Qaqauzlar – Avropa türkləri

post-img

Qaqauzlar əsasən Moldovanın daxilində Qaqauziya Muxtar Bölgəsində yaşayan türk mənşəli xalqdır. Bu adın bütün oğuzların atası olaraq qəbul edilən Oğuz Xaqanın – “Göy  Oğuz” adından yarandığı ehtimal olunur.

 

Araşdırmalara  görə, qaqauzlar bir xalq kimi təxminən XIII əsrdə indiki Bolqarıstanın şimalındakı Dobruca bölgəsində formalaşıb. Onların Balkanlarda yaşamış türk tayfalarından peçeneqlər, kumanlar, qıpçaqlar və hunlarla qan qohumluğu var.    

 

Qaqauzlar dini etiqadlarına görə xristiandırlar. Belə ki,  XIII-XIV əsrlərdə qaqauz türkləri arasında xristianlıq geniş yayılmağa başlayıb və 1400-cü ildə, Osmanlı imperiyası Dobruca knyazlığını ələ keçirəndə artıq qaqauzların xristianlaşması prosesi başa çatmışdı.

 

Məlumdur ki, Osmanlı sultanları fəth etdikləri torpaqlarda dini zəmində ayrı-seçkillik siyasəti aparmayıblar. Onlar qaquzların da islam dinini qəbul etmələri üçün heç bir cəhd göstərməyiblər.

 

Hazırda Avropada, təxminən, 300 minə yaxın qaqauz türkünün yaşadığı deyilir. Lakin onların hamısı Qaqauziyada yaşamır. Ukraynada da tarixən minlərlə qaqauz ailələri məskunlaşıb. Bundan başqa, qaqauzların Rusiya, Yunanıstan, Bolqarıstan və Türkiyədə yaşadıqları bəllidir. Qaqauz Muxtar Bölgəsinin sahəsi 1,848 kvadrat kilometr civarındadır. Qaqauzlar  əsasən heyvandarlıq və üzümçülüklə məşğuldurlar. Qaqauzların istehsal etdikləri şərab öz keyfiyyəti ilə fərqlənir. Onlar gəlirlərinin yarısından çoxunu şərabdan əldə edirlər.

 

Qaqauzların öz bayraqları, milli marşları, məhdud səlahiyyətlər çərçivəsində qanunvericilik, icra-məhkəmə qanunlarının qəbul olunduğu məclisləri və millət vəkilləri var. Moldova Konstitusiyasında təyin olunan sərhədləri aşmasa da, bu muxtar dövlət, öz içində qanun-qaydanı təmin edə biləcək bir gücə sahibdir.

 

Qaqauziyanın muxtariyyəti Moldova konstitusiyası ilə qorunur və Moldova xalqı hər hansı bir dövlətə (məsələn, Rumıniya) birləşmək istəsə, Qaqauziyanın müstəqilliyini elan etmə hüququ var. Əsas qanunverici orqan Qaqauziya Xalq Məclisidir. Muxtar bölgənin rəhbəri 4 ildən bir seçilir. Bundan əlavə, o Moldova hökumətinin bir üzvü sayılır. Başqanlıq seçkilərinə qatılmaq üçün qaqauz dilini səlis bilmək, Moldova vətəndaşı olmaq və ən azından 35 yaşına çatmaq lazımdır. Əsas hökumət orqanı Qaqauziya Nazirlər Komitəsi sayılır, üzvləri ya başqan ya da xalq məclisi təyin edir. Qaqauziyanın öz polis təşkilatı mövcuddur.

 

Qaqauzları ölkəmizlə yaxın edən əsas amil qaqauz dilinin türk (Altay) dil ailəsinin oğuz qrupuna daxil olmasıdır. Bu qrupa daxil olan Azərbaycan, türk, krım-tatar dili ilə qaqauz dili arasında oxşarlıqlar çoxdur. Bu oxşarlıq o həddədir ki, sıravi qaqauz və azərbaycanlı asanlıqla ünsiyyət saxlaya bilər. Maraqlıdır ki, qaqauz bayrağında türkçülüyün simvolu sayılan boz qurd təsvir olunub.

 

Qara dənizin şimalına əsrlər öncə köç edən qaqauzlar çətinliklərə və təzyiqlərə baxmayaraq, hələ də Oğuz Atanın boyuna layiq olmaq üçün, türk adət-ənənələrini  yaşadırlar. Bir sözlə, qaqauzlar yüz illərdir soydaşlarından ayrı yaşadıqları halda öz dillərini yaşadan, əksəriyyəti turançılardan ibarət olan bir türk birliyidir.

 

Hazırladı: Mahmud QƏRİBOV,

"Xalq qəzeti"

 

 
 
 

Maraqlı