Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib

post-img

Dekabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilib.

XQ xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qurultay iştirakçıları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə də ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra AHİK-in VIII Qurultayı işə başlayıb. Tədbirdə qurultay nümayəndələri ilə yanaşı, dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq təşkilatların və bir sıra ölkələrin həmkarlar ittifaqının rəhbərləri də iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlətimizin başçısı İlham Əliyevin Qurultay iştirakçılarına müraciətini səsləndirib.

Reqlamentə uyğun olaraq, qurultayın Rəyasət heyəti, Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katiblik seçilib, gündəlik təsdiqlənib.

Qurultayın gündəliyinə Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş komissiyasının hesabatı, yeni Nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.

Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra AHİK-in 2018-2025-ci illər üzrə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Konfederasiya sədri Sahib Məmmədov hesabat məruzəsi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafındakı rolunu və 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına verdiyi davamlı dəstəyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan və həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələrin ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

Hesabat məruzəsində Konfederasiyanın əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, gender, gənclər, idman və təhsil sahəsində görülən işlər barədə geniş məlumat verilib. Bununla yanaşı, təkmilləşdirilmə tədbirləri və struktur islahatlarının həyata keçirildiyi, “Kurort” Turizm İnformasiya Mərkəzi, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, “Həmkarların Sağlam Gələcəyi Naminə” İctimai Birlik və “Çağrı Mərkəzi” kimi yeni qurumların yaradıldığı, həmçinin “Buzovna”, “Bilgəh”, “Abşeron”, “Kurort Naftalan” və “Günəşli” sağlamlıq mərkəzlərində şəraitin yaxşılaşdırıldığı diqqətə çatdırılıb.

Konfederasiya sədri 2025-2027-ci illər üzrə AHİK-in İnkişaf Strategiyasının icrasının gedişi, rəqəmsallaşma prosesi, şəffaflıq, əlçatanlıq və operativliyin təmin olunması məqsədilə yollayışların verilməsinin elektronlaşdırılması, “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç”, bu gün start verilən “AHİK Plus” və digər sosial layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, əmək hüquqlarının müdafiəsi ilə yanaşı, “yaşıl iqtisadiyyat”a keçid, süni intellekt dövründə iş yerlərinin qorunması, layiqli iş yerinin təmin edilməsi, sosial tərəfdaşlığın gücləndirilməsi AHİK-in əsas hədəfləri sırasındadır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Baş Kollektiv Sazişə əsaslanan sosial tərəfdaşlığın inkişafı nəticəsində əldə olunan uğurlardan bəhs edib, ölkəmizdə həyata keçirilən davamlı sosial-iqtisadi islahatların həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə və üzvlərinin rifahının yüksəldilməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırıldığını vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək işçi hüquqlarının qorunmasında, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın işində AHİK-in rolundan danışıb, qurumun təşəbbüslərinin, eləcə də kollektiv saziş mexanizmlərinin təkmilləşdirilməsi və sosial tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinin ölkəmizdə həyata keçirilən sosial siyasəti dəstəklədiyini bildiriblər.

Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianqlın və Beynəlxalq Əmək Təşkilatı İşçilərin Fəaliyyəti Bürosunun direktoru Oliver Röpkenin qurultaya videomüraciəti izlənilib.

Həmçinin qurultayda çıxış edən Pan-Avropa Regional Şurasının sədri İqor Zubku, Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərgün Atalay, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde, Türkiyə Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveçi, Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin sədri Gezim Kalaya və Türkiyə Metal İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının sədri Uysal Altundağ AHİK-in beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri və Azərbaycanın sosial dialoq modelini müsbət qiymətləndiriblər.

Sonra Təftiş komissiyasının hesabatı dinlənilib. Ardınca Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyəti barədə və Təftiş komissiyasının hesabatları ilə bağlı müzakirələr aparılıb, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Məmməd Həsənov çıxış ediblər.

Müzakirələrdən sonra AHİK-in qurultaylararası dövr üzrə və Təftiş komissiyasının hesabatları, eləcə də yeni Nizamnaməsi təsdiq olunub, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla da AHİK-in VIII Qurultayı işini başa çatdırıb.









Siyasət