istehsalının isə yarıdan çoxu Astaranın payına düşür.

Rayonda cari mövsümün çay yığımı uğurla yekunlaşıb. Sahələrdən 724,6 ton yaşıl çay yarpağı yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,7 ton və ya 8,7 faiz çoxdur. Ümumi məhsuldarlıq göstəricisi 31,3 sentner təşkil edib. Burada çayçılıqla məşğul olan 4 müəssisə tərəfindən 187,4 ton yaşıl çay yarpağı tədarük olunub. Bu göstərici ötən illə müqayisədə 0,5 faiz azdır. Müəssisələr üzrə məhsuldarlıq isə 9,9 sentner olub.

Çayçılıqda əsas yükü daşıyan əhali təsərrüfatları bu il daha yüksək nəticə əldə ediblər. Belə ki, fərdi təsərrüfatlar tərəfindən 537,2 ton yaşıl çay yarpağı tədarük edilib. Əhali təsərrüfatlarında məhsuldarlıq 127,3 sentner olub.

Çayçı fermer Novruzəli Əhmədov:

– Astarada çayçılıq kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən hesab olunduğu üçün bu ənənəvi sahənin intensiv inkişafı prioritet məsələ kimi qarşıya qoyulub. Biz qohum-qardaş olaraq hələ 2000-ci ildə Kijəbə qəsəbəsində ailə fermer təsərrüfatı yaratmışıq. Çayçılıq sahəmiz 12 hektardır. Bu, sitrusçuluqdan daha sərfəli sahədir. Cari mövsümdə 150 tona yaxın məhsul yığmışıq. Qazancımız yaxşıdır, dolanacağımız var.

XQ

Sosial həyat