Qərbin Ukraynaya yeni dəstəyi

post-img

Rusiyanın Ukrayna ərazisinə zərbələri intensivləşib. Dünən rus ordusu dörd istiqamətdə hücum əməliyyatlarını davam etdirib. RF Müdafi ə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, əsasən Donetsk istiqamətində hücum edilir, Krasnolimansk, Zaporojye və Xerson istiqamətlərində isə Ukrayna Silahlı Qüvvələrinə ağır silahlardan zərbələr endirilir. Məlumatı “İnterfaks.ru” verib.

 

Ukrayna tərəfinin verdiyi məlumata görə, Rusiya ordusu Baxmut, Avdeevka və Novopavlovsk istiqamətlərində hücum əməliyyatlarını genişləndirsə də, böyük itkilər verir. Ukraynanın müdafiə qüvvələri isə dünən 9 yaşayış məntəqəsinə hücumları dəf edib.

 

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir ki, son sutka ərzində ölkə aviasiyası və artilleriyası Rusiyanın mövqelərinə güclü zərbələr endirib. Nəticədə rusların dörd ədəd “Orion-10” tipli pilotsuz uçuş aparatı, bir idarəetmə məntəqəsi, “Solntsepek” minaatan sistemi məhv edilib, şəxsi heyətin  cəmləşmə rayonu dağıdılıb.

 

Bununla yanaşı, Ukraynaya xarici yardımlar artmaqdadır. Dünən ABŞ-ın Müdafiə Nazirliyi Kiyevə 2,2 milyard dollarlıq hərbi yardım ayrıldığını elan edib. Bu sırada Ukrayna ordusuna PCZO HIMARS sistemləri üçün əlavə mərmilər də göndərilir. ABŞ-ın yardımları arasında 155 millimetrlik artilleriya, minaatan mərmiləri, 11 ədəd minalardan qorunan zirehli maşın, 2 min ədəd tank əleyhinə raket, 250 ədəd “Javelin”, 190 irikaliberli pulemyot da var. Bunlardan əlavə, Ukraynanın hava hücumundan müdafiəsi üçün də bəzi avadanlıqlar alınacaq. Ancaq bu, bir qədər gec olacaq.

 

Fransa və İtaliya da Ukraynaya yeni silahlar, xüsusən SAMP-T zenit-raket kompleksləri verməyə razılaşıblar. Bu iki ölkənin müdafiə nazirləri Sebastyan Lekornyu və Quido Krozetto arasında telefon danışığı zamanı razılaşmanın detalları müzakirə olunub. Komplekslərin Ukraynaya bu ilin yazında göndərilməsi nəzərdə tutulur.

 

Fransız KİV-in məlumatına görə, müharibə başlayandan bəri ilk dəfədir ki, Ukraynaya Avropanın böyük radiusu əhatə edən hava hücumundan müdafiə sistemləri verilir.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

Dünya