Kulturologiya gələcəyin inkişaf kodu kimi

post-img

Azərbaycan mədəniyyətini 2040 üfüqlərinə aparan intellektual yol

Azərbaycan mədəniyyətinin müasir inkişaf mərhələsi təkcə madii mədəni irsin qorunması, ənənələrin yaşadılması və sənətin təbliği ilə məhdudlaşmır. Bu gün mədəniyyət daha geniş və strateji məna qazanır: o, dövlət düşüncəsinin, ictimai şüurun, insan kapitalının, milli kimliyin, davranış mədəniyyətinin və gələcəyə yönəlmiş inkişaf fəlsəfəsinin əsas sütunlarından birinə çevrilir. Məhz bu baxımdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrantı əsasında “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda kulturoloji elmi oxumalar müasir Azərbaycanın mədəni həyatında mühüm intellektual hadisə kimi dəyərləndirilə bilər.

30 aprel 2026-cı il tarixində Azərbaycan Atatürk Mərkəzində keçirilən bu tədbir “Azərbaycan Mədəniyyəti – 2040” dövlət konsepsiyasının həyata keçirilməsinə həsr olunması ilə xüsusi əhəmiyyət daşıyır. Layihənin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrantı əsasında reallaşdırılması isə onu göstərir ki, kulturologiya artıq akademik müzakirələr çərçivəsindən çıxaraq, dövlətin strateji mədəni inkişaf gündəliyinin ayrılmaz istiqaməti kimi qəbul olunur.

Bu elmi oxumaların əsas ideyası insan kapitalının mədəniyyət vasitəsilə inkişaf etdirilməsidir. Çünki güclü dövlət yalnız iqtisadi göstəricilərlə, infrastruktur layihələri ilə və siyasi institutlarla formalaşmır. Güclü dövlətin mərkəzində yüksək düşüncəli, mənəvi cəhətdən zəngin, intellektual baxımdan hazırlıqlı, estetik zövqə malik, ictimai məsuliyyət hissi daşıyan yüksək mədəniyyətli insan dayanır. Belə insan isə təsadüfən yetişmir. Onun formalaşması üçün ardıcıl kulturoloji maarifləndirmə, sistemli təhsil, sağlam sosial mühit, davranış mədəniyyəti və milli-mənəvi dəyərlərlə müasir dünyagörüşünün harmoniyası tələb olunur.

Tədbirin proqramı da bu baxımdan konseptual dərinliyi ilə seçilir. Professor Fuad Məmmədovun “Azərbaycan Mədəniyyəti – 2040” Dövlət konsepsiyası kontekstində Azərbaycan mədəniyyətinin inkişafının strateji məqsədləri haqqında” məruzəsi və “Yüksək Mədəniyyətli İnsan” slayd-şousu Azərbaycanın gələcək mədəni modelinin əsas fəlsəfi xəttini ortaya qoyur. Burada söhbət həm mədəniyyət müəssisələrinin fəaliyyətindən, həm də bütövlükdə cəmiyyətin mədəni keyfiyyətinin yüksəldilməsindən gedir. Yüksək mədəniyyətli insan anlayışı Azərbaycanın XXI əsrdə dünyaya təqdim edə biləcəyi ən mühüm humanitar ideyalardan biridir.

Professor Minaxanım Əsədlinin “Azərbaycanda kulturologiyanın tədrisi problemləri” mövzusundakı çıxışı kulturoloji biliklərin təhsil sistemində daha geniş yer almasının zəruriliyini gündəmə gətirdi. Bu, olduqca vacib məsələdir. Çünki kulturologiya insanı yalnız məlumatlandırmır, onu düşünməyə, dəyərləndirməyə, müqayisə aparmağa, mədəni proseslərin mahiyyətini anlamağa öyrədir. Müasir dünyada mədəni savadlılıq ictimai təhlükəsizlik, milli identiklik və qlobal rəqabət qabiliyyəti məsələsidir.

Azərbaycan Turizm Universitetinin dosenti Vüsalə Məmmədzadənin “Davranış mədəniyyəti – yüksək mədəniyyətli azərbaycanlıların formalaşmasının ən vacib prioriteti kimi” mövzusundakı çıxışı isə mədəniyyətin gündəlik həyatla bağlı ən həssas tərəfini ön plana çıxardı. Davranış mədəniyyəti insanın ailədə, cəmiyyətdə, iş yerində, dövlət qurumunda, mediada, ictimai məkanda özünü necə aparması ilə bağlıdır. Əslində, xalqın mədəni səviyyəsi çox vaxt gündəlik davranışın incəliklərində görünür: söz seçimində, münasibətdə, məsuliyyətdə, ictimai nəzakətdə, başqasına hörmətdə.

Politoloq Svetlana Bayramovanın “Azərbaycanlıların milli kimliyinin və meritokratik mədəniyyətinin formalaşdırılması zərurəti haqqında” çıxışı isə müasir dövrün ən aktual məsələlərindən birinə toxunur. Milli kimlik tarixi yaddaş, dil, mədəni irs və mənəvi dəyərlərlə bağlı olduğu qədər, həm də gələcək quruculuğu ilə əlaqəlidir. Meritokratik mədəniyyətin formalaşdırılması isə cəmiyyətdə bilik, zəhmət, istedad, peşəkarlıq və məsuliyyətin əsas meyara çevrilməsi deməkdir. Bu, Azərbaycanın insan kapitalı siyasəti üçün mühüm strateji istiqamətdir.

Kultiroloq-yaponşünas Əbülfəz Babazadənin “Medianın mədəni missiyası: informasiya cəmiyyətində Azərbaycan insan kapitalının estetik, mənəvi və intellektual inkişafının strateji istiqamətləri” mövzusundakı çıxışı isə media sahəsinin qarşısında duran böyük məsuliyyəti gündəmə gətirir. Müasir informasiya cəmiyyətində media keyfiyyətli xəbər ötürən mexanizmdən daha çox, zövq formalaşdırır, ictimai düşüncəni istiqamətləndirir, milli yaddaşı qoruyur, mənəvi immunitet yaradır və insan kapitalının inkişafına təsir göstərir. Bu gün Azərbaycan mediasının mədəni missiyası daha da genişlənir, çünki qarşısına əsasən informasiya xaosu içində mənanı qorumaq, sürət əsrində dərinliyi itirməmək, gündəlik xəbər axınında milli-mədəni kimliyi gücləndirmək kimi məqsədlər qoyur.

Edinburq Universitetinin professoru Səlahəddin Əyyubovun “Universal kulturoloji biliklərin yayılması və Azərbaycanda mədəniyyət haqqında yeni qanunun qəbul edilməsi zərurəti haqqında” məruzəsi tədbirin hüquqi və institusional aspektini gücləndirdi. Mədəniyyətin inkişafı üçün ideya və təşəbbüs kifayət etmir. Bu sahədə müasir qanunvericilik bazası, sistemli yanaşma, dövlət-cəmiyyət əməkdaşlığı və institusional mexanizmlər də vacibdir.

Bu elmi oxumaların ən mühüm cəhətlərindən biri onların təkcə paytaxt mühitinə bağlı qalmamasıdır. Bu layihə çərçivəsində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Azərbaycanın bölgələrində - o cümlədən Şamaxıda, Neftçalada, Masallıda və Cəlilabadda keçirilmiş oxşar maarifləndirici və kulturoloji tədbirlər göstərir ki, mədəni inkişaf yalnız Bakı ilə məhdudlaşan proses kimi düşünülmür. Regionların bu prosesə cəlb olunması milli mədəniyyət siyasətinin ən sağlam istiqamətlərindən biridir. Çünki Azərbaycanın mədəni ruhu bölgələrin yaddaşında, folklorunda, həyat tərzində, sənət ənənələrində, ailə mədəniyyətində, yerli icmaların mənəvi dünyasında da yaşamaqdadır.

Şamaxı öz qədim ədəbi, elmi və mənəvi irsi ilə, Neftçala Xəzər sahilinin sosial-mədəni enerjisi ilə, Masallı cənub bölgəsinin zəngin etnoqrafik və mənəvi mühiti ilə, Cəlilabad isə bölgə insanının əmək, torpaq, ailə və icma mədəniyyətini təcəssüm etdirməsi ilə kulturoloji müzakirələr üçün olduqca dəyərli məkanlardır. Bu bölgələrdə keçirilən tədbirlər Azərbaycanın mədəni xəritəsinin daha geniş oxunmasına, kulturoloji biliklərin regionlara daşınmasına və insan kapitalının yerli səviyyədə inkişaf etdirilməsinə xidmət edir.

Bu baxımdan “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda elmi oxumalar həm daxili, həm də beynəlxalq mesaj daşıyır. Daxili mesaj ondan ibarətdir ki, Azərbaycan gələcəyini texnoloji, iqtisadi və siyasi inkişafla yanaşı, həm də yüksək mədəniyyətli insan modelinin formalaşması üzərində qurur. Beynəlxalq mesaj isə daha genişdir: Azərbaycan dünya mədəni ictimaiyyətinə bildirir ki, müasir inkişafın əsas ölçüsü olan rəqəmlər, reytinqlər və bazar göstəriciləri mühüm olsa belə, insanın mənəvi keyfiyyətləri, mədəni davranışı, intellektual hazırlığı və yaradıcılıq potensialı daha önəmli və böyük əhəmiyyətə malikdir.

Mədəniyyət Nazirliyinin qrantı əsasında maliyyəyələşən bu silsilə tədbirlər dünya kulturoloji ictimaiyyətinə Azərbaycanın öz mədəni gələcəyini strateji şəkildə düşündüyünü nümayiş etdirir. Azərbaycan burada yeni humanitar ideyalar irəli sürən, mədəniyyətlə insan kapitalı arasında canlı əlaqə quran, milli irsi qlobal düşüncə ilə uzlaşdıran ölkə kimi çıxış edir.

Əlamətdar haldır ki, layihə çərçivəsində Şamaxı, Neftçala, Masallı və Cəlilabadda keçirilən kulturoloji görüşlər yalnız müzakirə platforması kimi yadda qalmadı. Bu tədbirlərdə iştirakçılara professor Fuad Məmmədovun “Yüksək mədəniyyətli insan” adlı kitabı hədiyyə edildi, həmçinin əsərin eyniadlı audiokitab formatı təqdim olundu. Bununla da kulturoloji biliklərin davamlı maarifləndirici mənbə kimi bölgələrə çatdırılması təmin edildi.

Azərbaycan Atatürk Mərkəzində keçirilən yekun konfrans isə bu prosesə xüsusi rəmzi və təşkilati məna qazandırdı. Regionlardan təşrif buyuran nümayəndələrə öz rayonlarında keçirilmiş kulturoloji görüşlərdə iştirak edən mədəniyyət, incəsənət və təhsil ictimaiyyəti təmsilçilərinin adına hazırlanmış beynəlxalq səviyyəli sertifikatlar təqdim olundu. Bu addım bölgələrdə kulturoloji maarifçiliyin genişlənməsinə, yerli ziyalı mühitinin təşviqinə və insan kapitalının inkişafı istiqamətində aparılan işlərin ictimai dəyərinin daha aydın görünməsinə xidmət edən mühüm təşəbbüs kimi qiymətləndirilməlidir.

Bölgələrdə keçirilən kulturoloji görüşlərin mühüm nəticələrindən biri də ictimaiyyətin diqqətinə “Azərbaycan Mədəniyyəti – 2040” Dövlət Konsepsiyasının həyata keçirilməsinə dair Bəyannamənin təqdim olunması və kulturoloji oxumalar zamanı bu sənədin qəbul edilməsi oldu.

Bu Bəyannamə Azərbaycanın mədəni inkişaf fəlsəfəsini, insan kapitalının yüksəldilməsi zərurətini, kulturoloji maarifçiliyin genişləndirilməsini və yüksək mədəniyyətli vətəndaş modelinin formalaşdırılmasını hədəfləyən strateji çağırış kimi qiymətləndirilməlidir. Sənədin bölgələrdə ictimaiyyətin diqqətinə çatdırılması isə prosesin paytaxtla yanaşı, Azərbaycanın mədəni gələcəyinin Şamaxıdan Neftçalaya, Masallıdan Cəlilabada qədər geniş ictimai müzakirə müstəvisinə çıxarıldığını göstərir.

Beləliklə, Bəyannamənin qəbul edilməsi “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının praktiki həyata keçirilməsi istiqamətində mühüm ideoloji və təşkilati addım oldu. Bu sənəd mədəniyyət, təhsil, elm, media, ictimai təşkilatlar və region ziyalıları arasında birgə fəaliyyət üçün mənəvi-intellektual yol xəritəsi kimi çıxış edir.

Nəticə etibarilə, Azərbaycan Atatürk Mərkəzində keçirilən “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda kulturoloji elmi oxumaların yekun konfransı adi bir tədbirdən daha artıq məna daşıyır. Bu, mədəniyyətin gələcək arxitekturası haqqında ciddi düşüncə platformasıdır. Bu, Azərbaycan insanının intellektual, mənəvi və estetik yüksəlişinə çağırışdır. Bu, dövlət konsepsiyası ilə ictimai təşəbbüsün, akademik biliklə praktik fəaliyyətin, milli kimliklə qlobal mədəni dialoqun kəsişdiyi mühüm bir məqamdır.

Azərbaycan mədəniyyətinin 2040 üfüqlərinə aparan yol məhz düşünən insan, öyrənən cəmiyyət, məsuliyyətli media, güclü mənəviyyat, sağlam davranış mədəniyyəti və gələcəyə açıq milli kimlik kimi intellektual təşəbbüslərdən keçir. Bu yolun adı kulturoloji inkişafdır. Bu yolun əsas məqsədi isə yüksək mədəniyyətli Azərbaycan vətəndaşının formalaşmasıdır.

 

Əbülfəz Babazadə
kulturoloq-yaponşünas,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Simurq” AMA-nın vitse-prezidenti

xüsusi olaraq XQ üçün







































Mədəniyyət