Osmanlının ikinci sultanı – Orxan Qazi

post-img

Osmanlı imperiyasının qurucusu  Osmanın oğlu Orxan qazi böyük sərkərdə və dövlət adamı idi, həyatda isə olduqca sadə və nəcib insan olub , tez-tez sıravi adamlarla görüşərək onların sevincinə və kədərinə şərik olub, haqqı-ədaləti müdafiə edib. Sultanın təbəələri hökmdara dərin hörmət və inam bəsləyib, onu seviblər.

 

Orxan Qazinin ömrünün çox hissəsi hərbi yürüşlərdə at belində keçib. 36 illik hakimiyyəti dövründə məmləkətin ərazisini altı dəfə artıraraq, 16 mindən 96 min kvadratmerə çatdırıb. Qeyd edək ki, tarixdə çox az hökmdarlara belə parlaq uğur qazanmaq nəsib olub.

Orxan Qazi 1281-ci ildə Söyütdə anadan olub. 1326-cı ildə ona  bəylik verilib. Cəsur və ədalətli olduğu üçün müasirləri tərəfindən  Osman Qaziyə “Şücaəddin”, “Seyfəddin”, “İxtiyarəddin” yüksək adları verilib. O, adına tuğra (imza) çəkilən, başqa sözlə desək, gerbi və möhürü olan ilk Osmanlı hökmdarıdır.

 

Gənc şahzadə atasının başçılıq etdiyi çox sayda yürüşlərdə fəal iştirak edib. 1321-ci ildə Mudaniyanı fəth edərək bəyliyin sərhədlərini Mərmərə dənizinə qədər genişlən- dirməyə nail olub. Mömin və inanclı insan olub. 1323-cü ildə Gəbzədə öz adına məscid tikdirib.

 

1320-ci illərdə Osmanlı dövlətinin qurucusu I Osman artıq qocalmışdı. Ölkəni faktiki olaraq oğlu Orxan Qazi idarə edirdi. 1321-ci ildən 1326-cı ilə qədər türk sərkərdələri Qonur Alp Qara dənizin qərbinə, Ağca Qoca İzmit ətrafına, Əbdürrəhman Qazi Yalova ətrafına yürüşlər edərək Yalova, Ağyazı, Mudurnu, Bazaryeri, Sapanca, Kandıra və Samandranı fəth ediblər.

 

O dövrün qüdrətli Bizans dövləti Osmanlının uğurlarından narahat olub. 1329-cu ilin mayında imperator III Andronik öz ordusu ilə Kocaeli istiqamətindən türklərə qarşı hücuma keçib. Bu zaman İzmiti mühasirədə saxlayan Orxan Qazi öz ordusu ilə vaxt itirmədən Darıca istiqamətindən irəliləyərək Bizans ordusu ilə qarşı-qarşıya gəlib.

 

Tarixçilər yazırlar ki, türklər bu döyüşdə qeyri-adi şücaətlər göstəriblər. Belə ki,  Orxan Qazinin ordusu özündən  sayca qat-qat çox olan rəqibini ağır məğlubiyyətə uğradıb. İmperator III Andronik döyüş meydanından qaçaraq canını güclə qurtarıb.

 

Orxan Qazi həmin qələbədən sonra 1331-ci il martın 2-də Bizansın önəmli şəhəri olan Nikeyanı müqavimətsiz fəth edib. Şəhərin adı dəyişdirilərək İznik adlandırılıb.

 

Bundan sonra III Andronik 1333-cü ildə Orxan Qaziyə sülh təklif etməyə məcbur olub. İmperator ildə 12 min qızıl pul qarşılığında Bizansın sahib olduğu torpaqlara hücum edilməməsini təvəqqe edib. Osmanlı dövlətinin başçısı Anadoluda Bizansdan fəth edə biləcəyi önəmli bir ərazi qalmadığı üçün diqqətini digər qonşu ərazilərə yönəldib.  Orxan Qazi hökmdarlığının son illərində yeni hərbi yürüş strategiyası həyata keçirib. Belə ki, Osmanlı orduları Bizansa kömək etmək adı ilə mərhələ-mərhələ Rumeliyə keçiblər. Bununla da, Osmanlının Avropada irəliləməsinin əsası qoyulub.

 

Tarixdən o da məlumdur ki, Serbiya kralı IV Stepan Bizansdan torpaq qoparmaq niyyətinə düşüb və yürüşə başlayıb. Çətin vəziyyətdə qalan Bizans imperatoru 1344-cü ildə kömək üçün Orxan Qaziyə müraciət edib. 1345-ci ildə imperator VI Yannis ilə Orxan Qazi arasında danışıqlar başlayıb. Türklərin köməyi ilə serblər geri otuzdurulub. İmperator qohumluq əlaqələrini gücləndirmək üçün ikinci qızı Feodoranı Orxan Qaziyə ərə verib.

 

Sonrakı illərdə də türklər yenidən Bizansın bir çox ərazilərini ələ keçiriblər. 1353-cü ildə Çimpe qalası Osmanlı dövlətinin nəzarətinə keçib. Bura və ətraf ərazilərə əsgərlərin ailələrini və köçəri türkmən tayfalarını köçürüblər. Bu qala Osmanlının Avropada ilk dayaq nöqtəsi idi. Bunun qarşısını almaq üçün VI Yannis on min qızıl pul təzminatı qarşılığında qalanı geri almaq istəyib və bunu müzakirə etmək üçün Orxan bəylə şəxsən görüşmək arzusunda olub. Lakin qoca və xəstə olmasını bəhanə gətirən Orxan Qazi bu görüşdən imtina edib.

 

1354-cü ildə isə Bolayr, Keşar, Rodoscuq (Təkirdağ) fəth edilib. Həmin torpaqlara Anadoludan türklər köçürülüb. 1356-cı ildə Osmanlı ordusu Çorluya qədər irəliləyib. 1362-ci ildə Orxan Qazi vəfat edəndə artıq Osmanlı orduları Adrianopola (Ədirnə) çatıb və həmin il şəhər ələ keçirilib.

 

Qeyd etmək lazımdır ki, Orxan Qazi ölkənin idarəçilik sistemində uğurlu yeniliklər edib. Ölkə sancaqlara (bölgələrə) bölünüb və onları idarə etmək üçün qazılar təyin olunub. Orxan Qazinin hakimiyyəti dönəmində ölkədə ilk dəfə vəqf sistemi və ədliyyə təşkilatı qurulub. Osmanlının hərbi donanmasının yaradılmasına başlanılıb.

 

Orxan Qazi həyatının son illərində yaşlandığı üçün hakimiyyəti oğlu I Murada tapşıraraq qalan ömrünü Bursada keçirib. 1360-cı ildə 79 yaşında vəfat edib.  Bursada ailə türbəsində atasının məzarının yanında dəfn olunub.

 

Hazırlardı: M.QARAÇAYLI,

“Xalq qəzeti”

Maraqlı