Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısı pedaqoq, şairə Mehparə Sadıqovanın “Ömür nəğmələri” adlı yeni şeirlər kitabının təqdimatına həsr edilib.
Məclisin rəhbəri şair Aqşin Dadaşoğlu şair-pedaqoqun bədii yaradıcılığı və ictimai fəaliyyəti ilə seçildiyini vurğulayıb, onun yeni kitabı barədə məlumat verib.
Məclis üzvlərindən Məmməd Qədir, Mövlan Şahid, Cümşüd Aydəmir, Rübabə Mustafazadə, Nəzakət Əliyeva, Gülçəmən Həbibova, Gözəl Azayeva, Kənan Rahi və Səməd Asifoğlu Mehparə xanımın yeni şeirlərini ifa ediblər. Onların ifalarını şair İbrahim Ağçaylı tarda müşayiət edib.
Jurnalist İmran Bədirxanlı son illər Xaçmazda ədəbi mühitin zənginləşdiyini, istedadlı qələm sahiblərinin toplaşdığı “Ulduzlar”ın bu işə gözəl töhfələr verdiyini diqqətə çatdırıb. Türk dünyasında tanınan şair Ramiz Qusarçaylı qeyd edib ki, “Ulduzlar” Quzey bölgəsində yaradıcı ədəbi məclis kimi fərqlənir.
Əməkdar jurnalist Azər Həsrət də Mehparə Sadıqova haqqında ürək sözlərini deyib, yenicə çapdan çıxmış “1996: Moskva göz yaşlarına inandırır…” adlı kitabını iştirakçılara hədiyyə edib.
XQ

