Böyük qazax ədibi və görkəmli ictimai xadim Muxtar Şahanov ötən günlərdə 84 yaşında işıqlı dünyaya əlvida dedi. Biz onu ilk dəfə 1989-cu ildə Moskva Kremlində SSRİ xalq deputatları qurultayında məlum Alma-Ata hadisələrinin qarşısının zorakılıqla alınmasını pisləyən cəsarətli çıxışı ilə tanımışdıq. Sonralar o, xalq ruhuna yaxınlığı, prinsipiallığı, aktual mövzulara özəl yanaşmaları ilə bütün Türk dünyasında şöhrət qazandı.
Bu ağır itki təkcə qardaş qazax xalqının və ədəbiyyatının deyil, həm də Azərbaycanın və bütün Türk dünyasının itkisidir. Muxtar Şahanov Azərbaycanın da yaxın dostu idi. Bakıya səfərləri, ulu öndər Heydər Əliyevlə görüşünün epizodları həm yaddaşlarda, həm də özünün yazdığı əsərlərdə yer alıb.
Xalq yazıçısı Anar hələ 2001-ci ildə qələm və əqidə dostunu layiqincə təqdim edərək yazıb: “Səməd Vurğunun yubileyi qeyd olunarkən Bakıya gələn Muxtar Şahanovla görüşümüzdəki yaddaqalan bir epizoda da öz əsərində yer verməsi mənim lap könlümcə oldu”.
Anar müəllim dostunun xatirəsini də təqdim edib: “Bakıya axşam düşürdü. Şəxsən Heydər Əliyev bizi qonaq çağırmışdı. Rəsul Həmzətov idi, mən idim, Anar, Elçin və Polad – müğənni Bülbülün nazir oğlu. Birlikdə nə az, nə çox, gecə saat 3-ə qədər söhbətləşdik. Şəxsiyyətin rolundan, rəhbərə sevgi və pərəstişdən söz etdik. Prezidentə dedim: “Görünür, ölkədə sizə dərin hörmət bəslənir, çünki yubiley tədbirində zala toplaşanlar Sizi alqışlamaqdan yorulub-usanmırdılar”. Prezident isə qüssəli baxışlarla məni süzüb dedi: “Amma bizim xalq kimlərə alqış yağdırmayıb ki, kimlərə çəpik çalmayıb ki?!...
...“Muxtar Şahanov vaxtilə Dinməhəmməd Kunayevin dediyi sözləri xatırladı: onu tutduğu vəzifədən çıxarmaqdan ötrü Siyasi Büroda səsvermə keçiriləndə bu qərarın əleyhinə səs verən yeganə şəxs Heydər Əliyev olubmuş. Dimaş Əhmədoviç deyibmiş: “Unutmayın, sırf buna görə qazax xalqı Heydər Əliyevə həmişə minnətdar olmalıdır”.
Ulu öndər Heydər Əliyev bu deyilənlərə öz münasibətini bildirdi: “Elədir, Qorbaçovla aramızda ixtilafın yaranma səbəblərindən biri də məhz elə bu olmuşdu”.
Düz 60 il əvvəl “Səadət” adlı ilk şeirlər kitabı ilə ədəbiyyata gələn Muxtar Şahanov Gərgin jurnalistlik, deputatlıq və diplomatlıq fəaliyyəti ilə bərabər, bədii yaradıcılığını da genişləndirib, şeir və poemalar, povest və romanlar, pyeslər ərsəyə gətirib. Qartallar təpələrə qonmur”, “Seyhundərya”, “İnam şahlığı”, “Narınqum faciəsi”, Sevginin qorunması”, “Yüzilliklərin o üzü”, “Sivilizasiya çaşqınlığı”, 1996-cı il Alma-Ata hadisələrinə dair “Jeltoksan epopeyası” bu sıradandır. Dünya ədəbiyyatına miras buraxdığı “Ruhun yüksəlişi” əsəri Muxtar Şahanov “Yüzilin şairi” kimi aydın xarakterizə edir. O, həmçinin Qazaxıstanda, eləcə də dünyada “səssiz ölüm” təhlükəsinə məruz qalmış Aral dənizi ilə bağlı ictimai məlumatlılığı artıran məqalələri ilə məşhur idi.
Azərbaycan Yazıçılar Birliyi katibliyinin Muxtar Şahanovun vəfatı ilə bağlı verdiyi nekroloqda qeyd olunur ki, Qazaxıstanın Xalq yazıçısı və Əmək qəhrəmanı, Qırğızıstanın Xalq şairi, məşhur diplomat Muxtar Şahanovun vəfatı xəbəri hər kəsi dərindən sarsıtdı. Muxtar Şahanov təkcə qələmə aldığı qiymətli əsərləri ilə deyil, həm də həqiqi vətəndaş mövqeyi ilə qazax xalqının dərin rəğbətini qazanmışdı.
Onun əsərləri dünyanın 50-dən artıq dilinə çevrilmiş, nəşr edilmişdi. 1960-cı illərdə jurnalist kimi fəaliyyətə başlayan Muxtar Şahanov sonradan çox mühüm dövlət və hökumət vəzifələri tutmuş, millət vəkili olmuş, bir çox nüfuzlu təsisatlarda Qazaxıstanı təmsil etmiş, diplomat kimi fəaliyyət göstərmişdi.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Rayev qazax qardaşlarımıza göndərdiyi başsağlığıında qurumun “Şərəf” medalını almış Muxtar Şahanovu Türk dünyasının vicdanı və yaddaşı kimi sarsılmaz mövqe nümayiş etdirən müstəsna ziyalısı kimi dəyərləndirərək yazıb: “Onun qazax mənəvi dünyasının formalaşmasına verdiyi misilsiz töhfələr və milli mənafeləri hər cür narahatlığın fövqündə tutan qətiyyətli mövqeyi gələcək nəsillər üçün sönməyən məşəl olacaq”.
Millətin, qövmün qürurunu kürsülərə daşıyan böyük şairin işıqlı xatirəsi, ölməz misraları ilə Çimkənddən Astanaya, İstanbuldan Bakıya, Bişkekdən Aşqabada qədər hər Türk övladının hafizəsində daim yaşayacaq.
Türk ruhunun böyük tərcümanı olan Muxtar Şahanov ortaq soyumuz, kökümüz barədə danışanda, yazanda qürurla öz soyadından irəli gələn şahanə görkəm alardı. Elə Bakıda nəşr olunan “Füyuzat” jurnalında Fidan Vahidin Azərbaycan türkcəsinə uyğunlaşdırması ilə dərc olunan bu şeirini onun həyat amalı, mübarizə manifesti kimi dəyərləndirə bilərik:
Taleyini soysuzluq dərdindən qoru!
Hər insanın öz anasından başqa,
Qürbətdə onu hər an qoruyan, qayğısına qalan
dörd anası da olmalıdır – əsl dəyərə layiq:
Ana yurdu – əsas dayağı, əzəməti.
Ana dili – satılmayan sərvəti.
Əsas dayağı – örfü, qaydası, ənənəsi, adəti,
Hər addımına işıq saçan durmadan.
Xatirəsi kədərli və ağır olsa da,
Dördüncüsü – milli tarixdir, bunu bilməyən zərər çəkər.
Bu mənəvi dörd ananı qorumayan bir millətin
dərdi heç vaxt azalmamış, dərmanı tapılmamışdır.
Müqəddəs olan bu dörd ana həyatın öz mənasıdır,
Bu yolda mübarizə – zəhmətin ən ucasıdır!
Ə.ƏLİYEV
XQ

